Page 12 of 20 · 55%

Yadımdadı, Nəriman sənə necə toy tutdu? Çətin yadında qalar. Çünki sənin ürəyin elə təmizdi, kin-küdurət saxlamaqdan o qədər uzaqsan ki, bu əhvalatı unutmuş olarsan. Sənin kimsəyə pislik elədiyini, kiminsə dalınca bədxahlıqla danışdığını görməmişəm. Yaxşılıq eləmək, həyatda yaxşı olmaq sənin şüarın olub. Tənəzzülə uğradığın günlərdə belə, səni gözümdə ucaldan, mənə bəslədiyin o bakir hisslərdən başqa, bir də bu cəhətin olub, Toğrul. Hamının ürəyi sənin ürəyin kimi saf, təmiz olsaydı, dünyamız daha gözəl olardı, Toğrul.

Həmişəki kimi bu dəfə də Nəriman şöbəyə səssiz-səmirsiz girdi. Hamımız işimizlə məşğulduq. Musa yuxarı başda oturduğuna görə onu birinci gördü. Tez ayağa qalxıb o, salam verməmiş salam verdi.

Musa yerini ona verib özü ayaq üstə dayandı. Nəriman ağayana bir hərəkətlə keçib əyləşəndən sonra qızılı sağanaqlı eynəyinin arxasından bizi süzüb:

⎯ İşləyirsiniz? – deyə xəbər aldı.

Hamımızın əvəzinə Musa cavab verdi:

⎯ Bəli, Nəriman müəllim, işləyirik.

Sonra o, donuq gözlərini dolandırıb sənə zillədi:

⎯ Sən də işləyirsən, Toğrul?

Onun bu sualı çox qəribə səsləndi.

⎯ Bəli, Nəriman müəllim, gördüyünüz kimi işləyirəm. – deyə sən anlaşılmazlıq içində cavab verdin.

⎯ Nəyi redaktə edirsən?

⎯ «Gizli məhəbbət» povestini.

⎯ Hm. Yaxşı əsərdi?

⎯ Yaxşıdır, Nəriman müəllim.

⎯ Çox qalırsan qurtarmağa?

⎯ Hələ xeyli var.

⎯ Qurtar, sonra ver mənə. Onu gərək təzədən başqa redaktora da verək.

Çaşıb qalmışdıq: bu nə demək idi? Musa nəsə demək istəyirdi ki, sən onu qabaqladın:

⎯ Başa düşmədim, Nəriman müəllim, mən redaktə eləyəndən sonra…

O, sənin sözünü kəsdi və kobud bir tərzdə:

⎯ Bəli, sənin redaktə etdiyin əsərləri gərək ya mən özüm işimi-gücümü atıb təzədən redaktə eləyəm, ya da başqasına verəm ki, redaktə eləsin. Başa düşdün? – dedi.

⎯ Yox.

⎯ Yox? – Eynəyin şüşələri altında Nərimanın gözləri böyüdü və o, əsəbi halda:

⎯ Bu günkü qəzeti oxumusan? – deyə xəbər aldı.

⎯ Hansı qəzeti?

⎯ «Ədəbiyyat və incəsənət» qəzetini.

⎯ Almışam, hələ baxmamışam.

O, Musaya sarı döndü:

⎯ Sən də oxumamısan, Musa?

⎯ Hələ yox, Nəriman müəllim.

Direktor özündən çıxdı:

⎯ Siz necə mətbuat işçisisiniz ki, səhər-səhər qəzet oxumamış keçinə bilirsiniz? Mən təəccüb eləyirəm sizə.

Mənim ürəyim çəkilmişdi: axı bu günkü qəzetdə nə vardı ki, mütləq oxumalı imişik və onu – Nəriman müəllimi belə əsəbləşdirmişdir?

Soruşdum:

⎯ Bu günkü ədəbiyyat qəzetində məqalə çıxıb məgər? ⎯ Hə, Toğrulun üzü ağ olsun, bizi biabır elətdirib. Biz nəşriyyatı yenicə dikəldib ayaq üstə qoymağa çalışırıq, kitab mədəniyyəti uğrunda mübarizə aparırıq, bu yandan da belə «qoçaqlar» bizim işimizi əyir. Məhəmməd Hadinin əsərlərini sən redaktə etmisən? – deyə Nəriman müəllim yenə sənə sarı çevrildi.

⎯ Bəli.

⎯ Aslanzadənin məqaləsini oxu, gör nə biabırçılıqdır. İki yüzdən artıq imla-mətbəə xətası tapıb, oxuyanda adamın tükləri biz-biz olur.

