Xoş gəlmisən, Nərgizim
Page 11 of 20 · 50%
⎯ Məni bağışla, Nərgiz.
⎯ Bağışlamıram. Məni rahat burax.
⎯ …
⎯ Bir də mənə elə desən, səni ömürlük dindirməyəcəyəm.
⎯ Sənə qurban olum, daha demərəm.
Hirslənib dəstəyi asdım. Yerimə uzandım: gözüm telefonda idi. İndi də telefondan gəlirdi səsin. Sənin əlindən ilk dəfə onda ağladım. Mənim rahat, xoşbəxt həyatıma hər gün bir damcı narahatlıq zəhəri qatırdın. Mən artıq canımı qoymağa yer tapmırdım. Səndən qaçmaq, uzaqlaşmaq istəyirdim, amma qorxu hissi məni qəti addım atmağa, qəti qərar qəbul etməyə qoymurdu. Mən sənin ilk sarsıntıdan sonra başına gələn müsibətin şahidi olmuşdum. Bunu heç kəs bilməsə də, mən bilirdim ki, xoşbəxt bir təsadüf nəticəsində sağ qalmısan. Mən sənin heç mənən məhvinin vicdan əzabından qurtara bilmirdim o ki, qalsın… Sənin hərəkətlərində, sözlərində, pıçıltılarında nəsə şirin, bəlkə də ehtiyac hiss etdiyim bir doğmalıq, yaxınlıq var idi. Xüsusən o «Mən sənə qurban olum» – sözlərində. Əvvəl onlar mənə şit və gülünc görünürdü. Söz verdiyinə baxmayaraq, yenə mənə «Qurban olum» – deyirdin. Səndən küsəcəyimi söyləməyimə baxmayaraq, küsə bilmirdim. Günlər, həftələr keçdikcə mən onları eşitməyə adət edirdim. Daha həyacanlanmırdım, əsəbləşmirdim. Buna təəccüb eləyirdim ki, çox tez küsəyən olan mən, səndən heç küsə bilmirdim. Küssəydim, danışmasaydıq, bəlkə də rahat olardım. Amma küsə bilmirdim.
Çünki mən artıq dəqiq bilirdim ki, sən doğrudan mənə qurban olmaq istəyirsən, mən isə bunu istəmirdim və istəmirəm: əvvəllər ona görə ki, səni sevmirdim, indi isə səni çox sevdiyimə görə.
… Yeni il münasibəti ilə şöbəmizdə kiçik, xudmani bir məclis düzəltmişdik. Qapını bağlayaraq stolları ortalığa çəkib birləşdirmişdik. Şampan şərabı almışdıq. Yeyib-içir, deyib-gülürdük. Sən danışmırdın, ən gülməli, məzəli söhbətlərə belə təbəssümlə cavab verirdin.
Musiqimiz vardı: Səyyarə maqnitafon gətirmişdi. Təkcə şerimiz yox idi. Şersiz məclislər isə həmişə mənim nəzərimdə yarımçıq, naqis olub. Ona görə üzümü yoldaşlara tutub şer söyləmələrini xahiş etdim və aranı qızışdırmaq üçün birinci özüm başladım. Sonra qızlar bildikləri şerlərdən söylədilər.
⎯ İndi də növbə kişilərindir. – dedim. Səyyarə birinci Musaya müraciət etdi. Musa yaxasını tezcə kənara çəkdi:
⎯ Mənciyəz şer bilmirəm. Bir dənə də olsun şer bilmirəm.
Solmaz təəccübləndi:
⎯ Elə şey olmaz, canım.
⎯ Niyə olmur ki.
Səyyarə xəbər aldı:
⎯ Heç özün də yazmayıbsan?
⎯ Yox.
⎯ Arvadına da şer yazmamısan?
⎯ Yox!
⎯ Ağəz, bu necə kişidi.
Burda ürəyimə bir xal düşdü. Doğrudan da bizim də sevgimiz şersiz, məhəbbət məktubları olmadan başlamışdı, bunlarsız da bir-birimizə qovuşmuşduq. Hicran nədir bilməyə qoymamışdım Bünyadı. Özüm də onların ləzzətini görməmişdim, duymamışdım. Bünyad ilə mənim məhəbbətimdə on ildən, iyirmi ildən sonra həsrətlə xatırlanası, gözyaşardan epizodlar olmamışdı. Bunu düşünərkən mən yaman məyus oldum.
