Xoş gəlmisən, Nərgizim
Page 5 of 20 · 20%
Anladım və nə üçünsə uşaq kimi sevindim. Addımlarımı yeyinlədib sənə çatmaq, söhbət etmək, bu sevincimi səninlə bölmək istədim. Yaxınlaşdım da. Lakin… lakin cəsarət edib sənə özümü göstərə bilmədim: qorxdummu, utandımmı? Bilmirəm.
Elə belə, səssiz-səmirsiz dalınca düz evinizə qədər gəldim. Qapınızı da tanıdım, küçəyə açılan pəncərələrinizi də… Sənin xəbərin yox idi, Nərgizim, mən nəşriyyatda işə başlayan günə qədər hər gün səhər idarəyə gələndə, axşam evə gedəndə kölgən kimi dalınca sürünürdüm. Bu zaman heç nəyi, heç kəsi görmürdüm. Səndən başqa. Evinizə girəndən sonra da bəzən saatlarla ordan çəkilib gedə bilmirdim. Sanki məni yerə mıxlayırdılar. Gözlərimi sizin pəncərənizdən çəkə bilmirdim. Çox vaxt işığınız sönənə qədər, səni heç olmasa pəncərə önündə görə bilmək arzusu ilə oradan çəkilib getməzdim.
Nəhayət, səninlə bir yerdə işləyirdim. Səni hər gün görürdüm və xoşbəxt idim…
Lakin… Səninlə son söhbətimdən sonra necə yerimdən qalxdığımı, küçəyə çıxdığımı indi də xatırlaya bilmirəm. Gedirdim. Hara? Niyə? Sərxoş adamlar kimi heç nə düşünmür, heç nə dərk etmirdim. Tək bircə şey məlum idi: səni, nə vaxt vurulduğumu, nə vaxt ömrümün idealına çevirdiyimi bilmədiyim səni həmişəlik itirdiyimi anlayırdım. Vəssalam. Bu isə mənim üçün təsəvvür edilməyəcək dərəcədə ağır idi. Həyatımı bir heçə qurban versəydim, bu qədər yanmaz, kövrəlməz, dolmazdım. Amma səni itirmişdim, tapmamış, əzizləməmiş, doymamış itirmişdim. On gündən sonra sənin toyun olacaqdı. On gündən sonra sən Bünyadın arvadı olacaqdın. Arvadı?
Arxadan mənə dəyən ağır zərbə və bir də tükürpərdici səs – asfalt üzərində sürünən təkərlərin səsi yadımda qalıb. Gözümü açanda özümü xəstəxanada gördüm. Sol qıçım yaman ağrıyırdı. Tərpənmək istədim, sızıldadı. Üzüm də sarıqlı idi. Gözlərimi dolandırıb yan-yörəmə baxdım. Tanımadığım arıq, uzun bir kişi bunu gözləyirmiş kimi başını irəli uzatdı:
⎯ Necəsən indi?
⎯ Qıçım bərk incidir.
Kişi ah çəkib:
⎯ Özünü də bədbəxt elədin, məni də. Adam yol yeriyəndə fikir verməz ki, necə gedir? İçmişdin?
⎯ Yox.
Başa düşdüm ki, kişi sürücüdür. Ağlamsına-ağlamsına dedi:
⎯ Məni tutacaqlar, bir çətən külfətim var.
Yazığım gəldi ona.
⎯ Günah məndə olub, dayı. Qorxma, ölməsəm, səni tutulmağa qoymayacağam. Kişinin üstündən elə bil, dağ götürüldü.
⎯ Ömrün uzun olsun, bala. Nə lazımsa, həkimlərə tapşırmışam, eləyəcəklər. Qorxulu bir şey yoxdur: qıçın balaca əzilib. Şükür ki, sınığı-zadı yoxdur. Evinin yerini de, ailənə xəbər verim, yəqin indi səndən nigarandırlar.
Mən soyuq bir ah çəkdim: kimsəsiz və tək olmağım ömrümdə birinci dəfə indi mənə yer elədi. Nisgilli-nisgilli dedim:
⎯ Narahat olma, dayı. Mənim heç kəsim yoxdur. Tək oğlanam, itirib axtaranım yoxdur.
