Page 10 of 15 · 60%

Bunu Əsəd söyləyə bilməzdi. Üz-gözündən, rəfiqələri ilə xoşbəxt-xoşbəxt danışıb gülməsindən peşman adama oxşamırdı, əzab çəkən adama oxşamırdı...

Xəzangül üçün sinif də yox idi — deyəsən həyatda da yox idi. Qəribə idi ki, o da Xəzangülü — indiki Xəzangülü görə bilmirdi onun beynində, gözlərinin aynasında əvvəlki, iki ay, üç-beş ay bundan qabaqkı Xəzangül yaşayırdı, indiki yox. Xəzangül son günlər, sanki Əsədin acığına, daha da qəşəngləşmişdi; indi gözəl-gözəl paltarlar, ayaqqabılar geyirdi. Qız yoldaşları deyirdilər ki, ölmüş, bu paltar sənə yaman yaraşır, Xəzangül...

Bu yandan da vaxt haqlamışdı, buraxılış imtahanlarına az qalırdı. Müəllimlərin çoxu, Əsədə əvvəlki rüblərinin qiymətini yazmaqdan başqa ayrı çarə görmürdü və tez-tez: «Belə getsə sənin işin çətin olacaq, Əsəd. Dövlət imtahanlarından kəsilə bilərsən, bala, — deyirdi. Bu qorxu isə ona çatmırdı, heç tükü də tərpənmirdi Əsədin. Deyilənləri key-key dinləyir, başını aşağı salıb susurdu.

...Buraxılış gecəsi... Onuncular üz-gözündən fərəh yağa-yağa məktəbin uzun, işıqlı zalına yığışıblar. Stolların üstü bəzənib... Güllər, şirniyyat, meyvə... Hamı kimi, Əsəd də gəlib, Əsəd son dəfə Xəzangülü, uzzqdan da olsa görmək, ömürlük yadda saxlamaq arzusu ilə gəlib. Çünki kim bilir, sonra onu bir də görə biləcəkdimi? Tale onun üçün daha nələr, nələr hazırlamışdı, hara atacaqdı? Nigaran-nigaran qapıya baxır. Kədərlidir, hamı gəlib... Yəqin indicə Xəzangül də gələr — özü də yəqin ən qəşəng paltarını geyib gələcək...

Müəllimlər danışır, musiqi çalınır, onunculardan kimsə kövrələ-kövrələ vida sözləri deyir... Ancaq Xəzangül yoxdur, vaxt keçir, o, gəlib çıxmır... Məyus-məyus, gözü yolda düşünür ki, daha gəlməyəcək, onu yəqin o uzun, qəşəng oğlan buraxmayıb, yəqin ya kinoya, ya teatra aparıb.

Ürəyi qısılır, heç kəsə heç nə hiss elətdirmədən yavaşca yayınıb aradan çıxır. Və həmin gecə, dan yeri ağaranacan tək-tənha dəniz qırağında dolaşır. Ayaqları zoqquldayıb şişmiş halda saat altıda yerinə girəndə nədənsə son dərəcə qüssəli-qüssəli: «Əlvida, doğma məktəb, əlvida, Xəzangül». — deyə öz özünə pıçıldayır...

...Əsəd sınıq qəlblə, pərişan fikirlə, yayın cırramasında bişə-bişə, böyük çətinliklə də olsa, imtahanları verib universitetə daxil oldu, ancaq isinişə bilmədi. Qaynar, coşqun gənclik arasında gəzib dolaşsa da, özünü tək sandı, tənha sandı. Tələbələr də, müəllimlər də onu ciddi, qaradinməz bir oğlan kimi tanıyırdılar. Həftələr, aylar keçdikcə, semestrlər bir-birini əvəz etdikcə Əsəd bir kimsə ilə (Sakitdən başqa, ona da heç nə deməzdi) qaynayıb qarışmır, tənəffüsdə dəhlizdə, divar dibində qayğılı-qayğılı gəzir, öz daxili aləminə qapılıb yaşayırdı. Getdiyi yer universitet, kitabxana, qayıtdığı yer — ev, məşğuliyyəti, həmdəmi kitablar idi. Universitetdə cavan, qəşəng, su sonası kimi qızlar vardı; öz siniflərində də qrupun yarıdan çoxu qız idi. Ancaq kimsə onun gözünü qamaşdırmır, qəlbini titrətmirdi. Bəzi qızlar özü onu şirin dillə dindirir, yeri gələndə söz atır, ancaq Əsəd qımıldanmır, bunların heç birinə əhəmiyyət vermir, eləcə mənalı baxıb gülümsünməklə kifayətlənirdi. Xəzangül, deyəsən, Əsədin qəlbini həmişəlik özü ilə aparmışdı, daha doğrusu, sinəsindən qoparmış, hardasa salıb itirərək getmişdi. Əsəd bu illər ərzində ürəksiz yaşamışdı demək olar ki. Beynində, xəyalında Xəzangüldən acı bir xatirə, gözgöynədən, yara sızıldadan bir məyusluq, küsgünlük qalmışdı və onu heç vəchlə tərk eləmirdi — yol yoldaşı, yuxu yoldaşı, bir sözlə, bu nisgil ömür-gün həmdəmi olmuşdu onunla.

