Mürşüd axşamçağı işdən qanıqara və pərt gəlmişdi. Onun ağ və girdə sifəti — eynən anasının üzünə oxşayan sifəti qaralıb boğulmuşdu. Bərk ac olsa da, yeməyə həvəsi və iştahası yox idi. Samirə xanım, əynində güllü xalat, əlini ağ dəsmalla silə-silə yemək otağının qapısına gəldi və oğluna yemək təklif etmək istədi. Ancaq onun divanda əyləşib gözlərini bir nöqtəyə zilləyərək fikrə getdiyini görərək sözünü uddu. Yaxın gəlib qonur saçlarını tumarladı. Samirə xanım Mürşüdü çox istəyirdi, ərindən də, böyük oğlundan da. Ərinin xasiyyətindən zəhləsi gedirdi — yaşadıqları otuz il ərzində bircə dəfə də olsa üzbəüz oturub adam kimi söhbət eləmək mümkün olmamışdı. Ya dava-dalaş, ya da tam sükut... adi danışıq, dərd-sər eləmək bu evin bünövrəsi qurulandan buradan qaçaq düşmüşdü. Nurəddin öz kabinetində, pəncərəsi dənizə baxan otağında, yazı masası arxasında oturub kitablarla, əlyazmaları ilə danışanda yaxşı olurdu. Vəssalam. Böyük oğlu da özünə çəkmişdi. Eynən atası kimiydi. Gözəl-göyçək arvadı neçə dəfə ağlaya-ağlaya qaynanasının üstünə gəlmiş, «daha mən dözə bilmirəm, bu adam deyil. Meşədən tutulub gətirilmiş meymun bundan qabiliyyətli olar, ya da tez uyğunlaşar. Yox, mən çıxıb gedəcəyəm atamın xarabasına!» — demişdi. Qabiliyyəti, hər şeyin yolunuyolağını yaxşı bilən, ev, ailəcanlı, bir çox xasiyyətlərində Samirə xanıma oxşayan Solmazın halına arvad acısa da, balasının evinin dağılmasından qorxub təşviş içində ona öyüd-nəsihət vermiş, «döz də, qızım. Daha neyləmək olar? Elədiyinə baxma, ürəyi təmizdi uşağımın. Neyniyəsən ki, xasiyyəti it xasiyyətidi — atasına çəkib. Eh, qızım, sən bilmirsən ki, mən bizim bu kişinin əlindən nələr çəkmişəm. Mənim saçlarımın ağaran vaxtıdı? Amma ağarıb! O ağardıb. Adamın qismətinə nə çıxdı, gərək qane olub otursun!» — Söylədikdə gəlin təəccüblə; «Lap səni çürütsə də?» — deyə soruşmuşdu. «Hə, lap çürütsə də, iki uşaqnan hara gedəcəksən? Kim sənə yiyə duracaq? Heç kim!.. Mən də danlayaram, başa salaram, qızım. Sən mənim ağıllı balamsan, razı olma uşaqların arada-bərədə qalsın».

Ancaq Mürşüd... Mürşüd Samirə xanımın ürəyi idi. Başıaşağı, qız kimi utancaq oğlan idi. Ana-balanı atanın kobudluğu daha da mehriban eləmişdi, həmsir, həmdərd eləmişdi. Beş otaqdan ibarət bu balaca, cah-calallı dünyada Nurəddin bir despot idi, Samirə və Mürşüd əli-qolu bağlı bir kölə. Sanki onların heç birinin ağız açıb ürəklərindən keçəni Nurəddinə demək ixtiyarı yox idi. Buna bir həvəs də qalmamışdı...

Mürşüdü indi tutqun görəndə Samirə xanımın ürəyi düşdü. Başını sığallaya-sığallaya:

– Mənim balamın yenə xətrinə kim dəyib? — deyə stulu çəkib qənşərində oturdu. — Niyə yenə bulud kimi dolubsan, ay oğul?

– Heç...

– Yenə olsun. Sən hər dəqiqə belə olmursan... De görüm nə olub? — sonra tez əlavə elədi: — Yaxşısı budu, qoy əvvəlcə yeməyini verim, sonra oturaq danışaq, hə? Belə yaxşı deyil?...

