Bakı gecələri
Page 10 of 10 · 90%
Sonra növbəti bir gəlişdə baş həkim bizi beş dəqiqəliyə içəri buraxmışdı, Yaqutun üzü ağ tənziflə örtülmüşdü və həzin bir səslə bizə nə isə demişdi, amma biz heç bir şey başa düşməmişdik.
Daha sonralar mən nə vaxt gəlmişdimsə, hər dəfə suallarımla baş həkimi təngə gətirmişdim və nəhayət o həkim də bir dəfə məndən soruşmuşdu:
– Bağışlayın, Yaqut xanım sizin neyinizdir?
– Mənim?
– Həri, sizin!
– Bir mərtəbə aşağıdakı qonşumuzdur.
– Aha, çox gözəl... Bir mərtəbə aşağıdakı qonşunuz imiş!
Və həkim qalın qaşlarını əvvəlcə yuxarı qaldırmışdı, sonra aşağı salmışdı.
Sözlərin altı vardı, sözlərin üstü vardı və baş həkimin “aha, çox gözəl” – sözlərinin altı mənim üçün qaranlıq qalmışdı və o gündən ürəyimdə baş həkimə qarşı heç də gözəl olmayan bir hiss baş qaldırmağa başlamışdı.
Baş həkim isə həftələrlə pərvanə kimi xəstənin başına dolanmışdı, Yaqutun bənövşəyi gözləri açılmışdı, getdikcə səsi durulmuşdu, amma hər dəfə mən onu görməyə gələndə, o bir dəfə də olsun ağ tənzif rübəndini üzündən qaldırmamışdı və üzünü mənə göstərməmişdi.
Özü isə növbəti ziyarətlərin birində mənim əllərimə baxmaq istəmişdi və ağ əlini, üstündə azacıq yanıq yeri qalmış sağ əlimin üstünə qoymuşdu, sonra geri çəkmişdi.
Və mən yenə xahiş eləmişdim:
– Qaldır bu tənzifi, – demişdim, – qoy mən də bircə dəfə gözlərinə baxım.
– Yox, – demişdi, – hələ üzüm adam arasına çıxarılası deyil... O gülöyşə narları bazardan almışdın?
– Yox, bizim qəza mərkəzindən, kiçik bir şəhərdən mənə pay göndərmişdilər.
– Kim?
– Dayımın o kiçik şəhərdə gözəl bir nar bağı var.
– Yaxşı narlardı... Öləydim qalaydım orda... o nar bağlarında...
Bu vaxt baş həkim içəri gəlmişdi və Yaqut demişdi:
– Tutu xala niyə məni görməyə gəlmir? Gələn səfər onu da gətir, könlümə düşüb, görmək istəyirəm onu...
Nədənsə bu vaxt başımı çevirmişdim və baş həkimə baxmışdım, pəncərə qarşısında dayanmışdı, mən ona baxanda, o da qolundakı qızıl saatına baxmışdı və yenə əvvəlcə qalın qaşlarını yuxarı qaldırmışdı, sonra aşağı salmışdı.
Bir həftə sonra xalam öz bişirdiyi şorqoğalı ilə mənim aldığım bir bağlama Göyçay narı, bir bağlama Ağdaş heyvasıyla gəlmişdi Yaqutu görmüşdü və evə gələndə mənə demişdi ki:
– Səni soruşurdu, deyirdi ki, başı nə yaman qarışıqdır ki, bir həftədir məni görməyə gəlmir.
– Xalacan başım şişib qazana dönüb, çünki “Buxar qazanlarından” imtahan verirəm, məndə vaxt hanı?
– Ürəyi sınıqdır bala, anasında hikkəyə bax ki, bir dəfə də olsun qıza baş çəkməyib, amma xəbər göndərib ki, ordan çıxanda birbaş öz xarabasına getsin... Deyirlər ərin də silistçi danışdırır, bilmək istəyirlər ki, kim qızın canın boğazına yığıb ki, axırda fağır öz şirin canına qəsd eləyib.
– Özü necə... Bir şey deyirmi o barədə?
– Əlində bir qəzet vardı, mənə də göstərdi, dedi bir bura bax, Tutu xala, qadınlar Əli Bayramov klubunda bir yerə yığılıb çadralarını yandırıblar, amma məndə ağla bax ki, çadramı yandırmaq əvəzinə özümə od vurdum.
– Xalacan, oranın baş həkimi gəlib sənin də başının üstünü kəsdirdimi?
– Gəlmişdi, Yaqut tanış elədi, deyirlər çox yaxşı həkimdir.
– Sən bilən, o qoca həkimin neçə yaşı olar?
Xalam heyrətlə üzümə baxmışdı:
– Hansı qoca həkimin?
– Onun, o çox yaxşı həkimin?
– Qoca niyə olur ki, o? Əlbəttə sənin kimi nocavan deyil, amma o yaş kişi üçün ən yaxşı yaşdır.
– Hansı yaş kişi üçün yaxşı yaşdır, xalacan? Əlli beş?
– Əlli beş nədir, ədə, fağırın otuz beş-otuz altı yaşı ancaq olar. Qızın yanından çıxanda arvad həkimlərdən biri dedi ki, o baş doktor xəstəni Leninqrada aparacaq, dedi ki, orda elə həkimlər var ki, arvad xeylağının üzündəki yanıq yerlərini tərtəmiz eləyirlər, heç xaşxaş boyda bir nöqtə də qalmır.
– Eləysə tamam, xalacan, qurtardı.
– Nə tamam, nə qurtardı?
– Bağlandı bizim kitabımız, arasına əlfəçin qoyduq, yaxud rusca desək pesenka naşa speta.
– Dilinə qurban olum sənin, gör nə tez urusiyaca danışmağı öyrənmisən.
– Mən indi fransızca da sayıqlaya bilərəm, xala və sən gərək təəccüb eləmiyəsən.
Xalam başını aşağı salmışdı və yalnız qadınlara məxsus olan sirli bir təbəssümlə gülümsəmişdi.
Çox həftələr, aylar keçmişdi və xalam Yaqutun uzaq Leninqradda müalicə olunub, üzünün tərtəmiz sağaldığını, heç bir yanıq yeri qalmadığını və Bakıya qayıtdığını mənə xəbər vermişdi və bir neçə aydan sonra da ən gözəl və ən xoşbəxt kişi yaşında olan o baş həkimdən mənə bir məktub gəlmişdi və o uzun məktubda sevginin sübh çağında çox erkən qurulan ailələrdə çox erkən başlanan axşamlar haqqında statistik rəqəmlər cədvəli əsasında elə mülahizələr vardı ki, mən o çox ağıllı və çox soyuq mülahizələrin ancaq yarısını oxumuşdum, qalan yarısını cırıb atmışdım.
Üç il keçmişdi və indi mən ali məktəbin üçüncü kursunda, vaxtilə Əlimürsəl kişinin dediyi o çiynisaçlılar içində başıaçıq, döşüaçıq gəzməyi özümə adət eləmişdim.
Və indi bir həftə idi ki, qəzetlər ölkənin adlı-sanlı gənc bir qadınından elə bir dastan açmışdılar ki, bənövşəyi gözlü, meşin kombinezonlu o gənc qadının şəklini gənc qızlar qəzetlərdən kəsib otaqlarının divarlarına sancırdılar, balaca uşaqlar isə hələ də çadralı gəzən analarına göstərirdilər, qoca aşıqlar ona gənclik ilhamı ilə dolu söz qoşub saz çalırdılar.
Və bu axşam xalam həyəcanlı bir halda mətbəxdən mənim otağıma gəlmişdi, istidən qanadlarını qabardan qoyunlar kimi, xamırlı əllərini yana açıb özündən gen tutmuşdu və demişdi:
– Yunis, bu deyilənlər doğrudur?
– Hansı deyilənlər, xalacan?
– Yaqut eyriplan sürür, göydə uçur.
– Sən təəccüb eləyirsən, xalacan?
– Bəs sən eləmirsən, bala?
– Mən ancaq ona təəccüb eləyirəm ki, bir hekayə yerdə başlanmışdı, bir nağıl kimi göydə qurtardı.
– Biləydim nə demək istəyirsən, ay oğul, nə barədə danışırsan?
– Bakı gecələrinin hekayəsi barədə danışıram xala, bir də o nağıldan danışıram ki, bir ağ quş vardı, əvvəl qaranlıq bir qəfəsdə çox çırpınırdı, sonra Zümrüd quşu kimi odda yanıb yenidən dirildi və qanad çalıb ağ ulduzlara doğru uçdu...
Və bu vaxt açıq pəncərədən içəriyə bir gurultu dolmuşdu, şəhərin gecə göylərində nərildəyən bir təyyarə elə bil gəlmişdi, düz pəncərəm altındakı o bir əlcə asfaltlı, yastı dam üstündə dövrə vurmağa başlamışdı və hər ikimiz açıq pəncərədən başımızı çıxardıb göyə baxmışdıq.
Aşağıdan dənizdəki gəmilərdən fışqıran iki ağ işıq zolağı qılınc kimi fəzanı yarıb göydə çarpazlaşmışdı və təyyarəni qayçısı ağzına alanda, o təyyarə, çıraq işığına ilişmiş pərvanə kimi çırpınmışdı, bir an işıq kəməndindən qurtulmuşdu, görünməz olmuşdu, sonra buludlar altında gah alışan, gah sönən uçar bir ulduza çevrilmişdi.
Və handan-hana mən demişdim:
– Kim bilir, xalacan, bəlkə bu uçar ulduz elə odur...
– Yaqut? Allah sən saxla, qıza bax a, – demişdi xalam, – gecənin bu vaxtında göyün yeddi qatında... nağıl nədi, bala bu ki, möcüzədir...
Və sonra yazıq xalam birdən diksinmişdi, çünki balaca Səttar dam üstündəki qaranlıqdan çıxıb bizə doğru gəlmişdi – xalama salam verəndən sonra əlindəki mavi rəngli bir zərfi mənə uzatmışdı:
Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrəmişdi.
Xalam isə düşmüşdü balaca Səttarın üstünə ki, balam, bu qonşu damının üstünü niyə karvan yoluna döndərmisiniz, bəgəm mənim evimin qapısı-bacası yoxdurmu, bəgəm o qapı üstündə elektrik zənginin qıpqırmızı düyməsi yoxdurmu? Sonra xalam çıxıb getmək istərkən mən demişdim:
– Dayan, xalacan. Axı məktub almışıq.
– Kimdəndir ki? – demişdi xalam.
– O təyyarəçi qızdan... Sənə çoxlu salam göndərir, məni də təyyarəsində uçmağa çağırır.
Xalam diqqətlə üzümə baxmışdı, baxışlarından nə isə bir kölgə keçmişdi, elə bil nəyi isə özü üçün aydınlaşdırmaq istəmişdi, amma aydınlaşdıra bilməmişdi, eyni zamanda mən özüm də kənardan özümə baxmışdım və heç bir şey başa düşməyərək, yalnız onu demişdim ki:
– Bir dəqiqə dayan, Səttar, bu saat cavab yazıram.
– Məndən də ona salam yaz – demişdi xalam və mətbəxə getmişdi, Səttar isə dam üstündə dayanıb gözləmişdi.
Stol arxasında oturmuşdum, məktubuna cavab yazmışdım. Məni göyə qaldırmaq istədiyi üçün minnətdarlığımı bildirmişdim, amma hər gün institutdakı mühazirələrdən sonra vağzal yanındakı “Saldat bazarı” adlanan tozlu-torpaqlı meydana gedib orda kirayə ilə verilən velosipedlərdə məşq elədiyimi bəhanə gətirmişdim və təyyarədə uçmağa macal tapmayacağım üçün üzr istəmişdim.
Səttar məktubu almışdı və elə bil içində nə yazıldığını oxumuş kimi diqqətlə üzümə baxmışdı, köksünü ötürmüşdü və dönüb getmişdi.
Sonra elə haman gecənin hansı aləmindəsə, saatların diksinərək dayandıqları o sirli zamansızlıq anlarının birində yuxu ilə oyanıqlıq arasındakı o titrək sərhəddə birdən qulağıma səs gəlmişdi, pəncərə arxasından yağışın şırıltısı içindən, o qara asfaltlı yastı dam üstündən ağ səadətimin məni çağırdığını eşitmişdim, amma hələ tamamilə oyanmamış mənə yəqin olmuşdu ki, bu bir aldanışdır, orda yağış altında o dam üstünə heç kəs yoxdur, amma buna baxmayaraq əgər mavi rəngli axşam çağırışından boyun qaçırmışdımsa, indi mövcud olmayan gecə çağırışında ayağa qalxmışdım, pəncərəmi açmışdım, əvvəl dam üstündə, sonra işıqları yağışda yuyulan şəhər gecəsinə baxaraq uzun-uzadı pəncərəm önündə dayanmışdım, ta o vaxta qədər ki, yağış ara vermişdi, göydə buludlar parçalanmışdı, ay buludlar arxasından çıxmışdı, təzəcə asfalt salınmış damın üstü qara mərmər kimi parıldamışdı. Mən bu dəfə kənardan özümə baxanda gülümsəmişdim, sonra pəncərəni qapamışdım və başımı yenə o yastıq üstünə qoyub yatmışdım ki, uzaqda qalan dumanlı dağların həsrəti yenə o yastığım altında idi.
Və daha sonralar çox şey olmuşdu, çox hadisələr baş vermişdi, günlərlə yarma aşı yemişdim, yarısı su olmuşdu, divar qəzeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qovaqlarının başında hacıleyləklər yuva tikmişdi, ömür çayı isə gah daşmışdı, gah lal axmışdı və o ilk sevgi çoxdan görülmüş bir röyaya çevrilmişdi, amma ürək o röyada mənə görsənən o ağ səadəti heç vaxt unuda bilməmişdi.
Bakı, 1935
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-baki-geceleri
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,