8. Qəbul
Page 7 of 8 · 75%
Aydın məsələdir, Mir Cəfər Bağırov, yoldaş Stalinin Molotov kimi, Mikoyan kimi, Voroşilov, Kaqanoviç, Kalinin, Andreyev, Jdanov kimi (indi isə Beriya kimi!) yaxın əsabəsi deyildi, amma sevimlisi idi, qiymətləndirdiyi adam idi və buna heç bir şəkk-şübhə yox idi. Komissar hər dəfə Moskvada olanda, SSRİ Xalq Daxili İşlər Komissarlığında Mir Cəfər Bağırova xüsusi hörmətin şahidi olurdu, hətta Bağırova yaxın adam olduğu üçün Komissarın özünə də hörmət edirdilər, bəzən lap yaltaqlanırdılar... Əlbəttə, yoldaş Stalinə görə, daha doğrusu, yoldaş Stalinin Mir Cəfər Bağırova münasibətinə görə...
Bəli, belə idi işlər... Mir Cəfər Bağırov qayğıkeş bir bağban kimi, elə bil ki, Beriyanı – indi pensie taxdığı gözləri ilə bütün Sovet İttifaqına baxan irili-xırdalı şəkilləri yoldaş Stalinin şəkilləri ilə yanaşı, idarələrin, müəssisələrin divarlarından asılmış, adı yoldaş Stalinin ən yaxın silahdaşları və şagirdləri sırasında çəkilən Lavrenti Pavloviç Beriyanı cücərtdi, bəslədi və gələcəkdə daha artıq, daha vüsətli inkişaf etməkdən, qol-budaq atmaqdan ötrü onu qüdrətli (və fəhmli!) bir aqronoma – yoldaş Stalinə təhvil verdi...
Mir Cəfər Bağırov mizin üstündəki karandaşları yenə də ovcuna yığdı və yerindən qalxıb otaqda var-gəl eləməyə başladı və onun bu hərəkəti Komissarın bütün içini yeyən şübhələrini daha da artırdı: Mir Cəfər Bağırov, adətən, əsəbiləşəndə var-gəl edirdi, hətta iclas vaxtı rəyasət heyətində oturanda da bəzən yoldaş Stalin kimi durub gəzinirdi.
Mir Cəfər Bağırov kabinetin pəncərəsi qarşısında ayaq saxladı, iri əlləri arasındakı karandaşları bir-birinə sürtdü və o karandaşlar şaqqıldadıqca, Komissar daha artıq bir nigarançılıqla gözaltı yoldaş Stalinin divardan asılmış şəklinə nəzər saldı, sonra yenə arxasını ona tərəf çevirmiş Mir Cəfər Bağırova baxdı. Əlbəttə, Mir Cəfər Bağırov bircə dəqiqənin içində Komissarın illərdən bəri göstərdiyi sədaqəti, xidməti unuda bilərdi və o zaman hər şey qurtarardı, Komissar istintaq altında yatan (hələlik yatan...) minlərlə xalq düşmənindən birinə çevrilərdi, lap elə həmin Ostaşko kimi.
Ostaşko Bakı partiya komitəsinin keçmiş katibi, Mir Cəfər Bağırovun yaxından tanıdığı, az qala, hər gün görüşdüyü partiya işçisi idi və xalq düşməni kimi ifşa olunmuşdu. Ostaşko Rudzutakın, Postışevin və Kosiorun əleyhinə ifadə verməli idi, onlarla əlbir olduğunu, yoldaş Stalinə qarşı terrorçu planların hazırlanmasında iştirak etdiyini imzalamalı idi. Mir Cəfər Bağırov bu işi şəxsən Sumbatov-Topuridzeyə tapşırmışdı və Komissar yaxşı bilirdi ki, Mir Cəfər Bağırov hər hansı bir işi Sumbatov-Topuridzeyə – uzun müddət Azərbaycanda orqanlarda rəhbər işlərdə işləyib, Bağırova şəxsi xidmət göstərən ən yaxın və iş bacaran bir adama, Beriyanın yaxın dostuna tapşırırsa, deməli, bu iş xüsusi əhəmiyyətə malik idi, ifadə Moskvaya göndəriləcəkdi.
Yuvelian Davıdoviç Sumbatov-Topuridze həmin 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər komissarı idi və saçını həmişə ülgüclə dibindən qırxdıran – elə bil ki, qarpız kimi girdə başında ömründə tük bitməyib – bu adam Azərbaycanda Sovet hakimiyyəti qurulduğu 1920-ci ildən etibarən Mir Cəfər Bağırovun əlinin altında işləmişdi. Sumbatov-Topuridze də prokuror Vışınski kimi, köhnə menşevik idi. 1927-ci ildə Azərbaycan K(b) P MK-nın o zamankı katibi Əliheydər Qarayevin (indi xalq düşməni kimi ifşa olunub güllələnmişdi) təkidi ilə Mir Cəfər Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədrliyindən götürülüb, Zaqafqaziya Su Təsərrüfatı rəisi təyin edildikdə, Sumbatov-Topuridzeni də orqanlardan kənar etdilər, amma 1929-cu ildə Mir Cəfər Bağırov yenidən Azərbaycan Baş Siyasi İdarəsinin sədri təyin edildi və dərhal da Sumbatov-Topuridzeni orqanlara qaytardı.
SSRİ Ali Sovetinin ilk deputatlarından biri olan bu dazbaş adam Ostaşkonu şəxsən dindirmişdi və nəhayət, ifadə imzalanmışdı, amma bir gündən sonra, Ostaşko imzaladığı ifadəsindən imtina etmişdi, imza atanda özündə olmadığını demişdi. Ostaşko milliyyətcə rus idi, rəhbər partiya işçisi idi və buna görə də onun verəcəyi ifadənin xüsusi əhəmiyyəti var idi.
Mir Cəfər Bağırovla Komissar (onda hələ komissar deyildi) gecə saat on ikidə Sumbatov-Topuridzenin kabinetinə girəndə Ostaşko orada idi. Komissar əvvəlcə Ostoşkonu tanımadı, vaxtı ilə tez-tez görüşdüyü, birlikdə Bakı zəhmətkeşlərinin bayram nümayişlərini qəbul etdiyi bu adam iyirmi üç günün içində o qədər dəyişmişdi ki, onu ilk baxışdan tanımaq mümkün deyildi: üz-gözü şişib qançır bağlamışdı, partlamış dodaqları açıq qalmışdı, əlləri, ayaqları əsirdi.
Ostaşko kabinetə girən Mir Cəfər Bağırovu görən kimi özünü onun qabağında yerə atdı, xırıltılı bir səslə: «– Kak xoroşo çto vı prişli... Kak xoroşo çto vı prişli... Tovariş Baqirov. Tovariş Baqirov... Vı niçeqo ne znayete o koşmarax v NKVD. Eto ujas... Vı ne mojete sebe daje predstavit, tovariş Baqirov. Kak xoroşo çto vı prişli... U menya vımoqayut priznaniye v kontrrevolyutsennıx prestupleniyax. Vı je znayete menya. Kakoy je ya kontrrevolyutsioner? Kak xoroşo çto vı prişli. Tut fabrikuyet dela na rukovoditeley partii, pravitelstva, na soratnikov tovarişa Stalina. Pomoqite. Pomoqite, tovariş Baqirov. Razve naşa sovetskaya kontrrazvedka...» O zaman Mir Cəfər Bağırovun sifətindən Komissarın canına üşütmə salan bir təbəssüm keçdi və Mir Cəfər Bağırov təpiyi ilə vurub Ostaşkonu özündən uzaqlaşdırdı, açıq-aşkar bir narazılıqla Sumbatov-Topuridzeyə baxdı. İki nəfər çekist Ostaşkonun qollarından yapışıb sürüyə-sürüyə qonşu otağa apardı və oradan bir müddət Ostaşkonun heyvan kimi anqırtısı eşidildi. Səhəri gün Sumbatov-Topuridze yenidən imzalanmış ifadəni Mir Cəfər Bağırovun mizinin üstünə qoydu və Ostoşko da daha bu ifadədən imtina etmədi.
Sovet komsomolunun Aleksandr Kosarev kimi dünənə qədər adlı-sanlı başçısı, hətta rəhbəri – hamı ona yoldaş Stalinin varisi kimi baxırdı – 1937-ci ildəki məruzələrindən birində: «Bizim bir sıra yoldaşlar trotskiçiləri – xalq düşmənlərini hər yerdə axtarırlar, lakin öz aralarında, komsomolda axtarmırlar və buna görə də düşmənlə mübarizəni lazımi dərəcədə sərt aparmırlar, komsomol fəallarının sıralarını trotskiçi və digər əksinqilabi elementlərdən tələb olunan bir fəallıqla təmizləmirlər!» – deyə canfəşanlıq edirdi, amma bu sözləri deməyindən heç bir il keçməmiş, Mir Cəfər Bağırovun köməyi və bilavasitə iştirakı ilə Kosarevin özünü tutub xalq düşməni kimi ifşa etdilər və güllələdilər.
Mir Cəfər Bağırov Azərbaycanın hökmdarı idi, amma əli uzun idi, lazım olanda gedib Moskvaya da çatırdı və onun üçün, əslində, yoldaş Stalindən başqa, bir də ki, Beriyadan başqa ayrı bir nüfuz sahibi yox idi.
İndi bu qış axşamı Mir Cəfər Bağırovun qarşısında oturmuş Komissar qətiyyən şübhə etmirdi ki, gicgahının tükləri ağarmış, burnunun altında ensiz, amma qalın bığına da dən düşmüş birinci katib, Ostaşkoya vurduğu o təpikdən birini də onun sifətinə endirə bilər.
Mir Cəfər Bağırov yenidən öz yazı mizinin arxasına qayıtdı və:
– Hə... – dedi. – Təzə nə var?
Komissar həyəcandan açıq-aşkar titrəyən barmaqları ilə özündən asılı olmayaraq, qovluğun içindəki ən sonuncu vərəqi dartıb çıxartdı. Bu kağızdakı məlumat bilavasitə Mir Cəfər Bağırovun özünə aid idi və Komissar, əslində, bu məlumatı lap axıra saxlamışdı. 37-38-ci illərdə xalq düşməni kimi ifşa olunub güllələnmiş Ruhulla Axundov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova, Hüseyn Rəhmanov, Həmid Sultanov, Məmməd Cuvarlı və başqa keçmiş partiya, dövlət rəhbərləri istintaqın ilk çağlarında Mir Cəfər Bağırov haqqında iftiralar söyləyirdilər və həmin iftiralar bu kabinetdə verilən məlumatlarda ilkin olaraq söylənirdi (şahidsiz söylənirdi!), sonra, əlbəttə, həmin xalq düşmənləri taqsırlarını boyunlarına alırdılar, sovet hökumətinin əleyhinə terrorçuluqla məşğul olduqlarını və Azərbaycan bolşeviklərinin sınanmış rəhbəri yoldaş Mir Cəfər Bağırov haqqında düşünülmüş iftira söylədiklərini etiraf edirdilər. Vaxtıyla iclaslarda görünəndə hamının ayağa qalxıb əl çaldıqları (indi hamı ayağa qalxıb Mir Cəfər Bağırova əl çalırdı!) bu nüfuzlu adamların – Azərbaycanın keçmiş partiya və dövlət rəhbərlərinin istintaq zamanı döyülüb nə günə düşdüyünü Komissar öz gözləri ilə görmüşdü. Zaqafqaziya Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov səs eşidən kimi, kameradakı dəmir çarpayının altına girirdi və onu oradan çıxarıb növbəti istintaqa aparmaq müsibət olurdu... Komissar burasını da bilirdi ki, vaxtilə Qəzənfər Musabəyovgillə Mir Cəfər Bağırovgil Qubada qonşuluqda yaşamışdılar və Qəzənfərin anası öz çağası ilə – Qəzənfərlə bərabər, Mir Cəfəri də döşləriylə əmizdirmişdi. Mir Cəfər Bağırov təkcə Qəzənfər Musabəyovu tutdurmamışdı, Qəzənfərin bacısı, Azərbaycan SSR Xalq Ədliyyə Komissarı Ayna Sultanovanı da, Aynanın əri, respublikada müxtəlif komissarlıqlara rəhbərlik etmiş Həmid Sultanovu da (onların hamısı inqilabdan əvvəl partiyanın üzvləri idi) tutdurub güllələtmişdi və nəhayət, öz süd anasını – Qəzənfərgilin anasını da həbs elətdirib Bayıl həbsxanasına saldırmışdı. Döyülüb ağzı-gözü qana bulaşmış o qoca arvadın Bayıl həbsxanasında qışqıra-qışqıra: «Ay Allah, Mir Cəfərə bu döşümdən verdiyim südü haram elə! Onu dünya işığına həsrət qoy!» – deyə qarğış yağdırmağını da Komissara çatdırmışdılar. Ayna Sultanova isə güllələnəndə: «–Stalinin adı ilə ölürəm» – demişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-8-qebul
Use ← → keys to move, R for a random poem
More by this author
Ağ atın dəli gözləri, elə bil, yeri, göyü görmürdü…Saday bəy sıldırım qayaların təpəsi ilə ağ atı çap ki, çapasan – çapırdı.
Birinci hissə, 12Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.
Birinci hissə, 13Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə Şuşadan arana doğru üzüaşağı bir karvan gedirdi…… Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə yara-yara irəliləyirdi…
Birinci hissə, 149 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.