Birinci hissə, beşinci fəsil
Page 3 of 3 · 67%
– Ay sənin saqqalın ağarsın, Kərim. Yamanca qorxuzmuşdun məni. Ay sənin, xi-xi-xi..
Bəyin gülüşü elə sirayətedici idi ki, çaşıb nə edəcəyini bilməyən Kərim də ona qoşulub gülmüşdü, qalın ətli dodaqları arasında ağ mirvari kimi saf dişləri görünmüşdü. Və elə bu zaman, sanki o anı gözləyirmiş, Canəli bəy, qəfildən gülməyə başladığı kimi, qəfildən də gülüşünü xırp kəsib, sağ əlindəki gümüş işləməli çəliklə Kərimin ağzına çəpəki elə ilişdirmişdi ki, Kərim «Ay» deyə bilmiş və gülüşü ufultuya qarışmışdı. Əlini ağzına aparmışdı, barmaqlarının arasından qan axmağa başlamışdı. Kərim özünə gəlməmiş, bəyin səsi çınlamışdı:
– Namərd! — o, quyruğu tapdanmış gürzə kimi fısıltıyla yerindəcə fırlanıb, içəri açılan qapının dalından tiyəsi par-par parıldayan beli götürərək Kərimə vermişdi:—Qaz! Qaz ocağın içini, çıxart o sarıları!
Kərim heç nə demədən beli almışdı, ağzını dolduran qanı tüpürmüşdü, tüpürcəyinin içindən nə isə həsirin üstünə düşub tappıldamışdı. Canəli bəy tappıltı gələn tərəfə baxmışdı, çəliyinin ucu ilə qanlı tupürcəyin içindəki üç diş qırığını saymışdı, qəzəbli-qəzəbli çımxırmışdı:
– Cəld ol, küçük!
Səlminaz namüəyyənlik içində donub qalmışdı hələ də. «Kərim məni öldürəcək! Öldürəcək!» — fikri buludlu, tutqun göylərdə çaxan ildırım təkin beynini gah işıqlandırırdı, gah zülmətə qərq eləyirdi. «Öldürə... cəək!.»
Kərim ocağın qabağındaydı, yeri qazırdı.
Çox çəkmədi, iri, qırmızı rəngli küp artıq ortalıqdaydı. Səliqə ilə ağzı bərk-bərk bağlanmışdı — elə bil nehrə ağzı bağlamışdılar.
Küpü görən kimi Canəli bəyin gözləri qızıl parıltısına bənzər bir işıq saçıb nurlanmışdı: kişi çömbəlib küpün torpağını titrəyən əllərilə siyirib yerə tökmüşdü, sonra, pişik balasını sığallayan kimi, sığallamışdı. Başını qaldıraraq hələ də yerindəcə donub qalmış Səlminaza baxmış, bayaqkı qəzəb və sərtliyi ilə heç cür uyuşmayan bir mehribanlıqla demişdi:
– O taxçadakı kasanı bəri gətir, qızım! — Küpün ağzını açmışdı, boğazını irəli uzadıb içinə baxmışdı: içəridən elə bil kişinin gözlərinə gün işığı axmışdı. Xoşbəxt-xoşbəxt gülümsünmüşdü.
Səlminaz əlini uzadıb taxçadakı iki güllü kasadan birini götürmüşdü, bəyə sarı uzatmışdı. Canəli bəy küpün içindəki qızıllardan xışma-xışma ovuclayıb kasaya tökmüşdü. Səlminaz ilk dəfəydi qızıl görürdü. Gözləri böyümüşdü: «ay allah, qızıl bu imiş! Bu imiş qızıl?! Gör necə istidi, Allah! Ordan istisi məni vurur. Bəs görəsən bəyin əlini yandırmır? Çirink-çirink!»
Kasa dolmuşdu. Silələmə dolmuş kasanı bəy Səlminaza tərəf uzatmışdı.
