Page 2 of 2 · 50%

– Əsla, ağayi Ziyaülhəqq, incimək nədir? Əksinə, mən çox şadam. Şadam ki, siz məni sınamaq fikrinə düşmüsünüz. Mən bilən, siz hər adamı sınamırsız... — dedi.

– Tamamilə doğrudur... Ən ləyaqətlilərini, bəyəndiklərimizi, ümid bəslədiklərimizi sınayırıq... Onların da arasından ən yaxşılarını seçirik, ağayi Elməddin...

Elməddin siqaret yandırmaq üçün qurdalandı, ancaq nə isə fikrini dəyişdi. Ziyaülhəqq onu başa düşdü, ona papiros təklif etdi. Elməddin təşəkkür edib siqareti yandırdı. Ziyaülhəqq üzünü bayaqdan bir kəlmə də kəsməyən Şəfiyə tutdu:

– Şəfican, nə susmusan? Ağzına su almısan nədir? Məhəmməd Şəfi güldü:

– Sən elə bir iş görmüsən ki, daha danışmağa söz də tapmıram, Ziya. Uşağı qorxuzmusan yamanca.

– Uşaq niyə olur? Maşallah, yekə kişidir. Özü də sənə deyim ki, çox ağıllı kişidir. Sən gərək, o, güllə qabağında filosofluq eləyəndə özün orada olaydın, görəydin, eşidəydin bu «uşaq» necə ağıllı kəlamlar söyləyirdi.

– Mən sizə demişdim ki, o, etibarlı adamdır, ona inanmaq olar. Mənim balaca qardaşımı çox yüngülvarı da yoxlamaq olardı, ancaq nədənsə siz lap ağır imtahana çəkmisiniz Elməddini.

Ziyaülhəqq qalın, çatma qaşlarını alnının ortasına qaldırdı:

– Bəli, demişdin Şəfi. Ancaq bizim ayrı çarəmiz yoxdur, qardaş. Biz kərək seçdiyimiz, ümid bəslədiyimiz adamları novruz bayramı qabağı yumurta döyüşdürən uşaqlar kimi, dişimizə vuraq, bərkliyini-boşluğunu yoxlayaq. Biz daha heç vaxt, heç nədə səhv eləyə bilmərik, Şəfi. Sənin yaxşı yadındadı ki, bir kiçik səhvimiz bizə neçə yoldaşımızın qanı bahasına başa gəldi. Onların qanı bizim boynumuzdadı, Şəfi. O ki, qaldı ağayi Elməddinə, onun qorxmağına, eybi yoxdur. Rusların böyük sərkərdəsi Suvorov buyurub ki, təlimdə çətinlik çəkən əskər üçün döyüş asan olur. Qoy Elməddin dostumuz bəri başdan bu yolun çətinliyini, həm də şərəfli olduğunu yaxşı-yaxşı dərk eləsin. Bu yol ki biz seçmişik, onda hər cür əzab-əziyyət — həbsxana da, dar ağacı da ola bilər. Süst, qorxaq, əqidəsi möhkəm olmayan adamları biz öz cərgəmizə — ocağımızın başına buraxa bilmərik! — O, yenə nə isə demək istəyirdi ki, ara qapı cırıltı ilə açıldı və Məleykə xanım, artıq gecə saat birə qaldığına baxmayaraq, əlindəki sinidə üç balaca dəm çaydanı, üç piyalə, noğul qabı içəri daxil oldu. Ziyaülhəqq sözünü kəsdi, Məleykə xanıma sarı dönüb:

– Gecənin bu vaxtı nə əziyyət çəkirdiz, Məleykə xanım? — dedi.

– Heç bir əziyyəti yoxdur.

– Amma, Məleykə xanım, dilim belə deyir, ürəyim çay istəyir. İçəcəyik. Siz əla çay dəmləyirsiniz, bacım. Közünə hil də vuranda lap olur əlayul-əla!

– Çox sağ olun, Ziya qardaş. Görünür, siz Şəfi ilə sözləşibsiniz. Biz sizdə olanda Şəfi sizin xanımınızı tərifləyir, bizdə olanda da siz məni... — deyə Məleykə ərinə baxıb qımışdı.