– Yox, yemirəm, — Mürşüd belini düzəldib divanın söykənəcəyinə arxa verdi. — İştaham yoxdu.

– Elə isə de görüm nə olub?...

Mürşüd ah çəkib anasının yorğun üzünə baxa-baxa:

– Deyəsən... mən ərizə verib institutdan gedəcəyəm, ana!

– dedi.

– Bıy, nə danışırsan, ədə! Niyə?

– Orda daha işləmək mümkün deyil.

– Niyə axı? Atan orda direktor...

– Elə məsələ də bundadır ki, atam orda direktordu. Ayrı adam olsaydı, nə vardı ki...

– Vay, niyə elə deyirsən, oğul? Yoxsa sənin də xətrinə dəyir kişi?

– Kaş heç kəsin yox, tək mənim xətrimə dəyəydi. Onda min dəfə bundan asan olardı o institutda işləmək. Amma o... belə eləmir.

– Necə eləyir yəni? — deyə Samirə maraqlandı.

– Heç kəsnən yola getmir, ana. Gərək heç direktor olmağa razılıq verməyəydi. O, şöbə müdiri olanda ağıllı-başlı adam idi. Hamı xətrini istəyirdi. Yetimin-yesirin üstündə, haqqı tapdananın üstündə iclaslarda, elmi şuralarda döşünü qabağa verib direktorla, müavinlə dör-dör döyüşürdü. Hamı da deyirdi: Nurəddin kişi adamdı. İndi, stol, vəzifə görəndən sonra kişinin elə bil ürəyini, beynini dəyişiblər. İncitmədiyi, təhqir eləmədiyi, qəlbinə toxunmadığı bir adam qalmayıb o boyda institutda. Makinaçıdan zəlil, kiçik adam yoxdu ki, institutda — onlarla da vuruşur. Birinə töhmət verir, birini ağladır. «İş-iş» deyib durur. Elə bilir qışqırıb-bağırmaqla, cəza tədbirlərinə əl atmaqla adam işlətmək olar, insan gərək həvəsnən, ilhamnan işləsin... Yoxsa hədə-qorxu altında görülən işin nə dəyəri, nə də keyfiyyəti olar. Bunlar elə həqiqətlərdi ki, uşaq da başa düşür. Ancaq o boyda kişi başa düşmək istəmir.

– Sən onun işinə qarışma, bala. — Samirə xanım, bütün bunların onun üçün yeni bir şey olmadığını düşünüb köksünü ötürdü.

– Qarışmağına qarışmıram. Xasiyyətini bilirəm. Ancaq onun əvəzinə mən xəcalət çəkirəm, ana, ax, bilirsən necə xəcalət çəkirəm! Otaqlarda, dəhlizlərdə iki-üç adamı bir yerdə görəndə dəqiq bilirəm ki, ondan danışırlar. Yaxşılığına danışsalar, nə vardı ki!... Bilirəm hamısı söyür. Bu, mənə çox pis təsir eləyir. Bu kollektiv mənim öz kollektivimdi, orda mənim dostlarım da az deyildi. Beş aydır bir ərə getməmiş, yetim qızı «işləmirsən» deyə idarədən qovub! Bir elmlər namizədini altı aydı didərgin salıb. Özü də kommunistdi. «İşləmirsən!» — deyir ona da. Qızdan heç kəsin xəbəri yoxdu — xəstə anası var. Maaş gətirən bircə o idi. İndi nəynən dolanırlar o yazıqlar? Heç kəsin vecinə deyil. Oğlanın üstündə həmkarlar təşkilatı, partiya təşkilatı vuruşur — qaytaraq

– deyirlər — işlədərsən işlər. Bunları işlədən olmayıb. Yox deyib durur. Başqa birisi var — onu sən də tanıyırsan, ana. Mənimlə bir fakültədə, bir kursda oxumuşuq. Bilirsən kimdi? Professor Vəlizadənin oğludu. Yadındadı, mən qəbul imtahanı verəndə sən də, atam da yanına getmişdiniz. Xahiş eləmişdiz... mənə çox köməyi dəydi o kişinin. Sonra nə isə atamın onunla arası dəyib. İndi oğlunu mələdir, soxub qoz qabığına, tərpənməyə qoymaram

