Xoş gəlmisən, Nərgizim
Page 18 of 20 · 85%
Həyatımızda ilk dəfə idi ki, yanaşı otururduq: qolun qoluma dəyirdi, nəfəsin nəfəsimə qarışırdı.
⎯ Bəs niyə tez gəldin, Toğrul? Axı sən bir aylıq getmişdin? ⎯ Düzdür, bir aylıq getmişdim, ancaq qala bilmədim. Səndən məktub gözləməkdən gözümün kökü saraldı. Hər gün iki-üç dəfə poçta gedirdim. Orada işləyən qızlar mənim famili-mi əzbər bilirdilər: uzaqdan görən kimi deyirdilər: «Yoxdur». Ümidlə səhəri gözləyirdim. Səhər yenə bir söz eşidirdim: «Yoxdur». Məyus olurdum, nə çörək yeyə bilirdim, nə oxuya bilirdim, nə də yata bilirdim, Nərgiz. O iyirmi gündə mən cəhənnəm əzabı çəkdim, inan. Səninlə telefonda danışandan sonra mənə məktub yazmayacağını yəqin edib çıxıb gəldim. Çünki daha səbrim çatmadı.
⎯ Səni yaxşıca danlayacaqlar.
⎯ Qoy danlasınlar. Sənsiz keçən günlərin əzabına dözməkdənsə danlanmaq min dəfə yaxşıdır.
⎯ Mən sənə məktub yazmışdım, Toğrul.
⎯ Yazmışdın?
⎯ Hə, məktubunu aldım, sonra sənə cavab yazdım.
Təəccüblə mənə baxdın.
⎯ Bəs dedin almamışam?
⎯ Səninlə danışandan sonra getdim aldım. Çox sağ ol məktub üçün. Yaxşı məktub idi, Toğrul. Mənim üçün xoş idi o məktubu oxumaq.
Mənim bu sözlərimdən uşaq kimi sevindin: üzündən, gülən gözlərindən bunu hiss elədim.
⎯ Ayın neçəsində göndərmisən?
Mən gülümsündüm:
⎯ Bu gün alacaqsan o məktubu.
⎯ Bu gün? Mən burda, o orda… Necə ala bilərəm, Nərgiz? Mən redikülümün içində gizlədiyim məktubu çıxarıb sənə verdim və:
⎯ Bax, belə. – dedim. Sən çaşdın, nə edəcəyini bilmədin. Sonra titrək əlinlə məktubu alıb dodaqlarına yaxınlaşdırdın və öpdün.
⎯ Sağ ol, Nərgizim. – dedin.
⎯ Evdə oxuyarsan. İndi isə xudahafiz. Yoldan gəlibsən, yorğunsan, get, dincəl. Səhər görüşərik, Toğrul.
MƏN: ⎯ Toğrul nə gördüyünə inanırdı, nə eşitdiyinə. Elə sehrlənmişdi ki, Nərgiz onunla vidalaşıb gedəndə heç nə deyə bilmədi: sanki dili tutulmuşdu, hər şey sanki yuxu aləmində baş verirdi. Bu avtobus hara gedirdi, Toğrul niyə düşmürdü, əlindəki məktubu doğrudanmı Nərgiz özü vermişdi ona? Bu sanki həqiqət deyildi, xəyal idi. Bir dayanacaqmı getdi, iki dayanacaqmı? – deyə bilməzdi. Dəniz qırağında düşdü, özünü sahilə verdi, kimsəyə rast gəlməsin deyə əldən-ayaqdan uzaq bir oturacaq tapıb əyləşdi. Sonra ətrafına boylanıb heç kəsin gəlmədiyini görərək Nərgizin məktubunu açdı, ürək çırpıntısı ilə oxumağa başladı. O gün Toğrulun həyatının ən unudulmaz günlərindən biri idi: çünki o, həmin gün sevdiyindən məktub almışdı. Özü də necə məktub?
İndi Nərgiz o görüş haqqında söhbət açanda bütün təfərrüat yadına düşdü, illərin xatirə kitabı varaqlanmağa başladı: o, maqnitafonu söndürdü, yazı masasının gözünü açıb ordan Nərgizin yadigar şeylərini – kiçik ipək dəsmalı, irili-xırdalı kağızlara yazılmış məktubları, limon qabığını çıxarıb stolun üstünə qoydu. Göy konvertin içindən dörd bükülmüş bir neçə varaq çıxartdı. Bir zaman Nərgizin ağ barmaqları arasında tutduğu qələmlə yazılmış doğma xəttə baxıb gülümsədi.
TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Sənin məktubunu indi də saxlayıram, Nərgizim, yadigarın olduğu üçün. Varaqlar solub saralıb, mürəkkəb rəngini azca dəyişib, amma saxlayıram. Ömrüm boyu da saxlayacağam, sənin yadigarın olduğu üçün. Onu o qədər oxumuşam ki, hər sözünü əzbər bilirəm: gecənin nə vaxtı oyatsalar, başdan-ayağa əzbər deyə bilərəm, Nərgizim. Sənin yadındadı o sözlər? Yox? Gör nələr yazıbsan, Nərgizim.
«Toğrul, salam. Sənin üç gün ayrılıqdan sonra yazdığın məktubu mən on yeddi gün ayrılıqdan sonra aldım. Yəni ayın iyirmi səkkizində, sən anadan olduğun gün. Həyat qəribədir: sənin asudəliklə yazdığın məktubu mən asudəliklə oxuya bilmirdim. Hər şeydən qorxa-qorxa, oğrun-oğrun oxumalıymışam sənin məktubunu. Desəm ki, sənin məktubunu başdan ayağa birdəfəlik oxumaq mənim üçün çox çətin idi, inanmazsan. Vallah, imkanım yox idi, bacarmırdım. Sən bədbin də olsan, çox nikbin adamsan. Səndə bu hallar birləşib. Çünki sən məni bacarmadığım, ağlıma belə gətirmədiyim çox şeylərə adət etdirmisən. Bu namə isə növbəti inadındır. Sən yazırsan ki, son vaxtlar arıqlamısan və guya sən bundan çox əzab çəkmisən. Mən həmişə arıq olmuşam, intəhası sən bunu əvvəllər görmək iqtidarında olmamısan. Sən mənim arıqlığımdan qorxma, mənə heç nə olmaz. Sən məni sındırmaqdan qorx. Özü də bərk qorx. Məni istəmədiyim, arzusunda olmadığım şeylərə vadar etmə. – namə yazmaq kimi.
Sən gedəndən sonra, gecə saat on ikidə anamgildən evimizə gələrkən Elmiranın ifasında «Sən getdin» mahnısını eşitdim. Nədənsə səni xatırladım. Çünki bu çox yaxşı mahnıdır və sənin də onu çox sevdiyini bilirəm. Elə bildim yanıqlı səslə, inləyə-inləyə məni səsləyirsən. Mahnı səsi bizdən gəlirmiş, Bünyad maqnitafonu oxudurmuş. Qəribə bir kədərlə o mahnını iki dəfə dinləyib sonra yatdım.
Yadındamı, ayrılanda, Moskvaya gedəndə qəmli-qəmli dedin: «Məni unutma, Nərgiz». Mən güldüm. Sən onda məni başa düşmədin. Mən onda sənin sadəlövhlüyünə gülürdüm, Toğrul. Sən mənim həyatıma elə hopmusan ki, istəsəm də, arzulasam da unuda bilmərəm səni. Görürsənmi, mən də etiraf etməyi bacarıram; sən isə deyirdin mən etiraf etməyi xoşlamıram. Amma sən mənim sözümə baxsaydın, biz yaxşı dost ola bilərdik. Nə isə… Sən öz hisslərinin əsirisən: inadın başqasını dəyişdirə bildi, iradən isə qələbə çala bilmədi. Eybi yoxdur, hər halda qələbə də, məğlubiyyət də sənindir.
