Page 4 of 7 · 43%

Adil divanda oturmuşdu, bikef idi, ürəyində götür-qoy eləyirdi ki, indi o gəlsə necə rəftar eləsin, getsinmi, getməsinmi? Nəyi bəhanə eləsin?

Adil qəti bir qərara gəlməmiş qapının zəngi çalındı. Musiqili zəng səsi, qəribə idi ki, Arzunun da, Adilin də ürəyini titrətdi. Adil buna təəccüb eləmədi, amma Arzu heyrətləndi, qorxdu. Elə bil Nüsrətin gəlməsi ilə nəsə dəhşətli bir şey olacaqdı, yaxud o, dünən ər-arvad arasında, bu dörd divar içində olmuş söz-söhbəti başa düşəcək və Arzu onun yanında utanacaqdı. “Mənə nə oldu belə uçunuram? - deyə gəlin özünü ələ almağa çalışdı. – Guya Nüsrət birinci dəfədir bizə gəlir?”

Arzu bu sualına cavab tapmamış, bayaqdan gözü yolda qalan Könül sevinə-sevinə qaçıb qapını açdı və elə oradaca qollarını geniş açaraq onun qucağına hoppandı:

– Urra, Nüsrət əmi gəldi-gəldi – deyə hər dəfə gələndə elədiyi kimi, ucadan qışqırdı. Nüsrət adəti üzrə əyilib qızı sinəsinə sıxaraq üzündən öpdü, gətirdiyi gül dəstəsini verib dikəldi. Könül onu dəhlizdə sorğu-suala tutdu.

– Bə nə gec gəldin, Nüsrət əmi?

– Gecdi? Saat birə demişdim, düz birdə də gəlmişəm, şeytan – deyə onu əzizlədi. Könül Nüsrətdən ayrılıb böyük otağın qapısı ağzında çaşqın halda dayanmış anasına tərəf qaçaraq gül dəstəsini ona verdi:

– Ana, bax, gör Nüsrət əmi mənə nə yaxşı güllər gətirib? Urra, Nüsrət əmi mənə gül gətirib, urra.

Könülün sevinci yerə-göyə sığmırdı, elə bil uşağa dünyanı bağışlamışdılar, bayaqdan intizardan solmuş yanaqları qızarmışdı, xırda, anasının gözləri kimi qonur gözləri şadlığından işıqlanmışdı.

Nəhayət, Arzu danışmağa söz tapmış adam kimi sevindi və gülləri Könüldən alaraq:

– Bəs əmiyə heç “sağ ol!” demədin, qızım? – dedi.

– Sağ ol, Nüsrət əmi, - deyə Könül dönüb mehribanlıqla ona baxdı.

Nüsrət içəri keçdi, ayaq üstə, əlində gül dəstəsi dayanmış Arzuya, divanda taqətsiz oturmuş Adilə salam verdi. Arzu ərinin ağır dindiyini görüb dedi: - Salam, xoş gəlmisiniz, necəsiniz?

– Sağ olun, yaxşıyam. Sizdə nə var, nə yox?

– Hələ ki, salamatlıqdır.

Arzu dönüb Adilə baxdı, Adil onun baxışlarının mənasını anladı, nəzakət xatirinə yerindəcə azca əyilib tərpənib başı ilə qonağa “xoş gəldin” elədi. Arzu onu stola dəvət etdi:

– Keçin, əyləşin.

O, həmişə Nüsrətə evinin adamı kimi “sən” deyərdi, indi ona özü də bilmədən “siz” deyə müraciət elədi və bu, Arzuya çox yad, qondarma göründü, buna görə də özü-özündən çimçəşən kimi oldu.

Nüsrət irəli yeridi, Adilə baxdı, qanının qara olduğu nəzərindən qaçmadı, ona görə soruşdu:

– Nə olub, qardaş, gözümə bir təhər dəyirsən? Olmaya xəstələnmisən?

Nüsrət ona əl verdi. Adil yavaş səslə dedi:

– Başım ağrıyır.

– Başın ağrıyır? Dərman-filan içmisən?

– Yox.

– İstəyirsən, dur geyin, səni həkimə aparım. Səndən yaxşı olmasın, bir həkim dostum var, üzdən iraq, yanına ölü aparasan, dirildər – deyə Nüsrət canyananlıqla söylədi. Adil buna əhəmiyyət vermədi, mızıltı ilə dilləndi:

– Lazım deyil.

Nüsrət kreslonu çəkib stolun küncündə oturdu. Arzu gülləri güldana qoyub gətirdi, vazı stolun üstünə qoymamış gülləri burnuna yaxınlaşdırıb bihuşedici ətrini ciyərlərinə çəkərək gülümsündü:

– Nə yaxşı güllərdi. İlin bu vaxtında belə qəşəng qızılgülləri hardan tapmısınız. Əziyyət çəkmisiniz.

– Bazara getmişdim, gördüm satırlar, xoşuma gəldi. Könül üçün aldım.

Adil yerində qurcuxa-qurcuxa ürəyindən keçirdi: “Gözünün içinə qədər yalan deyirsən; onları Arzu üçün gətirmisən. Bilirsən ki, o, gül sevəndir”.

Arzu geri çəkilib kənardan ağlı, qırmızılı, sarılı güllərə tamaşa eləyirdi. Güllər doğrudan qəşəng idi, elə gözəl idi ki, adam istəyirdi iki göz də alıb tamaşasına dursun. Onlar təkcə evin görkəmini yox, sanki ab-havasını da dəyişmişdi, Arzunun əhval-ruhiyyəsini də dəyişdirmişdi. O, gül sevən idi doğrudan da. Gül görəndə özü də gültək açılır, uşaq kimi sevinir, nə qədər qəmli olsaydı belə, üzünə bir təbəssüm qonurdu, içərisi, ürəyi ətirlənirdi, saflaşırdı elə bil. Amma heyif ki, gözəlliyi, ömrü tez solub gedirdi: təbiətin ən gözəl çiçəyi olan Arzunun güldanı ilin çox vaxtı gülsüz qalırdı: Adil ona ildə iki dəfə gül alırdı; bir 8 martda, qadınlar bayramında – onda qərənfil gətirərdi, çünki bayramda qızılgül baha olurdu, bir də mayda - onun anadan olduğu gün – onda qızılgül alırdı, çünki gülün bol vaxtı idi may ayı.

Arzu mətbəxə keçdi, armudu stəkanda pürrəngi çay gətirdi. Nüsrətin armudu stəkanda çay içməyi xoşladığını bilirdi, şöbədə də həmişə o, armudu stəkanda çay içərdi. Anasının Moskvadan aldığı konfetlərdən, yayda bağda bişirdiyi üzüm, əncir mürəbbəsindən stolun üstünə düzdü, hər ikisinə aid olsun deyə üzünü ortalığa tutub söylədi:

– Yaxın oturun, çayınızı için. Təzə dəmləmişəm. Sonra özü də stul çəkib bir qıraqda əyləşdi. Nüsrət buğlanan çaya baxıb ev sahibi kimi üzünü Adilə tutdu.

– Gəl, Adil, bu çaydan iç, başının ağrısını aparar. Adil boynunu döndərib çaya baxdı, ah çəkib, divandan durdu, gəlib mizin arxasında oturdu. Arzu hiss edirdi ki, söz-söhbət həmişəki kimi tutmur: arada cansıxıcı bir sükut hökm sürürdü. Qəribə idi ki, özü də danışmağa söz tapmırdı. Birdən yadına düşdü ki, axşam çəkdiyi layihəni Nüsrətə göstərsin, necə çıxdığını, onun xoşuna gəlib-gəlmədiyini öyrənsin. Ancaq Adilin artıq – əskik danışacağından ehtiyat eləyib fikrindən daşındı. Ürəyindən keçirdi ki, gərək Adil onu müsabiqədə mükafat aldığına görə təbrik edəydi, amma o, ağzına su alıb susmuşdu.

Bəli, otaqda ölü bir sükut vardı. İri divar saatının yeknəsəq çıqqıltısından başqa səs-səmir eşidilmirdi. Könül də yox idi ki, sualları, dil-dil ötməsi ilə aradakı sükutu pozaydı. Hər kəs ürəyində danışırdı. Arzu əvvəlcədən özünə söz vermişdi ki, Nüsrətə baxmayacaq, sonra Adil bunu da bir söz eləyər. Amma indi qeyri-iradi olaraq bu vədini unutdu, işıqlı, bir az kədərli gözlərini oğrunca dolandırıb Nüsrətə ötəri baxdı: o, həmişəkitək şən idi, dəniz suyu kimi mavi gözləri təbəssüm saçırdı, üzünü səliqə ilə qırxmışdı, ondan xoş bir ətir iyi gəlirdi, ipək kimi yumşaq, azca sarıya çalan qaşlarını səliqə ilə yana daramışdı. Gözləri… İlahi, gözləri necə də qəşəng imiş, nurlu imiş, dərin imiş. Neçə ildi Arzu onunla bir yerdə işləyirdi, amma onun gözlərinin belə şairanə olduğunu görməmişdi, hiss eləməmişdi.

Arzu bir anlığa özü də bilmədən fikrində əri ilə Nüsrəti müqayisə elədi, ürəyinin gözü ilə hər ikisinə uzaqdan, kənar adam nəzəri ilə baxdı. Bu, o ana qədər davam etdi ki, tərəzinin Nüsrət qoyulan gözü necə deyərlər, ağırlaşmağa başladı. Adili yuxarı qaldırdı. Arzu bu hissdən üşüdü və ani olaraq bədbəxtləşdi. Amma tez də özünü ələ alaraq ürəyinə yol tapmış bu duyğunu qovlamağa çalışırmış kimi, gözlərini yumub başını silkələdi və bununla da sanki hər şey əvvəlki yerini tutdu. Arzu buna sevindi.

Nüsrət stəkanı yerə qoyub ər-arvadın üzünə diqqətlə baxdı, onların ikisini də çaşqın, fikirli görüb narahat oldu.

– Sizə nə olub bu gün? Gözümə birtəhər dəyirsiniz? Bəlkə bir hadisə-zad olub, hə?

Arzu bu sözlərdən səksənən kimi oldu, tələsik:

– Yox, yox, heç nə olmayıb. – dedi. – Adilin başının ağrımağı.

– O keçib gedəcək, bacım. Onun dərmanı təmiz havadır.

Nüsrət sözünü deyib qurtarmamışdı ki, Könül papağını geyib hazır vəziyyətdə gəlib onun dizlərinin yanında dayandı.

– Mən hazır, Nüsrət əmi. Nüsrət Könülün totuq əlini sığallaya-sığallaya söylədi:

– Afərin. Mən də yaxşı ət almışam, indi gedəcəyik bağa, səninçün əla kabab bişirəcəyəm. Atanın da başağrısı keçib gedəcək, oldu?

– Oldu, - deyə qız gümrahlıqla cavab verdi.

– Hə, hazırlaşın, - deyə Nüsrət ayağa qalxdı. – Könülnən mən hazırıq.

Arzu çıxılmaz vəziyyətdə qalmışdı. Adilin nə deyəcəyini gözləyirdi, o isə susurdu. Gəlin ərinə gözucu baxdı. Nəzərləri sataşdı: Adilin gözlərində dərin bir kədər vardı. Nəhayət, o, ağır-ağır dilləndi:

– Mən getmək istəmirəm. Siz istəyirsinizsə gedin.

– Sənsiz nə ləzzəti, ay Adil? – deyə Nüsrət qətiyyətlə dilləndi.

– Sən getməsən, biz də getmirik, - dedi Arzu.

Adil Nüsrətə və arvadına baxmadan düşündü: “Gör necə artistlik eləyirlər?”

Könül atasının yanına qaçdı:

– Gedək, ata, dur gedək. Başın ağrıyır? Gətir başından maç eləyim, yaxşı olsun.

O, dartınıb atasının alnından öpdü:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, on dördüncü fəsil

Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!

3 min
Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 min
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 min
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 min

Poems by other poets