Şəfi güldü:

– Görürsən, Ziya, bu arvadları məclisə buraxmaq düz deyil, hər şeyə fikir verirlər. — Sonra Məleykəyə müraciət elədi. — Nə oldu sənin yeməyin bəs, ay Məleykə? Qardaşın da — o, Elməddipi göstərdi, — acdı, həm də bir az qorxub, elə qorxub ki, bir saatdı burdadı, hələ də özünə gəlməyib.

Elməddin zarafata salmaq istədi:

– Zarafat eləyirlər, Məleykə bacı.

Bayaq onun qeyri-adi hərəkətlərindən şübhələndiyini xatırlayan qadın yenə Elməddinə ötəri nəzər salıb:

– Bayaq üzünə baxan kimi bildim ki, uşaq qorxub. Zarafat-zad eləmirlər, lap düz deyirlər. Nə olmuşdu ki, məgər?

Şəfi əlini dizində gəzdirib!

– Əşi heç, iki quldur istəyirmiş onu soysun, — dedi və Ziyaya göz vurdu.

Məleykə şəhadət barmağını dodaqlarının üstünə qoyub:

– Bıy, bismillah! —dedi. — Görürsən sən allah? Elə Şəfi düz deyir ki, məmləkətin sahibi yoxdur. Bu da işdi, sən allah, kim kimi harda istəyir soyur, öldürür?!

Ziyaülhəqq qımışa-qımışa:

– Darıxma, Məleykə xanım, sən yemək-içməyimizi gətir, məmləkətin sahibi olacaq! — söylədi.

– Çayınızı için, bu saat hər şey gətirəcəyəm, — deyən Məleykə otaqdan getdikdən sonra Ziyaülhəqq yenə Elməddinə məmnun nəzərlərlə baxıb əvvəlki söhbətin üstünə qayıtdı:

– Mən gələn kimi səninlə söhbətimizin hamısını dostum Şəfiyə danışdım. Sənin hərəkətlərin əsl kişi, əsl comərd hərəkəti idi. Şəfi elə mütəəssir oldu ki, gözləri yaşardı.

– Mən ustadı çox istəyirəm, ağayi Ziyaülhəqq. Mənim ustadım bizim vətənin elə oğludu ki, onun həyatı üçün tək mən yox, çox cavanlarımız sinəsini güllə qabağına verər. O, xalqımızın dərdlərini, arzularını bəyan eyləyən kəsərli dilidir, vətən torpağının bir parçasıdır. Ağayi Ziyaülhəqq, millətini, doğulduğu diyarı sevən hər qeyrətli kəs, ustadı sevməyə bilməz. Sevənlər isə heç nədən qorxmurlar.

Ziyaülhəqq onların söhbətinə qulaq asan və ömrünün bəlkə də ən bəxtiyar dəqiqələrini yaşayan Şəfiyə baxıb göz vurdu:

– Bu dərya imiş, Şəfi. Sağ ol, oğlum, halal olsun. Şəfi, sən doğrudan da yanılmamısan. O, — deyə Ziyaülhəqq başı ilə yuxarıya işarə elədi və kimi isə — özündən böyük bir adamı xatırlatdı ki, adını Elməddin bilmirdi: bu işarəni təkcə Şəfi başa düşdü, — yaman maraqlanırdı və eşidəndə çox sevinəcək.

Elməddin anladı ki, bu iki nəfərdən — Şəfidən və Ziyaülhəqdən də böyük bir şəxs var ki, o da onunla maraqlanırmış və imtahandan yaxşı çıxdığını eşidəndə çox sevinəcək. Varlığını küman elədiyi, adını eşidib üzünü görmədiyi o adamı görmək arzusu baş qaldırdı ürəyində Elməddinin.., və bu arzu çox küclü idi.

...O gün, o gecə Elməddinin yaddaşına həmişəlik həkk olundu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

I fəsil

«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan

14 min
II fəsil

Birdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.

7 min
III fəsil

Kişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.

2 min
IV fəsil

Bəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:

6 min

Poems by other poets