Mən səni unutmuram, Toğrul. Çünki balkonumuzun altında dibində hər axşam dayandığın ağac, iş yolumun üstündə, küçənin başlanğıcındakı dayanacaq, xiyabandan açıq-aydın görünən pəncərələrimiz, otaqda isə boş qalmış stolun səni mənə xatırladır. Mən sənin titrək, nəvaziş dolu səsini də eşidirəm. Lakin bir arxayınlıq, rahatlıq içində keçən günlərimdə də düşünürəm ki, bir azdan sonra mənim gərgin, çətin, qorxulu günlərim yenə başlanacaq. Çox xahiş edirəm, məni düzgün başa düş. Sənin hardasa sağ-salamat olmağın mənə çox lazımdır: sən mənim üçün çox qiymətlisən. Ona görə ki, həyatım səninlə çox bağlıdır. Bunu sənə ona görə yazıram ki, tez gəlmək fikrindən daşın, nə olursa-olsun, axıra qədər qal. Qoy mən də özümə gəlim, mən də gərginlikdən qurtarım. Yaxşımı? İşdə hələ bir yenilik yoxdur. Hekayənin radioda veriləcəyi günü bilsəm, teleqram vuraram. Özüm də yavaş-yavaş işləyirəm. Gələnə qədər nəzərdə tutduğun əsərləri yaz qurtar. Bəlkə mənə yaradıcılıq hesabatı verməli oldun – əlbəttə, istəsən.
… Sənin gözlərinin rəngini yazmağa söz vermişdim. Bu, o gözlərdir ki, heç yerdə, hətta məndən uzaqda da olanda mənə rahatlıq vermir. Bu gözlərin rəngi deyilən kimi göy deyil. Bəlkə gözlərin dəniz rəngindədir: axı dəniz rənginin çalarları çoxdur. O rənglərdən birinə bənzətmək olar. Bunu bir başqası sənə desə, mübahisə etmədən inan. Çünki deyəsən özün də gözlərinin rəngini bilmirsən. Mənə isə elə gəlir ki, sənin gözlərin həsrət rəngindədir – gülməlidir, deyilmi? – Şəxsən mən o gözləri kədərlənəndə də, güləndə də, adi vəziyyətdə də görmüşəm: onlar mən bəbəkli, həsrət rəngli gözlərdir. Sən dünyadan köçəndə məni arzulama. Mən buna dözə bilmərəm. Bir də məlum deyil, kim kimdən qabaq cahanla vidalaşacaq. Ancaq səni əmin edə bilərəm ki, əgər mənə qarşı hisslərin dəyişməsə, mən ölmüş olsam da sənin gözlərində mənim şəklim olacaq. Hər halda sən məni buna inandırmısan. Hələlik inandırmısan. Ona görə hələlik deyirəm ki, daimi heç nəyə, heç kəsə inanmaq istəmirəm. Bu inamsızlığıma da bais sənsən: mən özümə çox inanırdım, sən məni dəyişdin. Sənin mənə təlqin etdirdiyin o hisslərin sənin özündə dəyişdiyini görən gün mənim qələbəm olacaq. Mən o günü səbirsizliklə gözləyəcəyəm. Hətta bəzən mənə elə gəlir ki, o günü görməsəm ölə də bilmərəm.
Mənim üçün darıxma. Mənsiz günlərini mənalı yaşa. Mənə ürəyimi, zövqümü oxşayan əsərlər gətir. Göndərdiyin gül ləçəkləri kimi ətirli və təravətli əsərlər. Mənim üçün darıxanda otur, yaz. «Gülən arzular»ı yaz, «Gizli məhəbbət»i yaz,Toğrul. Elə istəyirəm ki, sən mənim nəzərdə tutduğum, arzuladığım, özünün layiq olduğun zirvəyə çatasan. Xırdalanma, cılızlaşma. Əvvəlki əsərlərindən qüvvətli əsərlər yazmasan, demək, məni inandırdığın qədər sevmirsən. Sən ağıllısan, istedadlısan. Hərdən sənə heyfim gəlir: elə bilirəm ki, sənin ağlını da, istedadını da mən xarab eləmişəm. Onda özümdən zəhləm gedir. Qurtar məni bu təzadlı fikirlərdən. Öz yazılarınla heç olmasa qismən rahatlığımı qaytar. Yaxşımı? Sağ ol, hələlik. Sənə heç kəsdən salam yazmıram; yaza bilmirəm. Çünki bu elə məktubdur ki, onun varlığından kimsə xəbər tutmamalıdır. Az qalmışdı unudum: sənə zərif yarpaqlı «Aşdım-daşdım» çiçəyin, ətrafına çəkdiyin sarmaşıqlar salam göndərir və öz dostlarına sifariş edirlər ki, darıxmasın: bu ayrılıq da bir gündür, xatirədir. Sağ ol, özündən muğayat ol, Sənə can sağlığı, könül rahatlığı arzulayıram. Siqaret çəkmə, xahiş edirəm».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-xos-gelmisen-nergizim
More by this author
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.