Page 6 of 7 · 71%

Hadisə elə həmin günün axşamı törədi, gözlənilmədən, birdən birə.. Bəd hadisə Nüsrət üçün gəlmişdi, Adilin əli ilə gəlmişdi. Adilin özü üçün isə bu, bəlkə də xoşbəxtlik oldu, rahatlıq oldu, şirin yuxu oldu. Düzdü, sonralar o bir az vicdan əzabı da çəkdi, ancaq vicdan əzabı çəkmək qısqanclıq əzabı çəkməkdən yüngül imiş, sən demə.

Maşını Adil sürürdü, Nüsrət yanında əyləşmişdi. Könül bütün günü açıq havada olduğundan və yorulduğundan arxa oturacaqda başını anasının dizi üstünə qoyub yatmışdı. Xəyallar, düşüncələr Arzunun da beynini dumanlandırmışdı, o da mürgüləyirdi. Maqnitofonda Ədalət “Yanıq Kərəm”i çalırdı.

Axşam idi. Qəsəbənin içindən keçən dar, nahamar bağ yolunda sakitlik idi, gəl-get azdı. Küçənin sağ əlindəki qəzet köşkünün qabağında xeyli adam vardı. Burdan 3-4 yüz metr aşağıda, yolun sağ tərəfində üstüörtülü bir yük maşını dayanmışdı. Adil onun yanından ötüb yenicə keçmişdi ki, lap səkiyə açılan alçaq taxta qapıdan əlində zənbil olan bir kişi tələsik addımlarla düz maşının qabağından keçib getmək istədi, gözünə naqafil işıq düşən qoca özünü itirib geri bir addım atdı, sonra nə fikirləşdisə, yenə irəli cumdu.

Adil çaşdı və maşını sağa-sola qaçırdaraq ayağını əyləcə basmaq əvəzinə, qaza basdı. Maşın bir göz qırpımında irəli sıçradı, ağır zərbə ilə dəhşətli qışqırtı bir-birinə qarışdı. Kişi iki-üç metr qabağa düşdü, maşın küçəyə sərilmiş adamın üstündən keçəndə içəridə oturmuş Nüsrətin başı kuzanın damına dəydi. Bütün bunlar elə sürətlə oldu ki, sanki yuxuda baş verirdi. Adil kişini vuranda Nüsrət xəyala dalmışdı, fikrində gələcək illərdə bu qəsəbənin də yenidən qurulacağı, bax, bu dar yolun da xeyli genişlənəcəyi barədə götür-qoy eləyirdi: kim bilir, bəlkə elə həmin işi onun özünə tapşırdılar o vaxt. Ancaq…

Nüsrət sövqi-təbii ilə başa düşdü ki, kimsə maşının altında qaldı. Arzu həyəcanla soruşdu.

– Neynədin sən, Adil? – O, cavab vermədi, sürəti artıranda Nüsrət geri qanrılıb baxdı və yolun ortasında kiminsə çabaladığını görüb məsələnin nə yerdə olduğunu anladı və bütün vücudunu soyuq tər basdı.

– Vurdun – deyə əsəbi səslə soruşanda Adil başını tərpətdi.

– Vurdun? – deyə Arzu da həyəcanla xəbər aldı. Adil sürəti daha da artıranda Nüsrət qışqırdı:

– Saxla.

– Heç kəs yoxdur, çıxaq aradan - deyə Adil titrəyə-titrəyə söyləyəndə Nüsrət dəli kimi bağırdı:

– Saxla, saxla deyirəm sənə.

Adil sanki keyləşmişdi, ya da maşını artıq saxlaya bilmirdi: yüksək sürətlə irəliləyirdi maşın. Bu zaman özünə gəlmiş Nüsrət əlini atıb iki oturacağın arasındakı əl əyləcini var gücü ilə yuxarı dartdı və “Jiquli” asfaltda yerindəcə fırlanıb çəpinə dayandı. Bir anın içində qapılar açıldı, Nüsrət də Adil də, Arzu da yerə sıçradılar. Arzu gördü ki, Nüsrət vurulan adama sarı qaçır, Adil isə üzüaşağı, şəhərə tərəf. Ürəyini fəlakətin özündən də soyuq bir üşərti sardı: “Qaçır?”. Və o, ərinin dalınca vəhşi bir səslə çağırdı:

– Hara, Adil?

Adil elə bil, yerindəcə mıxlandı, sonra taqətsiz addımlarla geri döndü. Arzu daha onu gözləmədi, Nüsrətin dalınca yüyürdü. O, çatanda Nüsrət dizlərini yerə qoyub vurulmuş kişinin başını yuxarı qaldırmışdı, tez-tez silkələyir, nəsə deyir, soruşurdu, ancaq ondan heç bir səs çıxmırdı. Arzu əyilib baxdı, kişinin sifətini qan örtmüşdü, üzü eybəcərləşmişdi, tanınmaz olmuşdu. Adil kölgə kimi yanlarında dayananda Nüsrət kişinin başını yerə qoyub dikəldi və əzizi dünyadan köçmüş adam sayağı sonsuz bir hüznlə dilləndi:

– Keçindi.

Heç biri dinib-danışmırdı. Təkcə Arzu ağlayırdı və hıçqıra-hıçqıra deyirdi:

– İlahi, bu nə müsibətdi, bizim başımıza gəldi? Bəs indi nə olacaq, Nüsrət?

– Mən deyən olacaq. Maşın mənimdi, cəzasını da özüm çəkməliyəm, maşını mən sürürdüm, mən də vurmuşam. Bildiniz? Daha bu barədə bir kəlmə də söz olmamalıdır.

Adilin elə bil dili tutulmuşdu, ağzına su alıb susurdu. Arzu isə Nüsrətin bu sözlərinin mənasını yaxşı başa düşürdü: o, Adilin günahını öz boynuna götürür, onu xilas eləyirdi. O Adilin ki, kişini vurandan sonra “heç kəs yoxdu, aradan çıxaq” – deyirdi, o Adil ki, maşından düşəndən sonra yaralının yanına gəlmək əvəzinə, üz tutub şəhərə sarı qaçırdı. Arzu toxdayıb ərinin yuxarı qalxmış çiyinlərinə, aşağı əyilmiş başına baxdı, baxdı və özündə ona qarşı kəskin bir nifrət duydu, neçə il bir damın altında yaşadığı Adili sanki indi tanımağa başlayırdı, onun bərk ayaqda belə qorxaqlığını, dar qəlbli olduğunu dərk edib üşüyürdü. Adil onun nəzərində getdikcə kiçilir, büzüşür, əriyib yox olurdu. Maşında indi bir kişi oturmuşdu sanki. Bu, Nüsrət idi. Arzu onun səbrinə, dəyanətinə heyran qalmışdı. Adilə heç acıqlanmadı da, güldən ağır bir söz demədi də. Əgər onun yerinə Adil olsaydı, indi bir həngamə qoparmışdı ki, gəl görəsən. İndi Nüsrətin gözünü deşirdi Adil. Arzu bunu əlinin içi kimi bilirdi.

Bayaq kişi ölən kimi Adilin təşvişlə verdiyi sual, Nüsrətin ona kinayəli bir təbəssümlə nəzər salandan sonra dediyi sözlər Arzunun qulaqlarında səslənirdi:

– İndi məni tutacaqlar?

– Yox, Adil. Qorxma, qoymaram səni tutsunlar. Sənin arvadın, uşağın. Mən öz boynuma götürəcəyəm: Mən vurmuşam kişini.

– Axı. - Arzu nə isə demək istəyəndə Adil ona tərs-tərs baxmışdı, gəlin sözünün dalını udmuşdu.

Arzu bu səhnəni xatırlaya-xatırlaya Nüsrətin kürəyinə tamaşa eləyirdi, düşünürdü: “Bu Nüsrətin mərdliyi, bu da mənim ərimin “kişiliyi”. Heç olmasa xalaxətrin qalmasın deyə, yalandan olsa da bir kəlmə söz deyəydi, nə olardı? Yoxdur, ürəyi balacadır, qorxaqdır, “güllə məndən sovuşdu, yoldaşıma dəydi, elə bil, saman çuvalına dəydi” – deyənmiş Adil. Kaş maşının içi işıq olaydı, bax elə bu dəqiqə Nüsrətin gözlərinin içinə baxa biləydim.”

Amma içəri qaranlıq idi və Nüsrət də ancaq irəli, yola, Dövlət Avtomobil Müfəttişliyinə məxsus sarı rəngli maşına baxır, kim bilir, nə fikirləşirdi.

Birdən-birə Arzunun ürəyində qollarını geniş açıb Nüsrətin boynunu qucaqlamaq, üz-gözündən öpmək, “Sağ ol, kişiliyin üçün, mərdliyin, ürəyin üçün sağ ol” - demək istəyi baş qaldırdı. Ancaq Adilin öskürməyi onu xəyal aləmindən ayırdı və o, özünü ələ alıb sakitləşdi. İndi onun beynində bircə sual dolaşırdı və bunu dilinə belə gətirməkdən qorxurdu:

“- Yəni səni həbs edəcəklər?”


Arzu yataq otağında, çarpayısında uzanıb kitab oxuyurdu. Həvəssiz oxuyurdu, fikri dağınıq idi. Könül yanına gəlib döşəyin qırağında oturdu:

– Ana, bəs heç Nüsrət əmi bizə gəlmir? – Arzu kitabın səhifəsini qatlayıb, kənara qoyaraq ah çəkdi:

– Hələ gəlməyəcək, qızım.

– Niyə, ana? Axı, mən ondan ötrü darıxmışam?

Arzu qızının saçını sığalladı və yenə köks ötürdü.

– Elə mən də darıxmışam, qızım. Amma hələ o bizə gəlməyəcək, gələ bilməyəcək.

– Axı, niyə, ana?

– Uzaqdadı, qızım.

Evdə Nüsrətin həbs olunmağını uşağa deməmişdilər, xiffət eləyərdi.

– Maşına minsin, gəlsin.

– Maşını daha işləmir Nüsrət əminin.

– Yox, düzəltdirsin, gəlsin. Sən onu görəndə denən Könül sənin üçün darıxıb, onda düzəltdirib gələr, ana.

– Yaxşı, görsəm, deyərəm.

Arzu Könülə bunu da deməmişdi ki, məhkəmə olandan sonra axırıncı görüş zamanı Nüsrət maşının və qarajın açarlırını Adilə vermiş, akkumlyatoru açmağını, təkərləri çıxarmağını ondan xahiş eləmişdi.

– Qoy açarlar da səndə qalsın, - demişdi. – Salamat çıxıb gələrəm, yenə sürərik. Çıxmaram da ki, heç. - O belə deyəndə Arzunun gözlərindən yaş sel kimi axmışdı.

Bakıya qalın qar düşmüşdü. Hər yan ağappaq dona bürünmüşdü. Təkcə cığırlar, maşın yolları qaralırdı. Builki Bakı qışının gözəlliyi onda idi ki, küləksiz gəlmişdi, xəbərsiz gəlmişdi, buna görə şaxtası da az idi. Binanın uşaqları həyətdə qartopu oynayır, qar adam düzəldirdilər. Könül də onların arasında idi. Adil onu geyindirib aşağı düşürmüş, özü isə bazara getmişdi. Arzu evdə yır-yığış eləyirdi.

Blokda, qapının ağzında kimsə ayağının qarını çırpdı, sonra zəng çalındı. Arzu gəlib qapını açdı və gözlərinə inanmadı. Gələn Nüsərt idi. Arzu əvvəl özünü itirdi, nə edəcyəini, nə deyəcəyini bilmədi. Handan-hana heyrət və sevinclə:

– Nüsrət? Bu sənsən? - dedi. Nüsərt gülümsündü:

– Hə, mənəm, Arzu.

– Aman allah, gör bizə kim gəlib? Keç içəri, keç içəri, qapı ağzında niyə durubsan?

Nüsrət dəhlizə keçdi, Arzu ilə görüşdü. Gəlin bu gözlənilməz görüşdən titrəyirdi, gözləri yaşarmışdı. İstəyirdi onu bağrına basıb üzündən öpsün, ancaq Nüsrətin sadəcə əl verməklə kifayətləndiyini görüb dayandı, Nüsrət paltosunu, papağını, ayaqqabısını çıxarıb əlini əlinə sürtə-sürtə yenə gülümsündü, içəri keçdi. Otağa göz gəzdirdi: hər şey əvvəlkitək idi, evdə heç bir dəyişiklik olmamışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, on dördüncü fəsil

Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!

3 min
Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 min
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 min
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 min

Poems by other poets