Üçüncü hissə, birinci fəsil
Page 2 of 2 · 50%
«Axmaq olmuşam gör nə qədər! Sən demə, onun heç yadına da düşmürmüşəm!»
İki-üç dəfə də Simuzər onu xəstəxanada görmüşdü. Bir kərə də oğlan onun kabinetinin qapısını açıb içəri boylanmışdı: həkim başını aşağı salıb nə isə yazırdı. Qapının açıldığını da hiss eləmişdi. Ancaq kimsənin içəri girmədiyini görüb dikələndə o oğlanın iri, qara, parlaq gözlərinin ona dikildiyini görmüşdü. Tanıyıb özünü itirən kimi olmuşdu.
⎯ Buyurun! ⎯ demişdisə də, oğlan qapını ehmalca örtüb yox olmuşdu. Simuzər marağını saxlaya bilməyib dəhlizə çıxmışdı ⎯ oğlanı görə bilməmişdi.
Sonra Simuzərə sözsüz-sovsuz aydın olmuşdu ki, oğlan kimdisə, ona vurulub. Bir yandan sevinmişdi ⎯ qadın kimi. Bir yandan da… dərdi yadına düşüb kədərlənmişdi. «Yox! Yrx! Mən heç kəsə ərə getməyəcəyəm! Gedə bilməyəcəyəm! Ələmdar qoymaz. Ələmdar məni heç kəsə verməz», «Səni heç kəsə verməyəcəyəm, Sim! Yoxsa… mən ölərəm, Sim! Bağrım çatlar, inan!»
«Amma… indi özü deyir get! Demək, yalanmış o sözlərin hamısı, aman allah. Sevmirmiş məni, sevmirmiş, sevmirmiş! Əsl sevən adamın dili necə gələr ki, öz istədiyinə, həyatının mənası adlandırdığına öz diliylə desin get başqasına! Yox, sevmirmiş!»
Ən təəccüblüsü bu olmuşdu ki, o, üç gün, yorğan-döşəyində yanıb-yanıb qovrulandan sonra, zəif, taqətsiz addımlarla səhər-səhər evdən işə getmək üçün küçəyə çıxanda o ucaboy oğlanı azca aralıda dayanıb siqaret çəkə-çəkə darvazaya baxan görmüşdü və qeyri-iradi həyəcanlanmışdı. Oğlan da deyəsən özünü itirib təzəcə alışdırdığı siqareti əlindən salmışdı.
Simuzər qıçları bir-birinə dolaşa-dolaşa küçə ilə addımlamışdı. Addım səslərindən başa düşmüşdü ki, oğlan yerindən qopub dalıyca gəlir. Ürəyi çırpınmışdı. Oğlan tuşuna çatmışdı; üç-dörd qədəm yanaşı yerimişdilər. Birdən oğlanın tutqun səsini eşitmişdi:
⎯ Xəstələnmişdiz, doktor?
Simuzər, adəti üzrə, onu acılamaq istəmişdi, ancaq Ələmdarın sözlərini yadına salıb bu fikrindən daşınmışdı. Dinməməyi daha münasib sayıb cavab verməmişdi.
⎯ Deyirəm, xəstələnmişdiz doktor? Üç gündü işə çıxmırsız…
Simuzər yanakı oğlana baxıb mümkün qədər mülayim:
⎯ Siz kimsiz ki, mənnən haqq-hesab istəyirsiz? ⎯ deyəndə oğlan:
⎯ Mən Qəribəm, ⎯ demişdi.
Simuzər oğlanın onun sualına cavab vermədiyinə gülümsünmüşdü:
⎯ Buralı deyilsiz?
⎯ Buralıyam, Simuzər xanım. Sadəcə adım Qəribdi.
⎯ Oo, siz mənim adımı da bilirsiz.
⎯ Mən sizin haqqınızda hər şeyi bilirəm, Simuzər xanım.
Bu sözlər gözlənilməz olmuşdu. Simuzərin vücudunu titrətmə tutmuşdu və ayağı qəfildən büdrəmişdi. Ağ, uzundaban ayaqqabısının nazik dabanı qopub yerə düşmüşdü.
⎯ Vay, kablukum sındı. ⎯ Qız çönüb qorxu, təlaş içində və eyni zamanda yazıq-yazıq oğlana baxmışdı. Və əyilib ayaqqabısının dabanını yerdən götürüb o yan-bu yana fikir vermişdi. Evdən əlli-altmış metr aralanmışdı; istəmişdi geri qayıtsın, ayaqqabısını dəyişsin. Ancaq iki addım atmamış dayanmışdı, çünki qıçının biri gödək, biri uzun idi ⎯ belə yerimək gülünc idi. Və qəribədi ki, Qərib də buna gülürdü.
⎯ Niyə gülürsüz? Burda gülməli nə var? ⎯ Simuzər qəzəblənmişdi, sonra özü də ona qoşulub gülmüşdü.
⎯ Bir dəqiqə dayanın, mən gedib ananızdan ayrı ayaqqabı alım gətirim.
⎯ Siz mənim anamı da tanıyırsız?
⎯ Tanımıram, tanış olaram da!
Qəribin bu çevikliyi Simuzərin xoşuna gəlmişdi.
⎯ Sizə zəhmət olmaz?
⎯ Yox, nə danışırsız?! Xoşdu.
⎯ Onda… anama deyin o qara ayaqqabılarımı versin.
⎯ Baş üstə, Simuzər xanım!
Qəribin gedib-qayıtmağı heç beş dəqiqə də çəkməmişdi. Əlində qəzetə bükülmüş ayaqqabılar, tövşüyə-tövşüyə ona çatanda, Simuzər baxıb görmüşdü ki, Səltənət darvaza ağzına çıxıb tamaşa eləyir.
⎯ Ay sağ olun…
⎯ Qəribə arvaddı ananız. Az qala anket doldurmaq istəyirdi. Kimsən, kimin oğlusan… Yəqin siz də heyləsiz? Heyləsiz? Heylə suallar verəssizsə, ondan bəri başdan deyim ⎯ mən Nəzər müəllimin oğluyam.
Simuzər ayaqqabıları dəyişib təzələri geyəndən, köhnələri qəzetə büküb əl çantasına qoyandan sonra:
⎯ Hansı Nəzər müəllimin? ⎯ deyə xəbər almışdı və anasına əl eləyib yoluna davam eləmişdi.
⎯ Nəzarət Nəzərin ⎯ Qəribin özü də bilmədən atasının adını ayaması ilə dilinə gətirmişdi.
⎯ Belə de də. Tanıdım. O gün müaviniynən ⎯ nədi o qızın adı? Hə, Xuraman. Gəlmişdi bizim xəstəxanaya. Gəzdi, dolandı. Deyəsən narazı getdi. Bir söz deməyib sizə?
⎯ Yox, mən onunla belə şeylər barədə danışmıram, Simuzər xanım.
⎯ Hm. Ciddi adamdı. ⎯ Danışırdı, amma oğlanın… «Mən sizin haqqınızda hər şeyi bilirəm» deməsini heç cür yadından çıxarda bilmirdi. «Hardan? Necə axı? Bəlkə… Ələmdar?.. Yox, bu ola bilməz!»
⎯ Ta srağagün səhər tezdən sizdən gedən o kök kişi kim idi? Yenə əsməcə tutmuşdu Simuzəri. «Görüb. Evimizin böyür-başına hərlənirmiş!»
⎯ Hansı kişi?
⎯ O qara maşınla gedən kişi!
⎯ Hə, o? Əmimdi.
⎯ Əmindi? Bəyəm Müseyib qağanın qardaşı da var?
⎯ Qardaşı deyil. Naziridi.
⎯ Naziri?
⎯ Hə.
⎯ Deyirəm axı hökumət maşınıydı…
Oğlanın onun haqqında doğrudan da çox şeyi bildiyini hiss eləyən Simuzərin nitqi batmışdı. Susub qayğılı-qayğılı yoluna davam eləmişdi. «Bəlkə… Ələmdar doğru deyir: lal belə suallar verib adamı çaşdıra bilməzdi!»
⎯ Nə olmuşdu, xəstələnmişdiz?
⎯ Hə.
⎯ Həkim də xəstələnər? Biz xəstələnəndə sizin yanınıza qaçırıq, bəs siz xəstələnəndə…
⎯ Sizin xəstələndiyinizi mən görməmişəm. Xəstələnsəydiz, heç olmasa bu bir il ərzində bir dəfə xəstəxanaya gələrdiz.
Qərib azca susub neçə dəfə xəstəxanaya ⎯ Simuzəri görmək üçün getdiyini fikrində sayıb demişdi:
⎯ Son iki ayda altı dəfə xəstələnmişəm, gəlmişəm sizin xəstəxanaya…
⎯ Mən sizi görməmişəm.
⎯ Gəlmişəm. Ancaq sizi görən kimi sağalıb qayıtmışam, Simuzər xanım.
Qız bu sözlərin mənasını yaxşı başa düşüb xoşbəxt-xoşbəxt gülümsünmüşdü və elə o dəqiqə özünə heyrət eləmişdi: ona elə gəlmişdi ki, bu sözləri eşidən, gülümsəyən Simuzər, onun əvvəllər tanıdığı Simuzər deyil. Yox, o deyil. Kimin, hansı oğlanın cürəti vardı ki, yaxınlaşıb Simuzərə belə sözlər desin! Qız onun gözünü deşərdi. Və nə qədər oğlanı beləcə qaçırtmışdı!
«⎯ Adam tapmısan?»
«⎯ Hə, tapmışam!»
Onda, üç gün qabaq Ələmdara açıqca bu cür cavab vermişdi. «Hə, tapmışam». «Onda tapmamışdım, onda acığımdan belə demişdim. Ancaq indi doğru deyirəm ⎯ tapmışam, Ələmdar! Səndən cavan, səndən qəşəng!.. Görsən, bağrın çatlayacaq, Ələmdar».
… Qərib yalan demirdi. Gözü səhərlər başıaşağı xəstəxanaya gedən, axşamlar da… başıaşağı evə dönən, küçədə, məclisdə, işdə bir kəsin üzünə belə baxmayan bu qızı çoxdan tutmuşdu. Öyrənmişdi, kimin qızıdı, haranı bitirib. Müseyibin qızı olduğunu biləndən sonra isə, fikri qətiləşmişdi. Gəlməsəydi də, razılıq verməsəydi də, götürüb qaçacaqdı. «Yox, Müseyib adamın nəslini sildirər yer üzündən!»
Bugünkü söhbət isə Qəribin könlünü yaman açmışdı. «Ə, gərək adamı allah istəyə. Yoxsa ha hoppan-düş. Ayaqqabı da yaxşı yerdə sındı. Anasını da görüb tanış oldum. Yamanca arvaddı ha!» «Yox, Müseyib verməz qızını mənə! Oxumadım, hayıf. Bunu bəhanə eliyəcəklər, verməyəcəklər. Tuzdu Müseyib qağam rayonda. Qapısında hökumət adamlarının maşını dayanır, o, sənə zarafat gəlməsin».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Qurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.
İkinci hissə, üçüncü fəsilBaşı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.
İkinci hissə, dördüncü fəsilMürşüd axşamçağı işdən qanıqara və pərt gəlmişdi. Onun ağ və girdə sifəti — eynən anasının üzünə oxşayan sifəti qaralıb boğulmuşdu. Bərk ac olsa da, yeməyə həvəsi və iştahası yox idi. Samirə xanım, əynində güllü xalat, əlini ağ dəsmalla silə-silə yemək otağının qapısına gəldi və oğluna yemək təklif etmək istədi. Ancaq onun divanda əyləşib gözlərini bir nöqtəyə zilləyərək fikrə getdiyini görərək sözünü uddu. Yaxın gəlib qonur saçlarını tumarladı. Samirə xanım Mürşüdü çox istəyirdi, ərindən də, böyük oğlundan da. Ərinin xasiyyətindən zəhləsi gedirdi — yaşadıqları otuz il ərzində bircə dəfə də olsa üzbəüz oturub adam kimi söhbət eləmək mümkün olmamışdı. Ya dava-dalaş, ya da tam sükut... adi danışıq, dərd-sər eləmək bu evin bünövrəsi qurulandan buradan qaçaq düşmüşdü. Nurəddin öz kabinetində, pəncərəsi dənizə baxan otağında, yazı masası arxasında oturub kitablarla, əlyazmaları ilə danışanda yaxşı olurdu. Vəssalam. Böyük oğlu da özünə çəkmişdi. Eynən atası kimiydi. Gözəl-göyçək arvadı neçə dəfə ağlaya-ağlaya qaynanasının üstünə gəlmiş, «daha mən dözə bilmirəm, bu adam deyil. Meşədən tutulub gətirilmiş meymun bundan qabiliyyətli olar, ya da tez uyğunlaşar. Yox, mən çıxıb gedəcəyəm atamın xarabasına!» — demişdi. Qabiliyyəti, hər şeyin yolunuyolağını yaxşı bilən, ev, ailəcanlı, bir çox xasiyyətlərində Samirə xanıma oxşayan Solmazın halına arvad acısa da, balasının evinin dağılmasından qorxub təşviş içində ona öyüd-nəsihət vermiş, «döz də, qızım. Daha neyləmək olar? Elədiyinə baxma, ürəyi təmizdi uşağımın. Neyniyəsən ki, xasiyyəti it xasiyyətidi — atasına çəkib. Eh, qızım, sən bilmirsən ki, mən bizim bu kişinin əlindən nələr çəkmişəm. Mənim saçlarımın ağaran vaxtıdı? Amma ağarıb! O ağardıb. Adamın qismətinə nə çıxdı, gərək qane olub otursun!» — Söylədikdə gəlin təəccüblə; «Lap səni çürütsə də?» — deyə soruşmuşdu. «Hə, lap çürütsə də, iki uşaqnan hara gedəcəksən? Kim sənə yiyə duracaq? Heç kim!.. Mən də danlayaram, başa salaram, qızım. Sən mənim ağıllı balamsan, razı olma uşaqların arada-bərədə qalsın».Ancaq Mürşüd... Mürşüd Samirə xanımın ürəyi idi. Başıaşağı, qız kimi utancaq oğlan idi. Ana-balanı atanın kobudluğu daha da mehriban eləmişdi, həmsir, həmdərd eləmişdi. Beş otaqdan ibarət bu balaca, cah-calallı dünyada Nurəddin bir despot idi, Samirə və Mürşüd əli-qolu bağlı bir kölə. Sanki onların heç birinin ağız açıb ürəklərindən keçəni Nurəddinə demək ixtiyarı yox idi. Buna bir həvəs də qalmamışdı...
İkinci hissə, beşinci fəsilQoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı
Poems by other poets
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Ya dalaİbtida əlifdən dərsim alanda,“Əlif’dən oxuyub gəldim ya “dal”a.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.