Birinci hissə, on beşinci fəsil
Page 2 of 3 · 33%
⎯ Ay ana, qurban olum, bizi qorxuzma. Sənə nə olub axı? Bu saat həkim çağırım. Sapsağlam adam idin axı, birdən-birə nə oldu sənə?
⎯ Heç nə lazım deyil, oğul. Ürəyimə damıb. Öləcəyəm. Yox, öləcəyəm uzaqdı, artıq ölürəm. Hiss eləyirəm, ayaqlarım soyuyur yavaş-yavaş. Ancaq sən qorxma, ağlama da. Gəlinə hər şeyi demişəm, halallıq da almışam. Sənə də deyiləsi sözüm var. Qulaq as. Balışımın altında beş dənə qızıl onluq var. Sən bilirsən o qızıllar hardandı, kimindi. Saxlamışdım. Onları götürərsən. Sonra… sonra işdi, birdən dədən qayıtdı, gəldi. Sən onun oğlusan, yaxşı qarşılarsan, hörmət eləyərsən. Amma mənim də sözümü deyərsən ona. Deyərsən ki… Deyərsən ki, bizə çox zülm elədi o! Deyərsən ki, anam dünyadan köçəndə bağışlamadı səni. Bax, beləcə deyərsən ha! Yadından çıxmaz ki?
⎯ Yooxx. ⎯ Nəzərin göz yaşları yanaqlarına axırdı və Səlminaz ona deyil, tutun yaşıl yarpaqlarına baxıb danışdığından oğlunun ağladığını görmürdü.
⎯ Yox. Əvvəl soruşarsan, görərsən niyə gedib, necə olub gedib? Əgər hələ dünyaya gəlməmiş səni, cəmi doqquz ayın gəlini olan məni üzürsüz səbəb üzündən qoyub gedibsə, mən dediyim kimi deyərsən: halal eləmirəm. Yox, əgər gördün məcbur olub, zornan aparıblar, onda keçərsən günahından. Elə olsa, deyərsən anam da bağışlayır səni. Dünyadı da, oğul, bilmək olmaz, bir də gördün gəldi. Uf, hava çatmır. Bə bu uşaqlar harda qaldı?
Usta Ələsgər həyətə girəndə Nəzər ayağa qalxdı, qabağına yeridi. Dalıycan gələn Bikəyə işarə elədi ki, tez uşaqları çağırtdırsın. Bikə dabanbasma geri qayıtdı. Nəzərlə Ələsgər səkiyə doğru addımladı. Usta Ələsgərin dümağ başında ağ fəs vardı. Yaşı yetmişi haqlamış Ələsgər yaxşı dərzi idi, bu kəndin adamlarının pal-paltarının çoxunu o tikirdi. Hətta qonşu kəndlərdən də, rayon mərkəzindən də ona sifariş verənlər vardı. Ancaq neçə ildi daha paltar tikən maşınından ayrılmışdı, çünki gözləri daha o gözlər deyildi, nurdan düşmüşdü, sapı iynənin gözündən keçirə bilmirdi. Cavanlıqda molla yanında oxuduğundan Quranı əzbərdən bilirdi, camaatın ölüsünü yerdən götürürdü və neçə ildən bəri mollalıq elədiyinə baxmayaraq, heç kəs ona «Molla Ələsgər» demirdi, elə usta Ələsgər kimi çağrılırdı.
Səlminazın baxışları artıq dumanlanmışdı, bəbəklərinin qabağını tutan tor içində Ələsgəri güclə görüb tanıdı, astaca, zorla eşidilə biləcək bir səslə:
⎯ Gəlmisən, usta? ⎯ deyə bildi. Səlminaz usta Ələsgərdən yeddi yaş böyük idi və demək olar ki, o, Səlminazın gözü qabağında böyüyüb qocalmışdı. Elə lap yeniyetməlik çağlarından Ələsgər ona «Səlminaz bacı» demişdi və yaşlanıb qocalsalar da, usta yenə onu belə çağırırdı.
⎯ Gəlmişəm, ay Səlminaz bacı. Bu nə pəstəhadı çıxardıb uşaqların ürəyini qana döndərirsən, hıy? ⎯ deyə usta Ələsgər zarafat eləmək istədi, ancaq arvadın əzvayişinə baxıb peşiman oldu, çünki gördü ki, Səlminazın gözləri öləziyib sönmək üzrədi, nəfəsi ağırlaşıb, rəngi avazıyıb.
