Page 5 of 15 · 27%

Balaca bir idarədə zavxoz işləyən, fağır, dilsiz-ağızsız bir adam olan Teyyub kişi, Səkinənin ölümündən sonra evlənməmişdi. Mehrini yeganə oğluna salıb ona həm atalıq, həm də analıq eləmişdi; paltarlarını yumuşdu, vaxtlı-vaxtında yeməyini bişirmişdi, üst-başına fikir vermişdi, dərslərinə göz qoymuş, məktəbinə gedib-gəlmişdi. Əsəd də fədakar atanın bəxtindən ağıllı uşaq çıxmışdı. Atasını incitmirdi, dərslərini yaxşı oxuyur, ev-eşik işlərində kişiyə kömək eləyir, məhəllənin avara uşaqlarına qoşulmurdu.

Teyyub oğlundan yerdən-göyəcən razı idi. İllər keçdikcə, Əsəd böyüdükcə onların arasında ata-oğulluq münasibətindən başqa, bir qardaşlıq, həmdəmlik ünsiyyəti də yaranmışdı və bu, qadın nəfəsi duyulmayan balaca otağa bir nisgilli xoşbəxtlik bəxş eləmişdi. Teyyub Səkinənin şəklini böyütdürüb divardan asmışdı və Səkinə, gözlərində kədərli bir təbəssüm, sözsüz-sovsuz vəfalı ərinə, ağıllı-kamallı oğluna baxır, baxırdı. Əsədin gözləri anasının şəklinə sataşan kimi, nədənsə əvvəlcə hafizəsində həkk olunub qalmış Xəzangülün yaşlı gözlərini xatırlayırdı və bundan sonra — qəribə idi — anasının öldüyünə inanırdı.

Hər il avqust ayında Teyyub kişi məzuniyyətini götürər, atabala səfalı Şuşaya (bu dilbər guşəyə Teyyub lap çoxdan vurulmuşdu) gedər, meşədə, İsa bulağı üstündə yaxşıca dincələr, vaxtları tamam olanda deyə-gülə, gümrah halda yığışıb şəhərə qayıdardılar; sentyabrın birində ata işə, oğul məktəbə gedərdi. Ancaq həmin axırıncı yay, Əsəd Şuşada on-on beş gün qalmamış, bərk darıxmağa başladı. Nə istirahət evi, nə kinolar, nə gəzintilər

– heç nə onun könlünü açmadı, atası onu hara apardısa yarıkönül getdi, bir ləzzət almadı, nəşə duymadı. Teyyub kişi qəlbini açmaq üçün nə elədisə, bir xeyri olmadı. Əsəd yeyib-içməyindən, deyibgülməyindən qaldı — fikirli gəzib dolandı; xırda, qara gözləri tez-tez yol çəkdi. Dağların qoynunda, səfalı meşələrin qucağında, buz bulaqların üstündə belə sanki havası çatmırdı. Əsəd bir neçə günün içində arıqladı, sınıxdı. «Axı nə olub, bala, sənə, nəyin fikrini çəkirsən?» deyə ata dönə-dönə soruşsa da, üz-gözünə anlaşılmaz kədər ifadəsi yazılmış Əsəddən düz-ağıllı cavab ala bilmədi, eləcə «darıxıram» — deyib durdu. Çünki oğlan özü də, əslində, baş aça bilmirdi ki, ona nə olub. Təkcə bu aydın idi ki, nədənsə şəhər üçün darıxır. Vəssalam. Axırda kişi oğlunun incəlib arıqladığını görəndə - naçar qalıb vaxtından bir həftə qabaq Əsədi də götürüb şəhərə qayıtdı. Fikrində evə çatan təki uşağı həkimə aparmağı qərarlaşdıran Teyyub möcüzə şahidi oldu: ayağı şəhərə dəyən kimi, Əsəd dirçəldi, eyni açıldı, deyib-güldü, elə bil, uşağı sehrli bir əl tamam dəyişdi. Həkimə getmək fikrini Əsədə deyəndə o: «Mənə nə olub ki?» — deyə təəccübləndi. — «Bir yerin-zadın ağrımır ki?». «Yox». Yalnız bu cavabdan sonra Teyyubun ata ürəyi rahatlandı... Ancaq əslində Əsədin özü də bu işə mat qalmışdı. Yaylaqda niyə elə birdən-birə darıxdı, şəhərdə onun nəyi qalmışdı? Heç nəyi, heç kimi. Şəhər həminki şəhər idi — isti idi, küləkli idi, tozlu idi. Balaca həyətləri də, elə əvvəlki kimiydi. Elə ilk günlər anladı ki, darıxmağı nə evləri üçünmüş, nə şəhər üçünmüş. Düşündü, yenə ağlına bir şey gəlmədi. Yalnız dərslərin başlanmasına bircə gün qalmış qəribə bir sevinclə anladı ki, məktəb üçün, sinif yoldaşları üçün darıxırmış, müəllimləri üçün darıxırmış. Səhər dərsə gedəcəkdi, kitab-dəftərini, çantasını səliqə-sahmana salmışdı: atasının təzəcə aldığı kostyumu şifonerdən çıxarıb stulun başından asmışdı, ağ köynəyini ütüləmişdi. Ertədən dəlləyə gedib saçını düzəltdirmişdi. Sabahı səbirsizliklə gözləyirdi. Buna görə də təəccüb eləyirdi ki, ötən illərin heç birində dərslərin başlanmasını beləcə narahatçılıqla gözləməmişdi. Həmin axşam, gecəyarıdan keçəndən xeyli sonrayacan gözlərinə yuxu getmədi Əsədin. Naməlum, ancaq nə isə şirin xəyallar onun yuxusunu ərşə çəkmişdi. Səhər, sentyabrın birində, hamı kimi o da doğma məktəbə ürək çırpıntısı ilə gələndən, sinif yoldaşları ilə, müəllimlərinin bəzisi ilə görüşəndən sonra hər şeyi başa düşdü. Birdən-birə özü də heyrətamiz olan bir həqiqəti dərk eləyib həm sevindi, həm də qorxdu. Bu an o an idi ki, Əsəd sinif yoldaşlarının demək olar ki, hamısı ilə görüşüb hal-əhval tutmuşdu — ancaq nə isə yenə çatışmırdı, nəzərləri nigaran-nigaran o yan-bu yana baxır, kimi isə axtarırdı. Kimi axtarırdı, kim hələ gəlməmişdi? Ah, tapdı, tapdı — Xəzangül yox idi; Xəzangül gəlməmişdi. Sadəcə, onun adını ürəyində pıçıldayanda Əsədin bədəni uçundu — sən demə, Xəzangül imiş onu bu qədər narahat eləyən. Bəs niyə yoxdu, bəlkə xəstələnib, bəlkə gəlməyəcək, bəlkə... Bu «bəlkələrdən» qəlbi qısıldı, yoldaşlarından dəhlizdə ayrılıb sinfə girdi, hövsələsiz halda çantasını partanın üstünə atdı, oturdu. Gözlərini qapıya zillədi... İntizarla keçən anların ömrü nə yaman uzun olurmuş. Əsədin səbri tükənhatükəndə birdən qapı açıldı, əyninə

qəhvəyi paltar geymiş, ağ önlük taxmış, xurmayı saçlarının birini sinəsi üstə, o birini arxasına atmış Xəzangül, gülə-gülə, göy çantasını əlində yellədə-yellədə sinfə daxil oldu: onu görən təki Əsədin ruhu, necə deyərlər, bədənindən uçdu, ağzı açıla qaldı, gözlərindən işıq seli axdı sanki — par-par alışıb yandı. Sinifdə heç kəs yox idi. Xəzangül Əsədi görüb nazik, qara qaşlarını qəribə bir tərzdə yuxarı qaldırıb yerişinə haram qatmadan partaların arası ilə ona sarı addımlayanda Əsəd, yanına müəllimi gəlirmiş kimi, qeyri-ixtiyari ayağa qalxdı. Xəzangülün sifəti elə bil nur parçası idi, nur saça-saça, gülümsünə-gülümsünə gəlirdi. O addımladıqca Əsəd xoş bir gizilti içində geniş açılmış gözlərini qırpmadan qıza baxırdı; edə bil, Xəzangül yerimirdi, uçurdu, bax, görürsən, taxta döşəməyə ayaqları dəysəydi, Əsəd necə olsa eşidərdi. Bəli, o uçur, uça-uça gəlir ona tərəf... Bax, elə həmin anlarda, Xəzangül partaların arası ilə kəpənək kimi səssiz-səmirsiz qanad çala-çala gələndə Əsəd neçə gündən bəri qəlbini didən narahatlığın səbəbini anladı; Bəli, Əsəd məktəb üçün yox, yoldaşları üçün yox, Xəzangül üçün darıxırmış. Bu hissi anlayan, dərk edən kimi qorxu, nəşə-sevincqarışıq anlaşılmaz bir duyğu içində, taqətsiz halda yeriidə oturdu — elə bil, kimsə arxadan qıçlarının büküyünə vurdu, xıxırtdı. Sanki ürəyinin başında, gözlərinin dərinliyində neçə vaxtdan bəri yığılıb qalmış, sinədolusu nəfəs almağa, gözdolusu gülümsünməyə qoymayan o naməlum sıxıntı, küt ağrı birdən-birə aydınlaşdı — o, çiynindən əzici yük götürülmüş adam tək, nəhayət, asudə nəfəs ala bildi və bu an, məhz bu an Əsəd, özünü çox xoşbəxt hesab elədi.

– Salam, Əsəd, — deyə Xəzangül sol əlindəki çantanı partanın üstünə qoyub sağ əlini ona uzatdı: — Xoş gördük... — Xəzangülün səsi gözəl idi, elə yumşaq, elə həlim idi ki, sanasan qaymaq qatmışdılar.

Əsədin qulaqları guruldayırdı, gözlərinin qabağında hər şey uçurdu: o, Xəzangülün nə səsini eşidirdi, nə irəli uzanmış əlini görürdü — yuxudaydı, yuxu ilə ayıqlıq arasındaydı sanki Xəzangül çaş-baş olub qalmış, rəngi ağappaq ağarmış, yalnız qara gözləri par-par alışıb yanan Əsədə təəcüblə baxdı; deyəsən o titrəyirdi də.

– Sənə nə olub? Xəstə-zad deyilsən ki?

– Yox-yox... Xəzan, salam... — deyə, nəhayət o, qızın lap böyründə dayanıb dediyi sözlərdən sonra elə bil bihuşluq aləmindən ayrıldı və onun əlini tutdu.

– Vay, sən xəstəsən, Əsəd. Sənin hərarətin var. Əlin od kimi yanır...

Əsəd Xəzangülün dediklərini eşidib qeyri-iradi əlinə baxdı, elə bil, əlinin «od kimi yandığını» gözləri ilə görəcəkdi. Əli həmişəki əl idi, yanıb eləmirdi.

– Yox, xəstə deyiləm, Xəzan...

Xəzangül nurlu baxışlarını Əsədin üz-gözündə gəzdirdi, təzə kostyumuna diqqətlə baxdı, — kostyumu gözəl idi və Əsədə çox yaraşırdı — sonra mehriban-mehriban gülümsündü. Əsədin də gözlərindən təbəssüm yağırdı. Nəsə demək istəyirdi, ancaq elə bil, bir kəlmə də söz bilmirdi, bütün sözləri sanki yadından çıxartmışdı. Xəzangül dadına çatdı:

– İstirahətin necə keçdi, Əsəd?

– Pis. — Lakin söz ağzından çıxan kimi belə deməyinə özü də təəccübləndi.

– Pis?

– Hə.

– Niyə?

Əsəd çiyinlərini çəkdi:

– Nə bilim. Axıra yaxın yaman darıxdım...

– Darıxdın? Kimdən ötrü?

– Nə bilim.. — Və o dəqiqə «nə bilim» deməyinə də peşman oldu, özünü danladı: «Gərək deyəydim sənin üçün». Sonra ürəyində məzəmmət elədi və gecikmiş olsa da, dəfələrlə təkrar etdi: «Sənin üçün, Xəzangül, sənin üçün.» ...Sonra sandı ki, elə həqiqətən o cür deyib — Xəzangülün düz gözlərinin içinə baxa-baxa eləcə söyləyib.

Xəzangül arada yaranan sükut buzunu qırıb qabaqdakı boş partada oturdu və dedi:

– Nə isə bu yay mən də çox darıxmışam. Amma mən sənin kimi deyiləm, bilirdim mən nə üçün darıxırdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 min
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 min
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 min
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 min

Poems by other poets