Sarı, görəndə
Xudam səni nə xoş gündə yaradıb,Meylim axır sana sarı, görəndə.Həsrətindən yüz yara var sinəmdə,İnsaf eylə, birin sarı, görəndə.
Tifil tək qoynunda nara aşiqəm,Mürgi-Səməndərəm, nara aşiqəm.Çəkərəm sübhədək nara, aşiqəm,Tərlan ovlağında sarı görəndə.
Ələsgər sızıldar, bala yetişər,Nardan Səməndərə bala yetişər.Gözlərindən mana bəla yetişər,Olur gül irəngim sarı, görəndə.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-sari-gorende
Use ← → keys to move, R for a random poem