– deyir. İnsafnan, savad deyirsən onda — ruscası da, ərəbcəsi də, ümumi hazırlığı da məndən on dəfə yaxşıdı... Heç idarəyə, atama dəxli olmayan bir işin üstündə oğlanı qovdu işdən. Axırda oğlan verdi məhkəməyə, onu öz işinə qaytardılar. Pislik kimə qaldı? Sənə! İndi də deyir ki, nə qədər mən bu institutda direktoram — qoymaram səni müdafiə eləyəsən. Əsəri çoxdan hazırdı. Buraxmır ki, buraxmır. İndi özün təsəvvür elə, mən öz tələbə yoldaşımın, atası mənə o qədər yaxşılıq eləmiş Xəzərin üzünə hər gün necə baxım, ana? Görəndə başımı soxmağa yer axtarıram... Eh, hansını deyim, birdi-ikidi... Xəcalətdən hər gün az qalıram yerə girəm...

– Eh, ay oğul. Sənin atan ölsün, sən dünəndən xəcalət çəkirsən. Mən isə otuz ildi xəcalət çəkə-çəkə yaşayıram. Neyliyə bilərik, əlimizdən nə gələr?.. Deməyin heç bir faydası yoxdur, bala. Deyəcəksən, inad uşaq kimi bir az da çox eləyəcək... Alimdi, hamı yalan-gerçək deyir böyük alimdi, ancaq bizim baxtımızdan adamlıqda payı yoxdur. Neyləyək?.. Mən onun direktor qoyulması xəbərini eşidəndə, düzü, əvvəl inanmadım. Dedim yəqin zarafatdı. Ancaq qara «Volqa»da gəlib getməyə başlayanda inandım və fikirləşdim ki, ilahi, üç-dörd adamdan ibarət ailəsini insan kimi idarə eləyə bilməyən bir adamı, necə olub ki, böyük bir kollektivə direktor qoyublar?.. Sən yerindən tərpənmə, oğul, sənin həyatın hələ qabaqdadı, sənin taleyin o institutla bağlı olacaq həmişə. Mən inanıram ki, çox keçməz, onu ora qoyanlar tanıyarlar, mitilini atarlar bayıra. Onda ağlı gələr başına... Yox, heç vaxt gəlməz. O belə gəlib, belə də gedəcək...

Mürşüd qalxdı... Qollarını sinəsində çarpazlayıb döşəməni cırıldada-cırıldada gəzinməyə başladı. Anası baxışlarını ondan çəkmirdi, daha nə isə deyəcəyini gözləyirdi. Neçə aydan bəri gecə-gündüz ürəyində pünhan-pünhan dolandırdığı dərdini oğlunun dilindən eşidəcəyinə tutqun bir gümanı vardı. Şərifə məsələsini ona adı—ünvanı məlum olmayan, səsini belə tanımadığı bir qadın telefonda müxtəsərcə demişdi: «Nurəddin qızı yaşında olan Şərifə ilə...» ...Samirənin ürəyi qopmuşdu. Dərdi azmış kimi, yeni bir dərd də vermişdi Nurəddin ona. Samirə inanmırdı, inanmaq istəmirdi, ancaq şübhə içini gəmirirdi, çürüdürdü. Nə ərinə bir söz deyə bilirdi, nə başqa bir kimsəyə. Beləcə yanıb yaxıla-yaxıla yaşayırdı. «Zəng eləyən kimdisə, incitdiyi adamlardandı yəqin. Acıqcan eləyir». Və bayaqdan Mürşüd atası haqqında pis-pis danışdıqca, qəribə idi ki, ona ləzzət eləyirdi. O istəyirdi ki, əri haqqında ən pis, ən alçaq şeylər eşitsin. Bəlkə onda o özünü tamam-kamal inandıra bilərdi ki, bu, düşmən uydurmasıdı, Nurəddin belə iş tutmaz. Yox, bu, düşmən uydurmasıdı. Mürşüd isə... o Şərifə gəlindən heç nə danışmırdı: ya heç nə bilmirdi, ya danışmaq istəmirdi, ya da heç belə şey yox idi. «Kaş bu sonuncu düz olaydı». Buna baxmayaraq, Samirə xanım, oğlunun çox nadir hallarda belə açılmasını, ürəyinin sözünü deməsini yaxşı bir fürsət hesab eləyib sözü hərləyərək Nurəddinin öz şöbəsinin üstünə gətirdi:

– Atan öz şöbəsinin işçiləri ilə də belə rəftar edir? Mürşüd ortalıqda dayandı, qalstukunu boşaldıb göy köynəyinin üst düyməsini açdı və:

—Yox, — dedi, — şöbədə kim var ki, hamısı arvadlardı. Uşaq-muşaqdı... Hamısı öz yetişdirmələri, tələbələridi.

– Təzə adam götürməyib! — Samirənin gözləri özünün də xəbəri olmadan par-par yandı. Maraq idimi, qəzəb idimi — özü də hiss eləmədi. Yaxşı ki, bu baxışı Mürşüd görmədi. Oğlan ürəyinə heç nə gətirməyərək sadəcə:

– Bir qız gəlib! — dedi. — Bilmirəm hansı tanışınınsa arvadıdı!... Yaxşı adamdı. Çox gözəl qadındı...—Mürşüdün bu son sözləri Samirə xanımın ürəyini titrətdi, üşüdü arvad. Lakin özünü ələ aldı, daha nə deyəcəyini gözlədi. Mürşüd isə... qeyri-iradi olaraq Şərifəni elə hey tərifləyirdi. Birdən ayıldı. Özünü bu nöqtədə tutdu ki, bu Şərifədən — bəstəboylu, nərmənazik, qara saçlarını həmişə çiyninə töküb gəzən, qara gözlərindən adamın üstünə nur səpilən bu gəlindən onun özünün də xoşu gəlir. Bu hissindən utandısa da, hardasa sevindi də. Çünki indiyəcən qəlbində gizlənib yatan bu duyğudan xəbərsiz imiş — bax anası ilə söhbət etdiyi bu dəmlərdə o bunu dərk eləyib anladı və bayaqdan, atasından danışandan sinəsini sıxan qubar əriyib yox oldu, yerini şirin bir fərəh hissi doldurdu. Anası oğlunun sifətinə tamaşa eləyirdi, bayaqkı pozuqluğun, tutqunluğun silinib getdiyini görür və özünün də anlamadığı xoş bir duyğudan məst olurdu: «Deyəsən o qız, uşağı yaman ovsunlayıb... Təki belə olsun... Nurəddin uymasın ona. Yoxsa... lap biabır olarıq camaat içində. Bu isə cavandı. Cavanlar arasında olar belə şeylər...» Samirə xanım yüngül bir qız cəldliyilə ayağa qalxıb mehriban-mehriban gülümsündü və şəhadət barmağını oğluna silkələdi: —Ay şeytan, deyəsən o qızdan yaman xoşun gəlir ha! — dedi, — çox həvəslə danışırsan ondan...

Mürşüd qızardığını gizləməyə çalışaraq:

– Eh, sən də söz danışdın da, — dedi və rəngli televizorun üstünə qoyulmuş maqnitofonun düyməsini basdı. Otağa həzin bir türk mahnısı axıb doldu, ananın da, oğulun da gərilmiş əsəblərinə məlhəm çəkə-çəkə dörd divar arasında çırpınmağa başladı. Samirə xanım ürəyindən:

« — Ay allah, bu dünya nə qəribə dünyadı! — deyə keçirtdi.

– Baş açılmaz dünyadı bu dünya!».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on dördüncü fəsil

Yaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.

9 min
Dördüncü hissə, on beşinci fəsil

Elə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.

15 min
I fəsil

«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan

14 min
II fəsil

Birdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.

7 min

Poems by other poets