Page 15 of 20 · 70%

Mən sənə heç vaxt «sevirəm» – deməmişəm. Sözlə deməmişəm. Ancaq özüm də bilmədən, hiss eləmədən bunu sənə anlatmışam. Anlatmışam ki, sənə biganə deyiləm, laqeyd deyiləm və bu, səni yaşadıb, yazmağa-yaratmağa həvəsləndirib. Yadındadı, beş-altı il bundan qabaq, bəlkə də daha çox qabaq, yayda bizim bağa gəlmişdiniz. Yoldaşlarınızla. Sənin maşınında. Bünyad sizi nə münasibətləsə qonaq çağırmışdı. Yediniz, içdiniz, nərd oynadınız. Hamının kefi kök, damağı çağ idi. Deyib-gülürdülər. Sən isə dalğın idin. Bunun səbəbini səndən və məndən başqa əlbəttə, heç kəs bilmirdi. Mən başa düşürdüm ki, sən həssas qəlbinlə mənim burda keçən günlərim, saatlarım barədə fikirləşirsən, xəyalında canlandırırsan, məni xəyalında ayaq yalın, başı açıq, narın, ağ-qızılı qumların üstündə gəzən təsəvvür eləyirsən. Bir sözlə, fikrin özündə deyildi. Onda gülməli bir hadisə də oldu: sən Bünyad ilə nərd oynayanda çaşıb onun qara daşlarını irəli çəkmişdin.

Bünyad demişdi:

⎯ Ay camaat, görün bu nə yaxşı nərd oynayandı? Öz daşlarını qoyub mənim daşlarımla oynayır.

⎯ Bay, bağışla. – demişdin və: - Mən təslim. – söyləyərək ayağa qalxmışdın. Sonra dənizə getdik. Mən nə üçünsə sənin yanında çimmək istəmirdim. Utanırdım. Bünyad dedi, amma çimmədim. Hamı dənizdə olanda sən çıxıb yanıma gəldin.

⎯ Bəs niyə çimmirsən, Nərgiz? – deyə xəbər aldın.

⎯ Mən gün batandan sonra çimməyi xoşlayıram.

Külək əsirdi: iri, ağ dalğalar bir-birinin üstünə minə-minə sahilə çırpılır, parçalanır, qumların içində əriyib yox olurdu. Növbəti dalğa çəkilib gedəndən, uğultu azalandan sonra sən mənə sarı dönüb soruşdun:

⎯ Bu axşam çağı çiməcəksən?

⎯ Hə, necə ki?

Kədərli-kədərli dedin:

⎯ Mən sənin bu göy gözlü dənizinin, onun ağ köpüklü dalğalarının qulağına bir söz pıçıldamışam. Dəniz söz-sirr saxlayandı, ancaq o sözümü axşam çağı təkcə sənin qulağına pıçıldayacaq. O səsi sən mütləq eşidəcəksən, Nərgiz.

⎯ Nə sözdü o, Toğrul? – deyə soruşdum.

⎯ Dəniz sənə deyəcək. Axşam çağı dəniz öz ağ dalğaları ilə səni öpə-öpə mənim o sözümü sənə çatdıracaq. Utanırdınmı, çəkinirdinmi – demədin… Sən danışırdın. Mən sənə qulaq asa-asa əlimdəki çubuqla narın qumları qurdalayırdım. Bir vaxt ayıldım, gördüm ki, sənin adını qumların üstünə yazmışam. Qorxdum və tez pozmaq istəyəndə… artıq gec idi, sən görmüşdün.

Gözlərini dolandırıb mənə baxdın: mən pul kimi qızardığımı hiss elədim. Sifətim od tutub yanırdı. Baxışlarımız rastlaşdı: sənin gözlərində sevinc qığılcımları parlayırdı, bayaqkı tutqunluqdan, qüssədən az əsər-əlamət qalmışdı.

⎯ Niyə pozdun, Nərgiz? – deyə çaşqın halda dilləndim.

Danışmadım. Ah çəkdin, yenə tutuldun.

⎯ Onsuz da dalğalar pozacaqdı.

⎯ Qoyaydın dalğalar pozaydı, amma sən pozmayaydın.

Heç özüm də bilmədim necə oldu, söylədim:

⎯ Qorxma, pozulmayan yerə də yazmışam, Toğrul.

Üzün gül kimi açıldı, uşaq kimi sevindin:

⎯ Nərgizim. – deyə pıçıldadın və qeyri-ixtiyari olaraq mənə sarı gəldin. Bildim ki, özünü, hər şeyi unudub öpmək istəyəcəksən məni. Ona görə qorxu içində geri çəkildim. Sən dayandın, adını yazdığım qumlara baxdın və bədahətən bu misraları dedin:

Adımı qumların üstünə yazdın,

Qumlar eşqimizin varaqlarıymış.

Baxdım gözlərinə, inandım, gülüm,

Gözlərin ömrümün çıraqlarıymış.

Sən bunu söyləyib dalğaların qoynuna atıldın. Mənim başım fırlanırdı, dənizdə çimənlərin heç birini, hətta Bünyadı da görmürdüm. Sanki sən o boyda dənizdə tək idin. Ürəyimi bir istək sardı: soyunub suların qucağına atılmaq, yanına gəlmək, qollarının arasına sığınmaq, sənin gözlərindən öpmək istəyirdim. Bunun özü də qeyri-adi bir vüsal olardı: dənizdə, dalğaların qoynunda vüsal.

Amma özümü ələ aldım, xəyalatdan ayıldım. «Bu, mümkün deyil, aman allah, heç vaxt da mümkün olmayacaq» – dedim öz-özümə.

Mən sədaqət tərəfdarıyam. Mən ailə müqəddəsliyini, təmizliyini hər şeydən üstün tuturam. Burada ötəri, keçib gedən hisslərə aldanmaq, yanlış addım atmaq məncə əsla düzgün deyil. Mən sənin məhəbbətini qiymətləndirirəm, uca tuturam, hələ dediyim kimi, səninlə fəxr də eləyirəm. Sənsiz olmağın dəhşətlərini, əzablarını da görmüşəm. Bəlkə də bu əzablar mənim həyatımı şirin edib, maraqlı edib. Mən indi sənin sayəndə sevə-sevə, düşünə-düşünə, mənalar, yüksək, şairanə hisslər aləmində yaşayıram və qəlbim qadın qürurundan köksümə sığmır. Bütün bunlara baxmayaraq, Bünyad mənim üçün elə əvvəlki Bünyaddır. Onunla yaşamaq maraqsızdır, amma artıq öyrəşmişəm. Nə qədər qəribə olsa da bəzən o, bir yerə gedəndə onun üçün darıxıram. Sən özün yaxşı bilirsən ki, mən Bünyadın gözünün içinə dik baxa bilərəm.

Bu düşüncələr içində məyus halda sizin dənizdən çıxmağınızı gözləməyərək evə qayıtdım.

Siz şəhərə gedəndən, gün əyiləndən sonra mən dənizə çimməyə getdim. Səninlə dayanıb söhbət elədiyim yerdə soyundum, qumların üstündə adını axtardım, ancaq tapa bilmədim: yenidən yazmağa imkanım yox idi, çünki Bünyad yanımda idi. Qumun üstünə uzanıb səni düşündüm, səsini, şerini təzədən eşitdim. Çiməndə isə dalğaların uğultusu, şırıltısı arasından sənin səsini eşidirdim, ancaq sözlərini ayırd edə bilmirdim. Mənə elə gəlirdi ki, dalğalar deyir... «Sənə qurban olum, sevirəm səni, sevirəm səni...» O vaxtdan yay aylarında dənizdə çiməndə o şeri xatırlayıram, o günü, səni xatırlayıram, Toğrul.

… Sən mənə vurulandan sonra bu şəhərdən heç yana çıxmamışdın: nə istirahətə getmişdin, nə ezamiyyətə. Hara göndərirdilər müxtəlif bəhanələrlə boyun qaçırır, getmək istəmirdin. Bunun səbəbini özün, bir də mən bilirdim: sən məndən ayrı düşmək istəmirdin.

⎯ Gedə bilmirəm, Nərgiz.

⎯ Niyə, Toğrul?

⎯ Sənsiz dayana bilmirəm, Nərgiz.

⎯ Burda da mənsizsən axı?

⎯ Yox, burda sənsiz deyiləm. Səni görürəm, səsini eşidirəm: bununla təskinlik tapıram.

Mən istəyirdim gedəsən, dincələsən, bəlkə bir az özünə gələsən. Mən də dincəlmək istəyirdim, bir az sənsiz qalmaq istəyirdim ⎯ çünki mən çox gərgin həyat keçirirdim: mənim içərimdə iki bir-birinə zidd qüvvə çırpışırdı: mən uzun illər sənin hisslərinin ölüb gedəcəyinə inanmışdım, o günü səbirsizliklə gözləmişdim. Amma yanılırmışam, bu hisslər ölüb gedən hisslər deyilmiş. Biz getdikcə daha da yaxınlaşır, bir-birimizə isnişir, mehriban olurduq. Səni görməyəndə mən də darıxırdım, elə bilirdim, nəsə itirmişəm. Otaqda otura bilmirdim. Səninlə qarşılaşanda ürəyim çırpınırdı, özümü itirirdim: səni görəndən sonra rahatlaşırdım. Bütün bunlar mənə çox qəribə gəlsə də maraqlı idi, sehirli idi. Mən bu isnişməyimizdən qorxurdum: lakin qorxa-qorxa da səninlə bir az da yaxın olurdum. Bünyaddan ehtiyat eləyirdim ⎯ şübhələnə bilərdi. Özümdən də qorxurdum ⎯ sənə təslim ola bilərdim. Ürəyimdə cücərən, getdikcə qol-budaq atan, pöhrələnən o qəribə hisslərimi bacardığım qədər səndən gizləməyə çalışırdım. Hətta bir dəfə özümə söz vermişdim ki, sənin dərdindən yorğan-döşəyə düşüb illər xəstəsi olsam belə, yenə bunu sənə bildirməyəcəyəm.

Nə isə, mən istəyirdim ki, sən müvəqqəti də olsa bir yerə gedəsən. Sənsə getmək istəmirdin. «Bilsəm ki, heç olmasa məktub yazacaqsan, gedərəm» – deyib dururdun. Düşündüm ki, deyim yazaram, - qoy getsin, yazıqdı. Heç olmasa bir az eyni açılar. Çünki sən çox əzab çəkirdin – dilinə gətirməsən də duyurdum. Məndən xoş söz eşitməyəndə, üzünə xoş baxmayanda, ya səninlə kobud rəftar eləyəndə diri gözlü ölürdün: elə tutulurdun ki, bu, heç kəsin gözündən yayınmırdı. Səndən soruşurdular:

⎯ Ay Toğrul, nə olub, bikefsən?

⎯ Gəmilərin dəryada batıb?

⎯ Xəstə deyilsən ki?

⎯ Yenə kim qanını qaraldıb?

Sən hamıya bircə kəlmə:

⎯ Heç – deyib susurdun. Yadımdadı ki, bir gün belə tutqun olan vaxtı yoldaşlar səni sorğu-suala tutanda azca əsəbi, azca da yalvarıcı bir səslə:

⎯ Xahiş edirəm, tutqun olanda, qəmli olanda məndən heç nə soruşmayın. – dedin. Yenə sənə yazığım gəldi. Yoldaşlar bir-birinin üzünə baxıb susdular.

Bir dəfə Musa şöbədə dedi:

⎯ Bu Toğrul qəribə adamdır.

⎯ Nəyə görə deyirsən?

⎯ O gün Yazıçılar İttifaqına çağırıblar, deyirlər gəl bizim jurnalda şöbə müdiri işlə. Boyun qaçırıb. Maaşı da çoxdu, həm də ağayana işdi. Deyirəm, niyə getmirsən? Deyir, istəmirəm, ömrümün axırına qədər burda işləyəcəyəm, elə pensiyaya da burdan gedəcəyəm. Başa düşmürəm burda nə görüb?

Bir mən başa düşürdüm ki, sən burda nə görübsən, sən mənə görə getmək istəmirdin. Fikir məni götürdü: o gecəni çox pis yatdım, səhər işə gedəndə fürsət tapıb bu barədə səninlə danışdım.

⎯ Eşitdim, səni jurnala aparmaq istəyirlər?

⎯ Hə, - könülsüz cavab verdin.

⎯ Haçan gedirsən?

⎯ Heç haçan!

⎯ Nə danışırsan, Toğrul? Adam elə yaxşı işi əlindən buraxar?

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 min
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 min
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 min
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 min

Poems by other poets