İkinci hissə, birinci fəsil
Page 6 of 15 · 33%
– Nə üçün darıxırdın, Xəzan?
Xəzangül azca qabarmış sinəsinin üstündəki saçının ucunu qurdalaya-qurdalaya:
– Mən məktəb üçün darıxırdım, yoldaşlarım üçün darıxırdım, Əsəd, — dedi. Əsəd köksünü ötürdü:
– Mən də əvvəl elə bilirdim. Lakin, indicə başa düşdüm ki, səhv eləyirmişəm.
– Niyə ki?...
Əsəd cavab verməyə imkan tapmadı — uşaqlar, gurultu ilə içəri doluşdular və sözü ağzında qaldı. Bir tərəfdəən dilxor oldusa, o bir yandan da sevindi. Utanacaqdı fikrini deməyə. Söyləyə biləcəkdimi? Yox. Sonra müəllim içəri girib və nə isə danışanda
– Əsəd onsuz da qulaq asa bilmirdi — öz-özünə düşünürdü ki, yox, deyə bilməyəcəkdi. Kim bilir, bəlkə də «Sənin üçün darıxırdım, Xəzan!» — sözlərini dilinə gətirsəydi, Xəzangülün acığına gələrdi, ondan küsərdi. O zaman neylərdi Əsəd? Cəbr müəllimi nəyisə izah edirdi, Əsəd xoşbəxt-xoşbəxt oturmuşdu, müəllimin dodaqlarının tərpəndiyini görürdü, səsini də eşidirdi, ancaq sözlərini anlamırdı, anlaya bilmirdi. İstəyini tapmış adam kimi, toxtayıb durmuşdu. Sakit idi, qəlbi intizar, həsrət içində çırpınmırdı daha. Sən demə, həqiqətən o, bu anlar üçün Xəzangüllə qoşa oturmaq anları üçün çalıxıb-çapalayırmış, canını qoymağa yer tapmırmış. Sən demə, onun ürəyində, həyatında Xəzangül çatmırmış. Sən demə, sevirmiş onu — özünün də xəbəri yoxmuş, sən demə. İndi o, gözəl, ağıllı Xəzangülün yanında idi, nəfəsini duyurdu, səsini eşidirdi, partanın üstünə qoyduğu ağ, totuq əllərinə baxa bilirdi — bundan böyük səadət yox idi. Əsəd üçün yer üzündə. Yox idi və ola da bilməzdi.
Bəli, indi çox-çox uzaqlarda qalmış, xatirəyə dönmüş o ildə məhəbbət deyilən o müqəddəs duyğu doğulmuşdu. Şirin, əzablı, ağrılı-acılı, bəzən güldürən, bəzən ağladan o gözəl hiss dünyaya gəlmişdi.
Deyirlər, hər doğulan hissdə, duyğu da insan kimi, canlı kimi, öz ömrünü yaşayandan sonra ölüb gedir. Bəs Əsədin ürəyində, uzaq sentyabrda dünyaya gələn o ülvi hiss, az qala bir insan ömrü də keçib gedəndən sonra niyə ölməmişdi, nə üçün yaşamışdı? Susuz ağac nə qədər yaşar? Susuz çiçək çoxmu ömür sürər? Yox. Bəs bu hiss necə möcüzə idi ki, susuz da, qayğısız, nəvazişsiz də yaşamışdı Əsədin qəlbində? O, bütün uçub gedən illər boyu da, elə indi də — bu gün Aliyə xanımla etdiyi o dəhşətli söhbətdən sonra da buna heyrət eləyib heyran qalmışdı.
