İkinci hissə, birinci fəsil
Page 9 of 15 · 53%
Əsəd gülmüşdü:
– Onda hər şeyi bilir ki, Fatma xala...
– Necə yəni bilir?
– Bilir də, bilməsəydi elə deməzdi..
– Nə bilim... — Xəzangül ani fikrə getmişdi.
– Bəs sən nə cavab verdin?
– Nə cavab verəcəyəm? «Arvada bax ey» — deyib çölə qaçdım.
Azca sükutdan sonra Əsəd:
– İndi xalan söyləyən kimi eləyirsən, ya? — dedi.
– Hə, Əsəd, yığıram... o güllərin ləçəklərini…
– Elə isə, — Əsəd xəyalın qanadlarında gələcəyə uçmuşdu. — Mən sənə indidən «çox sağ ol, əzizim» — deyirəm...
Xəzangül qızarıb başını aşağı salmışdı.
Onların bəxtəvər günləri, güllü-çiçəkli günləri mayın axırınacan davam etmişdi. Peyman bağlamışdılar ki, onuncunu qurtaran kimi ikisi də sənədlərini Universitetin filologiya fakültəsinə verəcək, qəbul olunacaqlar. Bu, şübhəsiz idi — beş il bir yerdə oxuyacaqlar, o beş il ərzində də ona gül alıb gətirəcək, sonra evlənəcəklər, doğma məktəbə qayıdacaqlar, xoşbəxt-xoşbəxt yaşayacaqlar. O qədər şirin xəyallara dalmışdılar ki... .
Ancaq... Əsədin taleyi birdən döndü. İstəyi ürəyində, arzusu gözündə qaldı. Dadlı, doyulmaz duyğularla çırpınan cavan qəlbinə gözlənilmədən ağır bir zərbə vuruldu. Başqası vurmadı onu, Xəzangül — dünyalarca istədiyi, yolunda ölməyə belə hazır olduğu Xəzangül vurdu. Xəzangül qəfil, birdən-birə döndü. Əsəddən üz döndərdi. Elə bil onu kimsə tamam dəyişmişdi — zahirən Xəzangül idi, amma batinən əvvəlki qızdan əsər-əlamət qalmamışdı; sanki ürəyini, gözlərini kimsə başqa gözlərlə əvəz eləmişdi. Bu ürək ona rəhm eləmirdi, onun fəryadlarına, iniltilərinə biganə idi; bu gözlər daha onu görmürdü, qırpılıb «Mən sənə qurban olum» demirdi. Günlərin birində əvvəl danışdırmadı, sonra gətirdiyi gülü götürmədi, — gül neçə gün partanın gözündə susuz qalıb soldu.
Lap sonra isə Əsədin yanından «köçüb» bir qızın böyründə əyləşdi. Elə bil o, heç Əsəd adlı adam tanımırdı, görməmişdi, istəməmişdi. Əsəd yox idi artıq onun üçün, ölmüşdümü, itmişdimi? — bilmirdi:
Həyatında ilk dəfə belə ağır sarsıntı görən Əsəd çaşıb qalmışdı, qəribə bir ürək sıxıntısı içində günlərini, gecələrini çalıxıbçapalamaqla keçirir, baş sındırır, düşünüb-daşınır, Xəzangülün bu qəfil dönüklüyünün səbəbini heç cür tapa bilmirdi. Hövl eləyirdi, bəzi ixtiyarsız ağlayırdı.
Dəfələrlə dərsdə, məktəbdən çıxıb evə gedəndə Xəzangülün qabağını kəsib: «Axı sənə nə olub, niyə belə eləyirsən?» — demişdi.
Əvvəllər yalvara-yalvara, sonra hövsələdən çıxıb qışqıra-qışqıra soruşmuşdusa da, qız saymazyana böyründən keçib getmişdi, sorğu-sualını cavabsız qoymuşdu. Sadəcə, saymamışdı onu. Nə səsini eşitmişdi, nə ağlar üzünü görmüşdü. Sən demə, Xəzangül gözəl olduğu qədər də, qəddar imiş. Sən demə o, sevə bildiyi kimi, dönə də bilərmiş...