Səyyarə Musadan əl çəkib sənin üstünə düşdü.
⎯ Əgər sən də şer deməsən, hamımız sizdən küsəcəyik. Qızlar, küsəcəyik? ⎯ Biz bir ağızdan cavab verdik:
⎯ Küsəcəyik.
Sən donuxmuş halda bizim üzümüzə baxdın. Oxumaq istəmirdin. Gözümüz sataşanda kirpiklərimi aşağı endirməklə sənə «Söylə» işarəsi verdim. Sən oturduğun yerdəcə bir şer dedin. Yəqin o, sənin özünün yadından çıxıb: amma bircə dəfə eşitdiyimə baxmayaraq, mənim yadımda qalıb. Budur həmin şer:
Min fəğan qoparır bağçada bülbül,
O nələr söyləyir gülə, bilmirəm.
Sənsiz mehribanım, bu yer üzündə,
Necə yaşamışam hələ, bilmirəm.
Halıma yanmırsan, a gülyanağım,
Çətin ki, sağalar bu sinədağım.
Gülüşə həsrətdir gözüm, dodağım,
Gülmək istəyirəm, gülə bilmirəm.
Mənim necə böyük dərdim var aman,
Şirin vüsalındır dərdimə dərman.
Sudan çıxarılmış balığam, inan,
Sənsiz can verirəm, ölə bilmirəm.
Hamımız əl çaldıq. Şer yaxşı şer idi. Sevən bir qəlbin çırpıntıları vardı o şerdə. Bir böyük həsrət vardı o şerdə. Bilirdim özün yazıbsan, bilirdim mənə yazıbsan onu. Fikir məni apardı. Gözlərim yol çəkdi.
Səyyarə soruşdu:
⎯ Kimin şeridir, Toğrul?
Dillənmədin.
⎯ Özü yazıb – dedim.
⎯ Əşi elə şey olmaz? Sənin şer yazmağın da varmış?
⎯ Hərdən. Özümçün yazıram.
Musa zarafatla dedi:
⎯ Ədəbiyyat aləmində şerdən nəsrə keçən şairlər çox olub, ancaq nəsrdən şerə keçən yazıçı eşitməmişəm.
Səyyarə yalvarıcı bir tonla söylədi:
⎯ İndi bildim ki, Toğrul niyə mətbuatda az-az çıxış edir. Madam ki, şerə keçibsən, xahiş edirəm, birini də söylə, Toğrul. Sən yenə oğrunca mənə baxdın: sanki icazə istəyirdin. Bu, mənə ləzzət elədi. Bizim aramızda özümüzün də xəbəri olmadan gizli bir anlaşma yaranırdı. Biz səssiz-səmirsiz, baxışlarımızla danışırdıq.
Mən yenə kipriklərimi endirdim. Sən başqa bir şer oxudun.
Sənin məhəbbətindən yorulub usanmaram,
Gecə-gündüz dalınca kölgən tək gəzənəm mən.
Eşqinin yollarında min ağrıya, əzaba,
İşgəncəyə, zülümə Fərhad tək dözənəm mən.
Hicranın ağır olur dünyanın dərd-sərindən,
Vüsalın şirin olur cahan şərbətlərindən.
Oxlasan da nazınla qəlbimi min yerindən,
Ay mənim mehribanım, heç səndən küsənəm mən?
Həyatımın mənası sənsən dünyada gülüm,
Sənsiz kor olsun gözüm, sənsiz lal olsun dilim.
Bilmək istəsən nəyəm, ağıllım, şirin dilim?
Qönçə dodaqlarından qopan bir busənəm mən.
O gün məclisimiz çox şən keçdi. Bayram əhval-ruhiyyəsi hamını nikbin və şad eləmişdi. Sənin şerlərin isə məni bədbinləşdirdi. Onları mənə yazdığını bilirdim; o şerlərin hər sözünün arxasında sənin həsrətlə çırpınan ürəyinin bir parçası dururdu. Xüsusilə birinci şerin son misraları məni yamanca sarsıtmışdı. «Sudan çıxarılmış balığam, inan, Sənsiz can verirəm, ölə bilmirəm» - deyən misralar. Çünki mən yay aylarında bağımızın yanında balıqçıların sudan çıxardığı və qumların üstünə atdığı balıqların necə böyük əzabla, çırpına-çırpına can verdiyini gözlərimlə çox görmüşdüm və buna o zamanlar təbiətin adi bir qanunu kimi baxmışdım. Amma indi… sən özünü sudan çıxarılmış balığa bənzədəndə ⎯ özü də can verən, ancaq ölə bilməyən balığa bənzədəndə mən sənin nələr çəkdiyini tam aydınlığı ilə təsəvvür edib sarsıldım. Sənə nə üçünsə yazığım gəldi.
Bu əhvalatdan bir həftə sonra bazarlığa gedən Bünyad evə dipdiri bir balıq alıb gətirmişdi. Yazıq məftildən hörülmüş tor zənbil içində çabalayır, ağzını açıb-yumurdu. Mən onu görərkən sənin şerini, səni xatırladım. Balığın necə əzabla öldüyünə baxdığıma görə çox peşman oldum.
Yataq otağına keçib çarpayıya uzandım. Bünyad mətbəxdən səsləndi:
⎯ Nərgiz, dur balığı təmizlə, bişir, yeyək.
⎯ Mən ona əlimi vura bilmərəm.
⎯ Niyə?
⎯ İstəmirəm.
⎯ Bəs özün balıq istəməmişdin?
⎯ Onda istəmişdim, indi istəmirəm.
Heç nə başa düşə bilməyən Bünyad balığı özü təmizlədi, özü bişirdi və… özü də yedi. Mən o balığın dadına da baxmadım.
Gör o vaxtdan neçə illər keçib? Mən hələ də dilimə balıq əti vura bilmirəm, Toğrul.
… Sən hamının ⎯ dostların, tanışların, oxucularının gözündə yüksəlməli ikən, birdən-birə enməyə, kiçilməyə başladın. Mən səni uzaq mənzilə uçmağa qadir olan qartala bənzədərkən, sən qanadı sınmış kimi yerlə sürünməyə başladın. Hərdən sənin parlaq istedadından söz düşəndə mən bu söhbətlərə ürək ağrısı ilə qulaq asır, dərin sarsıntı içində odunu qurtarmış ocaq kimi yavaş-yavaş öləziyib söndüyünü hiss edərək həyəcanlanırdım. Duyurdum ki, ürəyində nagahani doğulmuş və müruri-zamanla böyüyüb şölələnmiş bu uğursuz məhəbbət səni heç də ucaltmır, ilhama gətirmir, qanadlandırmır, bəlkə, əksinə, qol-qanadını sındırıb səni kiçildir, balacalaşdırır, yerlə sürünməyə məcbur edir. Sən bu tilsimdən qurtarmasan şübhəsiz, məhv olacaqsan. Hərdən fikirləşirdim ki, sənin bu gözə görünməz, bəlkə heç özünün də duymadığın faciəndə mənim də günahım çoxdur. Məni sevməsəydin, bəlkə də bu hala düşməzdin. Sonra var gücümlə bu fikirləri özümdən uzaqlaşdırmağa çalışırdım, ürəyimi sakitləşdirmək üçün səni danlayırdım, zəif, iradəsiz olduğunu qət edib: «Öz cəzasıdır, qoy çəksin» – deyirdim. «Bunun mənə nə dəxli?»
Sən təkcə yaradıcılıq işindən yox, adi idarə işindən də, yeməyindən də, içməyindən də, bir sözlə adi yaşayışından da qalmışdın. Arıqlamışdın, yuxusuzluqdan gözlərin şişmişdi. Günü-gündən geri gedirdin.
Təəccüb eləyənlərin sayı getdikcə çoxalırdı. Kimi deyirdi: «Xəstələnib». Kimi deyirdi: «Toğrula nəsə olub».
Heç kəs əsl səbəbini bilmirdi, məndən başqa. Mənim isə əlimdən nə gəlirdi? Sənin dərdin məni də əridirdi. Yatanda, çörək yeyəndə səni düşünürdüm. Nə yatmağım yatmaq idi, nə yuxum yuxu idi. Sən bir sözlə, məhv olub gedirdin.
Onda direktorumuz Nəriman idi. Neçə il bizdə işlədi, bircə dəfə səmimi olduğunu, mehriban olduğunu görən olmadı. Bəzən mənə elə gəlir ki, o, kiçik bir xəta üstündə uf demədən adamın başını da kəsə bilər. Gözlərində ölü, üzündə donuq bir ifadə vardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-xos-gelmisen-nergizim
More by this author
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.