Page 3 of 7 · 29%

Adil yenə yerində qovruldu. – «Amma yox, tutaq ki, burdan ayağını kəsdim, bəs idarədə? Onlar axşamacan bir yerdədirlər, bir institutdadılar. İstədikləri vaxt bir-birilə danışa bilərlər, bunu ki onlara qadağan eləyə bilmərəm? Eh, kaş Arzu ayrı yerdə işləyəydi, o iblis onu görməyəydi! Amma indi o arxitektordu. Arzu isə çertyoj çəkən. Nə etmək olar, aman allah, ürəyim hövlündən az qalır partlasın».

Adil bu çalpaşıq, düyünlü fikirlər arasında tora düşmüş balıq kimi çabalayır, çırpınır, bəd xəyalları özündən kənar etmək istəyir, ancaq bacarmırdı.

Elə bu günkü hadisə. Əslində heç bir hadisə olmamışdı, sadəcə olaraq, Adilin, özü də deyən kimi, qurdları tərpənmiş, onu yerindən eləmiş, axırda da sex müdiri tərəfindən danlanmışdı.

Mətbəədə çap maşınlarının aramsız çaqqa-çuq səsindən az qala qulaq tutulurdu: sex uğuldayır, bu hay-küyə adət etmiş işçilər bir-birilə ucadan danışırdılar. Hündür tavana cərgə ilə bərkidilmiş neon lampalarının işığı içərini gündüzə döndərmişdi.

Adil çap maşınının yanında qalaqlanmış kağız topasının yanında dayanmışdı, yoxlanmış, düzəldilmiş vərəqləri səliqə ilə dəzgahın «ağzına» ötürürdü. Başını qaldıranda qonşu dəzgahın ustası Tanrıverdini göy rəngli xalat geymiş Leyla ilə danışan gördü və birdən yadına düşdü ki, Arzu bu gün işə gedəndə təzə tikdirdiyi krimplen paltarını geyinmişdi, onun da rəngi beləcə göy idi, sonra xatırladı ki, anasının çoxdan hədiyyə gətirdiyi, indiyədək açıb istifadə eləmədiyi fransız ətrini çıxarıb ağ buxağına, birçəklərinə, qulaqlarının dibinə, barmağının ucuna çəkmişdi. Ətrin bihuşedici qoxusu indi, burda Adilin burnunu qıcıqlandırırdı və düşündü ki, axı nə münasibətlə Arzu bu gün bəzənib-düzənib, ətirlənərək işə getdi?

Sonra öz-özünə cavab verdi: «Yox, burda nə isə var. Bəlkə onunla.» - ürəyinə gələn müdhiş fikirdən bədəni titrədi, tez əl atıb dəzgahı saxladı. Oğurluq etməyə hazırlaşan adamlar kimi, o yan-bu yana boylandı. Heç kəsin baxmadığını görüb dəzgahdan nə isə çıxarıb cibinə qoydu.

Göy xalatlı qızla söhbət eləyən Tanrıverdi dəzgahın dayandığını görüb ucadan soruşdu:

– Yenə nə oldu, ay Adil?

– Zəhrimar deyəsən yenə xarab oldu.

– Nəyidi?

Adil ona cavab vermədən dəhlizə çıxdı, mətbəə müdirinin katibəsi oturan otağa sarı addımladı. Saçlarını boynunun dalında topalayıb sancaqlamış katibədən icazə alıb barmaqları titrəyə-titrəyə əzbər bildiyi nömrəni yığdı. Telefon Nüsrətin stolunun üstündə idi, kim zəng eləsəydi, o götürürdü – bunu Adil çox yaxşı bilirdi. Nüsrətin idarədə olub-olmadığını beləcə yoxlayırdı: bəzən gündə iki-üç dəfə zəng çalırdı ancaq səsini çıxarmırdı. Nüsrətin səsini eşidən kimi, dəstəyi asıb rahat nəfəs alırdı. “Demək, burdadırlar, heç yerə getməyiblər”.

İndi Nüsrət cavab vermədi: Adilin dalağı sancdı. Bir də zəng çaldı, bir qız cavab verdi. Adilin rəngi ağardı. Üçüncü dəfə nömrəni yığdı:

– Bəli, kimi istəyirsiniz? – deyə bayaqkı qız xəbər alanda Adil nə deyəcəyini aydınlaşdırmadan tələsik dilləndi:

– Arzunu, zəhmət olmasa.

– Arzu otaqda yoxdur, harasa çıxıb.

Adil dəstəyi asdı. Elə bil otaq başına fırlandı, gözü qaraldı.

“Demək, ikisi də yoxdur şöbədə. Gediblər. Arzu nahaq bəzənibdüzənmirmiş,ətirlənmirmiş”. Adil özünü nə vaxt dəli kimi küçəyə atdığını bilmədi, tində, qəzet köşkünün yanında əl qaldırıb bir taksi saxladı.

Təngnəfəs ünvanı söyləyib sürücüdən xahiş etdi:

– Tələsirəm, sən allah, əgər mümkünsə, bir az tez sür.

Sürücü heç nə demədi, sürəti də artırmadı. Sanki onun dediklərini heç eşitməmişdi. Adilə elə gəldi ki, maşın çox ağır gedir, özü piyada getsəydi, bundan tez çatardı. İndi onun üçün hər an qiymətli idi. “Bəlkə elə indicə düşüblər aşağı. Bəlkə maşına minəndə tutdum? Yolda rast gəlsəm, taksini düz dallarıyca sürdürəcəyəm, hara getsələr, gedəcəyəm, - Adil ürəyində danışırdı, mil-mil pencəyinin cibindəki əli yumruqlanmışdı. Gözü, baxışı yollara zillənmişdi: ötən bir maşını da nəzərdən qaçırmamağa çalışırdı.

Fikrində hava rəngli bir “Jiquli” uçurdu. Nüsrət sükan arxasında oturmuşdu. Arzu arxada. Nüsrət başının üstündəki güzgüdən Arzuya baxırdı. Arzu da gözlərini aynadan çəkmirdi. Fransız ətrinin xoş iyi maşının içini doldurmuşdu. Nüsrət məst idi. Onlar nəsə danışırdılar, ancaq heyf ki, bu sözləri Adil eşidə bilmirdi, eşidə bilmirdi.

Bəli, Adilin fikrində bu dəqiqə hava rəngli bir “Jiquli” quş kimi qanad açıb uçurdu. Adilin Arzusunu harasa aparırdı.

Adil maşından düşüb iti addımlarla dəmir darvazadan institutun həyətinə girdi, cərgə ilə düzülmüş maşınların arasında hava rəngli maşını dörd gözlə axtardı və gözlərinə inanmadı:

Hava rəngli “Jiquli” özünün həmişəki yerində – küknar ağacının altında dayanmışdı. Adil dərindən köks ötürüb toxtadı, sevindi. Eli bil, üstündən dağ götürüldü: tərləmişdi, alnının tərini əlinin arxası ilə sildi. “Burdaymışlar”. Sonra maşına qəribə bir tərzdə diqqət yetirdi: sanki bu baxışla öyrənmək istəyirdi ki, getmişdilərmi? Kaş maşının dili olaydı, danışa biləydi, ondan soruşardı. Adil soruşardı ki, Arzunu bir yerə aparmışdınmı, o yer haradır? Soruşardı, çox şey soruşardı. Ancaq təəssüf ki, maşının dili yox idi, yaddaşı yox idi. Qəribə idi ki, bu zəhərli fikirlər onun ürəyinə dolandan bəri maşın da sanki düşmənləşmişdi, əfiləşmişdi. Adil ona da nifrət eləyirdi. Bəzən elə olurdu ki, hava rəngli maşın görəndə gözü ağrıyırdı Adilin...

Adil ağır, yorğun addımlarla küçəyə çıxdı. Yeriyirdi, amma gözü elə maşınlarda idi. Telefon köşkünün yanından keçəndə yenə özünü saxlaya bilmədi, zəng çaldı: dəstəyi Nüsrət götürdü.

– Alo. Bəli.

– A yoldaş, səsini niyə çıxarmırsan. Səsim xoşuna gəlmir?

Adil dillənmədən dəstəyi asdı və ürəyində Nüsrətə cavab verdi?

– “Səsindən də zəhləm gedir, özündən də”.

O biri otaqda Arzu ilə Könülün səsi gəlirdi, deyəsən, anası uşağı yerinə salıb yatırdırdı. Nəhayət, işıq söndü. Arzu yataq otağına keçdi, gecə lampasını yandırmamış eləcə, yerinə uzandı. Sinə dolusu ah çəkdi. Adil ona sarı çevrilib yavaş, qorxaq səslə:

– Arzu, - deyə dilləndi.

– Arzu.

Arzu yenə dillənmədi, üzünü yana çevirdi və Adil hər cür ciddicəhdin mənasız olduğunu anlayıb daha heç nə demədi. Anlar, dəqiqələr keçir, gecə əriyib gedir, nə Arzunun, nə də Adilin gözünə yuxu gəlirdi. Gəlinin ürəyi, heysiyyəti yaralanmışdı, qüruru yaralanmışdı.

“Demək, belə. Demək Adil məni Nüsrətə qısqanır. İnanmazdım, heç yuxuma da girməzdi”.

Axşamkı gərginlik aradan getməmişdi. Səhər çay-çörəyini yeyəndə Adil arvadının könlünü almaq, o tərəf-bu tərəfinə keçmək istəmişdisə də, Arzu üzünü bozartmış, ərinin zarafatlarına cavab verməmiş, sorğularına dilucu “hə”, “yox” – söyləməklə kifayətlənmişdi. Yemək dəstgahı həmişəkindən fərqli olaraq, səssiz-küysüz keçmiş, Könüldən başqa deyib-danışan olmamışdı. Uşaq atasının ürəyindən keçənlərdən xəbərsiz olduğuna görə və elə bil, onun acığına tezdən geyinib-kecinmiş, Nüsrətin yolunu gözləməyə başlamışdı. Axı, o, bu günə söz vermişdi, gəlməli idi. Onları gəzməyə aparmalı idi. Çünki istirahət günü idi, maşınla şəhərdən kənara çıxmaq,gəzmək, yaxşı dincəlmək olardı. Keçən dəfə Nüsrət gələndə ailəlikcə belə qərara almışdılar. Könül neçə gündü bu günü səbirsizliklə gözləyirdi.

Amma qəribə idi. İndi, bax bu saat nə Adil, nə də Arzu onun gəlməsini arzulamırdı. Adil düşünürdü ki, nə olaydı, maşın sınaydı, bir yeri xarab olaydı, gəlib çıxmayaydı. Nədənsə ona elə gəlirdi ki, Arzu Nüsrətin gəlməsini uşaqdan heç də az arzulamır: ona bax, pal-paltarı zivədən asmaq bəhanəsi ilə gör necə də tez-tez eyvana çıxır, gözucu həyətə baxır? Əlbəttə, əslində bu, belə deyildi. Həqiqətdə Arzu istəyirdi ki, Nüsrət gəlib çıxmasın, qonağı olsun, vacib işi olsun, gəlməsin. Çoxlarından eşitmişdi, kitablarda oxumuşdu ki, qısqanclıq çox xətərli bir mərəzdi, bir adamı tutdumu, onun ürəyindən çətin çıxır; arada olan səmimiyyətin, məhəbbətin üstünə qatı, qalın bir kölgə salır, etibarsızlıq, inamsızlıq yaradır, saçların vaxtsız ağarmasına səbəb olur. Bilirdi ki, dağılan ailələrin, pozulan nigahların bir çoxunun səbəbi elə qısqanclıqdır. Arzu bu söhbəti – Adilin axşam çılğınlıqla açıb söylədiyi dərdini eşidəndən sonra fikrən, xəyalən keçmişə qayıdır, onun axır vaxtlar çəkdiyi əzabları, keçirdiyi həyəcanları nəzərində canlandırır, gah qəzəblənir, gah da ona yazığı gəlirdi.

Arzuya bircə şey aydın idi ki, Adil səhv eləyir, qısqanmaq üçün heç bir əsas yoxdur, ola da bilməz. Təccüb eləyirdi ki, bu axmaq fikir onun beyninə haradan gəlmişdir?

İndi, axşamkı söhbətdən sonra Arzunun gəzməyə getmək, özü də Nüsrətin maşınında şəhərdən kənara çıxmaq həvəsi büsbütün sönmüşdü. Nə olaydı, o gəlməyəydi. Könül atası ilə dəniz qırağına gedərdi, Arzu isə evdə qalar, iş-gücünü görər, sonra çarpayısında uzanıb düşünər, düşünərdi. Ancaq nə edəsən ki, qızcığaz ata-anasının ürəyindən xəbərsizdi, onu bu dəqiqə hər şeydən çox Nüsrət əmisinin niyə belə gecikdiyi maraqlandırırdı, tez-tez eyvana çıxır, aşağı boylanır, sonra məyus halda qayıdıb içəri girir, “gəlmədi” – deyə pıçıldayırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, on dördüncü fəsil

Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!

3 min
Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 min
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 min
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 min

Poems by other poets