İnsan belə dönük, belə etibarsız ola bilərdimi? — Bu, Əsədin ağlına heç cür batmırdı. Yazıq, yeməyindən, içməyindən qalmışdı, şirin yuxusundan olmuşdu. Bəzən günlərlə dərsə gedə bilmirdi, gələndə isə nigarançılıqla gözləyirdi ki, Xəzangül, bax, indicə gəlib soruşacaq: «Dərsə niyə gəlmirdin?» Cavab verəcək: «Xəstə idim». Xəzangül deyəcək: «Daha xəstələnmə. Mən icazə vermirəm», Gözləyirdi, lakin Xəzangül yaxınlaşmırdı, hələ bu bir yana, heç gözünün ucuyla da baxmırdı... Hamı, sinif yoldaşları maraqlanırdı, təkcə Xəzangül yox...
O günlər, əgər diqqətlə fikir verən olsaydı, Əsədin dəli olmaq dərəcəsinə gəldiyini aydın görə bilərdi. Yaxşı ki, atası onda evdə yox idi, harasa ezamiyyətə göndərmişdilər, yoxsa kişi hər şeyi başa düşə bilərdi. Belə ağır dərdi o, dörd divar arasında tək çəkdi. Yoldaşlarından da kimsəyə deyə bilməzdi, — əvvəlini deməmişdi, acı aqibətini necə deyə bilərdi. Kimsənin yanında sınmaq istəmirdi. Hətta o əhvalatın üstündən iyirmi il keçəndən sonra da, bax, elə bu gün, Aliyə xanımın hüzurunda da haçansa bir dönük, əhdi-ilqarı dizinin üstə olan bir qız tərəfindən amansızca sındırıldığını, çilik-çilik edilib ayaqlar altına atıldığını qüruruna sığışdırıb dilinə gətirmək istəməmişdi.
İyunun ortalarında — düz on beşi idi, Əsəd o günü ölənəcən unutmayacaqdı — gözlənilmədən ortaya çıxmış müəmma həll olundu.
Ay aman, sən demə, Xəzangül ayrısına könül veribmiş. Sən demə, onu birdən-birə, tanınmaz, ağlasığmaz dərəcədə dəyişən adam varmış. Kaş bunu Əsəd bilməyəydi, kaş bunu Əsəd gözləri ilə görməyəydi. Eləcə, nigarançılıq içində, beynində o qəribə və müşkül müəmmanın açarını axtara-axtara, partlaya-partlaya yaşamaq bundan min dəfə yaxşı imiş.
Dərslər qurtarmışdı, uşaqlar çantalarını götürüb evə gedirdilər. Əsəd, qəlbində min cavabsız sual, özündən asılı olmayaraq, Xəzangülün ardınca addımlayırdı. O, on-on beş qədəm irəlidə başını aşağı salıb çantasını yellədə-yellədə yeriyirdi. Əsəd bu gün də istəyirdi qaçıb ona çatsın, danışdırsın, bu dönüklüyün səbəbini bir də, bir də soruşsun, ancaq qıçları sözünə baxmadı, elə bil, ayaqlarını bir-birinə bağlamışdılar; Xəzangül getdikcə ondan uzaqlaşır, aradakı məsafə çoxalırdı. Aydan artıq müddətdə qəlbinə damcı-damcı daman, vaxt ötdükcə ümmanlaşan inciklik hissi də sanki bu gün daha da güclənmişdi — bu gün tam dərinliyi və aydınlığı ilə anlamışdı ki, Xəzangüldən inciyib, özü də bərk inciyib. Yox, daha onu danışdırmayacaq, lap gəlib üzr istəsə də... Lakin, bu qəribə idi ki, elə o cür düşündüyü anda, qəlbinin dərinliyindən gələn bir səs eşitdi: «Yox, Əsəd, bunu sən bacara bilməzsən. O, sənin özün olub — özündən necə küsərsən?.. O, qayıtsa, üzünə xoş baxsa, şirin bir söz desə, sənin bütüi incikliyin uçub gedər, sən təzədən xoşbəxt olarsan, bu bir ay ərzində çəkdiyin bütün əzabları unudarsan; bircə anda unudarsan...»
Bəli, o, Xəzangülün ardınca belə təzadlı, çalpaşıq düşüncələr qoynunda gedirdi. Və birdən... Əsəd gördü ki, dörd yol ayrıcında, su köşkünün yanında Xəzangülün qənşərində ucaboylu, şıq geyinmiş, gözlərinə qara eynək taxmış qəşəng bir oğlan peyda oldu. Oğlanın üzü bəri — Əsədə sarı idi. Xəzangülə çatan kimi, dodaqları aralandı — güman ki, salamlaşdı — qızıl dişləri göründü oğlanın. O, qəribə bir əda ilə, sol qolunu irəli uzadıb saatına baxdı
– saatı da qızıldandı, qolbağı da qızıldandı... Nəsə danışdılar, sonra qız, oğlana hiss etdirməməyə çalışaraq, çevrilib gəldiyi yola boylandı. Bu an Əsəd onun şən, təbəssüm qonmuş üzünü gördü, gülən ala gözlərini gördü — və tez də qız, çevrilib qabağındakı oğlana baxdı. Əsədi görmüşdü Xəzangül! Ona görə belə fövri çevrilmişdi. Oğlan dayanmışdı, yıxılmamaq üçün əlini yolun qırağındakı ağacın gövdəsinə söykəmişdi. Gözləri pər-pər vururdu. Küçə də, küçədəki ağaclar da, asfalt yoldakı maşınlar da, binalar da sanki havada rəqs eləyirdi. Xəzangüllə oğlanın dayandığı nöqtəyə baxmaq istəyirdi, ancaq bəbəklərinin önünü yaş pərdəsi tutmuşdu, gözünə tor gəlmiş adam kimi daha heç beş addımlığını da görmürdü.
Bu vəziyyətdə çoxmu qaldı, azmı — bilmirdi. Handan-hana ayılanda artıq Xəzangül də, o qara kostyumlu oğlan da adamların arasında yox olmuşdu, Əsəd, aramsız çırpınan ürəyi ilə ağacın yanında ağaca dönmüşdü.
Əsəd yamanca sarsılmışdı; düz üç gün, üç gecə çarpayısında üzüqoylu qaldı — bihuşluqla bidarlıq arasında bədəni od içində yana-yana çırpındı, çırpındı; nə yata bildi, nə durub dərsə gedə bildi. Ürəyində Xəzangüllə hey danışırdı, sorğu-sual eləyirdi, lakin sualları cavabsız qalırdı ki, cavabsız qalırdı... İndi də ondan bərk incidiyini dərk elədi, amma daha içindən, qəlbindən qulağına səs gəlmədi: «Yox, küsə bilməzsən, inliyə bilməzsən». — Deyəsən, bir az qabaq Əsədi danlayan bu daxili səs daha susmuşdu, ölmüşdü.
Əsəd özü üçün son dərəcə ağır olan bir acı həqiqəti bütün çıplaqlığı ilə anladı ki, Xəzangül onun ömür bağının güllərini, çiçəklərini soyuq nəfəsli xəzana tapşırıb birdəfəlik uçub getmişdir, hara, kimin, yanına? Daha onun üçün nə fərqi vardı? Getmişdi. Vəssalam. Dünyada çox yollardan geri qayıtmaq olar. Ancaq Xəzangülün getdiyi yol elə idi ki, ondan geri qayıtmaq mümkün deyildi — bu yol gedər-gəlməz yoldu...
Dördüncü gün o, məktəbə gələndə tamam arıqlamışdı, gözləri çuxura düşmüş, almacıq sümükləri çıxmışdı. Yoldaşlarının, müəllimlərinin «hardaydın, sənə nə olub?» suallarına müxtəsərcə «xəstələnmişdim» — deyə cavab verirdi. Çünki bu, ən münasib, canqurtaran cavab idi. Biçarə kölgəyə dönmüşdü, səssiz-səmirsiz gəzib-dolaşan cansız kölgəyə. Deyib-gülən, şən-şalayın Əsəddən əsər-əlamət qalmamışdı. Müəllimlərin dediklərini dərk eləmirdi, oxuduqlarını qavrayıb yadda saxlamırdı, az-maz bildiyi şeyi də danışa bilmirdi — elə bil, hamıdan gözəl, səlis danışan Əsəd deyildi, nittinin zənciri tez-tez qırılırdı, hamı təəccüb eləyirdi. Xəzangüldən başqa hamı. Çünki bunun səbəbini bilən yeganə bir adam vardısa, o da Xəzangül özü idi. Onu belə halda görəndə peşman olurdumu, vicdan əzab çəkirdimi, utanırdımı?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.