Sənin «yaradıcı» redaktən sayəsində Hadinin gül kimi misralarının gül kimi gözəl və dərin mənası alt-üst olunub gülünc vəziyyətə salınıb. Kitab satışa çıxandan sonra biz neyləyə bilərik? Heç olmasa sən özün oxuyaydın, yoldaş Əlixanov?

– deyə o, dönüb təzədən Musaya müraciət elədi. – Klassiklərə bu cür münasibət əsla yaramaz. Bunu sırğa eləyib bir dəfəlik qulağınızdan asın.

Musa dedi:

⎯ Ərəb-fars tərkiblərini yaxşı bildiyi üçün biz Hadinin redaktəsini ona tapşırdıq.

⎯ Bilir, bilir. Görünür necə bilir. – deyə o, rişxəndlə üz-gözünü turşutdu. Rəngin ağappaq olmuşdu. Qələm tutduğun əlinin əsim-əsim əsdiyini uzaqdan görürdüm.

⎯ Siz lağ etməyin, Nəriman müəllim. Bilməyinə bilirəm. ⎯ Bəs necə olub kitabda elə kobud səhvlər gedib?

⎯ Görünür diqqətlə oxuya bilməmişəm. Fikrim dağınıq olub.

«Fikrim dağınıq olub»… Aman allah, anladım ki, səni mənim üstümdə danlayırdılar. O, kitabı mənim gözümün qabağında redaktə eləyirdin. Bir dəfə də demişdin: Oxuyuram, amma heç nə başa düşmürəm. Hərfləri görmürəm, hər misranı neçə dəfə oxuyuram, yenə çatmır mənə.

⎯ Niyə, Toğrul?

⎯ Heç özüm də anlamıram. Sanki bütün yaddaşımı, hafizəmi siliblər, beynimdəki, ürəyimdəki hər şeyi, hər şeyi çıxarıb atıblar, yerinə bircə söz ⎯ sənin adını yazıblar. Səndən başqa heç kəs haqqında, heç nə haqqında düşünə bilmirəm.

⎯ Vallah, gülməli adamsan, Toğrul – demişdim onda və inanmamışdım. İndi isə…

⎯ Niyə sənin fikrin dağınıq olsun axı? – deyə direktor ani sükutdan sonra təzədən xəbər alanda Musa səndən qabaq dilləndi:

⎯ Yəqin qəzaya uğrayandan sonra…

⎯ Nə qəza? – O, təəccüblə soruşduqda mən hamıdan əvvəl dilləndim:

⎯ Axı o, avtomobil qəzasına düşmüşdü, Nəriman müəllim.

⎯ Hə? Bəs niyə bilmirəm?

⎯ Demişəm sizə, Nəriman müəllim.

⎯ Hm. – O, arıq, uzun barmaqlarını stolun şüşəsinə döyə-döyə diqqətlə sənin üzünə baxıb fikrə getdi, nəsə xatırlamağa çalışdı. Qəza əhvalatını eşidəndən sonra bir az yumşaldısa da, çıxanda yenə özünə məxsus quru, sərt bir ahənglə dedi:

⎯ Hər halda səhv, səhv olaraq qalır. Sənə ciddi surətdə tapşırıq verirəm; bir də işində belə səhlənkarlıq eləsən, səhvlərə yol versən, özündən küs. Onda səninlə xudahafizləşməli olacağıq. Sən isə, Musa, unutma ki, şöbə müdiri kimi buraxılan kitabların keyfiyyəti üçün tam məsuliyyət daşıyırsan.

⎯ Aydındır, Nəriman müəllim – deyə Musa tutqun halda cavab verdi.

O getdi, hamımızın üzünə elə bil, su çilənmişdi. Heç kəs dinib danışmırdı. Kimsədən danlaq götürməyi xoşlamayan Musa yamanca pərt olmuşdu: sənin üstündə ona da söz gəlmişdi. Qızarmış, pərt olmuş halda sənə nə isə demək istəyirdi ki, işarə ilə susmasını xahiş etdim. Bu qədər qan qaraldan söhbətdən sonra istəmirdim ki, o da səni danlasın.

Sən bərk darıxmışdın, təntimişdin. Siqaretini götürüb bayıra çıxdın. Gedəndən sonra Musa soruşdu:

⎯ Sən nə deyirdin, Nərgiz?

⎯ Deyirdim onunla daha işin olmasın. Nərimanın dediyi tikanlı sözlər onun bəsidi. Olan olub, keçən keçib. Nahaq yerə sən də bu tərəfdən qılıncını götürüb yazığın üstünə düşmə.

Səyyarə məni müdafiə elədi:

⎯ Nərgiz düz deyir.

Xeyli keçdi, ancaq sən qayıdıb otağa gəlmədin. Əlimi yumaq bəhanəsilə çölə çıxanda səni dəhlizin pəncərəsi qabağında dayanıb siqaretinin oduna təzə siqaret yandıran gördüm. Sənə təsəlli vermək istəyirdim.

⎯ Ürəyini sıxma, Toğrul. Keçib gedər – dedim.

Siqaretin tüstüsünü, içərindəki yanğını söndürəcəkmiş kimi, acgözlüklə sümürdün və kədərli gözlərini mənə zilləyib:

⎯ Eh, Nərgiz, Nərgiz – dedin. ⎯ Günahkaram. Nərimanın qarşısında yox, Hadinin qarşısında. Bu səhvimi özümə bağışlamayacağam!

⎯ Yaxşı ki, tapşırıqla kifayətləndi. O, səni işdən çıxarda da bilərdi.

⎯ Bu mənim üçün çox ağır cəza olardı.

⎯ Niyə? İşsiz qalacağından qorxurdun?

⎯ Yox. Sənsiz qalacağımdan qorxurdum, Nərgiz.

⎯ Mənsiz?

⎯ Hə, sənsiz. Sənsiz mən bu idarəni təsəvvür eləyə bilmirəm. Sən bu idarədən bu gün getsən, mən sabah gedərəm. Ömürlük burda işləsən, ömürlük burda qalaram. Bu idarə mənim üçün çox əzizdir: çünki onun qalın divarları arasında sən işləyirsən, nəfəs alırsan. Bura mənim üçün evimdən-eşiyimdən də doğmadır, istidir, Nərgiz.

⎯ Sən nə qəribə adamsan, Toğrul.

⎯ Bəlkə də.

⎯ Amma belə işləsən, mənsiz qala bilərsən. İşdən çıxardarlar səni.

⎯ Yox, buna heç cür imkan vermərəm. Sənsiz qalmamaq üçün gərək yaxşı işləyəm.

⎯ Sən təkcə idarədə pis işləmirsən, evdə də pis işləyirsən. Son vaxtlar heç nə yazmırsan, bu məni çox narahat eləyir. Axı sənin yaxşı qələmin var, sən yaxşı əsərlər yaza bilərsən.

Mənim bu sözlərim səni mütəəssir elədi: kövrəldin. Deyəsən yaralı yerinə toxunmuşdum. Ani fikrə getdin və sonra ah çəkib söylədin:

⎯ Düz deyirsən, Nərgiz.

⎯ Sən ağıllı oğlansan. Özünü ələ al, işlə, yaz, yarat. – Bunu deyərək mən o yan-bu yana baxdım, dəhlizdə kimsənin olmadığını görərək dəcəl bir uşaq hərəkətilə sənin duz, biçimli burnunun ucuna bir çırtma vurub gülə-gülə şöbəyə qaçdım. Qapıdan içəri girəndə çevrilib sənə baxdım, xoşbəxtcəsinə gülümsündüyünü görərək mən də sevindim.

Az sonra otağa qayıdanda üzün-gözün gülürdü. Elə bil, yarımca saat bundan qabaq danlanıb-dansanan, pərtliyindən qızaran, gözlərini qaldırıb heç kəsin, xüsusilə mənim gözlərimə baxa bilməyən sən deyildin. Ürəyində kimsənin görə və duya bilməyəcəyi bir sevinc vardı ki, onu ancaq mən hiss eləyə bilirdim. Məhz o anlarda mənim sənin həyatın üçün nə demək olduğumu dərindən-dərinə anladım. Anladım ki, məhəbbətinə sadəcə olaraq inansam, səninlə xoş danışsam sənin üçün böyük xoşbəxtlik olar, sən dünyada heç bir çətinlikdən qorxmazsan, ürəklə yaşayarsan, sevinə-sevinə, yarada-yarada yaşayarsan. Sən onda məhv olmazsan, özün də bəxtiyar olarsan, hamını sevindirə biləcək əsərlər də yaza bilərsən. Başının üstünü almış o qara bulud, fəaliyyətsizlik, süstlük buludu dağılıb gedə bilər, soyuduğun, ayrıldığın yazı masana təzədən, ürəklə qayıda bilərsən. Anladım ki, mən sənin üçün həyatam, sevincəm, nəşəyəm, sifətini, ömrünü, gözlərini bəzəyən gülüşəm. Bunu sən özün də hiss eləmişdin, çünki o zaman mənim dilimdən yazdığın bir şerdə də bunu söyləmişdin:

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 min
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 min
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 min
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 min

Poems by other poets