Page 2 of 2 · 50%

– Orxan sənə də, Gülalı demişkən, bir balaca çəkib,— dedi. Professor inanmaq istəmədi:

– Elə şey olmaz!

– Canım üçün!

Cavab professoru silkələdi, o, əl atıb qəzeti arvadından aldı:

– Hanı, hanı?

Nadirə barmağı ilə üçüncü sütunun əvvəlinə işarə etdi:

– Bax, burdan oxu.

Salman qəzeti tələsik alaraq gözlərinə yenicə yaxınlaşdırmışdı ki, ara qapının ağzında dayanmış Sədəf bacısını çağırdı:

– Daha bir işin yoxsa, mən gedim, Nadirə! Gecə keçir, Rəhim də təkdi.

– Heç bir işim yoxdur, get bacı. Çox sağ ol, — deyə Nadirə Sədəfin zənbilini mıxçadan götürüb ona verdi.

Sədəf zənbili götürəndə hiss elədi ki, ağırdı. O dəqiqə ürəyinə gəldi ki, Nadirə yenə həmişə olduğu kimi, onun üçün nə isə qoyub: ət, kartof, soğan.

Ürəyini üzüntü-sıxıntı bürüdü. Dayandı. Nadirənin mərhəmət və şəfqətlə parlayan gözlərinə sözlü adam kimi baxdı, baxdı. Nadirə bacısının halındakı dəyişikliyi duydu.

– Sənə nə olub, Sədəf — deyə qapı ağzında bacısından xəbər aldı. — Niyə tutulmusan?

– Heç...nə... heç...nə...— deyə Sədəf gözlərini dolandırıb qonşunun qapısına nəzər saldı və pillələri səssiz-səmirsiz, kölgə kimi enməyə başladı.

Nadirə geri qayıtdı, — Salmanın yanına. Salman ayağa durmuşdu, qəzeti əzib döşəməyə atmışdı; gəzinir, papiros çəkirdi. Ceyhun təəccüblə atasına baxdı.

– Haramzada!—Salman açıldı. —Görürsən, bu çörəyi dizinin üstündə olanı. Kül başına, ay Salman, gör nə günə qalmısan ki, dünən yumurtadan çıxan cücə sənə cip-cip öyrədir.

– Sakit ol, Salman!.. Elmdir bu, belə şeylərdən sarı...

– Qələt eləyir, hər kim də eləsə, gərək Orxan eləməyə idi!..

– O yazıq elə bir şey deməyib axı sənin barəndə.

– Necyə deməyib? Sən də qəribə adamsan! Özün oxudun ki! Necə yəni, «Professor Salman Qurbanzadənin bu barədəki bir sıra fikirləri ilə razılaşmaq mümkün deyil!» Mümkün deyil, ha! Bunun ədasına bax, yazısına bax...

– Sən nahaq yerə bu qədər hövsələsizlik eləyirsən.

– Hövsələdən çıxmayım, neyləyim? Mənim öz aspirantım, öz tələbəmdir axı o! Gözündən gəlsin ona çəkdiyim zəhmətlər, gözündən gəlsin! Başqası desəydi məni yandırmazdı, ancaq bu, adamı çalınçarpız yandırır, Nadirə!..

Salman içəridə duruş gətirə bilmədi, elə bil, divarlar üstünə yeriyirdi. O, balkona çıxdı, məhəccərə söykənib aşağı baxdı. Yadına bir şərq hekayəsi düşdü...

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin böyük meydanına çəksinlər, daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o, məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir. Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır.. Vursun, necə vursun, axı onun sevimli müəllimidir. Vurmasın, necə vurmasın, padşah o saat dar ağacından asdıracaqdı. O, çox fikirləşir, axır naəlac qalıb əyilir, yerdən bir qum dənəsi götürüb, yavaşca öz müəlliminə sarı atır. Bu dəm bayaqdan məğrur-məğrur susan o müdrik qoca dəhşətlə elə qışqırır ki, padşah taxtında, adamlar isə meydanda sarsılırlar. Hamı təəccüb eləyir; nə oldu ki, o belə qışqırdı? Padşah əlini qaldırır, meydana sükut çökür.

Padşah yarımcan qocanı yaxına gətirib soruşur ki, ey qoca sənə nə oldu belə qışqırdın? Axı bayaqdan susurdun!..

Qoca əli ilə gözünün üstünü örtən qanı silib deyir:

– Bax, o başını aşağı salıb dayanan adam mənim tələbəmdir. Mən ona otuz il dərs demişəm. Bayaqdan məni tanımayanlar, yaxşılığımı görməyənlər daş atırdılar, dözürdüm. O — mənim sevimli tələbəm isə mənə daş atmadı, qum dənəsi atdı, xırdaca bir qum dənəsi!.. O qum dənəsi mənim ürəyimə dəydi, canımı yandırdı... Məni daş-kəsək öldürməzdi, ancaq, o qum dənəsi öldürəcəkdir!..

Salman indi özünü o qoca alimə oxşadırdı. Orxan — tələbəsi ona «qum dənəsi» atmışdı. Amma qum dənəsi necə də ağrıdırdı!..

Salman hövlnak içəri cumdu:

– Alçaq! Bu saat sənə bir toy tutum ki!..— deyə telefonun üstünə yeridi.

Nadirə həyacanla ayağa qalxıb:

– Salman!— deyə qışqırdı. Onun qolundan tutanda Salman Nadirənin sinəsinə axıb düşdü.

– Salman, Salman, sənə nə oldu? — Cavab gəlmədi.

Nadirə Ceyhunla köməkləşib, onu divana uzatdı. Salman:

—Ürəyim!.. —deyib zarıdı.

– Tez doktor çağır, Ceyhun!

Ceyhun ikinci mərtəbəyə düşdü, birotaqlı mənzildə tək yaşayan həkimə xəbər verdi. Qayıdanda təzə qonşuları — eynəkli arvad qapını aralayıb Ceyhundan soruşdu.

– Nə olub sizdə?

– Heç, atamın ürəyi qısılıb.

O:

– H...ə?! — deyib başını dala çəkdi.

Həkim tez gəldi. Salmanın nəbzini yoxladı, qoluna iynə vurdu, haçandan-haçana kişinin halı yaxşılaşdı.

– Nə üstə əsəbləşib?— deyə həkim soruşdu. Nadirə özünü eşitməzliyə vurdu. Həkim professorun nəbzini əlindən buraxmayaraq: —Siz gərək bunu əsəbləşdirməyəsiniz!— dedi.

– Biz əsəbləşdirmirik, doktor.— Nadirə fikirli-fikirli dilləndi.

– Bəs kim əsəbləşdirir? Ceyhun astaca cavab verdi:

– Qəzetdə tənqid ediblər...

Həkimi gülmək tutdu. Onun gülüşünə Salman da gözünü açdı. Həkim dedi:

– Qardaş, sən hər şey üstə axı niyə dilxor olursan? Hələ de görüm aşağıdan tənqiddi, ya yuxarıdan?

Qonşu həkimin zarafatçıllığına bələd olan Nadirə gülümsündü; onun ən yaxşı dərmanı lətifələr, məzəli söhbətlər idi. Nadirə dedi:

– Aşağıdandı, öz tələbəsidi.

Həkim əlini yellətdi:

– Eh, onda lap boş şeydi, mənim canım üçün. Lap boşdan da boşdu. Bu aşağıdan tənqid, yuxarıdan tənqid əhvalatını bilirsiniz? Yox! Məzəli əhvalatdır, Salman qardaş, lap səninçün deyiblər, mənim canım üçün. Hə, biri dissertasiya yazırmış. Siz məndən yaxşı bilərsiz, indi moddu axı, az qala hər şeydən dissertasiya yazırlar. O kişinin də mövzusu tənqid və özünütənqid məsələsi imiş... Dissertant tənqidin bütün variantlarını öyrənirmiş... Bir gün arvadı soruşur ki, ay kişi, sən ki, bu tənqidnən məşğulsan, de görüm aşağıdan tənqid nədi, yuxarıdan tənqid nədi? Kişi fikrə gedir, sonra izah eləyir, ancaq çox qəliz çıxır, arvad başa düşmür. Kişi naçar qalıb arvada əyani surətdə anlatmaq istəyir. Deyir, arvad, düş aşağı, həyətdən bir daş götür, mənə sarı at, balkona. Arvad elə də eləyir. Balaca bir daş götürüb atır, daş üçüncü mərtəbədən qayıdıb düşür arvadın öz başına. Əri deyir:

– Bax, bu aşağıdan tənqiddi.

Sonra kişi balkondan kibrit qutusunu arvadına sarı atır. O da gedir düz arvadın başına düşür:

– Bax, bu da yuxarıdan tənqiddi!.. Yəni hər iki halda — kötək aşağıdakının başına dəyir.

Onlar güldülər. Həkimin bu söhbəti professorun da könlünü açdı... Bir az sonra divanda uzanmış ərinə baxan Nadirənin ürəyini müdhiş, üzüntülü bir hiss sıxmağa başladı.

Həkim əlini yellətdi:

– Eh, onda heç hirslənməyə dəyməz, sən sevinməlisən, fəxr etməlisən ki, belə tələbə yetişdirmisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.

6 min
Birinci hissə, dördüncü fəsil

Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaqqənşərdə, tramvay yolunun o tərəfində ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə... İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:

10 min
Birinci hissə, beşinci fəsil

Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşək, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda...

3 min
Birinci hissə, altıncı fəsil

Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...

14 min

Poems by other poets