Page 6 of 10 · 50%

Sonra birdən elə bil nə isə eşitmişdi, üzü bəri dönmüşdü, qaranlıq pəncərəmə tərəf baxmışdı, dalından atlı qovurmuş kimi qaça-qaça gəlmişdi, qaranəfəs bir halda özünü pəncərəmə yetirmişdi və girdaba baxırmış kimi gözlərini yumaraq ağ göyərçin əllərini otağımdakı qaranlıq içinə uzatmışdı və demişdi:

– Hardasan, tez ol, tut əlimdən kömək elə!

Özümü irəli atmışdım, qollarından tutub havaya qaldırmışdım və onu gətirib kiçik mizin üstünə qoymuşdum ki, işığı yandırım.

– Yandırma, – demişdi, – elə burda qaranlıqda bir hovur oturmaq istəyirəm...

Sonra nə demişdisə sözləri kiçik otağımın qaranlığında qəfəsə düşmüş quşlar kimi çırpınmışdı, bir kor kimi onu axtara-axtara qalmışdım, çünki dilimiz bir-birini anlamayan iki yabançının dili idi ki, bu saat dünya dillərindən yetmiş ikisini bilən bir dilmanc belə bizi bir-birimizə tərcümə eləyə bilməzdi.

..Hələ çox kiçik imiş və bir payız axşamı anası ona layla çalırmış, amma o yatırmış, çünki atasının yolunu gözləyirmiş və aqronom atası o axşam Şağan bağlarından at üstündə Şüvəlana qayıdırmış, cibində iki dənə darçını xallı, narıncı rəngli şamama varmış, balaca qızı üçün gətirirmiş, amma yolu yarı eləməmiş qaranlıqdan, meynələr arasından açılan bir namərd gülləsilə at üstündən yerə sərilmişdi, at ürküb qaçmamışdı, ölümcül yaralanmış sahibinin başı üstündə dayanmışdı və bütün gecəni kişnəmişdi.

Böyük əmisi şəhərdə faytonçu imiş və yenə faytonçudur, Şüvəlanda başsız qalan anası ilə onu şəhərə köçürmüşdü və himayəsi altına almışdı.

Bu gün axşamacan düyü hövsəyib, kişmiş arıtlamışdı, çünki böyük əmisi xəbər göndərib ki, sabah axşam arvadı Gülxanımla onlara qonaq gələcəkdir.

Birdən başı elə ağrımışdı ki, ufuldamağa başlamışdı, anası gözün ağartmışdı ki, vaxt tapdı gic başın ağrımağa, – yaxçi, kəlağayını başına sal, çıx dam üstündə bir az hava al.

Burda dam üstündə ürəyindən qəribə bir arzu keçmişdi, əgər Tutu xalanın qızı olsaymış, çıxacaqmış hər axşam bu dam üstünə və hər dəfəsində xalaoğlunun, yəni mənim pəncərəmə xırdaca, findiq boyda bir daş atacaqmış...

“Bəxtəvər başına sizin o dağ kəndinin qızlarının ki, heç vaxt başlarına nə qara, nə ağ çadra salmayıblar, Tutu xala bir dəfə danışırdı ki, cavanlıqda bir dəstə qız idik, tumanımızı dizə qədər çırmayıb ayağımızı bulaq altından axan suya sallamışdıq, saqqız çeynəyirdik və at üstündə gəlib yanımızdan keçən, özlərini bizə göstərən oğlanlara söz atırdıq...”

Və məhz bütün bu dəredən-təpədən dediklərilə içərimdə baş qaldıran təlaş hissi ürəyimi elə bir məngənə arasına almışdı ki:

– Yox! – demişdim.

– Nə yox, – demişdi, – istəməzdin ki, sən mənim xalam oğlu olasan, mən də sənin xalan qızı?

– Yox, heç yeddi arxa dönən uzaq qohum olmağını belə istəməzdim.

– Nə üçün, elim-günüm?

– Çünki sən mənim anamın ahugözlü gəlini olacaqsan!

O zəngli saat ki, Əlimürsəl kişi kooperativ mağazadan alıb mənə bağışlamışdı və o saat ki, hər səhər qara-qışqırıq salıb məni ağır yuxularımın dərinindən dartıb çıxardırdı, indi də aralığa çökən bu səssizlik və qaranlıq içində o saatın ürəyi dəlicəsinə bir çaqqıltı ilə döyünməyə başlamışdı.

Və handan-hana qaranlıqdan ağ səadətimin titrək və dəyişilmiş səsi gəlmişdi:

– Ah, sən hələ uşaqsan, gözüm işığı...

– Uşağam, yaxud qocayam, fərqi yoxdur, – demişdim, – əgər uşaq olsaydım belə yalnız səni sevəcəkdim və qoca olsaydım, dalınca sürünüb özümü rüsvay edəcəkdim.

Axşamüstü üfüq xəttində mis tava böyüklüyündə və o tava qırmızılığında olan ay indi kiçilmişdi, ağarmışdı və çox yuxarıda körfəzin gümüşü cığırlı suları üstündə dayanmışdı. Kiçik pəncərədən içəri düşən ay işığında indi o payızın ağ gülü kimi zərif, solğun və bir az da üşümüş kimi idi.

Başını qaldırmışdı və demişdi:

– Tutu xalanı kinoya apar, Yunis can, özün görürsən ki, Əlimürsəl dayının başını qaşımağa macalı yoxdur, deyirlər şəhərdə “Forum” kino teatrında əntiqə bir kino gedir, kim baxırsa, gözündə yaş durmur, sən əvvəlcə gedərsən üç bilet alarsan, sonra qapıda dayanıb gözləyərsən, Tutu xala da çadrasın başına salar, düşər aşağı anamdan icazə alar, başıma çadra salıb məni özüylə aparar, orda üçümüz yan-yana oturub o kinoya baxarıq, mən ağlaram, ürəyimi boşaldaram, amma sən dinməzsən, guya heç bizi tanımırsan.

Bu vaxt dam üstündən elə bil ayaq səsləri gəlmişdi və kim isə pəncərə dalından keçib getmişdi.

Bu böyük dünyada bu bir tikə qara asfaltlı ərazi ki, bizim xəlvətgahımız idi, bu gecə vaxtı bu kim ola bilərdi?

Qalxıb pəncərənin önünə keçmişdim, o da dalımca gəlmişdi, arxadan kürəyimə qısılmışdı və nəfəsini udmuşdu.

Və biz dam üstündə balaca Səttari görmüşdük.

Ay işığı ilə işıqlanmış dam üstündə pəncərədən kənardakı baca yanında dayanmışdı, başını yuxarı qaldırıb göydəki ulduzlara baxırdı və o ulduzlar içində Yaqutu çağırırdı:

– Gülbacı, düş aşağı, anan çağırır.


O gün dərsdən sonra tələbə komitəsinin hazırlıq kurslarında növbəti iclas olmuşdu, axşamüstü evə gec qayıtmışdım və o axşam həyət qapısından üçüncü mərtəbəyə qalxanacan, böyük bir evin bütün mərtəbələri, o mərtəbələrin bütün aynabəndləri və o aynabəndlərin bütün pəncərələri, hətta balaca Səttarın üçüncü mərtəbənin damı üstündəki quşxanasında quruldayan ağ göyərçinləri də car çəkmişdilər ki, dünən gecə Yaqutun əmisi qardaşı qızını böyük oğluna istəmişdir, Yaqutun əmisi arvadı Gülxanım qızın barmağına nişan üzüyü keçirmişdir...

Sonra da... sonrasına qulaq asa bilməmişdim, çünki ansızın beynimdə əsməyə başlayan xəzrinin ulayışından başqa heç bir şey eşitməmişdim.

Sonrakı axşamların birində xalam mənim otağıma gəlmişdi, işığı özü yandırmışdı və demişdi:

– Elə bildim evdə yoxsan, niyə qaranlıqda oturmusan?

– Gözləyirəm ki, həyətdəki o səs-küy kəsilsin, sonra işığı yandırıb işə başlayım...

