Birinci hissə, on beşinci fəsil
Page 3 of 3 · 67%
⎯ Günah Qəribin özündə oldu, Nəzər müəllim! Oxumadı. O yazıq ta gedib onun əvəzinə oxumayacaqdı ki.
Bu vaxt dal şüşəsinin qabağından ağ pərdə asılmış, işıq altında par-par parıldayan bir qara «Volqa» asta-asta yanlarından keçib, rayon partiya komitəsinin binasına sarı getdikdə, Nəzərin gözü maşını aldı və Tapdığa cavab verməyi unudaraq:
⎯ Deyəsən, Süleymanın maşınıydı? ⎯ xəbər aldı.
⎯ Hə, o idi.
Nəzər müştüyünü təmizləyib cibinə qoya-qoya:
⎯ Yaxşı oldu, ⎯ dedi. ⎯ Sən təlsirsən?
⎯ Necə məgər?
⎯ Əgər tələsirsənsə get, oğul. Mən Süleymana dəyim. Ona bir-iki kəlmə söz deyəcəyəm.
Tapdıq kədərli səslə:
⎯ Nə barədə, Nəzər müəllim? ⎯ deyə maraqlandı.
⎯ İmran kişi barədə. Deyəcəyəm ki, belə olmaz, yoldaş…
Tapdıq onun İmranla son görüşünü xatırladı, o vaxt Nəzərin Süleymandan bərk narazılıq elədiyini yadına saldı və bir həftə bundan qabaq olmuş qəmli əhvalatı gözünün qabağına gətirib:
⎯ Gedirsən, get, amma İmran kişi barədə heç nə demə ona, ⎯ söylədi.
Nəzər kürəkəninin fikrini başa düşmədi:
⎯ Nə dedin?
⎯ Deyirəm İmran kişi haqqında heç nə demə daha.
⎯ Niyə, ə? ⎯ Nəzərin pırpız qaşları yenə az qala alnının ortasına qalxdı.
⎯ Ona görə ki… ona görə ki… ⎯ o, sözünə ara verib, ⎯ daha İmran kişi yoxdu, Nəzər müəllim! ⎯ dedi udquna-udquna.
⎯ Nə danışdığındı, a Tapdıq? ⎯ Nəzər ucadan soruşdu və səsi özünə də yad, qəribə göründü.
⎯ Hə, Nəzər müəllim. İmran kişi ömrünü bağışladı sənə.
⎯ Haçan, ə? Bə o gün onu sağ-salamat qoyub getmədimmi?
⎯ Hə… Qoyub getdin, amma… Yeddisi dünən idi…
Nəzərin səsi xırp kəsildi. Donuq gözlərini Tapdığın üzünə dikib mat-mat baxdı, baxdı… Sonra elə bil yer ayağının altından qaçdı; ətrafdakı adamlar, ağaclar fırlandı, qabağındakı maşın tərpəndi elə bil. Və Nəzər sanki maşının harasa çıxıb gedəcəyindən, bir daha qayıtmayacağından qorxaraq, açıq qapıdan ikiəlli yapışdı. Sonra burulub, taqəti yox imiş kimi, ağ parusin çəkilmiş oturacağa yanını qoydu; yox, maşın heç yerə getmirdi, dayanmışdı. Kişinin halı xarablaşdı.
Tapdıq tez əl-ayağa düşdü:
⎯ Sənə nə oldu, Nəzər müəllim?
⎯ …
Dəsmalını çıxarıb qayınatasının üzünü yelpiklədi:
⎯ Uşaq deyilsən ki, Nəzər müəllim. Qoca kişiydi rəhmətlik. Təki elə biz də o qədər yaşayaq!
⎯ …
⎯ Belə bilsəydim, heç deməzdim. Ondan yana dedim ki, gedib Süleymanın üstünə düşüb artıq-əskik deməyəsiz.
Handan-hana özünə gəldi, əlləri əsə-əsə siqaret yandırdı. Dalbadal bir neçə qullab vurub toxtadı. Altdan yuxarı, qapının yanında ayaq üstə dayanmış Tapdığa baxa-baxa başını buladı:
⎯ Pah atonnan! ⎯ dedi, ⎯ nə axmaq dünyadı ə, bu? ⎯ Sonra öz-özünə danışırmış kimi, ⎯ mən dedim də, çox yaşamaz İmran. Amma bu qədər də tez gedəcəyini ağlıma gətirəmməzdim, ⎯ söylədi, təzədən Tapdığa üz tutub soruşdu:
⎯ Nə təhər oldu, a Tapdıq, bu? Bir danışsana!
Tapdıq maşının qabağından fırlanıb sükan arxasına keçərək oturdu:
⎯ Heç nə təhər, ⎯ dedi, ⎯ o gün işdən gələndə Güldanə dedi, a Tapdıq, ayaq üstə ikən get İmran kişiyə baş çək, xörək bişirmişəm, onu da ver, gəl. Dedim, yaxşı. Getdim, kefini-əhvalını soruşdum. Zarıya-zarıya söylədi ki, heç yaxşı döyüləm, oğul. Dedim, dur bir tikə çörək-xörək ye, özünə gələrsən. Güldanə sənə yemək göndərib. Yox, ⎯ dedi, ⎯ yeyəsi halım yoxdu. Sağ olsun, boğazımdan heç nə keçmir. Çay qoydum ki, bir stəkan çay içə, bəlkə… O biri otaqdan yanına qayıdanda gördüm xırıldayır, çətinliklə nəfəs alır. Çaşdım, özümü itirdim, dedim: «⎯ Əşi, Süleymanı çağırtdırım!..» Başını buladı ki, «yox, Sünbülü çağır». Deyirəm, ay allah, Sünbül kimdi?! Sonra yadıma salmışam ki, axı, arvadının adı Sünbül idi. Onu istəyirmiş!.. İnanırsan, Nəzər müəllim, bunu başa düşəndə tüklərim biz-biz oldu! Gör, doğma oğlundan nə qədər inciyib ki, son nəfəsində də onu çağırtdırmaq istəmir, on il qabaq dünyadan köçmüş, bəlkə indi sümükləri də çürümüş arvadını haylayır!.. Dəhşətə gəldim.
⎯ Rəhmətlik Sünbül yaxşı arvad idi, İmranı da çox istəyirdi. ⎯ Nəzər tüstünü açıq qapıdan çölə üfürüb söylədi.
⎯ Yaxşı, İmran kişi, indi zəng eləyərəm, gələr Sünbül xala. ⎯ Heç özüm də bilmədim niyə heylə dedim.
Tez telefona sarı qaçdım, dəstəyi qaldırdım, amma hara zəng çalacaqdım? Birdən gözümə kağıza yazılmış iki telefon nömrəsi sataşdı. Bu, Süleymanın işinin və evinin nömrəsi idi. Tez işinə zəng çaldım, heç kəs götürmədi, gecə saat on ikinin yarısıydı, o vaxt işdə adammı olardı? Evinin nömrəsini yığdım. Bir arvad götürdü, «Da» ⎯ dedi. Mən də soruşdum: «⎯ Süleyman müəllim doma?» Dedi: «Net! On v Baku!..»
⎯ Hə, arvadı rus qızıdı. Moskvada oxuyanda evləniblər. Bizim dili bilmir.
⎯ Elə onu bildim ki, dedim: «Otsu ploxo!..» Kişi bərkdən inildədi, dəstəyi atıb qaçdım yanına, gördüm bədəni süstəldi, nəfəsi getdi, qayıtmadı… Gözlərini sığadım, çənəsini çəkdim… Sonra qonum-qonşuya hay basdım, Səfərə zəng elədim… Camaat axışıb gəldi. Səhər saat dördə-beşəcən gözlədik, Süleyman gəlib çıxmadı. Qaldıq çaşbaş. Neyləyək? Basdıraq, necə basdıraq? Yoldaş Əmiraslanov, ikinci katibi deyirəm ey, ⎯ dedi, ⎯ yox, gözləməliyik. İynə vurdular, buz gətirdilər. Sən demə, Əmiraslanov Bakıya zəng eləyibmiş, kişini plenumdan çağırıblar, başa salıblar. Gecəykən özünü yetirdi. O gələnəcən Səfər elə həyətdə çadır qurdurmuşdu, klubun stol-stulunu gətirtmişdi. Çayçı Bilal adamlara çay paylayırdı. Süleyman yasxanada oturmuşdu. Dinib-danışmırdı.
Tapdığın söhbətinə diqqətlə qulaq asan Nəzər, kim bilir, hansı hissin təsirilə:
⎯ Heç evə girdimi, a Tapdıq? ⎯ deyə xəbər aldı. ⎯ Doğulduğu, iməklədiyi, böyüdüyü evə baş saldımı?
⎯ Yox!
⎯ Ağlamadı da?
⎯ Yox!
⎯ Əyilib atasının üzündəndən də öpmədi?
⎯ Yox, əşi! O gələnəcən kəfənə tutmuşdular kişini. Nə başını ağrıdım, səhər aparıb dəfn elədik. Sünbül arvadın yanında basdırdıq…
⎯ Bə Süleyman neynədi basdıranda?..
⎯ Heç nə! Neyləyəcəkdi ki? Qəbrin yanında dayanıb baxırdı, lal-dinməz…
⎯ Hə, ⎯ Nəzər kök ötürdü, ⎯ yadlaşmışdılar. Ayrılıq, atabalanı da yadlaşdırır, oğul. Yaxınlaşan doğmalaşır, uzaq düşən isə… Yox, sür gedək evə, bala. Sonra gəlib başsağlığı verərəm. İndi onunla danışası hal yoxdu məndə. Sür gedək, görək qayınanan neyləyir?
Tapdıq açarı burdu, motor saat kimi səssiz-səmirsiz işləməyə başladı. An sonra maşın, suyu çoxdan quruyub, ancaq quruca adı qalmış Balhar çayın üstündəki taxta məhəccərli körpüdən keçib Əsgərabadın torpaq yoluna düşdü.
Heç biri dinib-danışmırdı. Bəndin üstünə çatıb kəndin işıqlarını görəndə Nəzər, İmran haqqında fikirlərindən ayrılıb, sevinən kimi oldu, burdan nəzərə çarpan öz həyətinin sanki hənirtisini üzündə duydu və:
⎯ Qayınananın işığı yanır! ⎯ dedi. Və yenə, Tapdığın gözləmədiyi halda İmranın, Süleymanın məsələsinə qayıtdı: ⎯ Yaxşı oldu, sənə rast gəldim. Yoxsa xəbərsiz-ətərsiz gedib Süleymana atasından yana ağır sözlər deyəcəkdim. Biabır olacaqdım.
⎯ Mən ona görə dedim də sənə. Sən də bir hala düşdün ki… lap qorxuzdun məni!..
⎯ Hm… Düzü sarsıldım yaman, oğul. Mən çox ölülər və ölümlər görmüşəm ömrümdə. Ancaq, nədənsə İmranın ölümü hamısından ağır gəlir mənə. O boyda adı-sanı olan oğlun ola, özün də tək-tənha, başqasının qucağında öləsən ⎯ ağır dərddi, Tapdıq. Allah göstərməsin! İmran yaxşı kişiydi, halal adamıydı, gərək o cür urvatsız ölməyəydi. Mənə elə gəlir ki, o kişinin qəbri də od tutub yanacaq. O, rahat yata bilməz qəbir evində də. Oğlu ona zülm elədi, yaman zülm elədi. Heç düşmən düşmənə belə zülm eləməzdi. Ürəyim mənə deyir ki, Süleyman katib yox ey, lap padşah da olsa, yenə xoşbəxt ola bilməyəcək. Mən qoca kişiyəm, bəlkə onun zəlil gününü görməyəcəm. Amma sən görərsən, sən cavansan, Tapdıq.
⎯ …
Hökmlərinin çox sərt olduğunu anladı, susdu. Xeyli sonra, astaca, öz-özünə danışırmış kimi:
⎯ Axı, onun ürəyi belə olmamalıydı. Mən Süleymanı belə tərbiyə eləməmişdim, belə oxutmamışdım. Moskvadan mənə məktub yazanda da belə deyildi Süleyman! Bu soyuqqanlılıq hardandı onda? ⎯ deyə sual verdi. ⎯ Yox, o belə deyil, belə ola bilməz! Mən heç cür inanmaq istəmirəm ki, Süleyman belədi! Hayıf, İmran kişi pis vaxtda dünyadan köçünü sürüb getdi. Özü çəkdiyi bir yana, Süleymanın da belini qırdı. El-oba içində onun hörmətinə-izzətinə ağır zərbə oldu bu! Ya gərək o, bura katib gəlməmiş öləydi, ya da… burdan çıxıb gedəndən sonra öləydi. Süleyman mənim gözümdən düşən kimi, yəqin hamının gözündən düşəcək. Bu barədə Süleymanla danışmağıma dəyməz. Gecdi daha, keçdi daha!..
Nəzər «eh» eləyib susdu. Maşın asta-asta irəliləyir, Tapdıq torpaq yola baxır, heç nə demirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:
İkinci hissə, doqquzuncu fəsilYaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:
Üçüncü hissə, birinci fəsilƏfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».
Üçüncü hissə, ikinci fəsilNeçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.
Poems by other poets
خلاف پیر مغان ره مرو، که سرپستیست
Bir ürəkdə dörd fəsilHər gecə danışır radio havadan:"Sabah az buludlu, biri gün yağış...
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyənSənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən,Könlümi çak eyləyib, canim ara ca eyləyən.