Xoş gəlmisən, Nərgizim
Page 19 of 20 · 90%
MƏN: ⎯ Toğrul məktubu, illər boyu əzizləyib saxladığı, saysız-hesabsız dəfə oxuduğu məktubu nəzərdən keçirib kənara qoydu: sonra Nərgizin o biri yadigarlarına tamaşa elədi. Qurumuş, rəngini və iyini itirmiş portağal qabığına baxdı, götürüb iylədi. Nə zamansa Nərgiz ona bir portağal vermişdi: «Ye, Toğrul» – demişdi. Toğrul yeyəndən sonra qabığından bir parça götürmüş və saxlamışdı. Bu şeylərin hərəsi bir xatirə idi. Düşünəndə, xəyala dalanda ömrünün unudulmaz, şirin və kövrək bir günü yadına düşürdü, təzədən o günə qayıdırdı, o gündə yaşayırdı.
Toğrul köks ötürüb Nərgizin yadigarlarını səliqə ilə yazı masasının boş gözünə yığdı, maqnitafona baxıb xeyli fikirləşəndən sonra düyməsini burdu: Nərgiz həyəcanlı və titrək səsi ilə yenə onun xəyalını çəkib o uzaq, lakin unudulmaz günə apardı.
NƏRGİZİN SƏSİ: ⎯ Səninlə iyirmi gün ayrılıqdan sonra görüşdüyüm o günün gecəsi mənə elə gəlirdi ki, dünyanın ən uzun və üzücü gecəsidi, Toğrul. Çox narahat idim ⎯ bilmirəm niyə? Özümü adi qaydada apara bilmirdim: hərəkətlərimdə bir əsəbilik vardı. Bünyadın sözlərinə, söhbətlərinə qulaq asası halda deyildim. Səndən nə gizlədim, elə bil, o uzaq və yad bir planetdən gəlmişdi və mənə anlaşılmaz görünən bir dildə danışırdı. Əfsanə nə üçünsə ağlayırdı ⎯ səsi başıma düşürdü. Tez-tez balkona çıxırdım, səni düşünürdüm: düşünürdüm ki, bu ayrılıqdan sonrakı görüşümüz niyə belə qısa və soyuq oldu? Axı gərək biz belə görüşməyəydik. İndi nə üçünsə səni görmək istəyirdim: sakit, əldən-ayaqdan uzaq bir guşədə səninlə danışmaq, sənin məhəbbət və nəvaziş dolu sözlərini eşitmək istəyirdim: axı sən danışanda mən yaşadığım mühitdən ayrılıb qanadlı quşa dönərək göylərdə uçurdum. Sən danışanda mən başını anasının dizi üstə qoyub əfsanəvi aləmlərdən əfsanəvi nağıllar dinləyən bir uşaq kimi şirin xəyallara dalırdım.
Sənsizləmişəm ⎯ heç özümün də xəbərim yoxmuş. Sən mənsiz qalanda şer yazmışdın. O gecə həmin şeri öz-özümə pıçıldayırdım:
Sənsizlik yamanmış, yandı ürəyim:
Sənsizlik yükünü daşımaq olmur.
Çörəksiz, havasız, susuz yaşaram,
Sənsiz bu dünyada yaşamaq olmur.
O aylı-ulduzlu bahar gecəsində buna mənəvi ixtiyarım çatmasa da, qərara gəldim ki, səni bir daha heç yerə getməyə qoymayacağam. Sadəcə olaraq, deyəcəyəm, getmə, sən də getməyəcəksən. Sənsizliyin hökmünə bax ki, hətta məzuniyyət günlərinin də fikrini indidən çəkməyə başlamışdım. Kim bilir, biz yayı harada keçirəcəkdik? Bağdamı, Kislovodskidəmi? Sən harada istirahət edəcəkdin?
Bütün bunların dərdini mən dünyanın ən uzun gecəsi olan həmin o gecə çəkdim, ancaq axırını bir yana çıxara bilmədim.
Sonralar sənə bu barədə heç nə demədim, sən özün heç yerə getmədin: çünki getməyin «ləzzətini» görmüşdün. Gör neçə ildi sən Bakıdan kənara çıxmırsan, Toğrul. Sənə çox vəzifələr təklif ediblər: heç birisinə getməyibsən. Hərdən oturub düşünürəm ki, Bünyad sənin yerinə olsaydı, çoxdan getmişdi: çünki onun təbiətində bir vəzifəpərəstlik var. Hərdən bu barədə fikirləşəndə ürəyimə elə gəlir ki, o, məni də vəzifəyə dəyişə bilər. Amma sən…
Həmin gecə səhərə qədər yata bilmədiyimə görə özümü əzgin və yorğun hiss eləyirdim. Gözlərim qızarmışdı. Bünyad vəziyyətimi görüb:
⎯ İstəyirsən, yat dincəl, bu gün işə getmə – dedi.
⎯ Yox, -dedim – mən işə getməliyəm. Hiss eləyirdim ki, getməyə bilmərəm. Evdə qalsam daha çox darıxaram. Səni yaxşı-yaxşı görmək üçün getməli idim.
Sənin kursu yarımçıq qoyub gəlməyin idarədə söz-söhbətə səbəb oldu: müdir danladı, Musa üzünə yaxşı baxmadı, qalan günlərin ezamiyyət pulunu da tutub səndən aldılar. Sən «xəstə idim» – deyə sakitcə onları dinlədin, heç halını da pozmadın. Mən onda sənin mətanətini gördüm: nə danlaq, nə pul – heç nə sənin gözündə deyildi. Sən gəlib məni görmüşdün: bu, sənin üçün hər şeydən qiymətli idi. Sənin bu hərəkətinin mənasını düşünəndə məhəbbətin gözümdə daha da böyüyür, ucalırdı. Sən özün də gözümdə daha çox qeyri-adi olurdun, Toğrul. Mənə elə gəlirdi ki, sən təyyarə, qatar olmasaydı da pay-piyada o uzaqlıqda yolu məni görmək üçün gələrdin. Mən düz fikirləşirmişəm. Bunu sən özün də düşünübsən və bu barədə şer də yazıbsanmış. Həmin şeri o gün stolumun yanından keçəndə mənə verdin: ürək çırpıntısı ilə oxudum:
Tapmışam ömrümün xoş gününü, bil,
Xumar gözlərinin qarasında mən.
Səni görmək üçün sürünüb gəlləm,
Olsam bu dünyanın harasında mən.
Eşqin varlığımda od qalayıbdır,
Dilim daim səni haraylayıbdır.
Bir nadan qəlbini yaralayıbdır,
Yaşaram qəlbinin yarasında mən.
Sənsiz yaman olur bilirsən, halım:
Gözüm qan ağlayır, dönür əhvalım.
Qoyma ki, dayanım, qıyma ki, qalım,
Ömür yollarının yarısında mən.
Bəli, məni görmək üçün sən dünyanın harasında olsaydın da gələrdin. Bu, mənim ürəyimi fərəh hissilə doldururdu. Mən var səsimlə, ucadan hamıya sənin məhəbbətindən danışmaq istəyirdim. Amma heyif ki, buna mənim ixtiyarım yox idi. Bizim məhəbbətimiz gizli məhəbbət idi, onu heç kəs bilmirdi. Bilməməli idi. Bu, elə zərif, elə güclü və şirin bir məhəbbət idi ki, kimsə bilərsə, öz gözəlliyini, gücünü, şirinliyini və qeyri-adiliyini itirə bilər, o biri məhəbbətlərə oxşar: oxşar və ölər. Çünki məhəbbət oxşamamağı və təkrarolunmazlığı ilə böyükdür, uludur, ölməzdir.
… O gündən sonra ⎯ günü dəqiq yadımda deyil ⎯ bizim aramızda tam bir anlaşma yarandı: bəzən idarədə dərdləşirdik, bəzən telefonda. Bəzən günlərlə heç nə danışmağa imkanımız olmurdu: sadəcə bir-birimizi görməklə kifayətlənirdik: onda ancaq baxışlarımız danışırdı. Dodaqlarımı səssiz-səmirsiz xüsusi tərzdə endirəndə anlayırdın ki, «öpürəm səni» deyirəm. Danışmağa, dərdləşməyə imkanımız olmayanda sənə məktublar yazırdım. Eyni idarədə işləsək də, bir şəhərdə yaşasaq da, sənə sözlərimi məktublar vasitəsilə çatdırırdım. Məncə bu da bizim məhəbbətimizin gözəlliyi və qeyri-adiliyi idi.
MƏN: ⎯ Maqnitafon yenə susdu, Nərgiz sözünə ara verdi. Toğrul yazı masasının arxasından qalxıb gəzinə-gəzinə düşünməyə başladı.
TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Bax, budur o məktublarının hamısını saxlamışam, Nərgizim. Gah şöbədə asılqandakı paltonumun cibinə qoyurdun o məktubları, gah axşamlar işləyib yorulandan sonra, səni görmək üçün evinizin yanına gələndə balkondan aşağı atırdın.
Mən sənin məhəbbətinlə yaşayırdım: sənin kimi gözəl, məğrur və mehriban bir insanı sevdiyimə görə özümü xoşbəxt sayırdım. İndi də beləyəm. Hələ bir az da artıq, Nərgizim. Sənsiz, əslində isə səninlə keçən bu illər saçlarımı ağartsa da, məhəbbətimi soyuda bilmədi, Nərgizim. Mən səndən ayrı yaşayırdım ⎯ ruhən, qəlbən isə səninlə idim. Məktublarından qəlbinin hərarətini duyub xoşbəxt olurdum: çünki bu məktubda sənin ürəyin döyünürdü, məhəbbətin yaşayırdı. Sən öz körpəsinə qayğı, nəvaziş göstərən bir ana kimi, mənim qeydimə qalırdın, dərdimi çəkirdin. Mən ana nəvazişi görməmişdim ⎯ onun hərarətini mənə sən hiss elətdirdin. Ağır dəqiqələrimdə, gündəlik yaşayışımda sən mənim əlimdən tutmusan, məsləhət vermisən. Başım ağrıyanda isti əlini alnımda hiss eləmişəm. Səsini telefonda eşidəndə azar-bezar məndən uzaq düşüb. Sən məndən uzaqda olubsan, ancaq mənimlə olubsan, Nərgizim.
İndi budur, bu axşam, qırx yaşım tamam olan gecə sənin bütün yadigarlarını ⎯ qələmini, məktublarını, dəsmalını, quruyub ətrini və rəngini itirmiş portağal qabığını stolumun üstünə qoymuşam. Onların hərəsi bir şirin xatirədir, gülüm. Onların hərəsi əvəzsiz bir mahnıdır, məhəbbət mahnısı… Elə bir mahnı ki, ömür boyu eşitsəm yorulmaram, usanmaram, Nərgizim. Çünki onların hamısına sənin o ağ əllərin dəyib, ətirli nəfəsin toxunub. Qəlbimdə, zehnimdə səninlə bağlı o qədər şirin və unudulmaz xatirə var ki, Bünyadın belə xatirələri yoxdur, ola da bilməz.
Budur sənin məktubların: onları oxumaq istəyirəm: kim bilir, neçənci dəfə. Onlar köhnələn deyil: onlar həmişə təzədir, mənalıdır. Çünki məhəbbətimiz mənalıdır, Nərgizim.
Bu, sənin üçüncü məktubundur. Gecə balkondan aşağı atıbsan.
«Gəldiyin üçün çox sağ ol, əzizim. Səni görməsəydim, bu gecə də narahat fikirlər səhərə qədər məni izləyəcəkdi. Yorğunsan, get dincəl, gecən xeyrə qalsın, yuxun şirin olsun. Maşını ehtiyatla sür, tələsmə. Hələlik».
Doqquzuncu məktub.
Bunu da balkondan atmısan, Nərgizim.
«Axşamın xeyir, mənli-mənsiz şirin xatirələr dalınca gəzənim. Necəsən? Yəqin ki, həmişəki kimi. Yarı şən, yarı kədərli, yarı ciddi, yarı zarafatlı, yarı bu dünyada, yarı o dünyada… Nə vaxta qədər? Sonsuzluğa qədərmi? Məgər bu dünyaya bir də gələcəyikmi səhvlərimizi düzəldək? Yenidən yaşamalı olsaydım, indiki həyatımı intixab edərdim. Bilirsənmi niyə? Çünki tam xoşbəxtlik usandırıcı, darıxdırıcı olardı. Mən darıxmaqdan qorxuram; lap təklikdən qorxan kimi. Sən dünən mənimlə darıxırdın. Yox, elə düşünmə ki, mən sənin darıxmağının səbəbini başa düşmürəm: sən mənimlə mənsiz idin. Ancaq sən buna alışmalısan. Başqa çarən yoxdur. Sən o anlarda vəziyyətinə nisbi yanaşsan, elə olmazsan. Hələlik sağ ol. Yazmağa imkanım olmayanda, fikrim qırılanda, yazmasam ondan yaxşıdır. İndi bir azdan o, ardımca gələcək və birlikdə gedəcəyik».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-xos-gelmisen-nergizim
More by this author
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.