Page 6 of 20 · 25%

⎯ Yox.

Qızardığımı hiss eləyib anamın nüfuzlu baxışlarından yayınmaq üçün öz otağıma keçdim, pəncərənin qabağında dayanıb küçəyə baxmağa başladım. Qəribə idi ki, küçədən keçən adamların arasında da gözlərim səni axtarırdı. Sənsə yox idin. Saat on ikiyə qalmış, yatağıma girməyə hazırlaşanda bir də zəng elədim sənə.Cavab gəlmədi.

Mən telefonda səninlə onsuz da danışmayacaqdım. Sadəcə, istədiyim evdə olub-olmadığını bilmək idi. Sadəcə deyəydin: «Alo, mənəm». Vəssalam. Mən heç nə demədən dəstəyi asacaqdım və rahat yatacaqdım. Amma bu, olmadı.

Səhərəcən yerimin içində çalıxıb-çabaladım. Belə hala düşdüyüm yadıma gəlmirdi. Hətta Bünyad mənə ürəyini açanda, nişanlananda da belə olmamışdım.

Sevinmişdim, şadlanmışdım, bir az xəyalpərvər olmuşdum, vəssalam. Səhər işə gələndə yol boyu allaha yalvarırdım ki, sən idarədə olasan. Şöbəyə girməyə qorxurdum. Ürəyimdə qapının ağzındaca damdı ki, sən yoxsan və başına nəsə gəlib. İçəri girəndə yerini boş görüb sarsıldım. Başım gicəlləndi, gözlərim qaraldı. Bu halımı kimsəyə sezdirməmək üçün keçib yerimdə əyləşdim. İki gün beləcə dəhşətli nigarançılıq içində keçdi. Mən səninlə aramda olan söhbəti də heç kəsə demirdim. Nədənsə mənə elə gəldi ki, bu, bizim aramızda sirr olaraq qalacaq. Hamı səndən nigaran qalmışdı. Bu günlər ərzində nələr çəkdiyimi dillə deyə bilmirəm, Toğrul. Üçüncü gün günortaya yaxın sən Musaya zəng eləyib başına gələn qəzavü qədəri söyləyəndə hamımız sarsıldıq, mən isə ayaq üstə öldüm. Özümü danlayırdım, «bu işdə günahkar mənəm» – deyirdim. Amma səsimi çıxartmır, əhvalatı açıb ağarda bilmirdim. Musanın təklifi ilə işdən sonra xəstəxanaya, sənə dəyməyə gəldik. Sən böyük bir palatada yatırdın. Nömrəsi indi də yadımdadır: on altıncı palata. Bizi görən kimi dikəlmək istədin, ancaq Musa çiynindən basıb durmağa qoymadı. Arxası üstə uzanmışdın, üzünün yarısı sarıqlı idi. Rəngin avazımışdı. Qanmı itirmişdin, qorxmuşdunmu? Gözlərində, bəbəklərində bir ağrı həkk olunmuşdu. Sənə baxırdım, ürəyimin başı soyulurdu. Qıçım, başım ağrıyırdı, elə bil mən də yaralanmışdım. Sən hadisəni təfsilatı ilə danışırdın. Nədənsə Musadan başqa heç kəsin üzünə baxmırdın. Amma mən istəyirdim ki, sən mənə də baxasan, mənim doluxsunmuş, kədərli gözlərimi görəsən. Amma baxmırdın. Bu isə məni yaman sıxırdı. Mənə nifrətmi edirdin onda? Ona görə üzümə baxmırdın, eləmi?

MƏN: - Toğrul maqnitafonu söndürdü, başını aşağı əyib maqnitafonun üstünə qoydu.

TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Yox, Nərgizim, mən sənə heç vaxt nifrət etməmişəm, ömrüm boyu etməyəcəyəm də. Bütün varlığı ilə sənə bağlı olan bir ürəkdə sənə qarşı nifrətmi olar, əzizim? Məni incidibsən də, əzab da veribsən. Hərdən mənə elə gəlib ki, daha dözmək mümkün deyil. Ancaq dözmüşəm. Sənə olan məhəbbətim azalmayıb, əksinə, daha da alovlanıb, şöləsi göylərə bülənd olub. O müqəddəs hisslər məni bəxtiyar edib, yaşadıb-yaratmağa sövq edib.

Siz yanıma gələndə mən ona görə sənə baxmırdım ki, qorxurdum. Qorxurdum ki, nəzərlərimiz sataşan kimi gözlərim dola. Ürəyim yağmağa hazır bulud kimi dolmuşdu.

MƏN: ⎯ Toğrul dikəlib maqnitafonu işə saldı və Nərgizlə üzbəüzə dayanıbmüş kimi ucadan söylədi: «Danış, Nərgizim, danış. Sənin söhbətin nağıl kimi şirin, əfsanə qədər gözəldir».

NƏRGİZİN SƏSİ: ⎯ Bütün görkəmin kimi, səsin də kədərli idi. Nə üçünsə o dəqiqələrdə elə istəyirdim ki, gülümsünəsən. Çünki nəmli anlarında gülümsünməyini çox görmüşdüm: onda baxışların, üzünün ifadəsi elə mənalı və şairanə olur ki…

Ancaq sən indi gülümsünəsi halda deyildin. Solmaz sənin könlünü açmaq məqsədilə dedi:

⎯ Cijimin canı üçün, yəqin yenə təzə əsər barədə düşünürmüşsən. Elədirmi?

Ah çəkdin, ani sükutdan sonra cavab verdin:

⎯ Yox, əsər-zad fikirləşmirdim, elə-belə, fikirli idim. Heç özümdə deyildim.

⎯ Nə olmuşdu ki? ⎯ deyə Səadət ciddi şəkildə soruşanda sən yenə köks ötürüb dedin:

⎯ Heç nə.

Yanında oturanlardan təkcə mən bilirdim ki, sən düz demirsən. Bu, «heç nə» deyildi sənin üçün. Sənin ürəyində, xəyalında qurduğun məhəbbət xanimanın gözləmədiyin halda, qəflətən uçub dağılmışdı. Sən bundan sarsılmışdın. «Fikirli idim» – deyirdin. Mən, təkcə mən başa düşürdüm ki, bu nə deməkdir. Ürəyim sıxılırdı: istəməsəm də, yanından tez çıxıb getməyə can atırdım. Çünki sənin bu hala düşməyində özümü günahkar sayırdım.

Musa sürüşüb aşağı düşmüş yorğanının ucunu qaldırıb düzəltdi və soruşdu:

⎯ Heç gəzə bilmirsən?

⎯ İndi yox. Sabahdan yerimdən durmağa icazə verəcəklər. Bu da çəliyim.

Mən sarı rəngli çəliyə baxdım, ürəyimin başı göynədi. İlahi, yoxsa sən şikəst olmuşdun, həmişə çəliklə gəzəcəkdin?

Musa dedi:

⎯ Onda bir həftəyə buraxarlar.

⎯ Hə, hər şey yaxşı olsa…

⎯ Ayın onuna səni toyumuza dəvət edirik, Toğrul. Nərgiz xanımla bir yerdə. Xəstəxanadan çıxan kimi toya düşmək yaxşı əlamətdir.

Gözlərin bir anlığa qıyıldı, fikrin harasa uçdu, ancaq özünü tez ələ alıb:

⎯ Mübarəkdir – dedin. – Sizə xoşbəxtlik arzulayıram. Sağalsam, gələrəm.

Mən heç istəmirdim bu toy məsələsi ortalığa gəlsin. Yaralarının qaysağını təzədən qopartmaq idi bu. Parçalanmış ürəyinə təzədən, yara üstündən yara vurulurdu indi.

Vaxtımız qurtarırdı, getməli idik. Musa əlini birinci sıxıb xudahafizləşdi, sonra qızlar… Lap axırda mən əlini əlimə aldım: əlin od tutub yanırdı.

⎯ Hərarətin var ki, - dedim. Oturduğumuz müddət ərzində ilk dəfə kirpiklərini qaldırıb gözlərimin içinə baxdın və zəif səslə:

⎯ Deyəsən var ⎯ söylədin

⎯ Darıxma, Toğrul, yenə yanına gələcəyəm.

⎯ Əziyyət çəkmə, Nərgiz – dedin və gözlərin yaşardı. Axşam Bünyadla görüşməli idik; sözləşmişdik ki, şəhər kino-teatrlarında göstərilən fransız filminə baxaq. Mən vədələşdiyimiz yerə gəldikdə o, artıq məni gözləyirdi. Üzümə baxan kimi halsız və pərişan olduğumu görüb təşvişə düşdü.

⎯ Xəstələnmisən nədir?

⎯ Kefsizəm ⎯ dedim. ⎯ Heç kinoya gedəsi halım yoxdur. ⎯ Haran ağrıyır?

⎯ Heç yerim. Elə belə, halsızam. Gəldim sənə deyəm ki, kinoya gedə bilməyəcəyəm.

Bünyad tutuldu.

⎯ Axı nə olub?

⎯ Vallah, heç nə. Elə-belə həvəsim yoxdur. Yatmaq istəyirəm. Kinoya ayrı bir vaxt gedərik. Sən də get, dincəl.

Onun qara, qalın qaşları çatıldı. İri gözləri kölgələndi.

Mən onun fikrini kino məsələsindən yayındırmaq üçün dedim:

⎯ Bünyad, bilirsən, sənin dostun maşın qəzasına düşüb.

Bünyadın qaşları yuxarı dartıldı:

⎯ Hansı dostum?

⎯ Toğrul Əlizadə, yazıçı.

⎯ Nə danışırsan, Nərgiz?

⎯ Hə. Fikirli gedirmiş, maşın vurub. İndi xəstəxanadadır.

⎯ Baho. Bərk əzilib?

⎯ Əzilib də. Biz bu gün getmişdik. Musa, mən, qızlarımız… Halı o qədər də yaxşı deyildi. Qızdırması vardı.

⎯ Gərək gedəm dəyəm. Yanına buraxırlar, hə?

⎯ Hə. İndi də getsən, çatarsan. Saat yeddiyə qədər yanına adam buraxırlar.

Bünyad dostcanlı, yoldaşcanlı deyildi. Hər dostluqdan, yoldaşlıqdan nəsə bir xeyir güdən adamdı. İstəyərdi ki, hamı ona hörmət etsin, yaxşılıq eləsin, ancaq çox vaxt özü hörmət və yaxşılıq eləməyi bacarmırdı. Onun dünyası iş və evdən ibarət idi. Bünyadı sən oçerkində çox tərifləmişdin və bu onun çox xoşuna gəlmişdi. Ona görə sənə xüsusi bir hüsn-rəğbət bəsləyirdi. Bədii ədəbiyyatı demək olar ki, sevməyən Bünyad, oçerkdən sonra sənin yazılarını oxumağa başlamışdı. Təriflədiyi yeganə yazıçı sən idin. Əvvəllər mən buna əhəmiyyət vermirdim. Sonralar bu, nədənsə mənə xoş gəlirdi. Elə istəyirdim o səndən danışsın. Belə hallarda mən də ona qoşulub səndən söhbət açırdım. Elə də həvəslə danışırdım ki…

Nə isə, mən o gün onunla kinoya getmədim, onu sənin yanına göndərdim. Özü də tapşırdım ki, qayıdıb gələndən sonra mənə zəng eləyərsən. Əsas məqsədim bu idi ki, sənin necə olduğundan bir xəbər tutum.

Zəng çaldı. Kefimi soruşdu. Dedim babatam. Səni xəbər aldım. Dedi ki, qızdırman düşüb. Sonra, o dəstəyi asandan sonra özüm də təəccüb elədim ⎯ bu sözü eşidən kimi mənim də kefim duruldu. Elə bil qızdırması düşən mən idim. Əlbəttə, Bünyad bunu duya bilməzdi. Neçə gün yuxusuzluqdan və narahatlıqdan sonra o gecə rahat yatdım.

Toyumuza iki gün qalmış, nə anama, nə də Bünyada bir söz deməmiş sənin yanına gəldim. Bazardan bir dəstə qızıl gül almışdım. Nə zamansa söhbət əsnasında güllərin içərisində ən çox qızıl gülü sevdiyini söyləmişdin. Bu, mənim yadımda qalmışdı. Sən xəstəxananın dəhlizində, pəncərənin qabağında durub yaraşıqlı, şümşad boylu şam ağaclarına tamaşa eləyirdin. Dirsəklərini pəncərənin taxtasına, çəliyini divara söykəmişdin. Mən asta addımlarla sənə yanaşdım və sağ əlimi uzadıb ehmal bir hərəkətlə gözlərinin qabağını tutdum. Səsimi çıxartmırdım. Əlini əlimə sürtdün, fikirləşmədən, sevinclə, - «Nərgiz!» – dedin. Məni gülmək tutdu, əlimi gözlərindən çəkib:

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 min
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 min
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 min
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 min

Poems by other poets