İkinci hissə, birinci fəsil
Page 12 of 15 · 73%
O, Xəzangüldən baxışlarını ayıra bilmirdi. Demək, o, yanılmayıb. Demək, şagirdi, bax, böyründə oturan bu qız onun Xəzangülunün qızı imiş, ona görə bu qədər oxşayırmış Xəzangülə... Ona görə bu on beş günü Əsəd dəli olub özünü-sözünü bilmirmiş.
– Bu, sənin anandı?... — Əsəd qəti bildiyi şeyi təzədən soruşdu.
– Bəli, müəllim...
Sahilə Əsəd müəllimin halının dəyişdiyini bayaqdan duymuşdu, amma onun indiki çaşqınlığını dünənin, irəli günlərdəki çaşqınlığın davamı kimi başa düşdüyündən sıxılırdı, müəllimin gəlib buraya çıxdığına təəssüflənirdi. Əsəd müəllimin ötən günlərdəki o qeyri-adi hərəkətləri qəribə bir sövq-təbii ilə Sahiləyə də sirayət etmişdi, qız da onu görən kimi istər-istəməz haldan-hala düşürdü yanaqları pörtüb allanırdı, ürəyində. «Bu kişiyə bax ey, utanmır, atam yerində kişidi, gör necə baxır ey», — deyə qəzəblənir, hətta bəzən üzünə qabarıb çımxırmaq istəyirdi. Lakin Əsəd müəllimin çal saçları, müəllimi olması qabağını kəsirdi. Bu, dünənəcən belə davam eləmişdi. Dünən, axırıncı dərsdə, müəllim onu saxlayıb nə isə demək istəyəndə və Ərəstun şinəyib getməyən məqamda Əsədin «yaxşı, gedin, balalarım» — deməsi və xüsusilə «balalarım» sözündəki şirinlik Sahilənin qəlbindəki pis fikirləri qovub yox eləmişdi. İndi duyduğu təəssüf də köhnə təəssüratın təəssüfü idi. Qız dünəndən hiss eləmişdi ki, müəllimin nə isə ayrı bir dərdi var. Ancaq nə idi o dərd, əlbəttə, Sahilə deyə bilməzdi.
Araya çökən sükut yaxşı ki, uzun sürdü. Anlar, dəqiqələr keçdikcə ilk gözlənilməz sarsıntıdan yavaş-yavaş özünə gəlmiş Əsəd, nəhayət, boğazını tutan qəhəri güclə udub ilişikli səslə:
– Demək belə… Xəzangül... sənin anan imiş... — dedi. Sahilə az qaldı yerindən sıçrasın:
– Siz..siz... mənim anamı tanıyırsınız, müəllim? — deyə titrəyə-titrəyə soruşduqda Əsəd müəllim ağır-ağır başını tərpətdi:
– Bəli, qızım...
– Hardan, müəllim?
– Eh, qızım, Çoxdan, lap çoxdan tanıyıram sənin ananı...
– Yəqin bir yerdə oxumusunuz, müəllim?..
– Hə, Sahilə. Düz on il bir yerdə oxumuşuq, bir partada oturmuşuq. Bax, indi... sən oturan partada...
Sahilə nə üçünsə sevinib məsum uşaq kimi güldü:
– Deyirəm axı...
Əsəd maraqla:
– Deyirəm axı... nə? — deyə xəbər aldı və qızın cavabının ləngidiyini görüb özü əlavə elədi: — Deyirsən axı bu müəllim mənə niyə elə qəribə baxır, hə?
– Hə, müəllim.
Əsəd ah çəkdi:
– Sən çox oxşayırsan anana, qızım, lap çox. Necə deyərlər, lap elə bil, bir almasınız, tən yarı bölünübsünüz... Mən birinci gün səni sinifdə görəndə, o partada görəndə, düzü, lap yerimdə donub qaldım. Elə bildim ki, elə Xəzangül özüdü, iyirmi il sonra gəlib təzədən o parta arxasında əyləşib — Əsəd birdən anladı ki, hissə qapıla bilər, o anlarda keçirdiyi hissləri, yadına düşən xatirələri Sahiləyə danışa bilər. Bu isə lazım deyildi. Sahilə anası ilə onun arasında olan münasibəti bilməməlidi. Ona görə mümkün qədər hisslərini cilovlamağı qərara aldı.
– Hə, hamı elə deyir. Mən özüm də bilirəm bunu. Anamın o vaxt, onuncuda oxuyarkən çəkdirdiyi şəkillə mənim indiki şəklimi yan-yana qoyanda heç kəs ayıra bilmir ki, anamın şəkli hansıdı, mənim şəklim hansıdı. Bəzən hətta biz özümüz də qarışıq salırıq.
– Möcüzədir, — dedi Əsəd müəllim, — təbiətin min bir möcüzəsindən biri də budu, qızım.
– Nə bilim...
– Yaxşı, nə olub Xəzangülə? — deyə Əsəd, gözlərini Xəzangüldən çəkmədən soruşdu.
– Xəstədi, müəllim.
– Nəyidi ki?
– İflic olub, müəllim...
– İflic?
– Hə,
– Baho...
Əsədin ürəyi təzədən sıxıldı, bədənini isti bir duyğu gəzib-dolaşdı, Xəzangülün dizləri üstəki hərəkətsiz əllərinə baxıb sinə dolusu ah çəkdi:
Sahilə kədərlə davam etdi:
– Hə, müəllim. Dörd ildi yazıq anam bu gördüyünüz vəziyyətdədi. Əzab içində yaşayır. Mən də... lap başımı itirmişəm... Tək...
– Bəs atan... yoxdur? — Əsəd bu sualı verəndə iyirmi il bundan qabaq gördüyü uzun, arıq, şıq geyinmiş oğlanı xatırladı, ancaq sir-sifətini tamam-kamal yadına sala bilmədi. Oğlan uzaq, tutqun kölgə kimi gözləri önündə bir-iki dəfə rəqs edib yox olduqda Sahilə qüssəli-qüssəli söylədi:
– Həm var, həm yox, müəllim.
– Necə yanı həm var, həm yox?
– Var ona görə ki, sağdı. Yox ona görə ki, bizi atıb gedib...
– Belə de... — deyə Əsəd səsini uzatdı və təzə bir siqaret yandırıb tüstüsünü kənara üfürdü. — Demək, qoyub gedib... Nə idi onun adı?
– Kimin? Atamın?
– Hə.
– Möhsündü, müəllim.
– İndi tək ana-bala yaşayırsınız, eləmi?
– Bəli, müəllim.
– Bəs Fatma xala necə oldu?
– Bıy, siz Fatma xalanı da tanıyırsınız?
Əsəd-fikirli halda başını tərpətdi:
– Hə, tanıyırdım, qızım, Xəzangülün xalası idi.
– Fatma xala çoxdan ölüb. Beş il olar...
– Allah rəhmət eləsin.
– Rəhmət düşmür ona, müəllim.
– Niyə, qızım?
Əsəd müəllim yüngülləşən kimi olmuşdu. Sahiləylə olan bu təsadüfi görüşündən çox məmnun idi. O, həm Xəzangülü görmüşdü, həm də onun həyatının sonrakı illərini qızının köməyi ilə vərəqləmək imkanı tapmışdı. Gec də olsa, heç nəyi dəyişmək mümkün olmasa da, Xəzangülün ömür yolunu — onu bu iki çarxlı arabaya gətirib çıxaran ömür dastanını bilmək Əsəd üçün çox maraqlı idi, çox.
Sahilə deyəsən hər şeyi danışmağa ehtiyat eləyirdi, bunu Əsəd, onun susmağından anladı. Odur ki, dedi:
– Ehtiyat eləmə, qızım. Bil ki, mən özgə deyiləm: əvvələn, sənin müəlliminəm — ürəyindən keçirtdi: — «müəllimin idim».— ikincisi, onunla, — Əsəd başı ilə kolyaskada hələ də dünyadan, Əsədin gəlməsindən xəbərsiz olan və şirincə yatan Xəzangülə işarə elədi, — onunla məktəb yoldaşı olmuşuq, qızım.
—Yox, müəllim, heç bir ehtiyat-zad eləmirəm. Burda ehtiyat ediləsi nə var ki... Fatma xalanın adını çəkdiz, ona görə fikrim qarışdı, müəllim. Onu görüm gorbagor olsun...
– Niyə axı, qızım? Məncə, Fatma xala elə də pis adam deyildi gərək ki...
Sahilə ah çəkdi:
– Əslində, anamın bu hala düşməsinə, belə bədbəxt olmasına səbəb elə Fatma xala olub, müəllim...
– Niyə ki?...
– Yəqin bunu siz də bilərsiz... Anam onuncunu qurtaran kimi xalası onu ərə verib. İstəmədiyi bir adama. Sevdiyi varmış, bilmirəm kim imiş, amma varmış…
Əsəd qurcuxdu.
– Hə, mən onu onuncunu qurtaranda, axırıncı imtahanda görən oldum. Hətta buraxılış gecəsinə də gəlmədi — deyə Əsəd qəlb ağrısı ilə xəyalən o əzablı günlərinə qayıdıb göynədi.— Ondan sonra, Xəzangül iynə olub yoxa çıxdı. Bir onu eşitdim ki, ərə gedib, yoldaşlarından da heç kəsi çağırmamışdı. Kim idi, nəçi idi getdiyi adam, bilmədim...
– Getdiyi adam, eşitmiş olarsız müəllim, məşhur Aşurbəyovlardandı. Möhsündü adı...
– Arıq, uzun adamdı, eləmi?
– Hə, müəllim. Siz onu da tanıyırsınız, müəllim?
—Tanıyıram, qızım, o vaxt, onlar təzə tanış olanda bir-iki dəfə kənardan görmüşdüm. Məktəbə gətirib ötürərdi, dərsdən çıxanda qarşılardı...
– Bilmirəm. Ancaq onu bilirəm ki, Fatma, anamı Möhsünün ata-babasının şan-şöhrətinə, var-dövlətinə verib, cah-calalına verib. Bilirsiz, köhnə arvadlar zər-zibapərəst olublar..
– Xəzangülün razılığı olmasaydı, Fatma heç nə eləyə bilməzdi. Görünür, özünün də razılığı olub, Sahilə...
– Hə, mən də elə başa düşürəm, müəllim. Anam özü də bir az geyim-kecim, daş-qaş sevəndi. Yəqin, gözlərini qamaşdırıblar. Onda onun nə yaşı vardı, heç on səkkizi tamam olmamışdı. Amma, insafən, Möhsün — atam, onu çox sevirmiş, qızım, brilyant içində saxlayırmış. Ata mülklərində, Möhsünün bacıları, qardaşları ilə bir həyətdə yaşayırmışlar.
– Onda Fatma xala köhnə evdə qalmışdı, hə?
– Hə. Orda tək yaşayırdı.
– Bəs ayrılmaqlarının səbəbi nəydi?
– Səbəbi?
– Hə də, nəyin üstündə ayrıldılar?
– Mənim. — deyə Sahilə günahkar imiş kimi anasına tərəf baxdı — mənim, müəllim.
– Sənin? — Əsəd təəccübünü gizləyə bilmədi. — Necə yəni sənin?
– İlk illər onların uşaqları olmayıb, müəllim. Atam anamı üç il o həkim qalmayıb ki, yanına aparmamış olsun. Ancaq dava-dərman kömək eləməyib... Dördüncü il isə... anam mənə hamilə olub. Sonra mən dünyaya gəlmişəm... Kaş heç gəlməyəydim...
– Niyə axı, qızım?.
– Eh, müəllim, mən anadan olandan bir il sonra evdə dedi-qodu başlayıb.
– Nəyin üstündə axı?
Sahilə ani sükutdan sonra ağır-ağır cavab verdi:
– Heç nə baş açmadım, müəllim. İndi də səbəbini bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.