Page 2 of 3 · 33%

Bax, buna görə Nurəddin idarəni çox sevirdi, evindən çox sevirdi. O, hardasa özünü bir şahmatçıya bənzədirdi. Evdəkilər

– arvadı, oğlu onun bütün «xod»larını bilirdi – deyə Nurəddin üçün onlar maraqsız tərəf – müqabil idilər. Amma institutda… o, yaxşı «şahmat» oynayırdı – çünki tərəf müqabili olan adamlar çox idi, müxtəlif idi və qəribə idi ki, böyük əksəriyyəti də böyük həvəslə ona açıq-aşkar uduzmaq istəyirdi. Bu isə… Nurəddinə sonsuz bir ləzzət verirdi. Ayağının altında torpaq yox idi, ayağının altında bütün dövrələmə dəhlizlər boyu, otaqlarda parket döşəmələr var idi, ancaq o, bu divarlar – institut divarları arasında özünü torpaq üstündəki kimi güclü və qüdrətli hiss eləyirdi. Binadan çıxan kimi bu güc, bu qüdrət azalırdı, yaman azalırdı.

… Nurəddin ürəyini ovxalaya-ovxalaya gözlərini nəfəslikdən yığdı. Otaq artıq qaranlıqlaşmışdı. O, üzünü aralıq qapıya tutub:

– Aaz, a Sultanın qızı… - deyə səsləndi. Hay verən olmadığına görə bu dəfə bir az da ucadan, həmişə öz adıyla yox, atasının adıyla çağırdığı arvadını harayladı.

Samirə mətbəxdə imiş. Qapı ağzında göründü.

– Hardasan, aaz?

− Burdayam. Mətbəxdə idim, kitab oxuyurdum. – deyə Samirə işığı yandırdı – otaq çıraqban oldu. Nurəddinin bayaqdan qaranlığa öyrəşmiş gözləri qamaşdı.

− Əcəb! Mən burda ölürəm, sən orda kitab oxuyursan.

− Nə olub yenə? – Samirə irəli yeridi, ərinin sifətinə diqqətlə baxdı. – Haran ağrıyır?

− O zəhrimardan bir dənə ver, dilimin altına qoyum.

Nurəddin bütün dərmanlara «zəhrimar» deyərdi. Samirə ərinin o «zəhrimar» sözünün böyrünə əlavə elədiyi sözlərdən məhz hansı dərmanı istədiyini müəyyən edər və ondan verərdi. Servantın siyirməsini çəkdi, bir dənə ağ tabletka uzatdı Nurəddinə tərəf. Nurəddin tənbəl-tənbəl dərmanı alıb dilinin altına qoydu. Nurəddinin rəngi Samirənin heç xoşuna gəlmirdi, qaralıb boğulmuşdu. Nurəddin direktor olandan sonra tez-tez əsəbi halda evə gələrdi. Bəzən yuxusunda da o, direktor kimi «işlərdi»; kimisə danlardı, kimisə söyərdi. Samirə neçə dəfə ərini yuxuda ikən, «Mən direktoram, belə deyirəm» – deyə sayaqladığını eşitmişdi. Ancaq üzünə vurmamışdı. Yazı-pozu ilə də əvvəlki kimi məşğul ola bilmirdi. Sadəcə vaxtı çatmırdı, beyni elmdən başqa min sualla, min qayğı ilə dolu olurdu.

− Elə bilirsən səni çox istədiklərindən gətirib o boyda instituta direktor qoyublar? Yox, kişi. Səni istəməyənlər səni bu vəzifəyə irəli çəkdilər. Bilirsən niyə? Bilməzsən sən. Sən ki, yetənə-yetirsən, yetməyənə də bir daş atırsan, əlindən hamı sinədağlıdı. Səni başqa yolla məhv eləyə bilmədiklərini görüb bu direktorluğu atdılar sənin ağzına. Burada iki məqsədləri var onların: birincisi budu ki, sən daha susasan, onlarla işin olmasın. «Balam vəzifə də verdik sənə. Daha nə istəyirsən bizim yaxamızdan? Biz sənin dostlarınıq… Sən isə o iclas yoxdu ki, qılıncını sıyırıb üstümüzə düşməyəsən». İkincisi və ən əsası budu ki, sənin ürəyini partlatsınlar, vəssalam.

− Nağıl danışma, aaz.

Samirə qarşıdakı kresloda oturdu:

− Sənin yerinə olsam, ərizə verib çıxaram direktorluqdan. Yoxsa sən öləcəksən, vallah.

− Gic-gic danışma, aaz! Sən nə bilirsən vəzifə nə deməkdi. Vəzifə – indi böyük şeydi, a Sultanın qızı. Camaat maya qoyur, xərc çəkir, min fırıldaqla vəzifə başına keçməyə çalışır, mən də durum ərizə verim? Hamı mənə axmaq deməz? Gülməzlər mənə?

− Mən sənin özünə görə deyirəm, Nurəddin.

− Elə mənim özümə görə, mənə vəzifə lazımdı, arvad. İndi yaxşı kişi odu ki, öləndə də vəzifə başında ölür. Vəzifə başında öləni isə çox böyük təmtəraqla götürürlər, arvad. Tabutu kruqlu zala qoyulur. Bülbül Üzeyirin «Sənsiz»ini oxuyur. Fəxri qaraulda dururlar böyük-böyük alimlər… Fəxri xiyabanda basdırırlar…

− Sən ölmə. Öləndən sonra bütün bunların sənin üçün nə əhəmiyyəti var axı.

− Yox, nə danışırsan?.. Çox…

Samirə barmaqlarını əsəbiliklə şıqqıldatdı:

− Bu şöhrətpərəstlikdi. Şöhrət azarıdı bu, daraşıb canına. Sonra peşiman olacaqsan, onda da əlin heç yerə çatmayacaq. Məndən deməkdi. – deyib ayağa qalxdı – Mən istəyirəm gedəm nəvələrə bir baş çəkəm. Həvəsin var, dur gedək, həm də bir az havasatın dəyişər, fikrin dağılar.

− Rədd elə. Atası başıma tac qoyub, sabah da uşaqları tac qoyacaq. Mən getmirəm. Gedirsən özün get.

Samirə çoxdan bəri ürəyini yandıran nisgilini dilə gətirməyin vaxtı, məqamı çatdığını hiss eləyib:

− Nəvələrin bu gün-sabah dərsə gedəcəklər. Amma heç səni düz-əməlli tanımırlar da uşaqlar. Bu qədər soyuqluq olmaz ki, sən göstərirsən. Öz nəvələrindi də. – dedi və az qala doluxsundu.

− Rədd elə − əlini havada yellədi Nurəddin.

− Eh, mən bu sözləri heç bilmirəm sənə niyə deyirəm?.. Sən öz uşaqlarını nə vaxt sevmişdin ki, indi onların balalarını da sevə biləsən?.. Sən… sən, ümumiyyətlə, dünyada ancaq özünü istəmisən, vəssalam.

Nurəddin nə isə deməyə çalışdı, ancaq dilinin altında əriyib kiçilmiş dərman boğazına düşdüyündən çeçəyib susdu. Samirə o biri otağa keçdi və bir az sonra çöl qapının şıqqıltı ilə örtülməyindən Nurəddin başa düşdü ki, Samirə getdi. «Axmaq arvad. Xalqın arvadları qabağa düşüb ərlərinə vəzifə, məqam düzəldir, bu da deyir ərizə ver direktorluqdan çıx... Ay boyunu yerə soxum, arvad.» – deyərək Samirənin dalınca deyindi, söyüb-söyləndi.

Mürşüdün səsi-səmiri yox idi. Görünür, evdə yox idi. Bir də onun evdə olub-olmamağı çox vaxt heç hiss olunmurdu. Nadir hallarda onu ata-anasının cəmiyyətində görmək olardı. Əksərən öz otağına çəkilərdi, oxuyub yazardı. Osmanzadələr ailəsinin yaşadığı bu cah-cəlallı mənzilin kiçik bir guşəsi onun idi və o, bu dünyanın içində öz düşüncələri, ağlı, ürəyi ilə, demək olar ki, tək güzəran keçirərdi. Mürşüd böyüdükcə, yaşa dolduqca, həyat adlanan mürəkkəb, anlaşılmaz, ziddiyyətli kitabı oxuduqca, gəzibdolaşdığı alimlər mühitinə, elm aləminə, xüsusən, bu aləmin üzdə olan nümayəndələrindən sayılan atasına, onun rəftarına, düşüncəsinə nəzər saldıqca dərin-dərin fikirlərə dalır, götür-qoy eləyir, gördüyü, eşitdiyi hər şeyi saf-çürük süzgəcindən keçirirdi. O, öz yaşında, atasının sayəsində, çox alimlər görüb tanımışdı. Evlərinə gəlib gedən, Nurəddin Osmanzadənin dostu-tanışı olan alimləri dinləmişdi. Özü də neçə il idi ki, akademiyada idi – istər-istəməz böyük-böyük alimlərlə rastlaşmışdı, danışmışdı. Onların hərəsi bir cür yadında qalmışdı Mürşüdün. Hərəsindən bir şey öyrənmişdi, elmlərinin incəliyinə vara bilməmişdi, çünki onda onun imkanı yox idi və bu, mümkün də deyildi. Ancaq Mürşüd bir şeyi yaxşı anlamışdı; onlar, alimlikdən əvvəl, yüksək mədəni səviyyəyə malik, xoşqılıq, söhbətcil, həddən artıq sadə adamlar idilər. Danışdıqca danışmaq istəyirdin. Dinləməkdən yorulmurdun. Lap ən adi adama belə yuxarıdan aşağı baxmaq hissi yox idi onlarda. Və Mürşüd hər dəfə, belə alimlərlə söhbət eləyib ayrılandan sonra, istər-istəməz atası haqqında düşünməli olmuşdu. Düşünmüşdü və pərt olmuşdu. Çünki Nurəddin Osmanzadə qətiyyən onlara bənzəmirdi. Buz kimi soyuq idi Nurəddinin ürəyi. Başqaları o yana dursun, öz övladlarına belə soyuq idi. Samirə də bu cəhətini bilirdi ərinin. Ancaq uşaqların yanında açıb ağartmırdı; qorxurdu ki, uşaqlar atalarından soyuya bilərlər, uzaqlaşa bilərlər. Lakin həyat öz işini görürdü. Böyük qardaş bunu duymuşdu, səssiz-səmirsiz çıxıb getmişdi. İndi də kiçik oğul – Mürşüd bu həqiqəti tam çılpaqlığı ilə dərk etməyə başlamışdı. Və bu, uşağa böyük bir dərd olmuşdu. Niyə atası belə idi? Təkcə soyuqluq idimi Nurəddinin nöqsanı? Yox, təkcə bu olsaydı, dərd yarı idi. Məsələ bunda idi ki, Nurəddin Mürşüdün gözünün qabağında işləyirdi, böyük bir kollektivə başçılıq eləyirdi və hər addımını o, görürdü. Qaba idi, ürəksiz idi Nurəddin. Ürək sındırmaqdan qətiyyən çəkinmirdi, qorxmurdu. Bu isə, Mürşüdün aləmində çox böyük qəbahət idi, heç kəsə, xüsusən alimə qətiyyən yaraşan xasiyyət deyildi. Belə adam sevimli ola bilməz, belə adam izzət-ehtiram sahibi ola bilməz.

Mürşüd son vaxtlar bir neçə dəfə qəstlənmişdi ki, ikilikdə, ata-bala üzbəüz oturub bu məsələlər barəsində açıq söhbət eləsin. Fikirlərini desin atasına. Bəlkə hələ gec deyil, bəlkə düzələ bilər. Ancaq sonra bunun qeyri-mümkün olduğunu yəqin edib susmuşdu – çünki Nurəddin onu hələ də ağzından süd iyi gələn uşaq sayırdı, başlayan kimi, ağzının üstündən vuracaqdı, «Sən nə hesab eləyirsən məni? – deyəcəkdi – sən hələ uşaqsan, yaxşısı budur, get əsərini yaz, müdafiə elə. Boş-boş şeylər haqqında düşünmə. Mənim sənin məsləhətinə ehtiyacım yoxdu…». Heç bəlkə belə də deməyəcəkdi, qısaca, əlini havada yelləyib: «Rədd elə!» söyləyəcəkdi və Mürşüdün sözünü yarımçıq kəsəcəkdi. Mürşüdün demək istədikləri ürəyində qalacaqdı. Ona görə, oğlan, çox götür-qoydan, ölçüb-biçməkdən sonra, atasına məktub yazmaq fikrinə düşmüşdü. Bu fikrin qəribəliyinə ürəyində özü də gülmüşdü. Bir damın altında yaşayasan, ata-oğul qabaq-qənşər oturub dərdləşə bilməyəsən? Bunun özü böyük dərd deyildimi? Eşidən-bilən buna necə baxardı? Bütün bu suallara baxmayaraq, Mürşüd, nəhayət, keçən həftə öz otağına çəkilib atasına uzun bir məktub yazmışdı. Qəribə idi ki, o zaman, Mürşüd həmin məktubu qələmə alanda atası qonşu otaqdaydı, aralarında cəmi bircə divar vardı. Əgər Mürşüd yazdıqlarını ucadan desəydi, atası yəqin ki, divarın o tayında onu aydınca eşidərdi. Bəli, məktubu işdə poçta qutusuna atmışdı və on beş iyirmi dəqiqəlik bir məsafədə olmağına baxmayaraq həmin məktub düz bir həftə yol gəlmişdi. Bu gün işdən qayıdanda qəzetlərlə birgə öz məktubunu da yeşikdən çıxarıb atasının stolunun üstünə qoymuşdu. Özü isə şəhərə çıxmışdı və gec gələcəyini də anasına söyləmişdi. «Qoy oxusun, düşünsün. İsti-isti yanında olsam, söhbət qəlizləşə bilər» – düşünmüşdü Mürşüd…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 min
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 min
Birinci hissə, on ikinci fəsil

– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:

11 min
Birinci hissə, on üçüncü fəsil

Dünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:

8 min

Poems by other poets