Birinci hissə, üçüncü fəsil
Nadirə xanım maqnitafon lentində Ceyhunun Reyhan adlı bir qadınla danışığı həkk olunmuş parçanı axırıncı dəfə dinləyən kimi mayor Hacı Əliyevə zəng eləyəndən yarım saat keçməmiş, o, özünü yetirmişdi. Nadirə əzgin, kədərli vəziyyətdə Hacını qarşılamış, içəri, Ceyhunun otağına dəvət eləmiş, mayor da keçib xırda stulda oturmuş, dər-divarı Ceyhunun şəkilləri ilə bəzənmiş otağa göz gəzdirib Nadirənin - aman-zaman bir balasını itirmiş bu ananın halına yanmışdı, qəlbən yanmışdı. Və hardasa, ürəyinin dərinliklərində Ceyhunu qətlə yetirən o vicdansızı indiyə qədər tapa bilmədiyinə görə özündən narazı qalmışdı. Nadirənin kədərli gözlərinə baxmağa da utanırdı Hacı. Nadirə xanım isə ona sual dolu baxışlarını zilləmişdi, ondan nə isə yeni bir məlumat eşidəcəyi ümidini hələ itirməmişdi. Hacı isə divardakı şəkillərə tamaşa edirdi. Nadirə xanım axırı dözməyib soruşdu:
− İşdən təzə nə xəbər var, Hacı qardaş?
Hacı nəzərlərini divarlardan yığıb günahkar uşaq kimi çiyinlərini çəkərək:
− Hələ əsaslı bir şey yoxdu, Nadirə xanım – dedi. – Axtarış davam edir. Ancaq çox təəssüf ki, indiyə qədər tutarlı bir ilişik nöqtəsi tapmamışıq. Bu, mənim fəaliyyətimdə ən dolaşıq və düyünlü bir iş oldu. Rəisimiz də hər gün soruşur.
Nadirə köksünü ötürüb:
− Mənim günahsız oğlum torpağın altında çürüyür, qatili-sə arın-arxayın azadlıqda gəzir və kim bilir, bəlkə yeni cinayətlər də törədir - söylədi.
− Hə, təəssüf ki, elədir, Siz haqlısınız, Nadirə xanım – deyərək Hacı söhbəti dəyişmək, konkretləşdirmək istədi. – Siz… deyirsiniz lent tapıbsınız… Hanı o lent?
Nadirə maqnitafona işarə elədi.
− Burdadı.
− Zəhmət olmasa, onu səsləndirin.
Nadirə düyməni basdı. Təmiz, aydın yazılmışdı söhbət:
« – Ya nesçastnaya jenşina, Djek».
« – Ya tebya sdelayu sçastlivoy, doroqaya. Tı tolko lyubi menya».
« − Ya tebya oçen lyublu. Vseqda budu lyubit, Malış. Tı moy xoroşiy, tı moy silnıy, Malış».
« − Ya tebya obajayu, Reyxan».
Lent xırıldayıb susdu. Hacı vəchlə ayağa qalxıb:
− Hə, bu çox yaxşıdır. Yəni bu lentin tapılmağı çox yaxşıdı, Nadirə xanım. Demək, bu oğru işi deyil. Oğru variantını silib atmaq lazımdır. Bu, qəsdən qadın üstündə edilmiş bir qətldir. – dedi və əllərini cibinə qoyub otaqda gəzindi, yenidən şəkillərə baxmağa başladı. Sanki Ceyhunla şəkil çəkdirmiş adamlar arasında o qadını axtarırdı. Tərs kimi onların arasında da elə cavan qadın gözə dəymirdi.
− Demək, qadının adı Reyhandır.
O gəlib mizin arxasına keçdi, dəri qovluğun içindəki kağızları açıb vərəqləyəndən sonra Reyhanın adını yazdı. Başını qaldırıb Nadirəyə baxdı:
− Tanışlarınızın, bu evə gəlib gedənlərin arasında elə bir qadın xatırlamırsınız, Nadirə xanım?
− Yox. Bizə elə adam gəlməyib. Ancaq var belə bir qadın. Odur zəng eləyib susan.
− Nə vaxtlar zəng edir?
− Vaxtını dəqiq bilmirəm. Biz gündüzlər evdə olmuruq. Ancaq üç-dörd dəfə axşamlar da zəng edib, di gəl ki, səsini çıxarmayıb.
− Deməli belə. – Hacı fikrə getdi və az sonra əlavə elədi.
– Demək, əgər zəng eləyirsə, Ceyhunun ölümündən onun xəbəri yoxdu. Başqa adam öldürüb Ceyhunu. Yoxsa o qadın Ceyhunun yoxluğunu bilə-bilə, daha bura niyə zəng çalırdı?
− Hə də… Mən də elə fikirləşirəm, o kimdirsə, Ceyhunu axtarır.
− Bəli. Siz … mənim tapşırığımı unutmamısınız ki?
Nadirə qaşlarını çatdı:
− Hansı tapşırığınızı, Hacı qardaş?
− Siz demişdiniz ki, parçalarınızı, üzüklərinizi, sırğalarınızı da aparıblar, elə deyil?
− Hə.
− Mən demişdim ki, küçədə, bazarda, avtobusda, trolleybusda diqqətli olun, bəlkə birinin əynində, barmağında, boyun-boğazında o şeylərdən birini tanıya bildiniz!
− Baxıram. Ancaq heç nə gözümə dəymir. Bir də onlardan ancaq iki şeyi görsəm, tanıyaram.
− Nədi onlar?
− Biri – üzükdü. Təkqaşlı brilyant üzükdü. Rəhmətlik anamdan yadigar qalmışdı. Atam onu ailə quranda mənə bağışlamışdı.
− Onu nədən tanıyarsınız ki?
− Qızılından və qaşından. Qızılı ağ təhərdi, indi elə qızıllar yoxdur. Nazikdi həlqəsi, çox nazikdi. Brilyantının da içində kiçik, lap kiçik, iynə ucu boyda qara bir nöqtə var. Xüsusi diqqətlə baxmasan, görə bilməzsən.
− Yaxşı detallardı. Qoy bunları qeyd eləyim. − Hacı yazdı. – Bəs ikincisi nədi, Nadirə xanım?
− İkincisi bir yapon parçasıdı. Nazik, qırmızı ipəkdi. Yaponiyadan gətirmişdim. Ceyhunumun nişanlısı üçün saxlamışdım. Özü də bilirdi. – Bu sözləri deyəndə o, qeyri-iradi doluxsundu.
Hacı Nadirənin nəmlənən gözlərinə baxmamaq üçün başını aşağı salıb kağıza təzədən nə isə qeyd elədi. Nadirə titrək səslə davam etdi. Qalan şeylərin elə xüsusi bir əlaməti yoxdu. Onlardan hər kəsdə ola bilər.
− Elə bu ikisi də kifayətdi, Nadirə xanım. Bunlardan biri ələ keçsə, bəsimizdi. Çünki onu qüvvətləndirəcək başqa bir dəlil də var əlimizdə.
− Nədir ki, o?
− O lentdəki səsdi, Nadirə xanım. İndi, təzəliklə işimizdə səs ekspertizasından da istifadə etməyə başlamışıq. Səs – barmaq cizgiləri kimi inkaredilməz dəlildi.
− Barmaq cizgiləri bir-birinə oxşaya bilməz – bunu mən də bilirəm. Ancaq səs… səs oxşayır axı! Məsələn, mən ana-bala tanıyıram – bizim dostumuzdular – səsləri bir-birinə elə oxşayır ki, çox vaxt telefonda qarışdırıram.
− Ola bilər, Ancaq hər səsin özünə görə çaları və fərdi xüsusiyyəti vardır – Nə qədər oxşar olsalar da, bir məqamda, bir nöqtədə ayrılırlar, fərqlənirlər, Nadirə xanım. Odur ki, siz bu lenti yaxşı saxlayın, o, bizə lazım olacaq…
Nadirə heç nə demədi, başını yana əyib məlul-məlul Hacının üzünə baxdı. Hacı söhbətin bitdiyini bildirmək üçün ayağa qalxıb qovluğunu bağladı və indi yadına düşürmüş kimi:
− Bəs professor hardadı? – deyə soruşdu.
− Bağa gedib!
− Əhvalı necədi kişinin?
− Eh, necə olacaq? Nə özünü bilir, nə sözünü bilir. Yaxşı ki, o bağ varmış, yoxsa bağrı çatlardı. Əvvəllər key kimi idi – elə bilirdin heç bunun oğlu ölməyib. Amma vaxt keçdikcə yara göynədir, soyuduqca ağrısı daha da çoxalır…
− Böyük müsibətdi, Nadirə xanım. Yenə səbrli olmaq lazımdır. Gələndə məndən ona salam deyin, xahiş edirəm. Nədənsə o kişi mənim yaman xoşuma gəlib – mərd adama oxşayır…
Nadirə qəmli-qəmli gülümsünüb heç nə söyləmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.
Birinci hissə, dördüncü fəsilSən demə, Nəzər özünü Zakirənin yanında sındırmaq istəmirmiş. Onun özündən başqa yəqin heç kəs heç vaxt bilməzdi və bilməyəcəkdi də ki, bu təqaüd əhvalatını eşidəndə nə hala düşmüşdü– elə bil qəlbində nə isə çox qiymətli və əziz bir şey qəfildən əsən tufanınmı, küləyinmi təsiri ilə daşa-qayaya dəyib çilik-çilik olmuşdu; sevinc içində göylərdə uçan o, birdən-birə qanadı qırılmış quş kimi, başı üstə yerə gəlmişdi. Qəribə idi ki, torpaq da ayağı altından qaçırdı elə bil.
Birinci hissə, beşinci fəsil...Canəli bəyin əlindən bütün kənd camaatı tük salardı. Bəy, adamların təkcə malının, mülkünün ağası deyildi, həm də canının sahibi idi, az-çox xoşbəxt olan vardısa, bəy idi onun səbəbkarı. Bədbəxt olanın da bədbəxtliyinin səbəbkarı o idi. Camaat yuxarıda, göylərdə, gözəgörünməz Allahdan, aşağıda, torpaq üstündə isə ancaq Canəli bəydən qorxub çəkinərdi. Uzunsifət, sallaqbığ, sür qaragül dəridən şüş qarapapaq qoyub, vəzinəli çuxa geyən, zəhmli Canəli bəyin hökm-fərmanlığı o əndazəyə gəlib çatmışdı ki, kimin ixtiyarı nəydi onun razılığı olmadan evlənəydi, ya qız ərə verəydi. Özü evlənən, oğul evləndirmək istəyən adam, gərək əvvəlcə (əlbəttə, qız evi ilə gizli dil tapandan sonra) boynu zınqırovlu bir qara qoçu (qoç mütləq qara olmalıydı, çünki bəyin qara qoçdan, qara atdan xoşu gəlirdi və bunu artıq kənd adamları yaxşı bilirdi) qabağına qataydı, çəkinə-çəkinə bəyin kənddə yeganə olan ikimərtəbəli evinin qabağına gələydi, işarə ilə nökər Kərimi çağırıb, onun da ovcuna bir şey — şirinlik basıb içəri sifariş göndərəydi, bəydən icazə alandan sonra həyətə keçib, adətən ikinci mərtəbədə, öz otağında, ya da eyvanda əyləşib təsbeh çevirə-çevirə çay içən kişinin hüzurunda əli sinəsində dayanaraq mətləbini ərz eləyəydi. Bəy də mütəkkəyə dirsəklənmiş halda:– Xub, xub, — deyəydi, bığlarını sol əlinin arxasıyla sığallaya-sığallaya, — Hm, nə olar, nə olar. Bir qız bir oğlanındı. Bizim borcumuz cavanlara kömək eləməkdi, yol göstərməkdi. Mən... etiraz eləmirəm, mübarəkdi, — söyləyəydi.
Birinci hissə, altıncı fəsilBu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü