Page 8 of 10 · 70%

– Nə olub sənə?

– Necə ki?

– Rəngin-urufun qaçıb.

– Qayıdıram kəndə.

– Boşla görək, amma doğrusu heç mən özüm də vurulan dovşanın nə belə çığırdığını eşitmişdim, nə bu qədər bir adam boyu göyə sıçradığını görmüşdüm, get gətir görək qırma irtməyin söküb, yoxsa ürəyin?

Başımı bulamışdım, geri dönmüşdüm.

Umbay əlin atıb qolumdan tutmuşdu.

– Nə adabazlıq eləyirsən, ə?

– Burax, – demişdim və qolumu əlindən qopartmışdım.

Umbayın qonur qırğı gözləri soyuq bir işıltı ilə işıldamışdı:

– Bura bax, – demişdi, – onsuz da kənddə xəbər gəzirdi ki, xəzpuş vağzalda papağını qaçırdanda yüyürmüsən dalınca, amma pıçağın ucun göstərən kimi zəhrin yarılıb, qalmısan dalınca baxa-baxa... Halbuki o papaq tək sənin papağın deyildi və əgər əsli varsa bu sözün, elə forz elə kəndimizin papağın yerə soxmusan!

Geri dönmüşdüm, Umbayı vurmuşdum və sağ əlimlə vurduğum o sillədən Umbayın sol üzündə o saat qıpqırmızı bir ləkə əmələ gəlmişdi.

Və o saat öz üzüm xəcalətdən qızarmışdı, başım sinəmə əyilmişdi, dayanıb gözləmişdim, sükut çox uzanmışdı, Umbaydan səs çıxmamışdı, başımı qaldırmışdım və Umbayın qonur qırğı gözlərini döyərək heyrətlə mənə baxdığını görmüşdüm.

– Hələ çox gözləyəcəyəm? – demişdim, – əlini pişik yeyib, niyə vurmursan məni?

Umbay köksünü ötürmüşdü və çox sakit bir səslə demişdi:

– Səni ora tamaşaya aparmırdıq ki, fikrin dağılsın, dedik bir az kömək eliyərsən bizə, orda o qamışlıqda qaban çox ürəyib-artıb, bildir vurduğumuz cöngə boyda qabanlar qanımızın arasına girdi, ət hazırlığı planı doldu... niyə vurmuram bunu? Sözə bir bax!

– Umbay, bağışla məni! Çox xahiş eliyirəm, bağışla!

– Umbay, diksinmişdi, elə bil bayaq yox, indi üzünə bir sillə vurmuşdum.

– Bağışla nədi ə, xahiş eləyirəm nədi? Nə eliyiblər orda şəhərdə sənə? Bundansa dübarə bir sillə də vuraydın sağ üzümə.

Və üz çevirmişdi məndən, dönüb getmişdi, amma sonra birdən dayanmışdı, başını geri çevirmişdi:

– Bura bax, – demişdi, – Oruc kişi bu axşam araba qoşub dəmir yoluna gedir, get danış onunla səni də aparsın! Qayıt şəhərə! Orda adam çoxdur, orda tək qalsan da, tək qaldığını heç kim görməz, burda tək qalsan, kəndi narahat eliyərsən. O sözü də İbiş gəzdirirdi kənddə, vurduq ağzına ki, başından böyük qələt eləməsin...

Axşam da atam xəbər tutanda ki, gedirəm, elə bil bir az sevindi, bir az təlaşa düşdü:

– Nə olmuşdu, od almağa gəlmişdin? Düzünü de, qovublar ordan səni oxuduğun yerdən?

– Canım, heç kəs məni heç bir yerdən qovmayıb, – demişdim, – amma indi özüm qovmaq istəyirəm özümü hər yerdən.

– Elə isə qulaq as, gör nə deyirəm – gör ha, nə isə demək istəyirdim yadımdan çıxdı... Qərəz, xərcliyin varmı?

– Var.

– Təqaüdün qurtaranda kimdən borc alırsan, Əlimürsəl kişidən, yoxsa xalandan? Əlimürsəl kişi iki dəfə özü təklif eləyib almamısan, lazım gəlsə, bəlkə xalandan...

– Sən məndən də heç vaxt bir qara qəpik istəməmisən, həmişə anandan... Yaxşı, bir dəfə də məndən!

Qoltuq cibindən çıxardığı saralmış bir qəzet parçasına bükülü bir neçə iri qırmızı otuzluqlar içində kiçik göy bir üçlüyü tapanacan, barmaqlarındakı titrəyiş gözümdən qaçmamışdı.

– Lazım deyil, – demişdim, – çox sağ ol, almayacağam.

Baxmışdı üzümə, dinməmişdi, bu vaxt anam gəlmişdi, başındakı çunasının ucuna düyünlənmiş əzinik bir onluğu çıxardıb mənə uzatmışdı:

– Bildirki barama pulundan qalmışdı, – demişdi, – bilirəm azdır, bala, amma olanım budur (atamı göstərmişdi), hər dəfə bu istəyəndə üzümü bozartmışdım, verməmişdim.

– Az niyə olur, anacan, bu pula “Təbriz” mehmanxanası ilə üzbəüz “Novbahar” restoranında bir ay hər gün fisincanplov yemək olar.

– Ye bala, qızırqalanma, halal xoşun olsun!

Sonra mən Oruc kişigilə yönəlmişdim və arxada atamın anama dediyindən yalnız bunu eşitmişdim:

– Fikir verdin ona?

– Nəyinə? – demişdi anam.

Heybəsiz gəldi, heybəsiz getdi, çamadanla gəlsəydi deyərdim ki, şəhərli olub, amma çamadanı da yoxdu, deməli hələ nə şəhərlidir, nə də kəndli...

Anamın nə dediyini eşitməmişdim, ancaq ah çəkdiyini eşitmişdim.


Səttarın göyərçinləri yumurtlamışdılar, kürt düşmüşdülər, bala çıxartmışdılar, bala göyərçinlər pərvaz olmuşdular, yuxarıdan bizim evin damı üstündəki quşxanadan aşağıya – mənim pəncərəm önündəki damın üstünə tökülmüşdülər, gah dam üstündə dar-dar eləyərək gəzmişdilər, gah dam qırağından aşağıya, küçəyə boylanmışdılar, sonra döşlərin qabardıb uçmuşdular və getdikcə şəhərüstü göylərin ya çox dərinindən, yaxud şəhəri çevrələyən üfüqlərin çox uzaqlarından geri dönmüşdülər, qara asfaltlı o dam qırağında ağ şəridli bir cərgəyə düzülmüşdülər.

Xalam mənə axşam çayı gətirmişdi, stəkanı stol üstünə qoymuşdu və bir an yubandığını görüb demişdim:

– Otur, xalacan, o qoltuğundakı nədir?

– Qəzetlərdir bala, kişi tozə qazdığı buruğu vədəsindən dörd gün qabaq qurtarıb, şəhərin üç qəzetində şəkli çıxıb, bax, sonra aparıb sandığa qoyacam, o biri qəzetlərin üstünə.

– Fotonun altındakı yazını oxuyum sənə, xala?

– Höccələyə-höccələyə özüm oxumağa başlamışam bala, sabah kooperativə gedəcəm, kişiyə papiros alacam, deyirəm sənə də qara mahutdan bir şapqa alım, qabaqdan qış gəlir axı.

– Sağ ol, xalacan, gələndə anam cibimə xərclik qoymuşdu, gedib özümə qulaqlı papaq alacağam, çöldə-bayırda hələ bu çit şapka ilə keçinə bilərdim, amma evdə bundan sonra gərək qulaqlı papaqda oturam, çünki o arvad ki, hər dəfə aşağı mərtəbədə o cür çığırır, Səttarın göyərçinləri damın üstündə səksənib göyə uçur, mənim də başım bir yana dursun, dişimin ağrısı tutur o saat...

– Görüm onun üzün mürdəşir yusun, elə bil ürəyi daşdır arvadın, hər dəfə fağır qız ər evindən qaçıb bunun üstünə gələndə elə bil arvadın başına daş düşür, alır əlinə süpürgəni düşür qızın üstünə ki, çıx get öz xarabana, öz əmoğlundur, zəhər də olsa yalayacaqsan.

– Ta indi ki, anası üz göstərmir, nə vacib olubmuş, niyə gəlir axı?

– Danışsam əmoğlu ərindən nələr çəkir, ürəyin qana dönər, bala, yaxşısı budur, danışmayım...

Və xalamın hələ danışmaq istəmədiyindən gözləri yaşarmışdı və qalxıb öz otağına getmişdi.

O axşam Abşeronun ən gözəl axşamlarından biri idi, uzaqda payız dənizi gömgöy bir süfrə kimi açılmışdı, dəniz içinə doğru uzanan iskələ körpüsünün sağında və solunda içi ağzınacan Cərco qovunu ilə dolu olan ağ yelkənli türkmən barkasları bir-birinin yanına düzülmüşdü. Qız qalasının qara istivanəsi üstündə qanad çalan iki ağ göyərçin çiçək üstünə qonmaq istəyən, amma qona bilməyən kəpənəkləri andırırdı, sabah cümə idi, istirahət günü idi, adamlar dəstə-dəstə şəhərin dağüstü məhəlləsindən üzüaşağı, dəniz qırağına axırdı. Orda dəniz sahilində nəfəsli hərbi orkestrin çaldığı adı şairanə valsın sədaları gah səmtini tez-tez dəyişdirən xəfif və sərsəri bir küləyin qanadına ilişərək gəlirdi. Bizim tərəflərə çatırdı, gah şəhərin axşam uğultusuna qarışaraq eşidilməz olurdu, bu uğultu içində isə küçələrdə aşıb-daşan izdihamın hənirtisi, hardasa yaxındakı yastı bir dam üstündə dopu çalıb rəqs eləyən kiçik qızların gülüşləri, aşağıda sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi, daha aşağıda sol tərəfdə “qızılı kilsə” adlanan Aleksandr kilsəsinin zəng qülləsindən qopan boğuq çan zanqıltıları vardı...

Əlimürsəl kişi hələ mədəndən gəlib çıxmamışdı, xalam mətbəxdə qutab üçün yoğurduğu kiçik kündələri oxlov altına salıb cığara kimi nazik və həndəsi çevrə kimi yuvarlaq yuxalar yayırdı, eyni zamanda başıaşağı mənim dalımca deyinirdi, amma elə bil mən yanında dayanmışdım və nə deyirdisə üzümə dəyirdi:

– Yoxsa elə bilirsən, təkcə mən görürəm, mən içimi yeyirəm, mən deyirəm, yox kişi də görür, kişi də deyir ki, nə olub a ona ki, adamın üzünə baxır, elə bil görmür, söz deyirsən elə bil eşitmir.

Çünki ürəyimin gecə və gündüz eşitdiyi səssiz bir fəryad vardı, ona görə başqa heç bir şey eşitmirdim, gözlərimin qarşısını kəsmiş qara bir divar vardı, ona görə başqa heç bir şey görmürdüm.

Əgər çiyinlərində saz qürbət ellərə gedən haqq aşıqları nağılların dediyinə görə ilk dəfə yuxularında gördükləri əbədi sevgilinin sorağı ilə dəmir çarıq geyib dünyanın o başına yola düşürdülərsə, mənə beş-on pillə aşağı düşüb şüşələrinin çoxu qırılmış bir aynabəndin rəngi getmiş qapısını açmaq kifayət idi ki, onu, ağ səadətimi görüm...

Lakin indi o başqasının qadını idi və qadına qarşı bütün digər dinlərdən daha artıq amansız olan bir dinin yasağı ilə mənə naməhrəm idi və indi əgər biz hətta kimsəsiz bir səhrada iki yol azmış kimi bir-birimizə rast gəlsəydik, o gərək dərhal çadrasını qara bir qalxan kimi üzünə qaldıraydı, mən isə o səhrada ayağım altındakı cücəyə, başım üstündəki günəşə baxa bildiyim halda yalnız onun, ağ səadətimin üzünü görməməli idim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets