Xoş gəlmisən, Nərgizim
Page 14 of 20 · 65%
⎯ Niyə?
⎯ Ona görə ki, sən məni sevəndən heç nə yazmamısan. Məni sevsəydin, yazardın. Sən isə ağzına su alıb susursan. İki ildən çoxdur mən mətbuatda bir yazını da oxumamışam.
Sən məyus oldun, köksünü ötürüb qiymətli bir şey itirmiş adam sayağı təəssüflə dedin:
⎯ Düz deyirsən, Nərgiz. – Ani sükutdan sonra soruşdun:
– Demək, mənim məhəbbətimə inanmırsan…
⎯ İnanıram, Toğrul. Ürəyindəkiləri bilirəm. Onları mənə demək lazım deyil. Görürsən ki, səni sözsüz də başa düşürəm. İndi səndən xahişim var: ona əməl eləsən, biləcəyəm ki, həqiqətən məni çox istəyirsən.
⎯ Nə xahişdir o, Nərgiz?
⎯ Özün bilirsən ki, mən sənin yazılarını çox xoşlayıram, sənin istedadına inanıram. Ruhdan düşmə, fikrini cəm elə, otur əsərlərini yaz. Tay-tuşlarından geri qalma. Sən elə et ki, mən də səni sevim, səninlə fəxr eləyim. Heç kəsə deyə bilməsəm də, özlüyümdə etiraf eləyim ki, bax, Toğrul bu əsəri mənim eşqimə yazıb, məni düşünə-düşünə yazıb. Sənin məhəbbətinin şirin, əzablı hekayələrini, göz yaşardan həsrətlərini, sevinclərini qoy kitablarında görüm, oxuyum. Sən məgər istəmirsən ki, məni sevindirəsən? İnan ki, bu, mənim üçün böyük sevinc, böyük səadət olardı, Toğrul. Söz verirsən?
⎯ Söz verirəm, Nərgiz. Çox sağ ol ki, mənim qayğıma qalırsan. Bu, lap ana qayğısına oxşadı. Söz verirəm ki, sənin məhəbbətinə layiq yazılar yazacağam.
⎯ Ağıllım.- dedim. ⎯ Mən sənə inanıram. Bu gün sənə bir sürpriz hazırlamışam.
⎯ Nə sürpriz?
⎯ Sabah sənin anadan olan günündür. Otuz yaşın tamam olur, Toğrul. Səni bir dost kimi təbrik eləyirəm, sənə can sağlığı və yaradıcılıq müvəffəqiyyətləri arzulayıram, Toğrul. Bu qələmi sənə bağışlayıram ⎯ arzulayıram ki, onunla məni də, özünü də, oxucularını da sevindirə biləcək gözəl əsərlər yazasan. ⎯ Mən ayağa qalxıb stoluna yaxın gəldim, qələmi sənə verdim. Sevincdən gözlərin yaşarmışdı.
⎯ Yaxşı, dəlilik eləmə, hələ bir gör üstünə nə yazdırmışam?
Sən qutunu açdın, qələmi çıxartdın və titrək səslə üstündəki sözləri oxudun: «Toğrula ən xoş arzularla. 28 avqust, 193…-ci il».
⎯ Çalış kimsənin əlinə düşməsin. Çünki adım var orda.
Sən diqqətlə baxdın, sonra:
⎯ Hanı adın? –dedin. – Yoxdur ki…?
Güldüm:
⎯ Bəs görmürsən «ən» sözünü böyük hərflərlə yazdırmışam? Yəni, «Toğrula Əlixanova Nərgizdən xoş arzularla». İndi başa düşdün?
Sanki nitqin batmışdı. Qələmi əlində tutub nə deyəcəyini, nə edəcəyini bilmirdin. Haçandan-haçana dilləndin:
⎯ Çox sağ ol, Nərgiz. Minnətdaram. – dedin. – Bunu mən ömrüm boyu sənin yadigarın kimi saxlayacağam. Onunla səni sevindirəcək əsərlər yazacağam, həmişə ürəyimin başında gəzdirəcəyəm və öləndə də vəsiyyət eləyəcəyəm ki, bu qələmi mənim tabutuma qoysunlar, çünki dünyada mənim bundan böyük mükafatım, bundan böyük xatirəm olmayıb, ola da bilməz.
Sən o anlarda necə də xoşbəxt idin, Toğrul. Səni xoşbəxt edə bildiyimə görə mən də özümü xoşbəxt hiss edirdim.
MƏN: ⎯ Qələm söhbətini eşidəndə Toğrulun qulaqları guruldadı, heç nə eşidə bilmədi: maqnitafonu saxladı. Əlini uzadıb on il bundan qabaq Nərgizin ona bağışladığı qızılı başlıqlı qələmi götürdü, baxdı, baxdı. Toğrul o əziz günü bütün təfərrüatı ilə xatırladı. Xəyalında canlandırmaq istəyirdi ki, telefon səsləndi. O, könülsüz halda ayağa qalxıb dəstəyi götürdü:
⎯ Alo. Eşidirəm.
⎯ Salam, axşamın xeyir, Toğrul.
Səsindən tanıdı: zəng eləyən Nərgiz idi.Sevindiyindən özünü itirən Toğrul qeyri-iradi olaraq ehmalca dodaqlarını dəstəyə yapışdırdı və dəstəyi öpdü. Marçıltı səsini eşidən Nərgiz gülə-gülə xəbər aldı:
⎯ Kimi öpürsən orda, Toğrul?
⎯ Dəstəyi, Nərgizim. Sağ ol ki, zəng elədin. Oturub sənin şirin hekayətinə qulaq asıram. Necə gözəl danışırsan, Nərgiz! Sənin ürəyinə qurban olum: necə gözəl ürəyin varmış sənin, əzizim. Bu, özü elə gözəl məhəbbət dastanıdır, çap olunmağa layiqdir.
⎯ Amma bu, bizim sirrimizdir, Toğrul, onu heç kəs bilməməlidir.
⎯ Bilməyəcək, Nərgiz. Bunlar sənin qəlbinin elə incə və zərif hissləridir ki, ancaq mənə deyilə bilərdi və ancaq mən başa düşə bilərəm onları. Bunlar sevən, ancaq məhəbbətini var səsilə deməyə ixtiyarı olmayan, ona görə öz ürəyində səssiz-səmirsiz məhəbbət nəğməsini pıçıldayan bir qəlbin səmimi etiraflarıdır. Səsin elə gözəl, sözün elə şirindir ki, mənə ana laylasını xatırladır, Nərgiz. Hər kəlmən qəlbimdə min unudulmaz xatirə oyadır, əzizim. O əl çatmaz, o ötən günlərə qaytarır hər sözün məni.
⎯ Yaxşı, hissiyyata qapılıb yenə məni kövrəltmə, Toğrul. Zəng elədim, görüm neyləyirsən?
⎯ Bünyad evdə yoxdur?
⎯ Evdədir. O biri otaqda atamla nərd oynayır. Deyəsən, qurtardılar, sağ ol, gecən xeyrə qalsın, Toğrul! – dedi və onun cavabını gözləməmiş dəstəyi yerə qoydu. Toğrul bir müddət durduğu yerdəcə donub qaldı. Ona elə gəlirdi ki, Nərgiz yenə nəsə deyir, lakin o, eşidə bilmir. Nəhayət, dəstəyi yerindən asdı, gəlib oturdu. Nərgizin verdiyi qələmə baxdı, fikrə getdi.
O, Nərgizə verdiyi sözün ⎯ vədənin üstündə durmuşdu, neçə-neçə hekayə, povest kitabları nəşr etdirmiş, hərəsində bir az öz böyük məhəbbətini də yazmış və əvvəlcə, kimsəyə oxumamış, Nərgizin özünə oxumuş, sonra çap etdirmişdi. Nərgiz onun ilk oxucusu, ilk tənqidçisi, ilk məsləhətçisi olmuşdu.
TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Budur sənin yadigarın, Nərgizim, stolunun üstündədir. Mən ona sehirli bir qələm kimi baxıram. O, bu on ildə mənim əlimdən düşməyib. Yazmayanda sol cibimdə, ürəyimin başında gəzdirmişəm onu. İtirəcəyimdən qorxmuşam həmişə. Onu itirsəm, ömrümü, sənin məhəbbətini itirmişəm elə bil. Son on ildə nə yazmışamsa, onunla yazmışam. Səni düşünə-düşünə yazmışam. Sənin şirin, əfsanəvi məhəbbətin əlimdən tutub. Məhəbbətinə görə, ölmüş inamım diriltdiyinə görə, ayrıldığım yazı masama məni təzədən qaytardığına görə sənə ömrüm boyu minnətdaram, Nərgizim.