Yanımda bir az oturandan sonra kişi tez-tez dəyməyə gələcəyini bildirib getdi. Mən üzümü divara çevirərək gözlərimi yumub olub-keçənləri unutmağa çalışdım, amma bacarmadım: ürəyim sıxılırdı, ürəyim qıçımdan bərk incidirdi.
MƏN: ⎯ Toğrul oturduğu yerdə çevrilib şfanerin bədənnüma güzgüsündə özünə fikir verdi, sağ yanağındakı çapığa baxdı, əziz bir şeyə təmas edirmiş kimi, əlini üstündə gəzdirdi, «o günün yadigarıdır» deyə düşündü və maqnitafonun düyməsini təzədən basdı.
NƏRGİZİN SƏSİ: ⎯ İçəri qayıdanda səni görmədim, ürəyim düşdü. Kağız-kuğuzun stolun üstündə qalmışdı. Otaqda ölü bir sükut hökm sürürdü. Musa da, Solmaz, Rəfiqə, Səadət də başlarını aşağı salıb səssiz-səmirsiz işləyirdilər. Keçib yerimdə oturdum. Redaktə etdiyim əsərin cümlələrini dönə-dönə oxuyurdum, amma mənasını başa düşə bilmirdim. Ha çalışırdımsa, diqqətimi cəmləyə bilmirdim. Dəhlizə çıxdım, ora-bura baş çəkdim, qonşu şöbələrə nəzər yetirdim: yox idin.
Səni niyə axtarırdım? Bütün vücudumu qəribə bir maraq sarmışdı: bu dəqiqə sənə baxmaq, düşdüyün vəziyyəti gözlərimlə görmək və sənin mənə bəslədiyin hisslərin doğru olub-olmadığını yoxlamaq istəyirdim. Bu, əlbəttə, heç nəyi dəyişməyəcəkdi, ancaq mənim üçün maraqlı idi.
Sən isə yox idin, Toğrul. Mən süst, peşman halda təzədən gəlib yerimdə oturdum. Yenə oxuya bilmirdim, sətirlər, sözlər bir-birinə qarışırdı, cümlələr mənə dolaşıq və mənasız görünürdü. «Hara getsə indi gələcək» ⎯ deyə özümə təskinlik verməyə çalışırdım. Peşimançılıq çəkirdim: niyə sənə elə öldürücü cavab verdim? Ayrı cür demək olmazdımı? Axı niyə də başqa təhər deməli idim? Həqiqəti demişdim mən. Ancaq mənim cavabımı eşidəndə sənin dəhşətlə «Necəə?» ⎯ söylədiyini yadıma salanda indi də tüküm ürpəşir. Sanki sənin canın o bir kəlməni tələffüz eləyəndə bədənini tərk elədi. Sən sanki elə onda ⎯ iraq candan ⎯ öldün.
İki dəfə səni telefona istədilər. Musa:
⎯ Yoxdur, bir azdan zəng vurun ⎯ dedi və dəstəyi yerinə qoyandan sonra: ⎯ Bəs bu hara gedib? ⎯ deyə bizdən xəbər aldı. Mən günahkar bir tərzdə:
⎯ Bayaq burda idi, harasa çıxdı – dedim – indi gələr. Ancaq sən işin axırınacan gəlmədin. Yoldaşlar getməyə hazırlaşanda mən azca ləngiyib sənin kağızlarını, siqaretini yığışdırıb siyirmənin gözünə yığanda əlyazmasının üst səhifəsinin qırağında xırda hərflərlə «Nərgizim» yazdığını görüb özümü itirdim və oğurluq eləyən adamsayağı o yan-bu yana baxaraq səhifənin o hissəsini cırdım, bürmələyib cibimdə gizlədim. Aşağı düşdüm. Cibimdə elə bil, barıt vardı. Partlayacağından, məni də, bütün dünyanı da yandıracağından qorxurdum. Atmaq istədim, ancaq ürəyim gəlmədi. Adicə söz idi, adicə kağız qırığı idi. Sehirmi vardı onda, sənmi yazmışdın onu ⎯ deyə tullamaq istəmirdim.
O gün Bünyadın istirahət günü idi: məni evimizə ötürməyə gəlmişdi. Qoluma girmişdi. Nə barədə isə danışırdı, lakin mən anlamırdım, eşitmirdim. Niyə gizlədim, küçədə, min adamın içində gözlərim səni axtarırdı. Kaş səni o dəqiqə görə biləydim, kaş görə biləydim.
⎯ Sən heç deyəsən mənə qulaq asmırsan? ⎯ deyən Bünyadın səsi məni fikrimdən ayırdı.
⎯ Yox, eşidirəm. ⎯ Yalandan söylədim.
⎯ Kefsiz deyilsən ki?
⎯ Azca başım ağrıyır.
⎯ Yəqin bu gün çox işləmisən.
⎯ Əksinə, az işləmişəm. Günortadan sonra demək olar ki, heç nə eləməmişəm.
⎯ Evə çatan kimi baş ağrı dərmanı at, sonra da yat. İndi nə sənə, nə də mənə xəstələnmək olmaz.
Sadəlövhlüklə soruşdum.
⎯ Niyə ki?
⎯ Ona görə ki, toyumuza lap az az qalır. ⎯ deyə qolumu ehmalca özünə tərəf çəkdi.
Mən dillənmədim.
Evimizin tinində ayrıldıq. Mən ondan qaçırmışam təki, tələsik uzaqlaşdım, pilləkənləri bir nəfəsə çıxıb özümü içəri saldım.
Mən bu evdə dünyaya göz açmışam, bu evdə böyümüşəm. Nazir işləyən atam, həkim anam mənim nazımı burda çəkiblər. Ailənin böyük uşağı olduğumdan bir az ərköyün böyüdüblər məni. Nə desəm o olub. Ancaq mən bundan sui-istifadə eləməmişəm. Həmişə ağılnan, insafnan iş görmüşəm. Buna görə də atam da, anam da mənim xətrimi çox istəyiblər. Ev mənə qəribə göründü. Sanki tanımadığım, yad yerə gəlmişdim.
Anam mətbəxdə idi. İşdən qayıtdığımı bilib qarşıma çıxdı. Həmişəki adətimiz üzrə öpüşdük. Tövşüyürdüm, həyəcanlı idim. Bu, həssas anamın nəzərindən qaçmadı. Sınayıcı nəzərlərlə mənə baxıb soruşdu:
⎯ Nə olub, ay qız? Yoxsa qovan var səni?
⎯ Yox ⎯ dedim ⎯ elə belə, pilləkənləri tələsik çıxmışam.
⎯ Nə xəbərdi? Ürəyin ağrıyar, bala.
⎯ Heç nə olmaz.
Anam mətbəxə keçəndən sonra cibimdən kağızı bir də çıxartdım, bir də oxudum. «Nərgizim». Bu bircə kəlməni yazan o arıq və tüklü əli xatırladım. Hərflər səsə çevrildi və mən sənin səsini eşitdim. Sən həzin və yanıqlı bir səslə deyirdin; «Nərgizim». O səs mənim beynimə, ürəyimə işləyirdi: o səs məni burada, evimizdə təzədən sarsıdırdı. Nədənsə mənə elə gəlirdi ki, haradasa bu yaxınlarda dayanıb qorxmadan, çəkinmədən «Nərgizim» – deyə haray çəkirsən. Səsin əks-səda verir, dər-divara dəyib çoxalır, gurlaşır. Mənə elə gəldi ki, indi anam da o səsi eşidəcək və məndən xəbər alacaq: «Səni çağıran kimdi?»
Kağızı cibimdə gizlətdim, səs yavaş-yavaş uzaqlaşıb eşidilməz oldu.
Anam yemək gətirdi. Dilimə heç nə vura bilmədim, elə bil, boğazım kilidlənmişdi. Düzü, fikrim sənin yanında idi. Evinə üç-dörd dəfə zəng çaldım, cavab vermədin. «Bu hara gedə bilər, aman allah?» – deyə dəhşətlə öz-özümə fikirləşirdim. Heç yerdə qərar tuta bilmirdim. Naməlum, əsrarəngiz bir narahatlıq bütün vücudumu sarmışdı. Bayaqdan hərəkətlərimə göz qoyan anam Anaqız xanım dedi:
⎯ Bu gün sənə nəsə olub, qızım. Məndən gizləyirsən.
⎯ Heç nə olmayıb, səndən də heç nə gizləmirəm, ana.
⎯ Yoxsa Bünyad ilə söz-söhbətin olub, qızım?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-xos-gelmisen-nergizim
More by this author
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.