Beş il, beləcə, Xəzangüllü on ay kimi, demək olar ki, çox sürətlə, hiss edilmədən, göz qırpımında gəlib keçdi. Vaxt oldu, doğma şəhərlə, əziz atası ilə vidalaşıb uzaq dağ kəndinə yola düşən çağlarda da Xəzangülü axtarmadı, yoldaşlarını görəndə soruşmadı onu, kimsənin yanında adını belə dilinə gətirmədi — çünki yaman incimişdi, bu incikliyin qədərini ancaq öz məhəbbətinin böyüklüyü ilə ölçə bilərdi, başqa heç nəylə yox. Xəzangül onun cavan ürəyinin bütün arzularını rəhmsizcəsinə alt-üst eləyib getmişdi, ömür bağçasında ilk dəfə qönçələnib açılan o gözəl gülləri insafsızcasına yolub əzik-əzik edərək yelə vermişdi. Səbəbini də deməmişdi, qəfildən eləmişdi. Sanki güclü bir tufana dönmüşdü, nagahan qalxıb onu — hələ torpağa dərin rişə salmamış, qol-budaq atıb pöhrələnməmiş bir ağac kimi kökündən qoparıb yerə yıxmışdı, illərdi də ki elə hey sürüyür, sürüyür, göz açmağa, ətrafa baxmağa imkan vermirdi; bərkiməmiş qolu-budağı sınmışdı, yarpaqları çoxdan haralardasa tökülüb xəzəl olaraq torpaqlara qarışmışdı; təkcə gövdəsi qalmışdı, quruca gövdəsi. Bəli, o vaxtdan ötən bu uzun, hicranlı illər ərzində Xəzangül bu quruca gövdədə, onun içində, şirəsində acılı-şirinli bir xatirə kimi yaşamışdı. O xəyal — Xəzangül Əsədə o qədər doğmalaşmışdı ki, daha Xəzangülün özünə, görüşünə, həsb-halına, söz-söhbətinə, izahatına ehtiyac qalmamışdı. İşdi əgər Xəzangülü təsadüfən küçədə görsəydi, danışdırsaydı da, indiki Xəzangül o vaxtkını əvəz edə bilməzdi. O başqa adam idi, bu başqa adam. İllər ötdükcə Əsədin qəlbindəki Xəzangül munisləşmişdi, ilahiləşmişdi, özününkü olmuşdu—onu artıq heç kəs, hətta Xəzangülün özü də Əsədin əlindən ala bilməzdi, buna qüdrəti çatmazdı. Bu Xəzangül isə, indi hardasa yaşayan, kiminsə ya sevdiyi, ya heç saymadığı, yaxud adicə bir arvad hesab elədiyi Xəzagül isə yadlaşmışdı, özgələşmişdi; kim bilir kimin arvadı olmuşdu, kimin əzizi olmuşdu?

Xoşbəxt olmuşdumu, bədbəxt olmuşdumu — xəbəri yox idi. Bilmək də istəmirdi. Görsə, heç tükü də tərpənməzdi, sadəcə, baxar, baxar, köks ötürüb çıxıb gedərdi. Yaxud, ən uzağı əgər danışmalı olsaydılar, soruşardı: «O zaman çox soruşdum, demədin. Bəlkə indi deyəsən, deyəsən ki, sənə nə oldu birdən-birə, elə döndün, əhdü peymanı unutdun, namərdlik, etibarsızlıq elədin, məni sinədağ eləyib getdin? Üstündən bu qədər vaxt keçəndən sonra, bəlkə indi, o vaxt cavabsız qalan suallarıma cavab verəsən?...» Vəssalam. Görəsən, cavab verərdimi və əgər versəydi, nə deyərdi görəsən?..

Ancaq, görünür Əsəd səhv edirmiş, Əsədin dili belə deyirmiş; çünki o, bu il öz doğma məktəbinə qayıdıb gələndən və eynən onun dönük Xəzangülünə oxşayan Sahiləni görəndən sonra bu vaxtacan kimsəyə açıb demədiyi o kövrək, boynuburuq xatirələrin baş qaldırıb oyanması onu elə çaşdırmışdı ki, elə sarsıtmışdı ki, yatsaydı yuxusuna da girməzdi. On beş gün idi o, həmin uzaq, əlçatmaz günlərə qayıtmışdı, nə qədər çalışırdısa, özünü on beş ilin müəllimi hesab eləyə bilmirdi, bu sinfə girən kimi dönüb uşaqlaşırdı, uşaqlara qoşulub partanın arxasına keçmək, Sahilə adlanan o gözəl, o Xəzangülü xatırladan qızın yanında oturmaq istəyirdi. Unudurdu hər şeyi. Davranışındakı, hərəkətlərindəki qeyri-adiliyi, unutqanlığı, çaşqınlığı görürdü, dərk edirdi, lakin özü ilə bacara bilmirdi; o, hardasa uşaqların da ona qəribə baxdığını, rişxəndlə gülümsündüyünü, kiminsə arabir fit çaldığını hiss etməyə bilmirdi, ancaq, dəfələrlə «sakit ol, Əsəd, burda nə var ki?» — deyə özünü danladığına baxmayaraq, bunun qarşısını almağa təpəri olmurdu. Elə bil tilsimə düşmüşdü. Ona görə də bu nigarançılığına son qoymaq üçün dünən Əsəd müəllim axırıncı dərs qurtaranda, əllərində çanta evə tələsən uşaqların arasında baxışları ilə arayıb Sahiləni tapmış və qız yanından keçəndə demişdi:

– Sən qal, Sahilə, səninlə işim var...

Sahilə rəngdən-rəngə düşərək heç nə söyləmədən, eyni zamanda narazılığını gizləməyə çalışmadan çantasını birinci partanın üstünə qoyub elə ayaq üstə dayanmışdı. Uşaqların qulağı darı dəlirmiş, sən demə. Aralarında pıçhapıç düşdüyünü, ötürhaötür «Müəllim Sahiləni saxladı.» — deyə qızların bir-birini xəbərdar etdiyini eşitməmişdi. Əsəd: «Hə, — deyə düşünmüşdü, — indi soruşacağam. Sən Xəzangülün qızı deyilsən ki? - Qoy bilsin ki, qoy bilsin ki, mən...»

Əsəd qarşısındakı jurnala bu gün keçdiyi dərsin adını yazıb qol çəkmiş, başını qaldırıb:

– Sahilə, — demişdi ki, sinifdə başqa hənirti duyub çevrilmiş və gözlərinə inanmamışdı. Həmişə arxada, Sahilənin partasının qonşuluğunda əyləşən, səliqəli geyinməyi, ciddiliyi, yaxşı dərs oxumağı ilə yoldaşlarından seçilən Ərəstun adlı oğlan da sinifdə idi. Ayaq üstə dayanmışdı, görkəmindən bilinirdi ki, heç bir işi yoxdu, elə belə dayanıb. Üzündə nə isə bir əsəbilik gizlənib, nifrətin kölgəsi gözlərində əks olunub, Əsəd təəccüblə sözünü yarımçıq qoyub:

– Bir sözün vardı, Ərəstun? — deyə soruşmuşdu.

O, çantasının qulpunu bərk-bərk sıxaraq,

– Yox — demişdi. Demişdi və baxışlarını aşağı endirmişdi.

– Bəs nə gözləyirsən, bala?

– Heç nə... — Ərəstun quru, gər səslə cavab vermişdi.

– Onda... gedə bilərsən.

Ərəstun çantasını qaldırmış, gözlərini müəllimdən çəkmədən addım-addım irəli yerimiş və onların yanına çatanda dayanmışdı.

Sahilə çaşıb qalmışdı. Ərəstuna acığı tutmuşdu. Ha istəyirdi göz-qaşla ona başa salsın ki, çıx get, qoy görüm bu kişi nə deyəcək. Lakin, görünür, yamanca əsəbiləşmişdi. Ərəstun ona baxmırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 min
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 min
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 min
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 min

Poems by other poets