Page 8 of 20 · 35%

Sənin qeyri-adi gəlişin mənim toyumu da qeyri-adi elədi, Toğrul. Ümumiyyətlə, sənin mənim həyatıma qeyri-adi gəlişin mənim həyatımı da qeyri-adi eləmişdi. İndi mənim həyatım, yəqin, elə sənin də həyatın qeyri-adidir, Toğrul. Biz başqaları kimi yaşamırıq ⎯ elə olsaydı, onda nə sənin mənə, nə də mənim sənə deyiləsi sözümüz olmazdı. Sən məni bütün varlığımla nifrət etdiyim adiliyin, rahatlığın, yeknəsəkliyin əlindən almısan, qeyri-adi, narahat, rəngarəng hisslər, duyğular aləminə aparmısan, Toğrul. Və bununla da heç təsəvvür eləmirsən ki, məni necə xoşbəxt eləmisən. Elə xoşbəxt ki, Bünyad ömrü boyu edə bilməzdi.

Mənim bir gözüm səndə idi. Nə deyilən tostları eşidirdim, nə çalınan musiqini, nə məlahətlə oxuyan xanəndənin səsini. Yaxşı yemirdin də. Ancaq içirdin. Gəlin olmasaydım, elə burdan, öz yerimdən qışqırardım: «Toğrul, az iç, çox ye». Amma bunu eləməyə mənim ixtiyarım yox idi. Kəsilə-kəsilə qalmışdım. Sən yoldaşların zarafatına, deyib-gülməyinə fikir vermədən hər sağlığa badə qaldırıb içirdin. Mən sənin üçün qorxurdum: qorxurdum ki, keflənəcəksən, dərdini yada salıb artıq-əskik danışacaqsan. Lakin sən içdikcə susur, qaradinməz olurdun. Arıqlamışdın. Qarabuğdayı çöhrən ağarmışdı. Baxırdım, halına yanırdım. Hərdən məni xəyal qanadlarına alıb aparırdı. Böyrümdə şad, xürrəm oturmuş Bünyad gün altında qalmış qaradamı kimi yavaş-yavaş əriyir, yox olurdu, yerində sən peyda olurdun. Bu zaman sən xoşbəxtcəsinə gülümsünürdün. Məclisdəkilərdən kimsə mənim, ya Bünyadın adını çəkəndə sən hiss olunmadan yenə öz yerinə gedirdin.

Sevdiyinə ərə gedən cavan bir qızın toy gecəsi belə çalpaşıq hisslərlə yaşaması başqalarına bəlkə də qəribə görünə bilər. Olsun. Mənim toyumun gözəlliyi, unudulmazlığı da elə bunda idi. Bir də sənin gətirdiyin o gül dəmətində…

… Toy məclisi sona yetirdi, camaat dağılışırdı. Bizi-bəylə gəlini oynatmışdılar. Hamı ayaq üstə durmuşdu. Bayaqdan bəri ilk dəfə nəhayət, sən gözlərini dolandırıb mənə baxdın: Mən kirpiklərimi astaca endirməklə sənə «çox sağ ol» – söylədim. Səssiz-səmirsiz, ürəyimdəcə.

Yavaşca Bünyadın qulağına pıçıldadım:

⎯ Bu güllərdən mənim xoşum gəlir, onları götür, aparaq evə – deyə sən gətirdiyin buketə işarə elədim.

⎯ Baş üstə, mənim əzizim – dedi Bünyad.

O, gülü götürəndə mən əyilib qoxuladım. Sən baxırdın. Görüncə bir anlığa gözlərini yumdun, yuxumu görürdün? Xoşbəxtmi idin, bədbəxtmi idin?

… O gülləri mən yataq otağına, güldanın içinə qoymuşdum. Axşam yatanda da, səhər duranda da, yanından keçəndə də əyilib onları iyləyir, xoş, məstedici ətrini ciyərlərimə çəkib səni düşünürdüm. O güllərə sənin nəfəsin dəymişdi, onları sən sinən üstə – ürəyinin başına sıxmışdın. Onları qoxulamaq mənə ləzzət verirdi. Fikirləşirdim ki, necə eləyim o güllər solub-saralmasın, ölməsin. Onların ömrünü uzatmaq olmazdımı görəsən?

Bünyad qızıl gülün başına xüsusi bir şövqlə fırlandığımı görüb bir dəfə söylədi:

⎯ Sənin qızıl gülü bu qədər çox xoşladığını bilmirdim, Nərgiz.