– Al bunu sənə bağışlayıram, qızım. Sağ ol, anayın südü sənə halal olsun.
– Yox, yox, bəyim, mənə heç nə lazım deyil, — deyə Səlminaz etiraz eləmişdi, ancaq qəlbində elə o andaca baş qaldıran anlaşılmaz bir duyğu onu yerindən tərpətmişdi; o qızıllar onu özünə sarı çəkirdi elə bil. Maqnit idi, nə idi? Səlminaz heç nə başa düşmədən gözlərini döymüşdü.
– Götür, qızım, halaldı sənə. Bunu sənə, bir də ona,— deyə bəy gəlinin qarnına işarə eləmişdi. — Sənə və ona verirəm!
Səlminaz özü də bilməmişdi haçan kasanı almışdı bəydən. Bir kasa qızıl! Aman allah, gör necə də sarı işıq saçır! Və o sarı işıq onun gözlərini qamaşdırmışdı, əlləri boşalmışdı, kasa tappıltı ilə yerə düşmüşdü.
– Ay,—demişdi Səlminaz.
Bayaqdan tövşüyə-tövşüyə bu mənzərəni seyr eləyən Kərim qeyri-iradi əyilib ora-bura dığırlanıb dağılan qızılları yığmaq istəyəndə, güclü bir əl onun sırıqlısının yaxasından yapışıb qaldırmışdı:
– Sən yox, sən yox! Sənin əlin natəmizdir, sən onlara toxunub murdarlama, gədə!
Kərim, yenə də ağzını dolduran qanı qapıdan çölə tüpürmuşdü, çörəyə baxan ac adam kimi yerə səpələnmiş qızılları süzüb udqunmuşdu. Canəli bəy çaşqın-çaşqın dayanıb həsirin üstünə dağılmış qızıllara tamaşa eləyən və ayıqlıqdamı, yuxudamı bunların baş verdiyini ayırd eləməyə çalışan Səlminaza müraciət eləmişdi:
– Özün yığ, qızım. Bu gədədən ehtiyatlı ol, oğrudu o! Səndən də oğurlayar, qızım!.. — Kərimə tərs-tərs baxmışdı, nə fikirləşmişdnsə, barmaqlarının ucunda küpdən üç dənə qızıl çıxarıb Kərimin ovcuna basmışdı:
—Üç dişini vurub salmışam, özünə qızıl diş qayırtdırarsan. Ətrafda gədə-güdə çoxdur, qoy paxıllıqdan yanıb-yaxılsınlar. Qoy desinlər, gör Canəli bəyin nə qədər qızılı var ki, nökərinin də dişlərini qızıldan düzəltdirib. Eşidirsən? Mütləq düzəltdir ha! — Qara, uzun çubuğunu doldurub sümürdü, xeyli sükutdan sonra gur səslə dilləndi: — Yaxşı, mısmırığını sallama. Özün də hazırlaş, atları da hazırla, gecə ova çıxacağıq, Şəhriyar düzünə gedəcəyik. O qara qoçu da kəs, kabab elə. Hamısını kabab elə. Qonağımız çox olacaq. Muxtar bəy də gələcək! Eşidirsən? Ya hələ fikrin küpdədi?
Sonra dönüb Səlminaza baxmışdı, qayıdıb Kərimə tapşırmışdı:
– Bu qıza çırtma vursan, sən öl, başını kəsərəm, eşitdin?
– Bəli, bəyim...
Kərimin səsi elə bil quyudan gəlmişdi.
«...Səhərlər közlərimi açanda heç vaxt Kərimi yanımda görməzdim. O məndən həmişə tez oyanardı, əvvəl ocaqı yandırardı, çay qoyardı, sonra həyətə çıxıb öz işləri ilə məşğul olardı. Bu hadisə baş verən günü, ertədən yerimə girsəm də, yata bilmirdim. Yuxum elə bil ərşə çəkilmpşdi. Bədənim təndir kimi yanırdı elə bil. Gündüzkü əhvalat, söz-söhbət heç cür yadımdan çıxmırdı. Ürəyim mənə deyirdi ki, bizi bədbəxtlik tutub, çərximiz dönüb. Nə isə olacaq, özü də dəhşətli bir şey olacaq!... Yorğan canımı qızdırmırdı. Qızılları yığıb gizləmişdim. Elə yerdə — evin içində gizləmişdim ki, heç kəsin gümanı gəlməzdi. Qəribəydi ki, bəyimin sözü ağlıma batmışdı, mənə elə gəlirdi ki, doğrudan da Kərim oğurlaya bilər o qızılları. Ancaq bir az sonra fikirləşdim ki, Kərim qızıl küpünü bəydən oğurlayanda mənim üçün, ailəsi üçün oğurlayıb, məndən kim üçün, nə üçün ; oğurlamalıdır? Çırağı söndürmüşdüm, amma kümə yenə işıq idi. Elə bil başımın üstdəki tavandan bəyimin yataq otağındakı iri, par-par parıldayan çilçıraq asılmışdı: işıq gözlərimi qamaşdırırdı. Gözlərimi yumanda da o işıq azalmırdı. Elə bil göz qapaqlarımı kəsib götürmüşdülər. Sonra başa düşdüm ki, o işıq dərində — sandığın altındakı çuxurda gizlədiyim qızılların işığıdı. Zəhrimar torpağın altından da işıq saçırmış! Onda başa düşdüm ki, bəyimin də, arvadının da, oğlunun da gözləri niyə elə işıqlıymış həmişə!
Kərim məndən küsmüşdü, — ancaq bilmirəm küsdüyünə görəmi, ya bəyimin qorxusundanmı bütün günü məni heç dindirmədi də. Üzümə də baxmadı. Axşam isə... həyətdə kabab bişirirdi. Ov tədarükü görürdü. İçəri gəlmədi. Mən çörəyimi yeyib uzandım.
Sonra... səhərə yaxın yuxu apardı məni. Ayılanda gec idi — gün xeyli qalxmışdı. Birinci ocağa baxdım. Yanmırdı. Qalxıb geyindim, həyətə çıxdım. Səs-səmir yox idi. Nə Kərim var idi, nə də bir ins-cins... Əvvəl ağlıma heç nə gəlmədi. Dedim, yəqin... hə, yadıma düşdü, ova getməli idilər axı. At yox idi. Ağır-ağır pillələri qalxdım; adətimə görə, Xanımcahan xanıma salam verib, halını soruşmaq istəyirdim. Murad da gözümə dəymədi. Xanımın yataq otağının qapısı açıq idi — girdim, o da yox idi. Bir şey başa düşməyib, otaqları bir-bir gəzdim. Ay allah.. Gediblər. Hamısı gedib! Yaxşı, deyək kişilər ova kedib, bəs Xanımcahan xanım hanı? Yəni odamı ova gedib? Axşamacan tək qaldım. Həyət-baca, ev-eşik üstümə gəlirdi...
Üç gündən sonra... məlum oldu ki, Canəli bəy arvadını, oğlunu, vəzncə yüngül, qiymətcə ağır nəyi varmışsa, götürüb qaçıb!.. Kərimi də özüylə aparıb!.. Hara, bilən olmadı. Ey, oğul. Kərim — sənin atan o gedən getdi. Sən, o gedəndən dörd gün sonra dünyaya gəldin, oğul... Sənin atan da, anan da mən oldum, can bala!..
– Bəs... o qızılları neylədin, ana? — Nəzər soruşmuşdu.
– Ay saqqalın ağarsın... Bəs görmürsən o qızılları?— Ana gülmüşdü.
– Yox, hanı!?
– Sənsən o qızıl, oğul, mənəm o qızıl, bax, bu ev-eşikdi o qızıllar. Can bala!..
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
Birinci hissə, altıncı fəsilƏbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi: