Birinci hissə, on ikinci fəsil
Page 3 of 3 · 67%
… Nurəddin qəzetlərin dördüncü səhifələrini nəzərdən keçirib kənara itələyərkən konverti gördü, götürüb baxdı. Təəccüb içində zərfin qırağını cırdı. «Elə bir bu qalmışdı! Mürşüd mənə məktub yazıb?»
Mürşüdün məktubu: «Bilirəm, sənə məktub yazdığımı biləndə çox təəccüblənəcəksən, ata!»
Nurəddinin ürəyi: «Yox, bir təəccüblənməyim də. Axşamacan gözümün qabağında evdə də, işdə də yanımda olan oğlum, mənə məktubla müraciət eləyir.»
Mürşüdün məktubu: «Təəccüb eləmə, ata. Bunun bir çox səbəbi var, bircəciyini qeyd eləyəcəyəm, özün inanacaqsan ki, mən haqlıyam!»
Nurəddinin ürəyi: «Elə, elə, görüm nədi o səbəblər?»
Mürşüdün məktubu: «Mən ağlım kəsəndən bəri belə görmüşəm, belə müşahidə eləmişəm ki, hər hansı vacib bir məsələ barədə səninlə heç kəs üzbəsurət oturub söhbət eləmək, dərdləşmək, məsləhət almaq, məsləhət vermək səadətinə nail olmayıb. Söz deyən peşiman olub. Çünki səninlə normal şəkildə danışmaq əsla mümkün deyil, ata. Səndə tərəf müqabili axıra qədər dinləmək hövsələsi və mən deyərdim ki (bu sözə görə üzr istəyirəm səndən) qabiliyyəti yoxdur, ata. Bu, bir insan kimi sənin çox böyük nöqsanındır. Tərifləri hardasa yenə dinləyə bilirsən, ancaq sənin bu və ya digər nöqsanın haqqında deyilən ən cüzi bir fikir belə səni hövsələdən çıxarır, heç özün də bilmədən aləmi qatırsan bir-birinə, səni istəyərək, xeyirxahlıqla, nəticə etibarilə xeyrinə danışan adama düşmən gözü ilə baxırsan. Və buna görə də, səni tanıyanlardan heç kəs, daha belə söhbətlərə girişmək istəmir, «nəyimə lazım, özü bilir neyləyir!» -– deyib yaxasını kənara çəkir. Bəlkə də mənim də bu sözləri sənə deməyə ixtiyarım yoxdur. Bəlkə mən də sənin acığına gələcəyəm – ancaq mən çox düşünüb-daşınandan sonra bu qərara gəldim ki, məni narahat eləyən bəzi məsələləri sənin nəzərinə çatdırım – çünki mən yad adam deyiləm, sənin doğmaca oğlunam və buna görə, sənin taleyinə biganə qala bilmərəm, ata! Sənin taleyin elə hardasa mənim də taleyimdi, ata!»
Nurəddinin ürəyi: «Əcəb oğulsan. Çörəyim gözündən gəlsin. Hə, de görək nə deyirsən, de! Sənin taleyin, mənim taleyim…»
Mürşüdün məktubu: «Sən indi cavan deyilsən, sənin yaşın altmışı artıq adlayıb. Bu yaş elə yaşdı ki, keçilən ömür yoluna yekun vurmaq, yarımçıq işlərin əl-ayağını yığmaq vaxtı-vədəsidir. Bu yaşda keçmişi yox, sabahı düşünmək lazımdı, səndən sonra qalanları düşünmək lazımdı. İşdə sənin səhv eləmək ixtiyarın yoxdu, ata. Ancaq mən sənə fikir verirəm – görürəm yanlış yoldasan, tutduğun işlər, əməllərin sənə başucalığı gətirməyəcək deyəsən. Sənin nə qədər ki, vəzifən yox idi, bu nöqsanların ev, şöbə miqyasında bilinirdi, çölə-bayıra o qədər çıxmırdı. Ancaq sən direktor olandan sonra, bir pillə ucaldığın üçün, hər yerdən görünürsən. Daha səni gizləmək mümkün deyil. Ona görə, bu yüksək məqamda sən elə yaşamalısan, dayanmalısan ki, səndən ağız-dodaq büzə-büzə danışmasın adamlar. Hamı indi səninlə Aslanzadəni müqayisə eləyir – o yaxşı direktor olub, yaxşı alim olub, yaxşı insan olub. Kollektivin atası olub – laborant da, doktor da ondan ağız dolusu danışar. Onun xəstələnməyini hamı böyük bir itki hesab edir… Kollektiv gecə-gündüz onun yanındadı. Amma sən… sənin institutda zərrəcə hörmətin yoxdu, ata. El gözü ən dəqiq tərəzidi. Sən direktor olandan sonra, o böyük kollektivin içində qəlbinə toxunmadığın, incitmədiyin adam barmaqla sayıla bilər. Onlar da sənin məddahlarındı, dırnaqarası dostlarındı. Beş-üç nəfərə söykənib, arxalanıb bütöv bir kollektivə qarşı çıxmaq, hamını təhqir etmək, hamını qorxu hissi altında saxlamaq ağıllı adamın tutduğu yol deyil, ata…
Sən gələndən sonra institutu onlarla yaxşı alim tərk eləyib gedib. Əvəzində kimləri götürmüsən? Nazir uşaqlarını, vəzifəli adamların övladlarını… Onların alim olması üçün uzun-uzun illər lazımdı… Sən onların başını sığallayırsan – çünki ataları, dayıları var. Yəni düşünürsən ki, onlar hardasa sənə dayaq ola bilər, arxa ola bilər. Amma işdən çıxartdıqların kimlərdi? Kimsəsiz adamlar. Əzizin heç kəsi yoxdu, Rənanın heç kəsi yoxdu. Əziz iki ildi işsizdi. Düzdü, ona başqa işlər təklif edirlər – ancaq o, getmir. Niyə? Ona görə ki, o, ixtisasını dəyişmək istəmir. Niyə də dəyişsin?! Dolanışığı pisdi onun. Adamın yazığı gəlir ona. Mən, sənin oğlun onu görəndə başımı soxmağa yer axtarıram, ata. Sənin xəbərin yoxdu ki, mən hər ay öz maaşımdan ona əlli manat pul verirəm. Götürmək istəmir, məcburdur – ancaq dost kimi yalvarıram, yaxarıram, borc verdiyimi deyirəm, sonra götürür. Sən heç düşünürsənmi ki, neyləyirsən? O kimdən pis işləyirdi. Əsər yazıb, yenə yazacaqdı. Amma sən kimlərinsə sözü ilə onu işdən qovdun. Prokuratura onun haqsız olaraq işdən azad edildiyini qeyd edir və işinə bərpa olunmasını tələb edir. Sən prokuraturanın da qərarını yerinə yetirə bilmirsən. Çünki onun yerinə öz dostunun oğlunu götürmüsən.
Xəzəri iki ildi ki, müdafiəyə buraxmırsan. Nə var, nə var, atası səni tənqid eləyib. Bir fikirləş ki, sabah sənə görə sənin də övladlarının «başını kəsən» oğullar tapıla bilər. Xəzər istedadlıdı. O, artıq doktorluğunu da yazıb qurtarıb. Sən isə deyirsən – mən işləyən adamı sevirəm. Belə çıxır bu, yaxşıdı, ata. Sən bir kadrı da – böyük gələcəyi olan bir kadrı da beləcə itirirsən.
Sən artıq heç nə yaza bilmirsən. Özünü tərcümə sahəsinə vermisən. Yaza bilməyəndə qələmi yerə qoymaq özü də bir kişilikdi. Sən isə… onun-bunun ürəyinin, beyninin, yuxusuz gecələrinin məhsulu olan yazıların üstünə heç bir vicdan əzabı çəkmədən öz imzanı qoyursan. Sən İltifatla əsər yazmısan? Qəzetdə ikinizin imzası ilə məqalə çıxmışdı. Özü də birinci sənin adın idi. Sənin adın, şöhrətin İltifat kimi şöhrətpərəst adama lazımdı – amma o, sənin nəyinə lazımdı?! Sənin sahən deyil. Hə, düşünürsən ki, təki qoy hamı sənin ensiklopedik alim olduğunu söyləsin, hə?! Bunun sabahını düşün, ata.
Sonra, camaat səninlə Şərifə məsələsini müzakirə edir. Bu yaşda özünü bədnam eləməkmi istəyirsən? Qov getsin onu, ondan alim olan deyil. Amma qova bilməzsən, çünki atası böyük bir nazirliyin məsul işçisidir… Qorxursan ondan!»
Nurəddinin ürəyi: «Ay küçük, sən bunları hardan bilirsən?»
Mürşüdün məktubu: «Mən hər şeyi bilirəm, ata. Camaat danışır. Sən gec-tez bədnam olacaqsan. Mənim borcum idi sənə deyim bunları!»
Nurəddin qalxıb gəzindi, Mürşüdün otağının qapısını itələyib açdı. Yox idi. Dilxor-dilxor siqaret yandırdı. Var-gəl eləməyə başladı: «Düşmən ocaq başında imiş».
Bu vaxt Mürşüd gəldi. O, qapı ağzında tərs-tərs oğlunu süzdü və qəzəbindən özünü saxlaya bilməyib:
− O nədi, yazmısan, axmaq! – dedi. Mürşüd atasına qorxu içində nəzər yetirib dinmədi. – Yəni deyirsən indi mən də sənə məktubla cavab verim? Dilin yoxdu?
− Məktubdu da… Belə məsləhət bilmişəm…
− Qələt eləmisən, belə məsləhət bilmisən.
− Elə bu sözləri eşitməmək üçün məktub yazmışdım, ata
– deyib öz otağına keçdi və qapını ardınca örtdü.
Nurəddin yerindəcə donub qaldı…
Birinci hissənin sonu
Bakı, 1985-1989
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-on-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Birinci hissə, on ikinci fəsil– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:
Birinci hissə, on üçüncü fəsilDünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:
Poems by other poets
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Cəfayi yarə səbr etmək tükənməz bir səadətdirCəfayi yarə səbr etmək tükənməz bir səadətdir!Olursa əksinə, ey mah, tələt bil ədavətdir!
Ey hymdəmim, səni qanə qərq elərEy həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,