⎯ Gərək biləydin, Bünyad.

Səhərisi Bünyad haradansa üç-dörd dənə yaxşı qızıl gül alıb gətirdi:

⎯ Sənin üçün almışam, Nərgiz – dedi – Bunlar daha soluxublar, at getsin.

O gülləri atmaq istəmirdim nədənsə. Onlar mənə doğma idilər, ürəyimdə xoş xatirələr oyadırdı o güllər, Toğrul.

⎯ Bunlar bizim toy gecəmizdən yadigardı, Bünyad, qoy qalsın.

⎯ Həmişə ki, saxlaya bilməyəcəksən, ölüşgəyiblər daha.

⎯ Solmuşunu, ləçəklərinin qurumuşunu saxlaram, xatirə kimi.

⎯ Özün bilərsən.

Mən sənin güllərinin yerinə onun gətirdiklərini qoydum. Onları isə başqa vazaya qoydum. İki həftə saxladım. Ləçəkləri tökülməyə başlayanda onları yığıb pəncərənin ağzına, qəzetin üstünə sərdim. Ləçəklər ovulublar, toza dönüblər, amma indi də saxlayıram, Toğrul. Bünyad evi o vaxtdan gülsüz qoymur. Amma onun gülləri sənin güllərinə bənzəmir, Toğrul. O vaxtdan harda, nə zaman gül görürəm, sənin güllərin yadıma düşür, səni xatırlayıram, toy gecəsini xatırlayıram, Toğrul.

TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ O toy gecəsini mən də unuda bilmirəm, Nərgizim. Mən o gecə birdən-birə ən azı on il qocaldım. Bəlkə saçıma ilk dən də o gecə düşdü.

Onsuz da gözəl olan sən o axşam xüsusilə gözəlləşmişdin. Ağ, əsmər üzündə məsum və xoşbəxt bir ifadə vardı. «Səadət sarayı»nı Bünyad ilə birgə, musiqi sədaları altında, qonaqların, qohum-əqrəbanın müşayəti ilə tərk eləyəndə sənə diqqətlə baxdım: sən ağ gəlinlik paltarında ağ göyərçinə bənzəyirdin. Səni ağ maşna mindirdilər, ağ günlərə apardılar. Sənin ağ günlərin başlayırdı, mənim qara günlərim. Sən ağ atlı idin, mən piyada. O gecə mənə elə gəlirdi ki, səni harasa çox uzaqlara, başqa bir planetə aparırlar və mən bu axsaq ayağımla ömrüm boyu yol getsəm də sənə çata bilmirdim, əsla çata bilmərəm.

Halbuki, sən şəhərdən kənara çıxmırdın, yenə bizim şöbənin işçisi idin. Amma dumanlı, tutqun beynimdə, hövlündən az qala partlamaq dərəcəsinə gəlmiş ürəyimdə səni məndən ayıran uzun, uzaq, keçilməz yollar haqqında həzin və kövrək bir xülya dolaşırdı. Maşınlar siqnal verir, çalğı səsi ürəyimi titrədirdi.

«Səadət sarayı»nın qabağındakı ağaca söykənib durmuşdum. Maşınlar tini burulub gözdən itincə beləcə hərəkətsiz dayanaraq arxanca baxdım. Çox içmişdimsə də çölə çıxana qədər özümü yaxşı hiss eləyirdim. Sən gedəndən sonra… birdən-birə sərxoş oldum. Evə nə cür gəldiyimi heç cür yadıma sala bilmirəm. Səhər ayılanda çarpayımda pallı-paltarlı yatdığımı gördüm. Xeyli tərpənmədim. Heç nə ifadə eləməyən, ölü qoyun gözlərinə oxşayan gözlərimi tavana zilləyib hərəkətsiz halda qaldım. Qalxmağa taqətim yox idi. Düşünə də bilmirdim. Sanki məni bu dünya ilə bağlayan bütün tellər qırılmışdı. Bu vəziyyətdə nə qədər qaldığımı bilmirəm.

İdarəyə gələndə saat on ikiyə işləyirdi. Bura nə üçün gəlmişdim? Mənim ki, hələ üç gün bülletenim var idi. Şöbədə hamı yerində idi, səndən başqa.Yoldaşlar sənin toyundan danışırdılar. Mən heç nə eşitmirdim: oturanların arasında səni axtarırdım. Sən yox idin, hələ bir ay da olmayacaqdın. Pəncərələr açıq olsa da, otaqda hava çatışmır, boş qalmış yerinə, sənsiz qalmış, «aşdım-daşdım» gülünə baxırdım. Sənsiz o da solğun görünürdü gözümə. O da solacaqdımı mənim arzularım kimi? Yox, onu solub-saralmağa qoymayacaqdım, göz yaşımla sulayacaqdım onu, Nərgizim. Öpəcəkdim, oxşayacaqdım onu, sənin ətrini alacaqdım. Amma sənsiz bu otaqda oturub işləmək mənim üçün zülm olacaqdı, bunu irəlicədən bilirdim, Nərgizim.

Sənə çoxdan vurulmuşdum. Onda sən tələbə idin, beşinci kursda oxuyurdun. Səni o zaman bir bahar günü gördüm ilk dəfə. Nazik, incə bir qızdın. Xurmayı saçların ipək kimi yumşaq idi: mən o saçlara əl vurmamışdım, ancaq bilirdim ki, onlar ipək təki yumşaq olmalıdı. Yerişin elə yüngül idi ki, sanki yerimirdin, süzürdün: ağ dumana bürünmüş şirin yuxularımda süzən ağ qanadlı qu quşu kimi ehmalca qanad çala-çala uçurdun. Uzun kirpikli qara-qonur gözlərindən adamın üstünə işıq seli axırdı. Üzündə əbədi, silinməz təsiri bağışlayan məsum bir təbəssüm vardı. Onda saçlarını kəsdirməmişdin: yoğun hörüyünün biri azca qabarmış sinənin üstündən üzü aşağı sallanmışdı. Səndən qəribə, o vaxtacan heç kəsdə, heç yerdə hiss etmədiyim, duymadığım ətir gəlirdi. Sonralar bildim ki, o ətir sənin öz ətrindi. Səninlə üzbəüz oturub diplom işini varaqlayanda burnuna bihuşdarı verilmiş adam kimi məst idim. Özünün də xəbərin yox idi ki, gözəlliyinlə, şairanəliyinlə məni necə valeh eləmisən, Nərgiz.

Ürəyim içəridə ilk dəfə qeyri-adi bir çırpınışla titrədi: vücudumda nəsə uçulub dağıldı. Yeri qəfildən titrədən güclü zəlzələ görübsənmi? Bax, eləcə.

Əsərini həmin gecə sevinə-sevinə oxudum, elə o gecə də yaxşı bir rəy yazdım. Əsərinə və sənin özünə layiq bir rəy.

Ertəsi gün səni görəcəyim anı, dəqiqəni səbirsizliklə gözləyirdim. Lakin sən o gün gəlib çıxmadın, o biri gün də gəlmədin.

Ertəsi gün səni institutun uzun dəhlizinin o başında görəndə uşaq kimi necə sevindiyimi indi də unuda bilmirəm, Nərgiz. Sən ərköyün, məğrur bir ədayla yaxın gəlib salam verdin.

⎯ Bəs nə gec gəldin? – deyə soruşdum. – Rəyinizi elə o gün yazıb hazırlamışam.

⎯ Azca kefsiz idim. Çox sağ olun ki, yubandırmayıbsınız.

⎯ Nə olmuşdu ki?

⎯ Zökəm olmuşdum. Keçib getdi, indi yaxşıyam.

Rəyi oxuyub işıqlı gözlərini minnətdarlıq hissilə mənə zillədin və – Nə yaxşı rəy yazmısınız, Toğrul müəllim – söylədin.

⎯ Çünki əsəriniz yaxşı əsərdir, Nərgiz xanım. Sizdən yaxşı alim çıxar.

Nazla gülümsündün:

⎯ Nə danışırsınız, Toğrul müəllim. Mən elmi işi sevmirəm.

Sonra sən təşəkkür edib getdin. Getdin və ürəyimi də özünlə apardın. Bunu bilmədin. Hardan biləydin axı? Mənim əzablı günlərim o vaxtdan başlandı. İlk günlər itiyi itmiş adam kimi gəzirdim, bir yerdə otura bilmirdim, evə-eşiyə sığışmırdım. Gecələr yata bilmirdim. Səsin, sözün, ayaq səslərin qulaqlarımda idi. Yuxuda da gözlərin mənə baxıb gülümsəyirdi.

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 min
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 min
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 min
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 min

Poems by other poets