Birinci hissə, beşinci fəsil
Page 2 of 3 · 33%
Toydan bir həftə keçəndə, Xanımcahan xanım Səlminazı yuxarı, yanına, ikinci mərtəbəyə çağırmışdı, Ağzı, burnu yaşmaqlı təzə gəlin şiş burun, əl işləməsi olan çəkmələrini sürütləyə-sürütləyə xanımın otağına girəndə onu yaxasına, ətəklərinə, qolçaqlarına mirvari düzülmüş, mavi ipək gecəköynəyində qu tükündən düzəldilmiş ağappaq yorğan-döşəyin içində görüb özünü itirmiş, geri çəkilmək istəmişdn. Xanımın gecə köynəyinin yaxasının qızıl düymələri, demək olar ki, ayaqlarının ucuna qədər açıq idi və onun gün görməmiş ağ bədəni ay parçası kimi gəlinin gözünü qamaşdırıb utandırmışdı.
Xanımcahan xanım gəlinin ürkdüyünü görüb şaqqanaq çəkərək gülmüşdü:
– Aaz, hara gedirsən?—demişdi. — Utanma, yaxın gəl. — O barmaqlarına brilyant üzük taxılmış əlini yuxarı qaldırıb, gülməyinə ara verməyərək: — gəl, gəl, otur yanımda, — söyləmişdi. Səlminaz, xanımın istəyinə sözsüz əməl eləyib çəkinə-çəkinə çarpayısının böyrünə gəlmişdi.
– Ay dəli, nədən utanırsan? Sən də qadınsan, mən də. Burda kişi ha yoxdu. Sən gözəlsən, Səlmi! Mən qadın olsam da, sənin gözəlliyinin qabağında ürəyim əsir! Barı o nökər sənin qədrini bilirmi, qız? Bilməsə, o gərək kor olsun!
– Yox, bilir, xanım! — Kərimin kor olmasını istəmədiyindən tələsik cavab vermişdi.
– Hə?
– Hə, xanım. Bilir.
Bu ilk söhbətdən sonra, Xanımcahan xanım bildirmişdi ki, aşağıda tək oturmasın, gəlsin yuxarı, o da darıxır, söhbət eləsinlər.
Səlminaz, beləliklə, Xanımcahan xanımın dostuna və qulluqçusuna çevrilmişdi.
Cavan ər-arvada hər şey yuxu kimi görünmüşdü. Saadətlərinə inanmaq istəməmişdilər. Ancaq həqiqətə necə inanmayasan?! Xoşbəxt idilər. Əl-ələ verib yaşayırdılar. Axşamlar gündüzkü qaçaqaçdan, qovhaqovdan sonra, yorğun-arğın həsir döşənmiş yerdə, yorğan-döşəklərinə girəndə, yuxuya getməzdən qabaq Canəli bəyin özünə, Xanımcahan xanıma, uşaqlarına dua edib, sonra yatardılar.
Günlər, həftələr, aylar keçirdi.
Səlminaz ilkinə — bax, bu Nəzərə — hamilə idi, bu gün-sabah ana olacaqdı. Ancaq...
...Ancaq Canəli bəy yaman narahat idi. Adəti üzrə, hər gün tezdən oyanan, vəznəli çuxasını çiyninə salıb, çəliyini əlinə alaraq bağçanı dolaşan, az qala hər ağaca, kola diqqətlə baxa-baxa gəzib, hava alandan sonra gəlib həyətdə əl-üzünü yuyan, eyvana qalxan Canəli bəy, o gün bağçadan çıxanda qap-qara qaralmışdı. Elə bil taqəti yox idi kişinin. Ayaqlarını güclə sürüyə-sürüyə həyətin ortasına çatıb dayanmışdı, heykəl kimi hərəkətsiz idi. Bu o zaman idi ki, Kərimlə Səlminaz həsirin üstündə bardaş qurub süfrə başında oturaraq çay içirdilər. Divarın içindəki ocaq gurhagur yanırdı. Qapı açıq idi deyə, Səlminaz buradan bəyi yaxşı görürdü.
Nəhayət, heykəl yerindən qopub ağır addımlarla qapıya yaxınlaşmış, uca qamətini əyib içəri girmişdi. Salamsız-kəlamsız... Bu neçə ayda birinci dəfəydi ki, Canəli bəy onların daxmasına baş salırdı.
Hər ikisi dərhal ayağa qalxmışdı. Səlminaz yaşmanıb:
– Bəyim xoş gəlib, səfa gətirib! — demişdi və əl uzadıb divar dibində qoyulmuş alabəzək sandığın üstündəki yükdən döşəkçəni götürüb yerə atmışdı:—Oturun, bəyim. Bir stəkan çay için.
Kərimin lal-dinməz dayanması və bəyə heç nə deməməsi Səlminazın nəzərindən qaçmamışdı, özlüyündə buna təəccüb eləmişdi, ancaq açıb-ağartmağa imkanı olmamışdı. Canəli bəy geniş açılmış gözlərini nəsə axtaran adam kimi, evin içində dolandırıb Kərimə çox diqqətlə, uzun-uzadı baxmışdı. Kərim də ondan gözlərini gizləməmişdi.
Birdən Canəli bəy xırıltılı səslə:
– Qızılları hara qoymusan, Kərim? — deyə xəbər alanda Kərim kəkələmişdi.
– Nnə... nə qızıl, bəyim?
Səlminazın rəngi cunası kimi ağappaq olmuşdu.
– O çəpərin dibindən çıxartdığın küpü deyirəm, Kərim! Ə, yoxsa sən də bu ətrafda sümsünüb araya qatmaqarışıq salan o bolşovoy köpək uşağının adamıymışsan, hə?
—…
– Niyə dillənmirsən, ə? Səndən söz xəbər alıram, — o, çəliyinin ucunu yerə döyəcləmişdi. — Ə, düzünü de, Bolşovoylara verdin var-yoxumu?
Kərimi əsməcə tutmuşdu və dili topuq çala-çala:
– Bəyyim, həz... həzrət Abbas haqqı... Mən bolşovoy-zad tanımıram. Bolşovoy kimdi?
Canəli bəyin sağ üzü səyrimişdi, bığının sağ qanadı titrəmişdi:
– Mənim həyətimə quş quşluğu ilə səkə bilmir, bəs necə oldu mənim qızıllarım? Sən vurmadın, mən yıxılmadım, bəs bu nə təhər oldu, Kərim?
Kərim əssə də, yenə şinimişdi:
– Hansı qızıl ey, bəyim?
– Ə, küçük, vallah, mənim sənə elədiyim yaxşılıqlar gözündən gələr. Gətir qızılları! Mənim bağrımı çatlatma. Elə eləmə, əlim qana batsın,—o, sağ əlini arxa cibinə, tapançaya aparmaq istəmişdi, ancaq nə fikirləşmişdisə, əlini qaytarıb, qulağını qaşımışdı.
– Bəyim, vallah...
Qorxudan qansız dodaqları çatlamış Səlminazın qaşları çatılmışdı. Birdən yadına düişüşdü: ey dadi-bidad, gecənin bir aləmi deyəsən Kərim ocağın qırağında eşələnirdi axı! Hə, hə, elədir ki, var! Ocaq xarab idi, daşları əyilmişdi, qazan, aftafa durmurdu üstündə, aşırdı, çay, xörək dağılırdı. Bir vaxt Səlminaz özü Kərimə demişdi ki, ocağı düzəltsin. Ancaq Kərim günü günə satmışdı. «İmkanım olanda qayıraram!» — demişdi. Bu gecə isə gəlin yarıyuxulu halda hiss eləmişdi ki, Kərim nəsə ocaqla əlləşir, evə girir-çıxır. Düşünmüşdü ki, yəqin ocağı düzəldir və ürəyində ona bir minnətdarlıq da duymuşdu.
Gəlin qorxa-qorxa ocağa fikir vermişdi və tükləri biz-biz olmuşdu: «Ay allah, bu nə müsibətdi bizim başımıza gəldi?! Kərim bəyimizə xəyanət eləyib, qızıllarını oğurlayıb? Yox, eləməz Kərim, eləməz. İlahi, kaş eləməyəydi!.. Yox, qızılları Kərim götürüb, burdadı, bu ocaqdadı qızıllar! İndi mən başıma haranın külünü töküm, ilahi? Deyəcəyəm, bəyim öldürəcək onu!.. Deməyəcəyəm, özünün...» Səlminaz çaşıb qalmışdı. Odla su arasındaydı sanki.
Qəzəb qarışıq bir yazıqlıqla Kərimi süzürdü. Ürəyində Allaha yalvarırdı ki, Kərim ona baxsın, o da işarə eləsin: «Nə qədər gec deyil, ver kişinin qızıllarını» — desin. Ancaq o baxmırdı Səlminaza. Canəli bəy isə hələ də səbirli idi, dözürdü, təmkinini itirmirdi.
– Kərim!..
– Bəli, bəyim!
– Sən istəyirsən ki, mənim bağrım çatlasın?
– Yox, bəyim, Allah eləməsin!
– Demək, istəmirsən hə, mən ölüm?
– Əlbəttə, bəyim... Siz...
– Ay bərəkallah, mən bilirəm, sən məni çox istəyirsən, mən bilirəm, sən namərd deyilsən, Kərim. Mənim çörəyimi yeyən namərd ola bilməz, Kərim!..
Bayaqdan bəri, bu gərgin anların içində, Kərim birinci dəfə olaraq öz ürəyində danışmışdı: «Sənin çörəyin var idi ki!... Hamısı haramdı, qandı, irindi sənin çörəyin! O qızıllar da sənin döyül. Bu camaatın ürəyinin qanıdı o qızıllar! Mən öz çörəyimi yemişəm, sənin çörəyini yeməmişəm, bəy!»
Və birdən Kərimin yadına düşmüşdü ki, bəy deyəsən adamın ürəyindən keçənləri oxuya bilir — necə ki, o zaman, Səlminazın eşqi ürəyini yandıranda onun arzularını gözündən oxuyüb üzünə demişdi. Bu, onu sarsıtmışdı. Kərim elə bilmişdi ki, ayağının altında yer aralandı və o, nəhayətsiz bir boşluğa düşdü.
Yaxşı ki, bu zaman bəy dillənmişdi:
– Sənin qulağın söz çalıb, Kərim. Mən bilirəm, sən elə bilirsən bolşovoylar gəlib, sənə yiyə duracaqlar, çörəyini, paltarını verəcəklər; evini verəcəklər, Canəli bəy kimi. Sən elə bilirsən, istəsən, qabağına düşüb səni evləndirəcəklər bolşovoylar, Canəli bəy kimi!.. Səhv eləyirsən, Kərim. Onlar məni də güllələyəcəklər, səni də. Mənə qulluq elədiyin üçün sənin lap dərini soyacaqlar, Kərim! Gəl daşı tök ətəyindən, Kərim. «Hayıf ki, ölü danışa bilmir, Kərim, yoxsa mən səni çoxdan it kimi gəbərtmişdim burda!..»
Bəy bu son sözləri ürəyində demişdi və yazıq-yazıq Kərimin ağzına baxmışdı.
Kərim isə bu dəfə də onun ümidini qırmışdı:
– Mənim xəbərim yoxdu, həzrət Abbas haqqı, bəyim!
Elə bu zaman Səlminaz özünü daha saxlaya bilməmişdi və gözlərindən min yerdən yaş tökə-tökə, dodaqları səyriyə-səyriyə:
– A Kərim, yalandan niyə and içirsən? Axı, həzrət Abbas belini qırar, ağzın əyilər, ədə! Tez ol, əstəqfürullah de! — demişdi.
Və ərinin elə o an hədəqəsindən çıxıb qan çanağına dönən gözlərini görəndə qorxusundan Canəli bəyin böyrünə keçib:
– Bəyim, qızıllar burdadı, ocaqın içindədi, bəyim. Bu gecə gətirib basdırıb!—söyləmişdi və üzünü divara çevirib hönkürmüşdü.
– Yalandır! — Kərim qışqırmışdı və elə çılğınlıqla, elə ucadan qışqırmışdı ki, Canəli bəy də, Səlminaz da səksənmişdi. Ancaq bu bircə kəlmə sözlə də Kərimin qəzəbi, yalanı, ümidləri, hər şey, hər şey sanki canını birdən-birə tərk eləmişdi, quruca cəsədi qalmışdı. İndi o, müti qul kimi idi, nə desəydin eləyən idi, hara buyursaydın gedən idi.
Canəli bəy isə toxtamışdı, üstündən dağ götürülmüş təki, dərindən nəfəs alıb, kürəyini divara söykəmişdi. Enli, qırış alnına soyuq tər gəlmişdi.
Və sonra inanılmayası bir şey olmuşdu: Canəli bəy gülməyə başlamışdı — qızılın yerini biləndən sonra Səlminaz (elə Kərimin özü də) gözləmişdi ki, bax, indicə bəy Kərimi öldürməsə də, hökmən döyəcək, elə döyəcək ki, daha sınmamış qabırğası qalmayacaq, ölməsə də, yarımcan olacaq. Lakin qəribə idi ki, Canəli gülmüşdü, gülüşündən dam-daş titrəmişdi. Çiyinləri atılıb düşə-düşə, sol əlinin dalıyla yaşarmış gözlərini silə-silə demişdi:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
Birinci hissə, altıncı fəsilƏbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi: