Page 16 of 20 · 75%

⎯ Məni hara aparsalar, getməyəcəyəm, Nərgiz.

⎯ Niyə axı?

⎯ İstəmirəm, Nərgiz, milyon da verələr, sən işləyən idarədən heç yana gedən deyiləm, Nərgiz. Bunu birdəfəlik yadında saxla. Mən bura sənə görə gəlmişəm, səni burada qoyub hara gedə bilərəm, əzizim.

İki həftə sonra sənin Moskvaya ⎯ redaktorları bir aylıq təkmilləşdirmə kursuna getmək məsələn qalxdı. Yenə israr etdin ki, getmirəm. Direktorumuz da sənin əlindən yanıqlı idi deyə: «Qoy Toğrul getsin, bir az savadını artırsın» – dedi və sənin adını siyahıya saldı.

Qiymətli bir şeyini əlindən almağa hazırlaşmışlar kimi dilxor idin. Buna görə sərt və qəti şəkildə Musaya söylədin:

⎯ Getməyəcəyəm. Burda məndən başqa redaktor-zad yoxdur məgər?

⎯ Nəriman müəllim səni məsləhət bilir.

⎯ Mən istəmirəm.

Bu söhbəti eşidəndə mən tez ayağa qalxdım və sənə başımla bayıra çıxmaq işarəsi verdim. Sözə baxan uşaq kimi dərhal dalımca dəhlizə çıxdın. Əsəbi idin. Rəngin boğulub qaralmışdı. Əlində fırlayıb yumşaltdığın siqareti dodaqlarının arasına qoyub yandırmaq istəyəndə mən özüm üçün də gözlənilməz olan bir hərəkətlə siqarı damağından çəkib əzdim.

⎯ Siqaret çəkmə, Toğrul, xahiş edirəm. Mənim siqaret iyindən zənd-zəhləm gedir.

Sən təəccüblə üzümə baxdın. Ərk etməyimmi xoşuna gəldi, ya sənə qayğı göstərməyimmi könlünə yatdı, bayaqdan tutqun olan və qəribə bir qorxu ifadə eləyən gözlərin güldü.

⎯ Tamam çəkməyim deyirsən?

⎯ Bacarırsansa tamam, Toğrul. Çox xahiş edirəm. Ziyandı sənə, ürəyinə, ciyərinə ziyandı.

Ani bir sükutdan sonra vəcdlə:

⎯ Qayğıkeşim mənim. – dedin və siqaret qutusunu cibindən çıxarıb gözümün qabağında xıncım-xıncım eləyib böyrümüzdəki zibil qutusuna atdın.

Mən qəribəliyimə bir də burda heyrət elədim: səni bayıra çağıranda siqaret barədə heç düşünməmişdim. Birdən ağlıma gəldi. Sən isə məni o dəqiqə başa düşdün: burda sənə qarşı bir qayğıkeşlik, canıyananlıq vardı. Mənə uzaq, yad adam olsaydın, heç sənə belə deyərdim? Bu hərəkətimin nə demək olduğunu, mənasını özüm də sonra anladım. Əvvəl sıxıldım, sonra sevindim. Bunun əsl mənasını yaxşı başa düşdüyün üçün idi ki, rəngin açıldı, şadlandın:

⎯ Çox sağ ol, Nərgizim. ⎯ deyə minnətdarlıq dolu bir səslə söylədin. Bu mənim üçün də olduqca xoş idi, Toğrul. Sənin həssaslığın, dilə belə gətirilməyən hissləri sözsüz də anlamağın səni gözümdə bir az da ucaltdı.

Gülə-gülə soruşdun:

⎯ Məni siqareti tərgitdirmək üçün bura çağırmışdın, Nərgiz?

⎯ Tək buna görə yox.

Sual dolu nəzərlərlə gözlərimin içinə baxdın:

⎯ Mən istəyirəm, - dedim, - sən Moskvaya getməkdən imtina etməyəsən, Toğrul.

Qaşların çatıldı.

⎯ İmtina etməyəm?

⎯ Hə, Toğrul. Get Moskvaya.

Fikrə getdin, açılmış çöhrənə yenə kədər kölgəsi qondu. ⎯ Məni özündən uzaqlaşdırmaq istəyirsən?

⎯ Yox, əksinə. Yaxınlaşdırmaq istəyirəm, Toğrul.

Təəccüblə soruşdun:

⎯ Yaxınlaşdırmaq istəyirsən?

⎯ Hə, Toğrul.

⎯ Nə cür?

Dayandım, fikrə getdim. Sonra dedim:

⎯ Get, gələrsən, deyərəm, Toğrul.

Yenə gözlərin par-par parladı, işıqlandı: bir ümid qığılcımı yandı o həsrət dolu gözlərində.

⎯ Məktub yazacaqsan mənə?

⎯ Sən yazacaqsan?

⎯ Yazacağam, Nərgiz.

⎯ Hara? Bizim evə, Bünyadın üstünə?

⎯ Yox, poçta. Mərkəzi poçta yazaram, tələb edənə qədər. ⎯ Yaxşı, Toğrul, yazaram. Ancaq sən get. Həm havan dəyişər, həm də özün bir az dincələrsən.

… Üç gündən sonra getdin. Səndən nə gizlədim, səni dilə tutub göndərdiyimə görə çox tez peşman oldum, Toğrul. Hər gün yanımdaymışsan, üz-üzə, göz-gözə gəlirikmiş, ona görə qədrini bilmirmişəm. Sən bu ötən illər ərzində doğma olmuşmuşsan, əziz olmuşmuşsan mənə. Heç özümün bundan xəbərim yoxmuş, Toğrul.

Stolun boş idi ⎯ yerin görünürdü. Qəribə idi ⎯ adını çəkdilər, çəkmədilər, mən sənin haqqında fikirləşirdim. Evdə də, işdə də, yolda da… Hərdən oturub düşünürdüm ki, görəsən Toğrul neyləyir? Yəqin əlini üzünə söykəyib müəllimə qulaq asır, ancaq heç nə başa düşmür, çünki fikri burdadı. Sonra özüm-özümə gülürdüm: bəlkə unudub məni?

Günləri sayırdım: sənsiz günlər nə ağır keçirmiş, Toğrul? Sənin zamanla gizli, sehirli əlaqən var idimi, nə idi? Sən burda olanda mənim həyatım da, işim də maraqlı idi ⎯ hiss olunmadan günləri bir-bir yola salırdım, sabahkı günün intizarıyla yaşayırdım, bilirdim ki, sabah yenə səni görəcəyəm, səsini eşidəcəyəm, məftun gözlərinə baxacağam, səndən şirin, ürək açan bir söz eşidəcəyəm.

Sən burda olanda… özümdə bir qürur, bir ucalıq hiss eləyirdim. Yanımda oturub başı aşağı işləyən qızlara baxıb onların yox, məhz özümün sevildiyimi düşünəndə ürəyim dağa dönürdü.

Amma sən gedəndən sonra… sənsizliyim qəlbimi sıxdı. Sanki kiçildim, balacalaşdım, kimsəsizlədim. Hər şey mənə cansıxıcı görünməyə başladı. Elə bilirdim ki, şöbədə heç kəs yoxdu. Stolumun üstündəki «aşdım-daşdım» gülü də solmağa başlamışdı. Axı onu hər gün səhər hamıdan qabaq gəlib sən sulayırdın, Toğrul. O da sənsizləmişdi. Nəhayət, elə bir gün gəlib çatdı ki, sənin varlığın olmayan, səsin eşidilməyən, kədərli gözlərin yol çəkməyən şöbədə otura bilmədiyimi, ürəyimin məngənə arasındaymış kimi sıxıldığını hiss eləyib işə çıxmamağı qərara aldım. «Kefsizəm» ⎯ deyib icazə istədim, verdilər. Axşamacan evdə olurdum; Əfsanə ilə günümü keçirirdim, tez-tez anamgilə gedirdim.

Orda da qərar tuta bilmirdim: üzümdə bir nigarançılıq, gözlərimdə bir intizar vardı. Darıxırdım. Kiçicik arzumu, istəyimi gözümdən oxuyan anamın nəzərindən bu halətim yayınmadı: Süfrə arxasında məni başdan-ayağa süzüb soruşdu:

⎯ Sənə nə olub, qızım?

Bu nagahani sualdan diksindim:

⎯ Heç nə.

⎯ Yox, qızım, narahatsan yaman. Neçə gündü sənə göz qoyuram, görürəm ki, çox fikirli gəzib dolanırsan. Yoxsa Bünyad ilə söz-söhbətin olub, balası.

⎯ Yox, ana.

⎯ Bəlkə bir şey itirmisən?

Artıq qızarmışdım. Sifətim od tutub yanırdı. Onun gözünün içinə şax baxa bilmirdim. O biri suallarına elə belə, avtomatik cavab vermişdim. Amma son sualı… «Bəlkə bir şey itirmisən?»… Necə də düz tapmışdı. «İtirmisən». Bəli, itirmişdim. Səni itirmişdim, Toğrul. Buna görə rahatlığımı, səbri-qərarımı da itirmişdim. Bilirdim ki, səni yenə tapacağam, sən yenə qayıdıb gələcəksən, yenə yanımda olacaqsan, yenə şirin sözlərini eşidəcəyəm. Ancaq neyləyim ki, dözə bilmirdim. Sənin getməyinin ən pis cəhəti bu oldu ki, özüm-özümü, ürəyimi kəşf elədim. O gün, elə o an səssiz-küysüz, öz qarşımda qəribə bir etiraf elədim. Etiraf elədim ki, sənə vurulmuşam və səndən heç yana, heç vaxt qaça bilməyəcəyəm. Bunu kənar bir müşahidəçi mənə desəydi, lap sən özün söyləsəydin, boynuma almazdım. Amma insanın daxilində ikinci bir «mən» ⎯ onun sadiq məsləhətçisi, dostu, məhrəmi yaşayır ki, o, hər şeyi görür, ondan heç nə gizləmək olmaz. Hamıdan, ərindən, anandan gizlədiyin ən gizli sirrini ona açırsan, ona deyirsən və bilirsən ki, o, sənin ürəyindəkini kimsəyə açıb deməz.

Anama nə cavab verəcəyimi düşünürdüm ki, telefon uzun-uzadı zəng çaldı: əlimin altında olduğundan dəstəyi mən götürdüm. Təsadüfə bax. Sən idin. Səsini eşidən kimi ürəyim uçundu, itirdiyini tapmış adam kimi sevindim. Gördüm ki, tərəddüd eləyirsən. «Mənəm, Nərgiz» – deyəndən sonra arxayın danışmağa başladın. Evimizə, idarəyə zəng elədiyindən, heç yerdə məni tapa bilmədiyindən, axırda naəlac qalıb anamgilə zəng çalmaq məcburiyyəti qarşısında qaldığından danışırdın. Qulaqlarım elə guruldayırdı ki, sözlərini güclə başa düşürdüm, ancaq səsini, o ağlar səsini eşidirdim və bu mənə ləzzət eləyirdi. Anam tez-tez him-cimlə soruşurdu ki: «Kimdi?» Arada fürsət tapıb «Rəfiqəmdi» – deyə bildim. O, durub yan otağa keçəndə deyirdin:

⎯ Məktubuma niyə cavab yazmırsan, Nərgiz?

⎯ Almamışam.

⎯ Poçtdadır, get al. Mənə cavab yazmasan, hər şeyi yarımçıq qoyub gələcəyəm.

Nədənsə şitliyim tutdu, dedim:

⎯ Özün gələndə alıb verərsən, oxuyaram. Məktub yazmayacağam. Özün də axıra qədər qalacaqsan. Eşidirsən?

Susdun. Ahının səsini eşitdim. Bu uzaqlıqda yolu keçib gələn ahını eşidəndə azca əvvəl dediyimə peşman oldum, ancaq gec idi. Sözümü dəyişmək istəmədim. Anam qayıdıb gəldi.

⎯ Yaxşı, sağ ol. – deyib dəstəyi asdım. Halım özümdə deyildi. Məst adama oxşayırdım. Sevinirdim, ona görə ki, səsini eşitmişdim. Kədərli idim, ona görə ki, səninlə pis danışmışdım, nigaran qoymuşdum səni. Özümü danlayırdım ki, niyə sənə xoş bir söz demədim, niyə şadlığıma şitlik elədim. «Kaş təzədən zəng eləyəydin». – deyə düşünürdüm. Taqətsiz halda divana uzandım, gözlədim. Ancaq sən təzədən zəng çalmadın.

⎯ Nə deyirdi? – deyə anam mənə diqqətlə baxa-baxa xəbər aldı.

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 min
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 min
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 min
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 min

Poems by other poets