Araya uzun, gərgin bir sükut çökdü. Nəzər anasının ayaq tərəfində əyləşdi, onun sifətinə baxmağa başladı. Gözlərini yaş tutmuşdu deyə Səlminazın avazımış üzü daha solğun göründü ona. Nəzər ustaya sarı çevrilib nəsə demək istədi, ancaq heç nə demədi. Bu ara Səlminaz göz qapaqlarını ağır-ağır qaldırıb baxışları ilə oğlunu, ustanı axtardı, Ələsgəri görüb yenə astaca:
⎯ Bir yasin başla, usta ⎯ dedi. ⎯ Vaxtdı…
Usta Ələsgər necə deyərlər, bu dünyadan çox adamlar yola salmışdı, ancaq beləsini görməmişdi. Təəccüb içində çaşıb qaldı bir anlığa, sonra səkinin qırağında oturdu, dinmədi. Lal baxışlarla gah Nəzərə, gah Səlminaza fikir verdi. Sükutu Səlminazın özü pozdu:
⎯ Başla usta….
Çarəsiz qalan usta Nəzərdən baxışları ilə icazə istədi, o da başını tərpətməklə razılıq verdikdə Ələsgərin həmişə gur və təsirli çıxan səsi indi zəif və süst eşidildi: ömründə birinci dəfəydi ki, diri adamın üstündə yasin oxumalı olurdu.
⎯ Bismillahürrəhmanürrəhmm….
Usta oxuyurdu, sözləri aydın və ifadəliydi, Səlminaz gözlərini açıb başı üstdəki yaşıl yarpaqlara baxırdı və yasinin anlamadığı sözlərini dinləyirdi. Yeddi-səkkiz dəqiqə beləcə dinlədi, sonra kirpikləri asta-asta endi. Gözləri yumulmuşdu, qulaqları isə ustanın səsini eşidirdi. Eşitdi, eşitdi, sonra səslər, sözlər qarışdı bir-birinə, xışıltıya çevrildi. Səlminaz daha ayırd eləyə bilmirdi ki, xışıldayan tutun yarpaqlarıdı, ya ustanın sözlərinin pıçıltısıdı. Yasini qurtarıb çərəkəsini cibinə qoyan usta, Səlminaza sarı əyilib gözlərini sığadı, çənəsini çəkdi. Nəzər hönkürdü və:
⎯ Ay ana ⎯ deyib inlədi uşaq kimi. Usta ayağa qalxıb:
⎯ Allah irəhmət eləsin ⎯ dedi. ⎯ Yaxşı insan idi. Yer üzündə bəlkə birinci bəndədi ki, öz yasinini eşidə-eşidə canını tapşırdı. Ancaq təmiz, günahsız adamlar belə rahat və əzab çəkmədən ölə bilər dünyada.
… Şər qarışanda, rayon mərkəzinin enli, yaraşıqlı küçələrində, evlərində, idarələrində işıqların yanan vaxtı, geniş meydançada, iki mərtəbəli univermağın qabağında Bakıdan gələn axırıncı avtobus nərildəyib dayandı; qapıları fısıltı ilə açıldı, əli zənbilli, çamadanlı, boxçalı adamlar düşməyə başladı.
Nəzər müəllim lap arxa oturacaqda əyləşmişdi, adamlar bir-birini itələyə-itələyə çölə can atsalar da, o, tərpənmirdi, yerindəcə oturub tələsənlərə tamaşa eləyir və ürəyində narazılıqla söylənirdi: «Oyundu ey bizim camaatın işi, vallah. Bax, avtobus dayanıb, qapıları da açıqdı. Burda qalmayacaqsız ki, sizi tutub saxlayan yoxdu ki?.. Bəs bu basabas nədi? Hara tələsirsiz? Evinizi allah tiksin, öyrənmədiz, öyrənə bilmədiz qayda-qanuna, növbəyə dayanmağa, növbəylə avtobusa, trolleybusa minməyə, düşməyə. Öyrənmədiz. Bu da mədəniyyətdi!
Oturacaqlar boşalan kimi, Nəzər ayağının yanına qoyduğu balaca, qara çamadanını götürüb arxa qapıdan arın-arxayın düşəndə, Tapdığı qənşərində görüb təəccübləndi.
⎯ Xoş gəlmisiz, Nəzər müəllim!.. ⎯ Tapdıq çamadanı onun əlindən ala-ala söylədi.
⎯ A, Tapdıq? Sənsən, a bala? ⎯ Nəzər sevincək soruşdu.
⎯ Hə. Necəsən?
⎯ Yaxşıyam, ay oğul. Bə sən burda nə gəzirsən?
Tapdıq gülümsündü:
⎯ Baldızağa zəng eləyib xəbər vermişdi ki, gəlirsiz. Ona görə qabağınıza çıxdım.
⎯ Nə əziyyət çəkirdin, ay oğul?
⎯ Heç bir əziyyəti yoxdu. Onsuz da maşına nömrə almaq üçün gəlməliydim. Güllü də xəbər verəndə dedim daha yaxşı. Həm ticarət, həm ziyarət!
Onlar danışa-danışa meydançanın qırağına gəldilər. «Volqa»nı Tapdıq şam ağacının altında saxlamışdı. Nəzər nömrəsinə baxıb:
⎯ Mübarəkdi. Nə yaxşı qoşa nömrədi, a Tapdıq? ⎯ dedi. ⎯ Maya qoyub almısan bu nömrəni, ya…?
Tapdıq güldü:
⎯ Yox, əşi… Baxtıma çıxıb!..
⎯ Sağlığına qismət. Çünki eşitmişəm ki, belə qoşa nömrənin xərci var.
⎯ Elədi, ancaq bu, mənim öz baxtıma çıxıb… ⎯ deyərək Tapdıq sağ tərəfin qapısını açdı:
⎯ Əyləşin, Nəzər müəllim.
Nəzər əlini açıq qapının üstünə qoyub dayandı:
⎯ Qoy bir özümə gəlim! ⎯ dedi. ⎯ Avtobus əhədimi kəsib. Bütün bədənim keyiyib. Bir cığara yandırım, bala-bala çəkim, sən də danış görək evdə-eşikdə nə var, nə yox. Uşaqlar nə təhərdi?.. Bizimkilərdən xəbərin-ətərin varmı?
Tapdığın ayaqüstü söhbətindən öyrəndi ki, hər şey necə qoyub gedibsə eləcədi. Güldanə, balaları sağ-salamatdı. Bir gün də Tapdıq çöldən gələndən sonra, arvad-uşağını yığıb nömrəsiz maşınına, gedib Əsgərabada, qayınanasına dəyiblər. Bikə xanımın da kefi durulub, sevincək olub, maşının aynasına bir xələt də bağlayıb. Gecə saat üçəcən oturublar, deyiblər, gülüblər, sonra da çıxıb gediblər öz evlərinə.
⎯ Hə, Qərib bu müddət ərzində kəndə bircə dəfə baş çəkib. Bizə də ayaq basmayıb.
⎯ Ay qırışmal, axı, mən demişdim anasını tək qoymasın!..
⎯ Vaxtı yoxdu. Elə bu gün də burda çox axtardım, istəyirdim bir az xərclik verəm. Dedilər, gediblər «Lenin» kolxozuna konsert verməyə, ⎯ deyə Tapdıq, Nəzərin Qəribin əlindən hirslənəcəyini duyan kimi, izahat verdi və doğrudan da onun könlünü bir az almış oldu bu sözlərlə. Amma buna baxmayaraq, Nəzər yenə bir ah çəkib: ⎯ Gedə əməlli-başlı artist olub getdi də, ⎯ söylədi, ⎯ mən ondan nə gözlüyürdüm, bu nə oldu, qırışmal!
Tapdıq söhbəti dəyişmək üçün soruşdu:
⎯ Bacanaq nə təhərdi?
Nəzər siqaretinə qullab vurub:
⎯ Bacanaqdı da. İşləyir, ⎯ dedi. ⎯ Belə ki, gedir, bir də görəcəksən nazirdi sənin bacanağın.
Tapdıq yenə qımışdı:
⎯ Olsun da. Kim istəməz ki, bacanağı nazir olsun. Bizim də üstümüzə bir kölgəsi düşər.
⎯ Çıraq öz dibinə işıq salmaz, oğul. Ondan kölgə-filan umma.
O, bir Qəribi orda ⎯ gözünün qabağında oxudammadı. Buraxdı başdı-başına, maraqlanmadı, uşaq da üzüqara qız kimi qayıdıb gəldi üstümə. İndi gözdağı olub, hər dəqiqə gözümə batır. Ummuram ey, amma başısoyuqluq elədi sənin bacanağın. Mən olsaydım, ya sən olsaydın, qoymazdın belə olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:
İkinci hissə, doqquzuncu fəsilYaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:
Üçüncü hissə, birinci fəsilƏfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».
Üçüncü hissə, ikinci fəsilNeçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.
Poems by other poets
خلاف پیر مغان ره مرو، که سرپستیست
Bir ürəkdə dörd fəsilHər gecə danışır radio havadan:"Sabah az buludlu, biri gün yağış...
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyənSənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən,Könlümi çak eyləyib, canim ara ca eyləyən.