– Elədir, axır günlər həyətimiz dönüb zənənə hamamına, çünki sabah qızı köçürürlər, deyirlər otuz fayton dolusu adam gəlib qızı aparacaq.

– Hansı qızı, xalacan?

– Guya bilmirsən, hansı qız olacaq, o bədbəxti...

Otaqda mənə hava çatmamışdı, qalxmışdım pəncərəni açmaq istəmişdim, pəncərə açıq imiş, pəncərə ağzında oturmuşdum, xalama qulaq asmışdım, xalam demişdi:

– Qonşuların hamısını toya çağırıblar, heç bilmirəm neyniyim, gedim yoxsa getməyim?

– Niyə getmirsən ki, kənddə qoca Diyar kişi deyərdi ki, əgər arvadlar eşitsələr ki, göydə toy var, nərdivan söykəyib göyə çıxarlar – indi ki, xoşbəxt olub, gedərsən sən də xoşbəxt ol, deyərsən!

– Əgər görsəydin ki, necə ağlayır, kiriyərdin, belə söz deməzdin, nə olsun adaxlısı öz əmisi oğludur, qıza zülm elədi anası, zornan verdi...

– Sirr-xudadır bu xalacan, – qara qarğa yanında göyərçin balası...

Qulaq as, Yunis, istəyirsən bilet alım...

– Kinoya?

– Kino nədir ədə, qatara bilet alım, get beş-on gün kənddə gəzdolan, qoy dədən sənin üçün quzu kəssin, anan səhərlər sənə qaymaq yedirtsin, görürəm dərslərin çox ağırdır, ayaq üstündə lap üzülmüsən.

– Dünən özüm bu ayın təqaüdünü almışam, xalacan, aparar məni kəndə çıxardar, hələ xırım-xırdası da bir il orda cibimdə qalar.

– Bir il nədir ədə, peşman olduq sənə bir söz dedik, bir il kənddə qalıb neynəyəcəksən?

– Ovçuluğa başlayacağam, yaxud qəza mərkəzində kurs qurtaracam, qayıdıb kolxoz atlarına baxan feldşer olacam.

Və xalam birinci dəfə idi ki, özündən çıxmışdı:

– Yox, – demişdi, – bircə onu görmiyəcəksən, özbaşına deyilsən, burda oxuyacaqsan – burda ali məktəbi qurtaracaqsan, sonra Qara şəhərdəki o böyük zavodlardan birində müdir olacaqsan!

Sonra yazıq arvad bilməmişdi ki, daha nə desin və ayağa qalxıb gedəndə nə elədiyinin fərqinə varmadan, divardakı elektrik düyməsini burmuşdu və işıq sönmüşdü.

Və çox qəribədir ki, son zamanlar hər gecə səhəri diri gözlü açdığım halda, indi bir az dincəlmək istəyərək pal-paltarlı dəmir çarpayım üstündə uzanan kimi, elə o dəqiqə məni yuxu aparmışdı.

...Sonra gecənin hansı aləmindəsə birdən oyanmışdım, qalxıb işığı yandırmaq, saata baxmaq və bir az yazıb-pozmaq istəmişdim, amma gözlərimi açarkən yarısı ay işığı ilə dolmuş otağımda çarpayımın baş ucunda ağ bir xəyalın oturduğunu görmüşdüm, bir xəyal ki, əynində qara donu vardı, sol əlini yuxarı qaldırıb biləyini dodaqlarına sıxmışdı və qırpımsız baxışlarını yuxarıdan aşağıya üzümə zilləmişdi:

Bax, bircə bu qalmışdı, ağ səadətim məni tərk eləmişdi, amma xəyalına qara bir libas geyindirib, mənə gecəyarı qonaq göndərmişdi.

Çox gözəl, indi, bu xəyal dil açıb mənə bir söz də desə, lap bəxtəvər olardıq, daha bu dünyada heç bir dərdimiz olmazdı və o xəyal doğrudan da dil açmışdı, dodaqlarını bir anlığa sol biləyindən qopartmışdı və demişdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets