Birinci hissə, on dördüncü fəsil
Page 4 of 5 · 60%
Plaşını çıxartmışdı, yaylığını açmışdı artıq Ceyhun. İndi də əyilib ayaqqabılarını çıxarırdı. Regina xırda, ağ, həyəcandan titrəyən barmaqlarını onun cod saçlarında gəzdirirdi və elə bu anlarda onu, — Ceyhunu əri ilə, sonralar tanış olduğu kişilərlə və xüsusən Salehlə müqayisə eləyirdi ürəyində, nəvaziş eləməyi, əzizləməyi Allah bilir kimdən öyrənmiş «bu uşağı» istəyirdi bağrının başına qoysun. Çünki heç kəs — Reginanın tanıyıb bildiyi kişilərdən heç kim onunla belə rəftar eləməmişdi. İstəməmişdilərmi, bacarmamışdılarmı — bilmirdi. Reginanın ürəyi Ceyhunla doluydu — onunla görüşəndən sonra heç kəsi istəmirdi. Ceyhun qalxdı, bir qolunu boynuna salıb o biri qolu ilə qıçlarının büküyündən yapışdı, «hop» eləyib onu içəri — stol arxasına apardı və stulda əyləşdirdi, Regina səliqə ilə açılmış süfrəyə baxıb gülümsündü:
– Lap min bir gecə nağılındakı kimidi, Cek, sağ ol.
Ceyhun da bəxtəvərliklə güldü:
– Sən mənim şahzadə xanımımsan, Reyhan! — O, Reginaya Reyhan deyirdi. — Heyf, mənim elə imkanım yoxdur. Yoxsa sənin üçün ya dənizin ortasında, yox, dənizin ortasında yox, ona pis adamlar gəmiylə gələ bilərlər, bunu isə mən istəmirəm. Göyün yeddinci qatında bir imarət tikdirərdim, ancaq qadınlardan, qızlardan, qulluqçu-qaravaş qoyardım...
– Bəs niyə ancaq qadınlardan, qızlardan? Kişilərdən yox?
– deyə Regina sarışın-şabalıdı saçlarını səliqəyə sala-sala, bic-bic qımışıb soruşdu.
– Səni kişilərə qısqanıram, Reyhan. Sən gözəlsən, bütün kişilər sənə həvəslə baxırlar, onda mənim ürəyimin başı sökülür. İmkanım olsa, sənə zillənən bütün həris gözləri birdəfəlik çıxardaram, Reyhan. Hayıf, bu qüdrətim yoxdu.
– O, sən çox insafsız imişsən, Cek. Sən gərək sevinəsən ki, sənin Reyhanına hamı, maraqla, məftunluqla baxır... Mənim ərim Abram bundan xüsusi ləzzət alırdı, Cek!
– Ləzzət alırdı?
– Hə. Təsəvvür elə ki, ləzzət alırdı!...
– Məni bağışla... O, kişi deyilmiş. Yaxud səni sevmirmiş, Reyhan.
Reginanın nazik, alınma qaşları çatıldı, fikrə getdi və Ceyhunun parıldayan qara gözlərinə razılıqla baxıb söylədi:
– Düz deyirsən. Cek. O, kişi deyildi, o məni sevmirdi. Ona görə də məni yarı yolda qoyub getdi. Mən kişi olsaydım və özüm kimi bir qadınım olsaydı, nə zülm etsəydi də mənə, onu qoyub getməzdim. Hər şeyi kənara qoyuram, heç olmasa ona görə ki, o, başqa kişilərə qismət olmasın, əldən-ələ düşməsin... O bunu başa düşmədi, qiymətləndirmədi, Cek. Bu, məni yaman yandırır. Deyəsən həmişə yandıracaq.
Ceyhun ona qulaq asa-asa konyak şüşəsini açdı, piyalələri doldurdu, birini onun qarşısına qoydu, o birini özünün və dedi:
– Unut onu getsin, Reyhan. Bir də mənim yanımda onun adını dilinə gətirmə. Yaxşı? Heç kəsin haqqında danışma. Yaxşı? Onda mən özümü pis hiss edirəm, Reyhan.
– O, bu nə gözəldi, Cek.
– Nə, nə gözəldi?
– Sənin belə deməyin! Çox yaxşıdı. Mənə olmazın ləzzət eləyir, Cek! Yaxşı, sən mənə göyün yeddinci qatında imarət tikdirəsi olsan, bütün qulluqçu, qaravaşın da qadınlar olsa... bəs özün necə gəlib-gedərsən yanıma?
– Mən? Mən elə həmişə sənin yanında olaram.
– Deyirsən ora, göyün yeddi qatına heç bir kişi gələ bilməz?
– Yox. Məndən başqa heç kəs!
– Bəs kosmonavtlar? Onlar ki, göyün yolunu su yoluna döndəriblər, maşallah. Biri gedir, biri gəlir. Bəs onlar?
Ceyhun duruxdu:
– Onlar qorxulu deyil, Reyhan!
– Niyə?
– Onlar hava gəmisindən heç yana çıxa bilməzlər. Ona görə də qorxulu deyillər.
Regina onun bu sadəlövlüyünə və məhəbbətinə təəccüb eləsə də, heç nə demədi, piyaləsini qaldırıb:
– Sənin sağlığına içirəm, mənim min bir gecə nağıllarından gəlmiş şahzadəm, — dedi və içdi, şokoladı onun ağzına Ceyhun özü qoydu. Regina şokoladı çeynəyə-çeynəyə davam etdi: — Sən hələ cavansan, demək olar ki, uşaqsan, Cek. Sən həyatın nə demək olduğunu bilmirsən. Onun elə sərt və amansız qanunları var ki, adamı bəzən qılınc kimi kəsir, sındırır, doğrayır. Sən nə görmüsən hələ dünyada, quzum? İç, iç, saxlama. Hə. Bax, belə. Sən içəndə lap gözəl olursan, mənim körpəm. Bax, sən məni çox istəyirsən. Sən məni heç kəsə vermək istəmirsən, hətta göstərməyə belə qıymırsan. Fikrində gah dənizin ortasında, gah göylərin yeddi qatında imarətlər qurursan, məni ora aparırsan. Bütün bunlar yaxşıdı, gözəldi, şairanədi, ancaq illüziyadı, xəyaldı, mənim körpəm. Sənin təsəvvüründə yaratdığın xəyali bir dünyadı.. Həyat isə başqa şeydir — indilikdə səninlə mənim üçün həyat budur, quzum, çəkilib oturmuşuq üz-üzə, yeyirik-içirik, bir azdan yatacağıq, sonra sən mənə nə isə verəcəksən, mən çıxıb gedəcəyəm... Bilməyəcəyəm sən hara getdin, kimin yanına getdin. Sən də bilməyəcəksən mən neylədim, qızım məni necə qarşıladı, nə suallar verdi... Həyatın adi qayğıları içində mən sənin yadından çıxacağam, sən mənim... Odur ki, çox dərinə getmə, quzum. O xəyali dünyaları az yarat, özünü üzmə, adicə insan kimi yaşamağı bacar, vəssalam. Yaxşımı, mənim quzum?
– Yaxşı! — dedi Ceyhun, ancaq əslində Reginanın sözlərinin mənasını yaxşı dərk eləmədiyini özlüyündə etiraf elədi. İkinci piyaləni içdilər. Ceyhun onun boşqabına kotlet qoydu. O, acmış, iştahla yedi. Ceyhunun səliqə ilə soyduğu mandarindən də iki-üç dilim atdı ağzına...
Konyak öz işini görmüşdü — ikisi də xumarlanmışdı... Ceyhun tələsirdi, Ceyhun yeyib-içmək mərasiminin tez qurtarmasını, ömrünün əsl çiçəklənmə vaxtını yaşayan Reginanın növbəti vüsalına daha tez çatmaq istəyirdi. Qadın isə, əksinə, çox arxayın tərpənirdi, elə bil öz evində idi, Ceyhun da onun əriydi, «gələn olar!» qorxusu yadından çıxmışdı sanki. Səbəbi isə bu idi ki, o, Ceyhunla keçirtdiyi dəqiqələri, saatları gözəl hesab eləyirdi, bu anların ömrünü uzatmaq istəyirdi. Çünki Ceyhunla yanaşı olmaq onun üçün xoş idi, şirin idi. Bu zaman o, sözün əsl mənasında yaşayırdı, ləzzət alırdı. Sıxıntı yox, təhqir yox. Ancaq nəvazişlər, hərərətli oxşamalar vardı arada... Hər görüşdən sonra qadın bir az da çox, bir az da möhkəm bağlanırdı Ceyhuna. Ayrılarkən gələn dəfəki görüş haqda düşünərdi. Arada fasilə çox olanda məyus olardı. Reginanın başqa təmənnası yox idi — nə bu cah-calallı professor evində gözü vardı, nə də Ceyhunu həmişəlik əldə saxlayacağına inamı. Yaxşı bilirdi ki, Ceyhun onun tayı deyil, beş gün, bir il, iki il sonra da olsa o, ondan soyuyacaq, doyacaq uzaqlaşacaq, atası-anası madar balaları üçün cavan, savadlı bir gəlin gətirəcək və bununla da hər şey bitib gedəcək... Bunların hamısını bilirdi o və buna görə də Ceyhunla keçirdiyi saatları qənimət sayır, ləzzət ala-ala yaşayırdı.
Regina piyaləni bir də doldurdu. Ceyhun üçün də süzdü və ayağa qalxıb yanına gəldi:
– Sən bunu mənim sağlığıma iç, mən sənin, Cek! Sənin evində olmağıma baxma, mən sənin yox, sən mənim qonağımsan... Sən gedəcəksən, mən qalacağam. Söhbət sənə cılız görünür deyəsən. Söz evdən-eşikdən getmir, quzu bala. Söhbət ömürdən, ürəkdən gedir. Sən cavansan, sən uşaqsan mənim yanımda, sən bir vaxt ayılacaqsan, mənim səndən çox yaşlı olduğumu görəcəksən və qanad açıb uçub gedəcəksən, mən tək qalacağam, yəni əslində tək də qalmayacağam, kimsə yanımda olacaq, ya mən kiminsə yanında olacağam, sadəcə sən olmayacaqsan yanımda — bax dərd bu olacaq onda, quzum. Təbiətin qanunu belədir. Sən gedəcəksən...
– Yox, mən heç yana getməyəcəyəm, Reyhan. Lap qocalsan da, səndən əl çəkməyəcəyəm.
– Evlənəndən sonra əl çəkəcəksən, Cek!
– Yox, hətta onda da sənin yanına gələcəyəm. Sən bizə gələ bilməyəcəksən onda, ancaq mən sənin yanına gələcəyəm. Regina içib piyaləni yerə qoydu və acı-acı güldü.
– Niyə gülürsən, Reyhan?
– Ona gülürəm ki, hələ evlənməmiş mənə bura gəlməyə icazə vermirsən. Evlənəndən sonra...
Ceyhun pərt oldu. Bu pərtliyi Regina aldı, bunu ona unutdurmaq üçün qolundan tutub qaldırdı, köynəyinin düymələrini açmağa başladı. Sonra sifətini ikiəlli tutub özünə sarı çəkdi və öpüb yataq oqağına sarı addımladı. Ceyhun arxasınca gəldi...
Regina şifonerin içi bədənnüma güzgülü qapısını açdı — güzgünün içində ağappaq yorğan-döşək əks olundu... Regina Ceyhunun köynəyini çıxartdı...
...Qapının zəngi çalınanda Ceyhun yarıyuxulu idi. Anası-atası ola bilməzdi, hər ikisinin açarı vardı. Bu, kim idisə, yad adam idi. Yataq otağından çıxıb yemək stolunun yanından keçəndə gördü ki, stolun üstü tər-təmizdi, qab-qaşıq yığılıb, şüşə-piyalələr götürülüb. Ürəyində Reginaya «çox sağ ol», deyib qapını açdı və gələnin Saleh olduğunu körüncə sevindi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.
İkinci hissə, üçüncü fəsilGün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:
İkinci hissə, dördüncü fəsilİclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.
İkinci hissə, beşinci fəsilNəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...
Poems by other poets
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər