Page 6 of 8 · 63%

Bağırovu tanımayanların və yaxud tanımaq istəməyənlərin, Bağırova yuxarıdan aşağı baxanların aqibəti də Komissarın gözlərinin qabağında idi. Marşal Yeqorov... gözləri ayağının altını görmürdü, Sovet İttifaqı marşalı idi, elə bilirdi ki, Bağırovla kəllə-kəlləyə gəlmək olar... Aleksandr İliç Yeqorov hələ 1923-cü ildə Qafqaz Qızıl Ordusuna başçılıq elədiyi vaxtlardan Mir Cəfər Bağırovla düz gəlmirdi. Sonralar onların münasibəti açıq ədavətə çevrildi və keçən il bilavasitə Mir Cəfər Bağırovun iştirakı ilə Zaqafqaziya hərbi hissəsinin komandiri A.İ. Yeqorovu xalq düşməni kimi ifşa etdilər və güllələdilər.

İndi hara baxırsan Orconikidzenin şəklidir. Hamı ürəyi xəstə olduğu üçün həyatdan vaxtsız getmiş Orconikedzenin– yoldaş Stalinin ən yaxın silahdaşının, mətin bolşevikin xatirəsini əziz tutur, amma Komissar bunu da yaxşı bilirdi ki, hələ 35-də, 36-nın əvvəllərində Azərbaycanda ifşa edilən xalq düşmənlərindən, Mir Cəfər Bağırovun əmri ilə Orconikidzenin əleyhinə ifadələr alınırdı; bu ifadələrdə göstərilirdi ki, Azərbaycanda fəaliyyət göstərən əks-inqilabçılara – «Azərbaycan kontrevolyusion burjua – nasionalist təşkilat»a, «Azərbaycan kontrevolyusion nasionalist mərkəz»ə, Moskvada yaradılmış Mərkəz rəhbərlik edir və həmin Mərkəzin də başçısı Orconikidzedir. Mir Cəfər Bağırov bu ifadələrin əsasında yazdığı gizli məktubları birbaşa yoldaş Stalinin özünə göndərirdi.

Hələ də ayaq üstə dayanıb yoldaş Stalinin divardan asılmış şəklinə baxan Komissar bütün bunlardan xəbərdar idi və ürəyi də nigarançılıqla dolu idi.

Mir Cəfər Bağırov Komissarın ağarmış sifətinə baxa-baxa gülümsədi və:

– Yaxşı şəkildir... – dedi.

Komissar udqundu və:

– Bəli, Mir Cəfər Abbasoviç! – dedi. – Yaxşı şəkildir!

– Otur!

Komissar yerində oturdu; şair Hüseyn Caviddən tutmuş, professor Çobanzadəyəcən Azərbaycanda on minlərlə xalq düşmənlərinin, o cümlədən, Mir Cəfər Bağırovla bir yerdə işləyən yüzlərlə partiya və dövlət xadimlərinin, hələ inqilabdan əvvəl partiya sıralarına soxulmuş yüzlərlə düşmənin ifşasında və onların aradan qaldırılmasında Mir Cəfər Bağırovun yaxın silahdaşlarından biri olan bu adam hələ də yoldaş Stalinin şəkli ilə bağlı sualın mənası barədə fikirləşirdi. O tərəfdən də hava haqqında sual... Maşınla gəzmək söhbəti...

Komissar bilirdi ki, hələ də dustaqxanalarda istintaq altında yatan və xalq düşməni olduqlarını boyunlarına alan adamlardan birini onun üzünə durquzmaq, Komissarın özünü ifşa etmək Mir Cəfər Bağırov üçün bir stəkan su içmək kimi bir şeydir. Mir Cəfər Bağırov axşam oturub birlikdə piti yediyi, sağlığına qədəh qaldırdığı, gələcəkdə birlikdə görəcəkləri işlər barədə söhbət etdiyi adamı, gecə əmr verib tutdururdu– Komissar dəfələrlə bunun şahidi və iştirakçısı olmuşdu. Düzdü, Beriya özü şəxsən Komissarı tanıyırdı, ona etibar edirdi, amma bu tanışlıq, bu etibar Bağırovla Beriya arasındakı dostluğun müqabilində heç nə idi – Komissar bunu da yaxşı bilirdi və həmişə də yadında saxlayırdı.

