Birinci hissə, səkkizinci fəsil
Page 2 of 3 · 33%
− O barədə danışmayaq daha, Böyük. Dur, zəhmət olmasa, o nəfəsliyi aç, ürəyim nə isə sıxılır…
Kiçik xanım nəfəsliyi açdı, içəri təmiz, dəniz təmi qarışıq may havası axdı. Aslan acgözlüklə o havanı ciyərlərinə çəkib «oxxay» – dedi… Sifəti açıldı bircə anda…
Kiçik xanımı fikir götürdü: «Bu nə təzə söhbətdi. Niyə Nurəddindən onun acığı gəlir? Axı… araları yaxşı idi. Axı Aslan Nurəddinə olmazın yaxşılıqlar eləyib vaxtilə. Kiçik xanımın yadındadı: Nə qədər ki, namizədlik müdafiə eləməmişdi, həftə səkkiz, mən doqquz o, Aslanın yanında olardı. Kabinetdə saatlarla oturardı, söhbət edərdilər. Kitab apaprardı Nurəddin Aslanın kitabxanasından. Kiçik xanım çay verərdi, bəzən xörək yedirtməmiş buraxmazdı. Sonralar seyrək-seyrək gəldi. Doktor olandan sonra ayağı tamam kəsildi Nurəddinin. Bir də son dəfə, dörd-beş il bundan qabaq, akademik seçiləndə gəlmişdi. Aslandan onun xeyrinə səs verməyi xahiş edirdi. Aslan çay içə-içə, qayğılı bir tərzdə:
− Biz akademik seçiləndə belə şeylər yox idi, Nurəddin?
– dedikdə Nurəddin yanıqlı-yanıqlı söyləmişdi:
− Eh, Aslan müəllim, onda zəmanə başqa idi. İndi, akademik olmaq istəyən, gərək bax, belə, mənim kimi, qapı-qapı gəzsin, ağız açsın, xahiş eləsin… Bir buna bax, - deyə Nurəddin döş cibindən bir kağız çıxartmışdı, çəkilmiş cədvəli ona göstərmişdi. Kimlər səs verəcəkdi, kimlər poza bilərdi, kimlər bitərəf qala bilərdi prezidiumun üzvlərindən, akademiklərdən, müxbir üzvlərdən.
Aslanzadə cədvələ baxıb:
− Əməlli-başlı krassvorddu ki, bu! – demişdi.
− Hamısını görmüşəm. Təkcə siz qalmışdınız. Siz də səs versəniz, bir səslə seçilmiş olaram…
− Neçə yer verilib?
− Bir.
− Konkurentin çoxdu?
− Bir nəfər var…
− Kimdi o?
Nurəddin konkurentinin adını demək istəməmişdi. Çünki desəydi, Aslanzadənin fikri haçalana bilərdi.
− Kimdi konkurentin, Nurəddin? – Aslan ikinci dəfə soruşanda, Nurəddin çarəsiz qalıb?
− Yusifdi, professor – söyləmişdi.
− Ha – deyə Aslanzadənin gözləri yol çəkmişdi. – Öz aramızdı, o, yaxşı alimdi, Nurəddin. Çox ağıllı və müdrik alimdi. Elmi məhsulu da səninkindən çoxdu – bir ora bax. – Aslan divarlar boyu, tavana qədər düzülmüş kitab şkaflarından birinə elə oturduğu yerdə işarə eləmişdi. – Yeddi dənə kitabı yan-yana düzülüb Yusifin. Məndə olanı yeddidi. Bir neçə kitabını kimsə aparıb məndən. Sənin isə, cəmi bir kitabın çıxıb, Nurəddin…
Aslanzadə Yusifdən belə vəcdlə danışanda Nurəddinin qara sifəti bir az da qaralıb boğulmuşdu, pərtliyini gizlətmək üçün siqaret yandırmışdı. Aslan sözünü demişdi:
− Mənə qalarsa, yer onundu, Nurəddin!
− Hə?
− Hə də, həqiqət naminə!
Nurəddin: «Zalım oğlu məndən qabaq gəlib, kişinin saqqızını oğurlayıb» – düşündü.
− O gəlmişdi bura?
− Kim? Yusif?
− Yox. Niyə gəlməliydi ki?..
− Heç, elə belə… Ancaq bu dəfə mən keçməliyəm, professor. Yoldaşların hamısının fikri belədi. Yusif yox, mən seçilməliyəm akademik!..
Aslanzadə uşaq kimi gülümsəmişdi:
− Niyə axı?
− Bilmirsiniz?.. Bilməmiş olmazsınız. Prezidentin onu görən gözü yoxdu. Bu isə, hər şey deməkdi.
− Hə, belə de!!! İntriqa bura da, bu müqəddəs elm ocağına da gəlib çıxıb! Hayıf elmimizdən…
Kiçik xanım indiki kimi xatırlayırdı. Həmən il, aprel ayında Nurəddin akademik seçilmişdi. Səs çoxluğu ilə. Yusif hələ də akademik deyildi. Yadındaydı ki, Aslan o zaman çox əsəbləşmişdi, evə-eşiyə sığışmırdı, siqareti-siqaretin oduna yandırırdı. «Belə də şey olar?.. Belə də şey olar?» – deyə-deyə iri zalda o baş-bu başa gedib gəlirdi – Adamlarda obyektivlik hissi korşalıb, subyektivizm baş alıb gedir. Yusif kimi alim kənarda qaldı…» Aslan bircə şeylə özünə təskinlik vermişdi ki, o, Nurəddinə səs verməmişdi. Amma nə olsun, bunun nə xeyri olmuşdu – yenə o seçilmişdi. Bundan sonra Nurəddin Aslanzadəgildən tamam-kamal ayağını kəsmişdi və üstəlik hələ orda-burda danışırdı ki, Aslanzadə guya istəmirmiş institutda özündən sonra ikinci bir akademik olsun. Gözü götürmürmüş guya. Bu söhbətləri gətirib Aslana çatdırırdılar və o, Nurəddinin belə kiçik hisslərlə yaşadığına təəssüf eləyirdi.
Bütün bunları Kiçik xanım bilirdi − çünki Aslan hər axşam evə gələndə gündüz kimlərlə görüşdüyünü, nə iş gördüyünü – bir sözlə bitdən-sirkəyə hər şeyi arvadına danışmağı xoşlayırdı. O qədər danışmışdı ki, Kiçik xanım az qala bütün institut əməkdaşlarını, böyükdən-kiçiyə bütün akademiya adamlarını Aslanın özü qədər tanıyırdı. Hər kəsdən, hər şeydən xəbəri vardı. Ayrı yerə düşəndə, o, akademiyadan elə şirin və dəqiq məlumatlarla söhbətə qoşulurdu ki, elə bilirdin o da akademiyada işləyir. Ona görə, ərinin «Nurəddin bura gəlməsin!»
– deməsi, əvvəlcə anlaşılmaz görünsə də, bir az fikirləşib bunun səbəblərini tapmışdı:
− Hə, indi başa düşdüm. – Xeyli sükutdan sonra Kiçik xanım yenə Nurəddin məsələsinin üstünə qayıtmışdı. – Bilirsən, Nurəddinin səndən acığı gəlir, kişi. Çünki o vaxt, o, akademik seçiləndə sən ona səs verməmişdin. Nə oldu, sən səs vermədin, o akademik seçilmədi?
− Axı bəs… vicdan da var axı, Kiçik? – Aslan bu söhbətin təzələnməsindən narazı halda, bir az da əsəbiliklə söylədi – haqq var, ədalət var axı, Kiçik.
− Haqqı, ədaləti gözləmək elə təkcə sənin boyuna biçilib?
Kiçik xanım gördü ki, Aslan sifətini qırışdırıb başını yana
– pəncərəyə sarı çevirdi, daha heç nə söyləmədi. Hiss eləyirdi ki, kişi əsəbləşir. Otağa sükut çökdü. Kiçik xanım ayaqlarının ağrıdığını, yorulduğunu duyub çarpayıya uzandı, gözlərini tavana zillədi. Fikri yenə Aslanın səhhəti üstünə gəldi. «Bircə tez sağalaydı, ay allah. Tikəmiz ovsanaya düşüb – ölə də bilərmiş… Qansızma kiçik olub, çox kiçik olub. Gözün beyinlə əlaqəli xırda kapilyarlarına qan axıb. Ola bilər Aslanın gözləri heç açılmasın – açıla da bilər, amma. Buna isə güman azdı. Həkim
– məşhur göz həkimi, Filatovun tələbəsi Məhərrəm Novruzov belə deyirdi… - O qanı oradan çəkmək mümkün deyil. Ya öz-özünə çəkilib gedəcək, ya da qalacaq. Çəkilib getməyi – işıq deməkdi, dünya deməkdi. Qalmağı – korluq deməkdi, zülmət deməkdi, ev dustağı olmaq deməkdi.» Kiçik xanım tez-tez üzdə ərinə təsəlli versə də, ürəyində qan ağlayırdı, Aslanın gələcək həyatını düşünüb dəhşətə gəlirdi.
Aslan isə tezliklə sağalacağına, gözlərinin açılacağına bir uşaq sadəlövhlüyü ilə inanırdı. Fikri-zikri stolunun üstündə yarımçıq qalmış əlyazmasının yanında olurdu həmişə. Qırx il yazmışdı, qırx il qələm çalmışdı – ömrünü şam kimi əritmişdi miz arxasında. Mənasız yaşamamışdı və bu, onun üçün ən böyük təsəlli idi. Cild-cild kitabları onun əbədi yaşaması üçün etibarlı pasport idi – gələcək nəsillər üçün görüşə, söhbətə getməyə icazə verən, zəhmətlə, alın tərilə imzalanıb möhürlənmiş tutarlı sənəd idi. Ancaq bircə nisgili vardı – bu son kitabı da qurtarsın. Bu, onun şah əsəri olacaqdı. Bircə ona görə kimdənsə möhlət istəyirdi Aslan. «Ömür niyə belə azdı, görəsən?.. Axı niyə belə azdı?» – bu sual beynində dolanır, dilinin ucunda ilişib qalırdı – dilə gətirməyin mənası da yox idi – çünki bu suala cavab verə biləcək bir insan, bir varlıq tanımırdı Aslan. Hardansa Orxan gəlib yadına düşdü: «O yazıq lap cavan öldü – sözü ürəyində getdi. Dünya belədi – dünya belə qurulub ki, insanlar bir-birinə baxıb təsəlli tapa-tapa yaşayırlar. Mən cavan ölmüş Orxana baxıb təsəlli tapıram. Orxan da yəqin heç nə yazmadan, özündən sonra heç bir yadigar qoymadan köçüb gedənlərə baxıb təsəlli alıb son anında…»
− Kiçik! – Aslanın hirsi soyuyandan sonra səsləndi.
− Hə, nədi, Aslan?..
_ Yatmamısan ki!..
− Yox… Nə istəyirsən?..
Aslan köks ötürdü:
− O gün Gülmirə Orxanın kitabını gətirmişdi ha.
− Hə.
− Onu hara qoymusan?
− Burdadı. Necə məgər?
− Onu tap, ordan bir-iki şer oxu mənə. Nədənsə Orxan gəlib yadıma düşdü – sözünü eşitmək istəyirəm. Seçmə, elə hardan gəldi, oxu.
− Bu dəqiqə.
Kiçik xanım tumbuçkanın üstündəki kitabların, qəzetlərin arasından Orxanın kitabını axtarıb tapdı və ürəyində niyyət elədi ki, qarasına açacaq, sağ səhifədəki şeri oxuyacaq. Allah eləsin yaxşı sözlər olsun. Kitabı açdı, yüzüncü səhifə, sağ tərəf. «Ömrüm». Ürəyi çırpına-çırpına:
− Qulaq asırsan, Aslan! – söylədi.
− Hə, eşidirəm.
Kiçik xanım başladı:
Əsir asta-asta səmum yelləri,
Dönür yavaş-yavaş xəzana ömrüm.
Qəm-qüssə çox, fərəh, şadlıq, sevinc az,
Gəldin dərd əlindən cəzana, ömrüm.
İnsan xislətinə heyranam özüm,
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.
Dördüncü hissə, yeddinci fəsilİsti iyul ayının ikinci yarsının ikinci günü məmləkətə heç kəsin ağlına gəlməyən, çoxlarının gizli arzusu olan, ancaq kimsəyə etibar edib demədiyi bir xəbər ildırım sürətilə yayıldı: «Əlahəzrətin taxt-tacı devrilmişdir. Şahlıq-üsulu-idarəsi ləğv edilmişdir. Əfqanıstan respublika olmuşdur. Əlahəzrətin doğma bacısı oğlu Sərdar Məhəmməd məmləkətin rəisi-cümhurudur. O Sərdar Məhəmməd ki, düz on il baş nazir olub.»Bu xəbər bütün məmləkəti silkələmişdi. Uşaq da, böyük də sevinirdi. Sevinməyənlər də vardı, təbii ki, Əlahəzrəti sevənlər, onu allahın kölgəsi hesab edənlər, uşağının adını əlahəzrətin adıyla çağıranlar sevinmirdi, təbii ki! Dostları, övladları qohum-əqrəbası yas içində idi.
Dördüncü hissə, səkkizinci fəsilHava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Dördüncü hissə, doqquzuncu fəsilƏfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
Poems by other poets
Dostlar, sizdən ayrılandaMən özümdən ayrılıram.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər