Page 8 of 15 · 47%

Gülünc vəziyyətə düşmək qorxusu olmasaydı, Əsəd bax elə indicə, sinifdə müəllimin, o qədər şagirdin qabağında ayağa qalxar, qışqıra-qışqıra sinifdən çıxar, küçə boyu yüyürər, «Mən xoşbəxtəm» deyə bağırardı. Hər qarşısına çıxana deyərdi — uşağa da, böyüyə də, cavana da deyərdi.

O xoşbəxt və unudulmaz gündən sonra bir neçə müddət ürəklərində özlərinin də hələ əməlli-başlı dərk edib qiymətləndirə bilmədikləri o şirin və əfsunlu duyğular aləmində qol-qanad atan iki cavan bir-birinin üzünə baxmağa utandı; sadəcə olaraq, baxışları, ürəkləri dolu idi — sözlə, hisslə, mahnı ilə. Ancaq, heç nə dilə gəlmirdi. Qəlblərdən qopurdu söz də, mahnı da, gəlib dilin ucunda qıfıllanırdı, bəndə düşürdü. Ürəklər oxuyurdu, ən şirin sözlər deyirdi, ən həzin şərqilər ötürdü. Səssiz mahnılar idi bu mahnılar. Gözlərə yazılmış mahnılar idi bu mahnılar.

İndi onlar üçün — məktəb qanunlarının əleyhinə olaraq — müəllim yox idi, dərs yox idi, kitab yox idi — zahirən hamısı vardı, əslində isə heç nə yox idi onlar üçün. İkisi də məktəbə bir-birini görmək üçün gəlirdi, nəfəsini duymaq üçün gəlirdi. Səhəri də intizarla ancaq bunun üçün gözləyirdilər...

Həmin ləziz günlərin birində, artıq məktəbə hamıdan əvvəl gəlməyə adət etmiş Əsəd öz yerində oturub Xəzangülün yolunu gözləyirdi, Budur, o gəldi. Əsəd həsrət və məhəbbət dolu gözlərinin kirpiklərini, onu görən kimi qırpdı. Xəzangülün üzünün ifadəsi bunu görən təki dəyişdi, ciddiləşdi. Yerində oturarkən Əsədə irad tutdu:

– Mənə göz vurursan?

Əsəd özünü itirdi.

– Yox.

– Necə yox! İndicə göz vurmadın mənə? Belə eləmədin?

– deyə o, eynən Əsəd kimi kirpik çaldı. — Belə eləmədin? Mənim göz vuran adamlardan zəhləm gedir.

Əsəd gülümsündü:

– Elədim. Ancaq o göz vurmaq deyil ha.

– Bəs nədir?

– Gözü elə vurmazlar. Göz vurmaq istəyəndə adam ya sağ, ya sol gözünü qırpır. Bu olar göz vurmaq. Amma mən elə eləmədim axı.

– Bəs necə elədin?

– Belə elədim, — Əsəd iki gözünü də qırpdı. — Bu isə göz vürmaq deyil..

– Bəs nədir?

– Bu, «mən sənə qurban olum» deməkdir, Xəzangül. Xəzangül təəccüblə:

– Hə?. — dedi.

– Hə.

İkisi də güldü. Xəzangül söylədi:

– Yaman çoxbilmişsən, ha. Taxta məktub, «mən sənə qurban olum»... bunlar kimin ağlına gələrdi?

O gündən sonra Əsəd hər dəfə Xəzangülü görəndə bircə dəfə gözlərini qırpardı, yəni «Mən sənə qurban olum». Əvvəllər Xəzangül buna gülümsəməklə cavab verirdi, sonra o da öyrəşdi: o da Əsədə göz qırpmaqla cavab verirdi: «Mən sənə qurban olum»... Çiskinli payız başlanmışdı. Həyətlərdəki çinarlar, söyüdlər yarpaqlarını saraldıb tökmüşdü. Tez-tez yağışlar yağırdı, küləklər əsirdi. Gərək ki, oktyabr bayramına yaxın idi. Səhər-səhər Əsəd dərsə gedirdi. Qabağına əlində bir dəstə qızıl gül bazardan qayıdan bir qız çıxdı. Əsədin gözü qızın əlindəki güllərə sataşdı. Güllər elə gözəl idi ki... yəqin məktəbə müəlliminə aparır. Əsədin də ürəyində Xəzangülə gül aparmaq arzusu doğdu və o, bazara nə vaxt girdiyini heç bilmədi də. Piştaxtanın üstündə, iri şüşə qablara qoyulmuş güllər — qərənfillər, zanbaqlar, qızıl güllər o qədər gözəl, cazibədar, bihuşedici idi ki, Əsədin gözləri axdı — o, gülü heç vaxt belə gözəl görməmişdi. Özü də payızın bu vədəsində: Ətri az idisə də, qəlbində coşub çağlayan o şairanə hisslərlə bu bir gül gülüstana döndü və onda, bütün bu gülləri almaq, qucağına yığıb Xəzangülün yanına aparmaq, ləçək-ləçək eləyib qızın zərif, qəşəng vücudunu qızılgüllər içində qərq eləmək istəyi baş qaldırdı.

Sən bir təsəvvür et, Xəzangül qızılgüllər arasındadı, ayaqları, dizləri, bədəni, əlləri, bütün vücudu qızılgüllər arasındadı. Təkcə başı görünür, təkcə ala gözləri, gül ləçəkləri içində od saça-saça parıldayır və bəxtəvər-bəxtəvər gülümsünür. Nə gözəldi, aman allah. Hələ indiyəcən heç kəsin ağlına gəlməyib ki, öz sevdiyini beləcə, qızıl güllər içində itirsin, ona baxıb sevinsin, bundan əvəzsiz ləzzət alsın. Yox, heç kəsin ağlına gəlməyib.

Bu xoş xəyallar aləmində, əlini cibinə salanda barmaqlarına toxunan soyuq əlliqəpiklik bircə anının içində hər şeyi alt-üst elədi, özünün qadir olduğu əlliqəpiklik dünyasına qaytardı. Bayaqdan xəyalpərvərliklə nur saçan, öz Xəzangülünü güllər arasında görən gözlərinin işığını kədər söndürüb öləzitdi. Arzuları ilə imkanı arasındakı böyük, dərin uçuruma üstdən-aşağı baxanda gözləri qaraldı, başı gicəlləndi və sinəsindən soyuq bir ah çəkdi.

Təpərsiz, cəsarətsiz səslə gülsatan saqqallı, qırmızıyanaq kişiyə müraciət eləyib:

– Mənə bir dənə gül ver, əmi, — dedi və barmaqları arasında tutduğu ağ əlliqəpikliyi irəli uzatdı. Kişi təyyarə meydanına oxşayan papağının arxasını qaldırıb sir-sifətini turşutdu:

– Cavan oqlan, gülü bir dənə almazlar, — dedi.

– Mənə bir dənə lazımdır. — Və belə deyərkən utandığından sıxılıb kiçildiyini hiss elədi və düşündü; «yaxşı ki, adamın ürəyindən keçənləri başqaları bilmirlər».

Gülsatan seçib hələ tamam açılmamış, yarıqönçə-yarıgül olan bir qıçanı Əsədə verdi. Görürdü ki, ondan da yaxşı güllər var orda, ancaq kişi bunu oğlana uzatdı — Əsəd pulunun yəqin az olduğunu nəzərə alıb heç nə söyləmədi.

Əsəd bazardan çıxanda sıxıntısını artıq unutmuşdu, quş kimi yüngül idi. Tək gülü çantasına, kitabların üstünə yanakı qoymuşdu

– əzilməsin deyə. Məktəbdə, o yan-bu yana baxa-baxa, oğurluq edirmiş kimi, gülü xəlvəti çıxarıb Xəzangülün partasının gözünə qoydu.

Bir azdan Xəzangül gəldi, uzaqdan göz qırpmaqla səssiz-səmirsiz «mən sənə qurban olum» dedi, yaxınlaşıb dili ilə, adi qaydada:

– Salam, — söylədi Əsədə.

– Salam, — deyə Əsəd cavab verdi. Xəzangül yerində əyləşib qatlama partanı açanda burnuna xoş ətir dəydiyindən əyilib aşağı baxarkən tək qızılgülü gördü, duruxdu... çönüb böyründə oturmuş Əsədə baxdı; Əsəd mehriban-mehriban qımışdı.. Xəzangül ətrafa nəzər salıb çantasını sağ — tərəfdən dikinə qoyaraq (Bunu belə elədi ki, ikinci cərgədə, axırıncı sıralarda oturanlar görməsinlər) ehtiyatla gülü çıxartdı, sonra başını aşağı əyib ciyərdolusu qoxladı onu — ətri sanki bihuş elədi Xəzangülü, sanki ruhuna qəribə bir sərinlik, saflıq axdı onun, ala gözləri süzülüb yumuldu.

Xəzangülü izləyən Əsəd düşündü ki, bir güldə nə böyük hikmət varmış, necə mübhəm bir əfsun varmış, ay aman! O, gül alıb gətirdiyindən çox məmnun oldu.

Xəzangül başını qaldırıb hələ də axım-axım axan gözlərini Əsədə dikib məstanə bir səslə:

– Çox sağ ol, Əsəd, — dedi.

– Dəyməz, əzizim...

Əsəd o gündən sonra, hər dərsə gələndə, atasının cib xərcliyi üçün verdiyi əlli qəpiyi boğazından kəsib bazara gedər, gülə verər, Xəzangül üçün gül gətirərdi. Xəzangül isə hədsiz bir fərəh içində o gülü hər dərsdə bircə dəfə xəlvətə salıb iyləyər, sonra guya yorulubmuş kimi, başını da «MSQO» sözlərinin üstünə qoyaraq elə bil, ordan da Əsədin taxtaya həkk olunmuş ürək sözlərini — «Mən sənə qurban olum»u dinlər, evə gedəndə isə, o tək gülü əzilib ləçəklərinin töküləcəyindən qorxa-qorxa çantasına qoyub aparardı. Sonralar, Əsədin gül gətirməsi bir adət halına düşəndən, Xəzangüllə əhd-peyman bağlayıb iki canda bir ürək olacaqlarına and içəndən sonra, qayğısız günlərin birində aralarında belə söhbət olmuşdu:

– O gülü evə aparıb neyləyirsən, Xəzan?

– Neyləyirəm? Qoyuram stakanın içinə, qoyuram stolumun üstünə.

– Bəs Fatma xala demir bu gülü sənə kim verir?

– Bir dəfə soruşdu. Dedim özüm alıram. Ta deyə bilməzdim ki, sinifimizdə bir qəşəng oğlan var, o alır.

– Əlbəttə, hələ demə. Sən elə deyəndə inandı xalan?

– Nə bilim, hər halda mən bu cür söylədim...

– Yaxşı demisən, Xəzan. — Əsəd, partanın üstündə, çantanın böyründə qoyulmuş qızılgülə baxıb soruşmuşdu — Bəs... solandan sonra... yəqin atırsan, eləmi?.

– Yox, nə danışırsan, Əsəd? Sənin verdiyin gülü heç atarammı?

Əsəd gülümsündü:

– Bəs neyləyirsən?

– Quruyunca, saralıb-solunca saxlayıram. Soldumu, ləçəklərini qoparıb pəncərənin ağzına sərdiyim qəzetin üstünə tökürəm. Həftədə altı gül... xeyli yığılıb...

– Neyləyəcəksən onları?

– Mən də əvvəl bilmirdim, ancaq bir gün xalam mənə dedi ki, görürəm o güllər sənin üçun əzizdi, bala. Heyfdi, elə açıq qalıb quruyar, ovulub tökülər. Bə neyləyim — dedim. Dedi ki, parça verim, bir balaca balış tik, o ləçəkləri doldur içinə.. olsun-sənin üçün nazbalış. Allah qoysa, ərə gedəndə cehizlərinin üstündə apararsan, onda o gülləri sənə verən oğlana da ləzzət eləyər, bala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 min
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 min
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 min
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 min

Poems by other poets