MƏN: ⎯ Toğrul maqnitafonu təzədən işə saldı, Nərgizin şirin hekayətinə qulaq asmağa başladı.
NƏRGİZİN SƏSİ: ⎯ Həyatda qəribə möcüzələr olurmuş: qələm adi qələm idi. Nə fərqi varmış onu sənə kim verib? – deyə əvvəllər düşünürdüm. Amma tezliklə yanıldığımı anladım. Verdiyim qələmə görünür, sən adi bir qələm kimi baxmadın. Sən dirçəldin, yazıb-yaratmağa başladın: elə bil, tutulmuş bir bulağın gözü açılmışdı. Yazıların televizor ekranını, qəzet-jurnal səhifələrini bəzəməyə başlamışdı. Sən sevinirdin. Mənim isə şadlığımın həddi-hüdudu yox idi. Elə bilirdim ki, sən mənimsən, mənim üçün yazırsan, məni sevindirmək üçün yazırsan. Qanorarında, şöhrətində zərrəcə gözüm yox idi. Ancaq əsərin, kitabın çıxanda, tanış-biliş səni təbrik eləyəndə nədənsə hərdən təəccüb eləyirdim ki, nə üçün məni də təbrik eləmirlər? Sonra başa düşdüm ki, axı zahirən mən sənin heç nəyinəm, adicə iş yoldaşınam. Bizim münasibətimizi kimsə bilmir. Məni təbrik eləyən bircə nəfər vardı: o da sən idin, Toğrul. «Bunu mən yazmamışam, sən yazıbsan, sənin qələmin yazıb». – deyirdin və birinci olaraq əsərini mənə bağışlayırdın.
Evimizdə, kitab şkafında sənin kitablarını yanaşı düzmüşəm: hərəsini neçə dəfə oxumuşam, allah bilir. Elə yerləri var ki, əzbər bilirəm. Sənsizləyəndə, darıxanda yazılarını oxuyuram. Ürəyimdə gizlicə sevinirəm, fəxr eləyirəm.
Sədaqətinə, məhəbbətinə çoxdan inanmışam. Sən cavan idin, gözəl idin, istədiyin qızla, qadınla gəzib dolana bilərdin: lakin sən bunu etməmisən. Halbuki mənə vaxtilə sadiq qalacağına, başqasına gözünün ucu ilə baxmayacağına and içən Bünyad bildiyimə görə yeri düşəndə mənə xəyanət də eləyir. Amma sən… Mən sənin ola bilməsəm də, sən mənim olubsan, fikrən, xəyalən mənim olubsan. Bu da bizim məhəbbətimizin qeyri-adiliyidir, Toğrul. Həyatımda qeyri-adilik sevən mən indi Bünyadın adicə arvadı olmuşam. O da mənim adicə ərimdir. Yanaşı yaşasaq da qəribədir ki, çox vaxt bir-birimizi görmürük, görə bilmirik. Çox vaxt bir-birimiz haqqında heç nə düşünmürük də. Lakin sən… sən həmişə fikrimdəsən, beynimdəsən. Boş vaxt tapan kimi yerimdə uzanıb sənin haqqında düşünməyi bilsən nə qədər xoşlayıram? Düzünü bilmək istəsən, mən ancaq bu zamanlar istirahət eləyirəm. Əfsanə, adını sən qoyduğun mənim yeganə qızım nağılı çox sevir. Ona nağıl danışanda özümdən asılı olmayaraq, bəzən sənin haqqında danışıram. Adını çəkmirəm, ancaq sənin həyatından, uşaqlıq illərindən bildiyim maraqlı əhvalatları qızıma nağıl kimi danışıram.
Bunların heç birini sənə indiyə qədər söyləməmişəm, lazım bilməmişəm. İndi də ona görə deyirəm ki, biləsən: əgər sən olmasaydın, mənim həyatım son dərəcə adi, sönük və yeknəsəq keçərdi. Sən mənə elə bir aləm bəxş etmişsən ki, saf, bakir hisslərin, ülvi məhəbbətin həmin dünyanın daimi sakinləridir. Sən mənim həyatımı gözəl etmisən, şairanə etmisən, mənalı etmisən. Mən də sənin həyatını…
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-xos-gelmisen-nergizim
More by this author
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.