Komissar bilirdi ki (və beləcə çox bilməyi hərdən Komissarın özünü dəhşətə gətirirdi!..), hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl Beriya Bakıda Azərbaycan Demokratik Respublikasının – Müsavat hökumətinin əks-kəşfiyyat xəfiyyə idarəsində xidmət edib və yəqin ki, partiyanın gizli tapşırığı ilə bu işə girib... Nə isə, bu barədə nəinki danışmaq, heç fikirləşmək də düz deyildi... Bu bir sirri-xuda idi və artıq heç zaman aydınlaşmayacaqdı: Merkulov Müsavat dövrü ilə bağlı Bakıdakı bir zirzəmidə saxlanan (Komissar bir neçə dəfə o zirzəmidə olmuşdu və Merkulov gedəndən sonra bunun qorxusunu xüsusi çəkirdi; Komissar bu barədə fikirləşəndə o zirzəminin qəbir rütubətini bütün ruhu və vücudu ilə hiss edirdi) sənədlərin də hamısını Moskvaya aparmışdı. Merkulovun Bakıya gizli səfəri ilə Mir Cəfər Bağırov şəxsən özü məşğul oldu...

Mir Cəfər Bağırovla Beriyanın dostluğu o vaxtdan – onuncu illərin sonlarından başlamışdı və 1921-ci ilin fevralında Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin olunan kimi, Lavruşa Beriyanı (Lavrenti Pavloviçi) öz yanına gətirdi, əvvəlcə Azərbaycan Fövqəladə Komissiyası məxfi operativ hissə rəisi, sonra özünə müavin etdi. Beriya Bağırovun rəhbərliyi altında Sovet hakimiyyətinin düşmənlərinə qarşı mübarizədə özünü göstərə bildi, Bağırovun təkidi və xasiyyətnaməsi ilə Gürcüstün Fövqəladə Komissiyasına keçdi. 1927-ci ildəki, Azərbaycanın indiki xalq düşmənləri kimi ifşa olunmuş rəhbərləri yoldaş Mir Cəfər Bağırovu inzibati orqanlardan uzaqlaşdırmaq istədilər, Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisliyinə məsləhət gördülər, onda Mir Cəfər Bağırov da öz növbəsində Beriyanın köməyi ilə iki ildən sonra adı dəyişmiş köhnə vəzifəsinə qayıtdı – yenidən Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi oldu. Bir ildən sonra Moskvaya getdi, marksizm– leninizm kurslarında oxudu, ÜİK(b) P MK-da işləməyə başladı və artıq ÜİK(b)P Zaqafqaziya Ölkə komitəsinin birinci katibi olmuş L.P. Beriya yoldaş Stalinlə Bağırov arasında ünsiyyət yaratdı. 1933-cü ilin sonunda Mir Cəfər Bağırov Azərbaycan K(b) P MK-nın və Bakı komitəsinin birinci katibi seçildi və ən gülməlisi də, əlbəttə, buradakı «seçildi» sözü idi...

Bütün bu hadisələrin hamısı Komissarın gözlərinin qarşısında baş vermişdi. Komissar bu hadisələrin müşayiətçisi yox, iştirakçısı olmuşdu və bütün bu müddət ərzində yoldaş Bağırova sədaqətlə xidmət etmişdi, yarı sözdən Bağırovu başa düşmüşdü, ona görə də Azərbaycan Xalq Daxili İşlər komissarı təyin olunmuşdu və yoldaş Bağırov öz şəxsi düşmənlərinin, zəhləsi gedən adamların çoxunu Komissarın əli ilə o biri dünyaya göndərmişdi...

O biri dünya gözəl bir dünyadı, cəhənnəm əzabı bu dünyadadı...

