Page 1 of 7

vdə sakitlik idi; üçotaqlı, gur çilçıraqlı mənzildə işıqlar

yansa da, içəridən səs-səmir eşidilmirdi, elə bil onun sa-

E

kinləri qapı-pəncərəni bərk-bərk bağlayıb harasa getmişdilər. Lakin bu, kənardan baxana belə gələ bilərdi, çünki ailənin üç üzvünün hərəsi bir otağa çəkilmişdi. Balaca, şirindilli Könül onun üçün ayrılmış kiçik otaqda çox sevdiyi oyuncaqlarını qabağına töküb oynayır, gah sarışın saçlı gəlinciyini oxşayıb əzizləyir, gah da rəngbərəng kubiklərdən nəsə quraşdırır, xoşuna gəlməyəndə uçurub təzədən tikirdi. Könülün anası Arzu dənizə baxan pəncərənin qabağındakı iş stolunun arxasında əyləşmişdi; ipək kimi yumşaq, işıq altında kəhrəba rənginə çalan saçlarını boynunun ardına tökmüşdü, əyninə geydiyi güllü xalatının yuxarıda - sinəsinin üstündə iki düyməsi açıq idi. Ağ, yaraşıqlı üzündə xoşbəxtliyin zərif təbəssümü cilvələnirdi, nazik, alınmış qara qaşları altında alışıb yanan qonur gözləri məsum bir uşaq baxışını andırırdı. Dodaqaltı nəsə zümzümə edir, böyük, ağ vərəqin üzərində tuş qələmlə əyrili-düzlü xətlər çəkir, tələsmədən həvəslə işləyirdi. Nəqşənin yaxşı çıxmağına səy göstərir, dəqiqələr, saatlar keçdikcə lay kağızın üstündə yaraşıqlı evlər, xiyabanlar yan-yana düzülür, yaşıl parklar salınır, göz oxşayırdı.

Arzunun başı elə qarışmışdı ki, cırıltılı divanın üstündən qalxıb fikirli-fikirli gələrək arxa tərəfində dayanan iri, qüssəli gözəlrini arvadının qələm tutan incə, yaraşıqlı əlinə zilləyən Adildən xəbəri olmamışdı. O, damağına siqaret qoymuşdu, ancaq hələ yandırmamışdı, kibriti ətli əlində bərk-bərk sıxmışdı.

Adil işdən qayıdandan sonra axır vaxtlar adət etdiyi kimi, lal-dinməz, yorğun-arğın halda çörəyini yemiş, başının altına balış qoyub divanda uzanmış, gözlərini yumsa da, yata bilməmiş, elə hey düşünmüşdü. Neçə müddətdi ki, o, nə gecələr yatır, nə çap maşınının arxasında rahat işləyə bilir, nə də evə dönəndə sevinə-sevinə qabağına qaçıb boynuna sarılan yeganə qızını şirin-şirin əzizləyirdi. Arzu ilə ağızucu danışır, yaxasını hər cür söhbətdən kənara çəkir, «yorğunam, sən allah, mənimlə işin olmasın» - deyib yatırdı. Yeganə məşğuliyyəti televizorda az qala hər axşam nümayiş etdirilən futbola, filmlərə tamaşa etmək idi. Adil sözlü-sovlu adama oxşayırdı, ona nə isə olmuşdu.

Arzu ərində əmələ gələn bu dəyişikliyi xeyli vaxtdı hiss etmişdi, neçə dəfə gah ciddi, gah da zarafata salıb onun bu qaradinməzliyinin səbəbini soruşmuş, ancaq Adildən yönlü-başlı bir cavab ala bilməmiş, çarəsiz qalıb susmuş, «yəqin mətbəədə işləri düz gətirmir» - deyə düşünmüşdü.

İndi Adil arvadının başı üzərində xeyli səssiz-səmirsiz dayanandan sonra kibrit tutduğu əlini yavaşca onun çiyninə qoydu. Arzu səksənən kimi oldu, geri qanrıldı, qaşlarını yuxarı qaldırıb işıqlı gözlərini Adilə tərəf çevirib gülümsündü. Adil diqqətli, nüfuzlu baxışlarını arvadına zilləyərək:

– Yenə belə həvəslə işləyirsən? – deyə başı ilə nəqşəyə işarə elədi.

Arzu qələmi yerə qoydu, nəzərlərini nəqşənin üzərində gəzdirərək şən bir əhval-ruhiyyə ilə dedi:

– Şəhərimizin yeni qəsəbəsinin çertyojudu, Adil. Gör necə qəşəngdir?

– Kimindir? – Adil soyuq və quru bir səslə xəbər aldı: və bununla arvadına hiss etdirmək istədi ki, çertyojun haranın olub-olmadığı onu maraqlandırmır, bilmək istəyir ki, müəllifi kimdir?

– Nüsrətindir, Adil. Müsabiqədə birinci mükafat alıb. Özü də otuz iki arxitektorun içində. Elə sevinir ki.

Adilin elə bil içəridə ürəyini sıxdılar. O, siqaretini yandırdı və ciyəri alışıb yanırmış kimi dərin bir qüllab vurub sümürdü, tüstünü havaya buraxıb eyni gur səslə:

– Mən bilmək istəyirəm, Arzu xanım, sizin idarədə səndən başqa çertyoj çəkən yoxdur məgər? – deyə soruşdu.

Arzu bu sualı eşidəndə ərinin üzünə baxmırdı, nəzərlərini işləyə-işləyə valeh olduğu nəqşədən çəkməmişdi, ona görə də Adilin qalın qaşlarının necə çatıldığını, sifətinin ağardığını görmədi, sakit bir tərzdə cavab verdi:

-Niyə, var!

– Bəs niyə onun çertyojlarını həmişə sən çəkirsən?

Arzu altdan yuxarı Adilə baxıb ani sükutdan sonra:

– Nə olar ki, mən çəkəndə?.. – dedi. – Əvvələn, bu, mənim vəzifəmdir. İkincisi də, o özü xahiş edir, deyir, sən səliqəli çəkirsən, yaxşı çəkirsən.

– Daha nə deyir? – deyə onun sualını təkrar etdi – Heç nə! Daha nə deyəcəkdi ki? Guya sən Nüsrəti tanımırsan? Danışdırırsan, danışır, danışdırmırsan, yox.

Ərinin hansı sarı simi tərpətdiyini heç ağlına belə gətirməyən Arzu birdən nə xatırladısa:

– Nüsrət dedim, yadıma düşdü. Bu gün şöbədə maraqlı bir əhvalat danışırdı Nüsrət.

Adil gözlərini qıyıb qəzəblə arvadına baxdı. Arzunun gözləmədiyi bir tərzdə, demək olar ki, qışqıra-qışqıra dedi:

– Yenə Nüsrət? Mən fikir vermişəm, son vaxtlar Nüsrətin adı dilindən düşmür, hər addımbaşı Nüsrət, Nüsrət. Qulağımız lap mazol olub. Nüsrət belə dedi, Nüsrət elə dedi, nə bilim daha nə. Evdə Nüsrət, yol gedəndə Nüsrət, az qalıb baş yastığa qoyanda da ondan danışasan. Belə olmaz axı, Arzu.

Arzu ilan vurmuş kimi qalxdı, heyrətdən böyümüş gözlərini ərinin ağarmış, girdə və ətli sifətinə, bərəlmiş gözlərinə zillədi. Bu, elə gözlənilməz söhbət idi ki, Arzu birdən-birə nə cavab verəcəyini bilmədi, tutulub qaldı.

– Yalan deyirəm? – Adilin qəzəbli səsi bu dəfə də otağı başına götürəndə Arzu özünə gəldi, onu birinci dəfə görürmüş kimi təpədən dırnağa süzüb mat-mat üzünə baxdı, rəngi qar kimi ağardı, elə bil içində nə isə qırılıb düşdü, bütün vücudunu bir süstlük bürüdü, otaq başına fırlandı, taqətsiz halda təzədən stula əyləşdi, əlini alnına söykəyib fikrə getdi və sanki birdən-birə Adilin son zamanlardakı qəribə hərəkətləri, tutqunluğu, Nüsrət onlara gələndə ona soyuq üz göstərdiyi, söhbət etmək əvəzinə, nərd oynamaq yerinə, televizora baxması, ya qəzet oxuması, bütün bunların hamısının səbəbi ona aydın oldu: beynindən ildırım sürəti ilə bir fikir keçdi: «Qısqanır».

Arzu nəhayət, başını qaldırdı, istehza ilə onun gözlərinin düz içinə baxdı, dərindən köksünü ötürərək dedi:

– Belə. Sən demə, qara qızın dərdi varmış. Mıs-mıs deyincə niyə bir dəfəlik Mustafa demirsən, Adil? Mən də fikirləşirəm görəsən bu kişiyə nə olub, belə qanı qaradı. Sən demə, bunda təzə-təzə xəbərlər var. Heç mənim xəbərim yoxmuş. Xəcalət çəkmirsən, mənə – öz ömür-gün yoldaşına belə sözlər deyirsən? Vallah, sənin yerinə bir köynək ət tökdüm indicə. Deyirsən, mən onun adını çox çəkirəm? Nə olar ki, Adil. Bəyəm düşmən-zaddı? Sən bilirsən ki, o mənim atamın dostu idi, anam onun xətrini bir oğul kimi necə istəyir? Məgər sən özün Nüsrəti tanımırsan? Yad adamdır? Sən lap yaxşı bilirsən ki, o bizim ailəvi dostumuzdur.

Adil siqaretinin kötüyünü nəfəslikdən çölə tullayıb onun sözünü kəsdi:

– Xeyr, o, sənin dostundu, mənim yox. Ondan mənə ömründə dost ola bilməz, başa düşdün?

– Olmaz, olmasın, mən nə deyirəm ki? Amma onu bilirəm ki, o, yaxşı insandır, ağıllıdır, həssasdır, dostcanlıdır, adama hörmət etməyi bacarır. Təkcə atamgil yox, şöbədə, bütün institutda da hamı onun xətrini çox istəyir. Nüsrət özünü sevdirməyi bacarır, Adil.

– Mən belə görürəm ki, o özünü hamıdan çox sənə sevdirib, Arzu – deyə Adil kinayə ilə nə vaxtdan bəri ürəyini qurd kimi gəmirən dəhşətli dərdini nəhayət, dilinə gətirdi.

Arzunun işıqlı gözləri öləzidi, nəmləndi və o, rəhimsizcəsinə ürəyinin başına qəfildən saplanmış bu zəhərli bıçağın ağrısına birtəhər dözərək taqətsiz halda dedi:

– Mən ona sadəcə hörmət bəsləyirəm, Adil. Mən onu biz evlənməmişdən də qabaq tanıyıram. Özü bizim bu evə nə qədər gəlib-gedib, sən onun hərəkətlərində, sözlərində indiyədək pis bir şey görübsənmi? Onun mənə pis gözlə baxdığı olubmu bu vaxta qədər? Olubsa de, utanma. Mən həyatda, cəmiyyətdə özümü elə aparmışam ki, tək onun yox, ümumiyyətlə, heç bir kişinin cürəti olmayıb mənə başqa nəzərlə baxsın. Mən indiyəcən elə bilmişəm ki, yer üzündə bir kişi varsa, o da mənim ərimdi. Sən isə, gör nələr düşünürsənmiş? Daha mənim sənə sözüm yoxdu, Adil. – O, ani susub əlavə etdi: - Yenə deyirəm, Nüsrət çox yaxşı insandır, mələk kimi insandır, Adil. Mənim aləmimdə ona pis deyən özü ən pis və paxıl adamdı.

– Deməli, mən ən pis və paxıl adamam, eləmi?

– Əgər belə düşünürsənsə, hə. Açıq deyirəm, hə, Adil, hə.

– Çox sağ ol.

Adil divanda oturan zaman yan qapı açıldı, başına qırmızı lent bağlamış, yanaqları pörtmüş Könül qaça-qaça ata-anasının yanına gəldi. Arzunun dizlərini qucaqlayıb tələsə-tələsə soruşdu:

– Ana, ay ana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, on dördüncü fəsil

Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!

3 min
Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 min
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 min
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 min

Poems by other poets