Bəli, sentyabr belə başladı Əsəd üçün. O, günlər keçdikcə, Xəzangülün dadlı bir duyğuya, doyulmaz bir mahnıya çevrilərək qanına, iliyinə, şüuruna, varlığına, bütün vücuduna axıb dolduğunu, hopduğunu hiss eləyirdi. Xəzangül onun xəyalı həmsöhbəti olmuşdu. Xəzangül onun fərəhi olmuşdu. Xəzangül onun yuxusuzluğu olmuşdu. Zaman keçdikcə anlamışdı ki, Xəzangül həyatına, ömrünə çevrilib — yerli-dibli köçüb oturub qəlbinin içində. Bunu Əsəd də görə bilməzdi, kənardan baxan da duya bilməzdi — onun bütün varlığı dönüb Xəzangül olmuşdu, zərifləşmişdi, ətirlənmişdi, nəğmələşmişdi. Onu hər gün görmək səadəti bəs idi, səsini eşitmək səadəti bəs idi: o, hər gün, istirahət günlərindən başqa, altı saat nəhayətsiz dərəcədə bəxtəvər olurdu. Dərs qurtardıqdan sonra o, gözlənilmədən məyuslaşırdı, qəm-qüssəyə batırdı
– çünki ondan Xəzangüldən ayrılırdı?.. İstirahət günlərini qətiyyən sevmirdi — o gün Xəzangülü görə bilmirdi. İlk günlər çırpınırdı, evdə qərar tutammırdı; az sonra dözməyib Xəzangülün yaşadığı məhəlləyə getməyə başladı evlərini tapıb uzaqdan-uzağa tamaşa etdi; bu da qəribə idi ki, qapısından içəri bircə dəfə də ayaq basmadığı o ev Əsəd üçün çox əziz olmuşdu; evi görəndə elə bil Xəzangülün özünü görürdü, sanki alçaq, birmərtəbəli, ikiotaqlı o daş binanın pəncərələri Xəzangülün gözləri idi ki, göy rəngli dəmir torun arxasından ona baxırdı. Hərdən evdəkilərdən kimsə
– ayırd edə bilmirdi, ya anası idi, ya Xəzangülün özü idi — pəncərə önünə gəlir, xeyli dayanıb küçəyə baxırdı. Bu zaman Əsəd ağacın dalına çəkilərdi ki, görüb tanımasın Xəzangül.
Xəzangül onun ürəyindən xəbərsiz idi. Utancaqlığındanmı, qorxduğundanmı — nədənsə, o, qıza könül açmağa ürək eləmirdi. Ancaq hərəkətlərindəki qəribəliklərdən, gözlərinin tez-tez yol çəkməsindən, xəyala dalmasından, həsrətli baxışlarından şübhələnirdisə də, özünü o yerə qoymur, onunla bəzən saymazyana, bəzən ehtiyatla rəftar edirdi.
Xəzangül qəribə bir qız sövq-təbiisi ilə Əsədin ona vurulduğunu duyurdu və hardasa bu hissin özünə də gizli bir nəşə bəxş etdiyini anlayıb qürurlanırdı. Ona daha çox fikir verirdi, hərdən qeyri-iradi çox mehriban olurdu və intizarla gözləyirdi ki, bax, bu gün Əsəd nə isə olduqca şirin, ömür boyu yaddan çıxmayacaq bir söz deyəcək və o, bu sehrli, qəlbinin dərinliklərində eşitmək arzusu getdikcə güclənən o şirin sözü dinləyib yerə-göyə sığışmayacaq, hətta gözləri yaşaracaq...
Əsəd isə susur, Xəzangülü görən kimi nitqi batır, əsməcə tuturdu. Eləcə lal, məftun baxışlarla Xəzəngülü seyr edir, səsini eşidib, nəfəsini duyub məst olurdu. Son vaxtlar süd əzbər bildiyi dərsləri belə lövhənin qabağına çıxanda kəkələyə-kəkələyə danışır, cavabları müəllimi qane etmirdi. Əsəd sanki Xəzangüldən qorxurdu
– onu istədiyini dilinə gətirərsə, onu həmişəlik itirəcəyindən ehtiyat eləyirdi. Elə bilirdi ki, ona söz desə, o zərif varlıq sınar, solar, inciyər və küsüb gedər, həmişəlik gedər... Bu anlaşılmaz və yersiz qorxu Əsədin dilini yamanca bağlamışdı. Ona görə də axır günlər oğlanın ürəyi lap hövl eləmişdi.
Bir gün, sentyabrın axırlarında, dərsin şirin yerində Xəzangül gördü ki, partasının üstündə, düz onun qənşərində, bıçaqla dörd hərf qazılıb: «M.S.Q.O.». hərflər xəzə idi, taxta ağarırdı. Həm də dünən yox idi. Bu nə deməkdi, kim yazıb görəsən? Xəzangül sakitcə hərflərə xeyli baxdı, bir şey anlaya bilmədi. Amma nədənsə qızın ürəyi uçundu və ona elə gəldi ki, bu hərflər, elə onun gözlədiyi o şirin sözlər idi ki, bura yazılmışdı və şübhə də etmirdi ki, bu, Əsədin işidi. Bəs niyə taxtaya yazırdı, dili yox idi məgər?.. Xəzangül ehmalca dönüb böyründə oturan, sol əlini də üzünə dirəyib dərs danışan müəllimə guya qulaq asan Əsədə gözucu fikir verdi. Bayaqdan yerində sakit əyləşmiş kimi görünən oğlan əslində əsirdi, haldan-hala düşürdü, «kaş görməyəydi, — deyirdi, — bu tənəffüs pozacağam»... Ancaq Xəzangülün ona yanakı baxmağından başa düşdü ki, görüb, artıq gecdi. Görüb Xəzangül... İndicə bir tufan, haray-həşir, qışqırıq qopacağını gözləyən Əsəd yerindəcə büzüşdü: elə bu zaman Xəzangül sol dirsəyi ilə onun qoluna toxunub pıçıltı ilə soruşdu:
– Bunu kim yazıb?
Əsəd içəridə titrəsə də, təmkinini pozmamağa çalışaraq guya heç nədən xəbəri yoxmuş kimi:
– Nəyi? — deyə xəbər alanda Xəzangül sağ əlinin şəhadət barmağını təzəcə qazılmış hərflərin üstünə qoydu.
– Bunları deyirəm...
Əsəd əyilib o dörd hərfə ötəri baxdı və qətiyyətsiz bir hərəkətlə çiyinlərini çəkdi:
– Bil...mirəm...
Xəzangül baxışlarını dolandırıb Əsədə sadəlövh bir təbəssümə bürünmüş qəzəblə nəzər saldı: «Yazmağı yetmir, hələ bir danır da» — deyə düşündü; Əsədin sifəti alışıb-yandı.
– Qorxaq! — dedi astaca Xəzangül.
– Kim?—deyə Əsəd qızın hay-haray salmaq fikrində olmadığını görüb, azca ürəkləndi.
– Kim yazıbsa bunu, o! Sözün var, özünə de. Yoxsa...?
Əsəd heç nə söyləmədi, ürəyində özünü danladı: «Düz deyir də. Nədən qorxursan ki, ay Əsəd?...»
Xəzangül Əsədin yenə susduğunu görüb incimiş kimi başını yana döndərdi, qabağındakı kitab-dəftərini çantasına qoydu. Ancaq heç beş dəqiqə keçməmiş çönüb Əsədi dümsüklədi:
– Bıçağın var?
– Neyləyirsən? — Əsəd uçundu.
– Bunları pozacağam.
Əsəd əvvəl tutuldu, sonra sevinən kimi oldu, qeyri-ixtiyari əlini cibinə saldı ki, bıçağı versin. Ancaq nə fikirləşdisə:
– Yoxdu, — dedi.
– Yaxşı, — Xəzangül narazı halda pıçıldadı. — Mən səhər evdən bıçaq gətirəram, pozaram, onda görərsən!..
«Bilir mən yazmışam», — deyə düşünən oğlan istədi desin ki, pozma Xəzangül, onu mən yazmışam,—lakin dili sözünə baxmadı, ürəyindən qopub gələnlər boğazında hardasa itib-batdı.
Sükut yaman uzun sürdü. Hər ikisi ürəyində danışırdı. Handan-hana Xəzangül bayaqkından tamamilə fərqli olaraq, mülayim bir səslə astaca xəbər aldı:
– Görəsən bu hərflər nə deməkdi, Əsəd?
Əsəd qızın həlim rəftarından yenə ürəklənib hərflərə sarı nəzər saldı, müəllimin diqqətini cəlb etməsin deyə əlini ağzının üstünə qoyaraq:
– Yəqin hərəsi bir sözün baş hərfidi, — dedi.
– Mən də elə bilirəm, ancaq görəsən nədi?
Əsəd, təbii ki, bu hərflərin altında gizlənən mənaları çox gözəl bilirdi, ancaq birdən-birə deməyə ehtiyat eləyirdi. Odur ki, yenə:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.