Komissarın ürəyinin ən dərin guşələrində, o dərinlikdə ki, hər dəfə özü də ora enməyə qorxurdu, bax, orada, o dərin guşə qədər də dərin bir təəssüf hissi var idi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda o da gərək o ağıllı adamlara qoşulub qaçıb çıxıb gedəydi, bu cəhənnəmdən uzaq olaydı... İndi hansı bir gözəl Avropa ölkəsindəsə (Fransada, yaxud Almaniyada. Yox, Almaniya yox, çünki Almaniyada da Hitler var idi, ora da başdan-ayağı siyasət ocağı idi, qorxu-ürkü idi... Ora yox... İsveçrədə, İsveçdə, o uzaq və uzaq olduğu qədər də xoşbəxt – hayıf, orada yaşayan axmaqlar o xoşbəxtliyi başa düşmürlər – adada – İslandiyada...) kiçik bir dəllək salonu var idi, bəlkə də dəllək salonu yox, lap restoranı var idi... Gecənin yarısı tumanını batırmayacaqdı ki, indi Bağırovun adamları gəlib onu aparacaq və onun səsi də işgəncədən it kimi zingildəyən o dustaqların səsinə qatışacaq... İndi qorxusuz-ürküsüz bir ölkədə, bir kiçicik restoran yarımqaranlığında bir küncdə oturub müştərilərinə tamaşa edə bilərdi, bir tərəfdən də asta-asta yüngül, qayğısız, intim (!) bir musiqi çalınaydı...

O zaman ki, Mir Cəfər Bağırovu Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisi təyin etmişdilər, onda keçmiş Azərbaycan Demokratik Respublikasının başçısı və Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olduğu dövrdə Türkiyə mətbuatında yazmışdı: «Azərbaycan xalqının cəlladı Bağırovu Su Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək edəcəkdir...».

Məhəmməd Əmin Rəsulzadənin bu sözlərini Mir Cəfər Bağırov özü bir neçə dəfə misal gətirmişdi– bəzən qəzəblə, bəzən də gülə-gülə və onun o gülüşü şaxta kimi adamı yandırırdı.

Məhəmməd Əmin Rəsulzadə bu sözləri hələ on-on bir il bundan əvvəl demişdi, hələ 37 də, 38 də irəlidə idi; indi də 39 başlayıb...

Məhəmməd Əmin indi, görəsən, nə deyir? Ona nə var ki, qorxusu yox, ürküsü yox, kardonun o tərəfində... Nə arvadının aqibətindən qorxur, nə anasının, nə də bacısının. Uşaqlarının taleyindən də nigaran deyil...

Kardonun o tərəfində rahatca oturub çaxır içə-içə Bağırovu söymək (hətta yoldaş Stalini də!) asandır, amma gəl özün bu qazanın içində qayna, onda görək necədir halın?..

Nə isə...

Mir Cəfər Bağırov hərdənbir məclislərdə konyak içib bir az keflənəndə birdən Beriyanı yadına salırdı: «– Qde moy Lavrenti?» – deyirdi, əvvəllər Tiflisə, indi isə, Moskvaya – Beriyanın evinə zəng çalırdı, telefonla onun sağlığına badə qaldırırdı.

Komissar bunu da bilirdi ki, Beriya SSRİ Xalq Daxili İşlər Komissarı təyin olunandan sonra, ilk tədbirlərdən biri də budur ki, Moskvada, Krapotkin küçəsində, çekistlərin yaşadığı binanın bütün sonuncu mərtəbəsini – yeddi otaqlı böyük mənzili Mir Cəfər Bağırova verir: Moskvaya gələndə mehmanxanada yox, MK-nın qonaq evində yox, öz mənzilində qalsın... Hər halda, çekistlər arasında belə şayiə gəzirdi və uzun illərin təcrübəsi nəticəsində Komissarın qulaqları ən qısadalğalı radio antennası kimi bir şeyə çevrilmişdi: kiçicik şayiələri də o saat tuturdu.

Əlbəttə, Mir Cəfər Bağırov ilə Lavrenti Pavloviç Beriya dost idilər, özü də bu yalançı dostluq, siyasət xətrinə dostluq yox, həqiqi dostluq idi, amma bu həqiqətlə bərabər, bunlar elə adamlardı və taleyin hökmü ilə elə bir yüksək mərtəbədə dayanmışdılar ki, münasibətləri, bir-birinin əlindən tutması, bir-birinə arxa olması yalnız həmin dostluğun (həqiqi dostluğun!) nəticəsi ola bilməzdi; başqa bir səbəb də var idi və Komissar bunu aşkar hiss edirdi: əslində, Beriya özü də Bağırovdan qorxur və Beriya istəsəydi də Bağırovu məhv edə bilməzdi, çünki Bağırov, yoldaş Stalinin əlində Beriyanın özünə qarşı saxladığı bir kart idi. Bağırov Beriya haqqında çox bilirdi və Bağırovun Beriya haqqında belə çox bildiyini yoldaş Stalin bilirdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets