Page 2 of 3 · 33%

Öləndə də... Sahiləni isə... oxudaram, ərə verərəm,.. Bu, mənim taleyimdi, görünür, Sakit. Taledən qaçmaq olmaz...

Əsəd susdu. Sakit mütəəssir halda ona baxdı, baxdı və birdən, Əsədin gözləmədiyi halda, qalxıb qabağında dayandı, əyilib üzündən öpmək istədi, lakin nə üçünsə özünü saxladı, sadəcə:

– Çox sağ ol, Əsəd, — dedi. — Böyük alicənablıq eləmisən. Mən bunu hökmən yazacağam, Əsəd. Qoy hamı bilsin ki, dünyada sənin kimi insanlar hələ də var, qardaş. — Sakitin gözləri yaşarmışdı. Həqiqətən çox təsir eləmişdi Sakitə. Bir qələm sahibi kimi, o, həmişə insanların həyatında indi məhz belə qeyri-adi görünən, əslində isə adi insani keyfiyyət hesab edilən cəhətləri axtarırdı, öyrənirdi, yazırdı. Ucdantutma hamının gördüyü, bildiyi, eləməyə qadir olduğu şeyləri qələmə almağı qətiyyən sevməzdi. İnsanlara, kitab oxuyanlara nə isə yeni, maraqlı bir söz deməyin ləzzətini o, heç nəylə dəyişməzdi. Sakitin fikrincə, həyatda qeyri-adi insanlar, qəhrəmanlar çoxdu, onları tapmaq, yazmaq, tanıtdırmaq, sevdirmək sənətkarların ən müqəddəs borcudu. O, qəhrəmanları da, maraqlı idi ki, iki qismə bölürdü. Birinci qisim qəhrəmanlar ani hərəkətlərinin, beynində, ürəyində bircə anlığa oyanmış hər hansı nəcib, əhəmiyyətli bir fikrinin həyata keçirilməsi nəticəsində adilikdən çıxıb qəhrəmanlaşır, əfsanələşir. Bu cür qəhrəman olmaq üçün bir an, bir saat özünü unutmaq, dəyanət və fədakarlıq göstərmək kifayətdir. Bəli, qəhrəman olmaq üçün bəzən bir an tələb olunur, ancaq əsl insan olmaq üçün isə bir ömür gərəkdir. Bir günün içində qəhrəman olmaq olar, amma bir günün içində əsil insan olmaq mümkün deyil. Sakitə görə, ikinci qisim qəhrəmanlar adamcığazlar arasında hər hərəkəti, sözü, rəftarı, mədəniyyəti ürəyi, səxavəti, dəyanəti, mərdliyi və sədaqəti ilə seçilməyə qadir olan əsl insanlardı və onlar Sakitin gözündə bir anlıq qəhrəmanlardan çox-çox ucada, əlçatmaz yüksəklikdə dayanırdılar. Bunlar mənən, daxilən, qəlbən qəhrəmanlığa layiq adamlardı və yer üzündə nə qədər belə insanlar vardısa, hamısına— tanısa da, tanımasa da pərəstiş eləyirdi Sakit. Belələri insan sözünü, adi «adam» sözünü yox, məhz insan sözünü şərəfləndirir, ülviləşdirir, ilahiləşdirir.

Sakit böyründə oturub siqaret çəkən Əsədə fikir verə-verə düşünürdü ki, o, Əsəd, məhz bu cür gözəl insanlardandı. Xəzan-gülün gözü dağlansın, niyə onun ürəyini görməyib, niyə qiymətləndirməyib, niyə öz təmizliyini, ləyaqətini belə bir insana tapşırmaqdan çəkinib? Niyə onun taleyini belə sındırıb, ayaqlayıb üstündən keçib! Gör Əsədin ürəyində nə qədər işıq, nə qədər ülvilik və müqəddəslik varmış ki, bu zərbə — Xəzangülün vurduğu bu dözülməz zərbə də onu söndürə bilməyib, çirkaba batıra bilməyib, napak eləyə bilməyib! Gör nə qədər məhəbbət varmış onun qəlbində — bu rəhmsizlik, dönüklük, vəfasızlıq onu məhv edə bilməyib!.. Amma belələri az tapılar, az ələ düşər. Çoxu bu cür insanları anlamaz, qiymətləndirməz. Sakit bunu da yaxşı dərk eləyirdi. Eləsi ola bilərdi ki, Xəzangülü bu vəziyyətdə görəndə sevinərdi, intiqam hissiylə alışıb yana-yana deyərdi: «Sənə bu da azdı. Sən bundan da böyük bədbəxtliklərə layiqsən. Öz cəzandır, Allah çəkdirir» — deyərdi və yanından məğrur-məğrur keçib gedərdi. Əsəd də, danışdığına görə, keçib gedirmiş, ancaq qayıdıb. İnsan kimi qayıdıb və indi budur, yanındadır. Hər gün Sahilə onu kolyaskasında saat səkkizdə evdən çıxarır, küçədə onları gözləyən Əsədin yanına gətirir, suyunu, kompotunu, yeməyini verir, özü dərsə gedir; Əsəd Xəzangülün kolyaskasını itələyə-itələyə dəniz qırağına gətirir.

Xəzangül onu hər gün görəndə donuq, kədərli sifətində qəribə bir titrəyiş əmələ gəlir — Əsədi gördüyünə sevinir, sonra kirpiklərini endirməklə salam verir və yəqin ki, onuncu sinifdə oxuduğu zaman səssiz-səmirsiz «Mən sənə qurban olum» demək olan bu kirpik çalmanın o şairanə mənasını xatırlayır, kim bilir, bəlkə elə indi də, kirpiklərini endirərkən ürəyində «mən sənə qurban olum» söyləyir? Ya bəlkə kim bilir, xəstəlik onun yaddaşının nizamını, düzümünü, yazısını tamam pozduğundan heç o sözləri yadına sala bilmir?

Dəniz qırağında çox vaxt Əsəd, Sahilənin tapşırığına baxmayaraq, onun üzünü dənizə tərəf çevirmir — kolyaskanı elə qoyur ki, Xəzangül ona baxa bilsin. Baxa bilsin və yanaqları aşağı yaş axıtsın.

Sahilə bu iki-üç ay ərzində, Əsədin danışdığına görə, ona elə isinişib ki, elə bil doğma atasıdı. Heç nəyi ondan gizləmir, hər dərdi-sərini ona danışır. Əsəd qızın gözündə müqəddəs bir varlığa dönüb. Ərəstun Əsədi görəndə özünü yığışdırır, ona hörmət eləyir.

Əsədin iyirmi il bundan qabaqkı «nə oldu, niyə belə elədin?» sualları yenə cavabsızdı. Ən dəqiq cavabı Xəzangül özü verə bilərdi. Hayıf ki, bu mümkün deyildi və görünür, heç vaxt Əsəd bu suallara cavab ala bilməyəcəkdi.

Sakiti indi bir məsələ çox düşündürürdü: «Görəsən, Xəzangül nə fikirləşir? Kaş elə bir imkan olaydı, onun ürəyindəkiləri, beynindəkiləri oxumaq, eşitmək mümkün olaydı. Peşman idimi? Xəcalət çəkirdimi? Özünə nifrət edirdimi?» Möcüzə baş versəydi, Xəzangülün dili açılsaydı, görəsən Əsədə nələr deyərdi, nələr demək istəyərdi? Bütün bunlar Sakit üçün Əsəddən də çox maraqlı idi. Və burada Sakit insanın hələ də bir çox sirlər, müəmmalar qarşısında aciz olduğunu anlayıb məyuslaşırdı.

– Yaxşı, bəs sən iş məsələsi barədə nə düşünürsən, Əsəd?

– deyə Sakit, çoxdan onu narahat eləyən məsələnin üstünə gəldi.

– Haçanacan belə olacaq?

Əsəd suala cavab verməmişdən ayağa qalxdı, kolyaskanın ağ dəstəyindən asılmış qara parçadan tikilmiş zənbildən bir şüşə çıxartdı, ağzını açıb Xəzangülün dodaqları arasına saldı. O, iki-üç qurtum içdi. Kirpiklərini endirməklə «çox sağ ol!» — dedi. Əsəd də eyni qayda ilə cavab verib, Sakitin yanında əyləşəndən sonra:

– İş məsələsi elə-elə qalıb. Aliyə xanım iki dəfə dalımca uşaq göndərib, ancaq getməmişəm. Daha mən orda işləyə bilmərəm, Sakit, çünki heç kəsi başa salmaq olmaz. Mən onda gərək hamıya, uşağa da, böyüyə də, sənə danışdıqlarımı danışam. Bunu da mən bacarmaram. Yeganə çarə odur ki, başqa məktəbə gedəm. O da məncə hələ mümkün olmaz. Yerlər tutulub, dərslər bölünüb. Ranoda növbədə duran nə qədər müəllim var, heç mümkün olan işə oxşamır — dedi.

Sakit fikirləşib söylədi:

– Bəs dolanacağın necədir? Yəqin pulun-zadın yoxdur, hə?

– Pul? Varımdı. Heç nəyə ehtiyacım yoxdur. Tək adamam. Beş il də işləməsəm, pulum çatar. Orda — kənddə yaxşı maaş alırdım. Sən deyən elə də bədxərc deyiləm.

– Qane adam olduğunu bilirəm. Amma yenə də olsun. Ehtiyacın olsa, mənə deməsən, səndən küsərəm.

Əsəd razılıq elədi:

– Çox sağ ol, Sakit. Olsa, sənə də deməmiş kimə deyəcəyəm?

Sakit qalxdı. Hava soyumuşdu. Çoxdan bir yerdə hərəkətsiz oturduğundan üşüyürdü. Boylanıb Xəzangülə ötəri nəzər saldı. O, iri, ala gözlərini dənizlə üfüqün qovuşduğu yerə zilləyib durmuşdu. Ona çox baxa bilməyib Əsədə sarı döndü:

– Mən axşam bizim Nadirə zəng edəcəyəm. Dostumdu. Əhvalatı danışacağam, sənə bu yaxın məktəblərin birində bir iş düzəldər, elə bilirəm. İndi də olmasa, bir azdan...

– İndi heç özüm də istəmirəm. Qoy Sahilə məktəbi bitirsin. Onuncu sinifdi, məsuliyyəti çoxdu. Universitetə girmək istəyir. Ədəbiyyatı yaman sevir. Bütün ədəbiyyatımızı qədim dövrdən bu günə qədər əzbər bilir. Yaxşı ədəbiyyatçı olacağına inanıram. Bu il girər, sonra görək axırı nə təhər olar...

– Yayda mənə də deyərsən. Bəlkə mənim də bir köməyim dəydi. Amma hər halda mən bu axşam nazirlə danışacağam. — Sonra o, telefonunun nömrəsini Əsədə söylədi: 38-94-41. Axşamlar evdəyəm. Gəl bir oturaq, söhbətləşək;

– Gələrəm. Çox sağ ol, Sakit. Səndən çox razıyam. Bu qardaşyana münasibətini heç vaxt unutmaram.

– Nə danışırsan, ay Əsəd? Biz tələbə yoldaşı olmuşuq. Özün də tələbəlik illərindəki o adamyovuşmazlığı qoy bir kənara. Gəl-get. Qayna-qarış. Daha yaşımız o yaş deyil.

– Düz deyirsən. Ömür-gün gedir. Qocalırıq. Sən, maşallah, yaxşısan. Çox iş görmüsən, qardaş. Sənin kitabların əl-əl gəzir, hamı səni tanıyır, sevir. Sən hədər yaşamamısan bu illəri... Amma mən... Mənim ömrüm hədər getdi, elə hesab elə. Nə ailə, oğul-uşaq, nə də özümdən sonra yaşaya biləcək bir yadigar...

– Elə demə, Əsəd. Sənin dərs dediyin, tərbiyə etdiyin o uşaqlar ən yaxşı, ən gözəl əsərlərin deyilmi sənin?.. Müəllim ömrü — ömürlərin ən gözəlidi, Əsəd. Kaş mən də müəllim olaydım...

Əsəd də qalxdı və gülə-gülə dedi:

– Mən sənə qibtə eləyim, sən mənə. Yox, Sakit, mən hara, sən hara? Mən müqayisədə çox az adamın müəllimi olmuşam. Sən isə öz sənətinlə hamının müəllimisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, səkkizinci fəsil

Hava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.

12 min
Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 min
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 min
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 min

Poems by other poets