Page 4 of 4 · 75%

Zübeydə ləyəni aparıb artırmanın sement döşəməsinə qoydu, sol əlini belinə basdı və belini düzəldib:

– Çox sağ ol, qadası, – dedi. – Get, xoş gəldin, – dedi və birdən-birə istədi ki, həyətin aşağı başındakı cavan heyva ağacına bağlanmış qırmızı çil toyuğu da qaytarsın Ağagülə, amma tez də bu fikrindən vaz keçdi: bu fikir necə birdən-birə gəlmişdisə başına, elə-eləcə də birdən-birə yox olub, getdi. – Toyunda əvəzini çıxarıq, – dedi. – Allah qoysa... İlahamin.

Ağagül istədi ki, Zübeydəyə bir də tapşırsın ki, vağzal bağında Nisəylə öpüşmələrini kəndin camaatına yaymasın, amma daha bir söz demədi, darvazadan çıxıb bala qapını da ardınca örtdü.

Yavaş-yavaş, lap yavaş-yavaş dənizdən meh əsməyə başlamışdı və külafirəngidə bu yel daha artıq hiss olunurdu, burada ağcaqanad da nisbətən az idi. Zübeydə üzümün doşablığını ayırdı, yeməliyini ayırdı, sirkəliyini ləyəndən arıtdayıb balonlara doldurdu, ləyəni quyunun suyunda yaxaladı və sudan bir parç da götürüb içdi, sonra gəlib külafirəngiyə qalxdı, yerdən saldığı palazın üstündə oturdu. Yemək istəmirdi, isti onun iştahını kəsmişdi, elə günorta yediyinin üstündə idi, televizora da baxmaq istəmirdi, həvəsi yox idi, elə-beləcə külafirəngidə oturub dənizə tamaşa etdi.

Ay dənizə payəndaz salmışdı və bu saat bu payəndaz lap xırdaca-xırdaca tərpənirdi, bu payəndazın üzündə şövq vuran ay işığı lap xırdaca-xırdaca titrəyirdi; dəniz belə sakit olanda axır vaxtlar Zübeydəyə pis təsir edirdi, belə bir səssizlik, sükunət axır vaxtlar bu arvadı sıxırdı, ürəyini qısırdı, əslində elə cavanlıqdan belə idi, intəhası cavanlıqda bunun fərqinə varmırdı, amma indi özündən asılı deyildi; Allah hərəni bir cür yaradıb, onu da belə yaratmışdı. Dənizin uğultusu gələndə, dalğalar özünü qayalara çırpanda, adama elə gəlirdi ki, tək deyil, elə bil ki, bütün bu ətraf da yaşayır, nəfəs alır sənlə birgə.

İndi dənizin üzü tərtəmiz idi, ay işığında bircə köpük də ağarmırdı və bu təmizlik, bu sakit, sükunətli təmizlik Zübeydənin ürəyində bu dəm hansı bir incə, kövrək simisə tərpədirdi, amma bunun nə olduğunu, hansı xatirə olduğunu Zübeydə yadına sala bilmirdi; bu, vur-çatlasın, çal-oynasın xatirələrindən deyildi, nəsə başqa bir şey idi.

Birdən, elə bil ki, quyunun dibindən gəlib çıxan dəniz uğultusunun, arabir Zübeydənin qulağının dibindən ötən ağcaqanad vızıltısının, külafirənginin qabağındakı xartut yarpaqlarının lap həlim-həlim, lap güclə eşidiləcək xışıltısının həmin yay gecəsindəki yeknəsəqliyini yenə toyuq qaqqıltısı pozdu, qırmızı çil toyuq, bir-iki dəfə qaqqıldadı, elə bil ki, bu böyük dünyada toyuqların payına düşən insafsızlığın qarasına deyindi və Zübeydə də ayağa qalxıb külafirəngidən düşdü, artırmadakı girdə mizin üstündəki mis qazanın qapağını qaldırdı, qurumasın deyə, hər gün xüsusi parçaya büküb saxladığı təndir çörəyindən iki fal qoparıb götürdü və heyva ağacının yanına gəlib çörəyi didə-didə qırmızı çil toyuğun qabağına səpdi.

Qırmızı çil toyuq dimdiyini torpağa dirəyib bir müddət çox müdrik bir biganəliklə qabağına düşən çörək qırıntılarına baxdı, sonra üzünü yana çevirdi və Zübeydə də:

– Ba-a-a... Qudurasan qurbağa!.. – dedi. – Yaxşı deyiblər ki, mal yiyəsinə oxşamasa, haramdı...

Məsələ burasında idi ki, Ağagülün anası Ağabacı, yəni, bu təkəbbürlü qırmızı çil toyuğun bu gecəyə qədərki sahibi kənddə Zübeydəni istəməyənlərdən ən birincilərindən idi. Nuh-Nəbidən bu günə kimi, Zübeydənin hər bir hərəkətini, hər bir söz-söhbətini, yerişini-duruşunu, tanışını-bilişini, geyimini-kecimini amansız tənqid atəşinə tutanların birincilərindən biri idi və Zübeydənin də bu arvaddan zəhləsi gedirdi, amma bir iş vardı ki, həmin acıdil, vecsiz, adamayovuşmaz Ağabacının, qara pıspısaya oxşayan Ağabacının indi Ağagül boyda bir oğlu vardı, özü də kiçiyiydi Ağagül hələ, ondan böyük bir oğlu əsgərlikdə idi. Ağagüldən kiçik bir oğlu da var idi – Nuhbala və altı da qızı var idi, nə isə...

Zübeydənin də indi qızları ərə gedə bilərdi və Zübeydənin də belə bir oğlu ola bilərdi, o oğlan da gedib vağzal bağında gözəl bir qızla öpüşə bilərdi, əsgərlikdən evə məktub göndərərdi, Zübeydə də elçi gedə bilərdi, gəlin gətirə bilərdi... Yaxşı, yaxşı, sən o uzundraz Ağagülün canı, başlama özündən hoqqa çıxarmağa, başlama fikir dəryasına düşüb dərd əlindən üzməyə, yeri get yat, Ağabacı indi dördüncü yuxusunu alır yəqin, heç fikirləşmir də ki, dünyada Zübeydə adında bir məxluq var... Elədir ki, var, düzdü, qocalıqdandı bu fikir-zikir hamısı, qocalıqdandı ki, var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets