Page 5 of 10 · 40%

– Otur orda, bayırda, qapı ağzında, qabaqda ancaq qoşun hissəsi var, yanğınsöndürənlərin maşınları var, qıraq adamları ora buraxmağa icazə yoxdur, otur orda gözlə, xəbər göndərərik ustaya, əgər macalı varsa özü gələr bura...

İkiadamlıq kiçik skamya üstündə çox oturub qalmışdım və üzümə vuran cəhənnəm istisindən, bir dəqiqədə qan-tərə batmışdım, otaqda oturub telefon zənginin keşiyini çəkən oğlan da iki-üç dəfə çölə çıxmışdı, yaylığı ilə alnımın tərini silmişdi, bir yanğına tərəf baxmışdı başın bulamışdı, bir mənə baxmışdı qaşların çatmışdı, sonra yenə içəri getmişdi. Çox gözləmişdim, Əlimürsəl kişi gəlib çıxmamışdı, ayağa qalxıb qayıdıb getmək istəmişdim, amma tərəddüd içində qalmışdım, gah dönüb geri baxmışdım, gah otağa boylanmışdım ki, bəlkə o sarı rəngli telefon zəng vuracaq və bu vaxt içəridəki oğlan ayağa sıçramışdı, otaqdan çıxıb demişdi:

– Soruşmaq eyib olmasın, hara belə?

– Kişi gəlib çıxmadı, qayıtmaq istəyirəm.

Diqqətlə başdan ayağa məni gözdən keçirmişdi və demişdi:

– Farağat otur yerində, otur görək dayın gəlib çıxanda heç tanıyacaqmı səni?

– Bu nə sözdür? Başa düşmədim.

– Canım əgər o vulkandırsa...

– Vulkan nədir ada, – deyə oğlan sözümü kəsmişdi, – qazılan buruq fantan vuranda qaz alışdı, dayın Əlimürsəl kişi, əgər o kişi doğrudan da dayın isə haqlı imiş, dünəndən narahat idi, qazılmış suxuru ovcunda qoxuladıqca deyirdi ki, torpaq çox qazlıdır və nə lazımdırsa bütün ehtiyat tədbirləri görmüşdü, amma yenə də qəza baş verdi. Saçı-saqqalı ağarmış qocaman buruq ustalarının belənçik azman yanğın gördükləri yadlarına gəlmir, qərəz otur yerində, xəbər göndərmişik o tərəfə, cavab gələr nə yaxşı, gəlmə nə yaxşı...

Və oğlan yenə içəri keçmişdi – təhkim edildiyi telefon aparatı yanında kiçik stol dalında oturmuşdu.

Əlimürsəl kişinin qazılmış suxurdan ovcuna götürüb qoxuladığını gözlərim qarşısına gətirəndə xatırlamışdım ki, orda bizim o dağ kəndindəki qoca Diyar kişi də əyilib ayağı altından bir ovuc torpaq götürüb ovxarlayardı, qoxulayardı və o torpağın nəyə qadir olduğunu – hansı əkin üçün daha əlverişli və sərfəli olduğunu həmişə səhvsiz təyin eləyərdi.

Və xəyalımın yenə kəndimizə doğru bu növbəti uçuşunda başım üstündə Əlimürsəl kişinin səsini eşitmişdim:

– Deyəcəksən ki, xalan göndərib səni gecənin bu aləmində bura?

– Yox evdən çıxanda xalama ancaq onu dedim ki, gəlib-gedəndən bir xəbər bilib qayıdıram.

– Elə isə nə vacib olmuşdu ki, oturub burda pörşələnirsən?

– Əgər bilsəydim ki, ilişib bu budka yanında əsir olub qalacam...

– Qulaq as, çöllü balası, bu otuz ildə mən o yazıq arvadı gecələr bu qədər nigaran qoymamışam ki, sən şəhərə gələli bu otuz gündə...

– Bu saat Əlimürsəl dayı yüyürəppə qayıdıram şəhərə!

– Oğlan, yüyürəppə qayıdacaq şəhərə, gəl min görək.

Dönüb baxmışdım, təkaltı, ikiçarxlı, Abşeronda qazalaq adlanan bir araba dayanmışdı yolda və Əlimürsəl kişi ilə o qazalağa minmişdik, sonra yolda Əlimürsəl kişi gözlərini hara isə məchul bir nöqtəyə zilləmişdi və öz-özünə təkrar eləmişdi:

– Oğlan bu saat yüyürəppə qayıdacaq şəhərə!

Olsun ki, bu saat Əlimürsəl kişi ağır fikirləri bir an başından qovmaq üçün ikinci dəfə mənim yerli şivəmin bostanına daş atmışdı və mən bu böyük şəhər təkəbbürünə qarşı kiçik dağ kəndinin təkəbbürü ilə müqabilə edərək, öz növbəmdə Abşeron şivəsinin bostanına heç olmasa xırdaca bir daş atmaq istəyirdim ki, bu vaxt Əlimürsəl kişinin başı birdən sinəsinə əyilmişdi – çiyinləri aşağı çökmüşdü və dərindən köksünü elə ötürmüşdü ki, mən kirimişdim, bir cür olmuşdum, çünki o cəhənnəm əjdahası ilə çarpışmada bu qocanın canına hopan bu yorğunluq mənə o vaxt, o gecə köksünü ötürən o gecə dənizinin yorğunluğunu xatırlatmışdı.

Səhər hava işıqlananda qazalaqdan düşüb həyətə girmişdik və bütün gecəni yuxusuz qalmış iki qadından birinin yuxarı aynabənddən, o birinin bir mərtəbə aşağı şüşəbənddən bizə dikilmiş baxışları qarşısında qalmışdıq. Yuxarıdan baxan qoca qadın mənim xalam idi, Əlimürsəl kişini sağ və salamat görəndə bir an gözləri işıqlanmışdı, sonra baxışlarını mənə çevirəndə bütün gecəni çəkdiyi nigaranlıq üçün mənim üzümü danlamağı ondan ibarət olmuşdu ki, yazıq arvad sağ əlinin iki barmağıyla öz üzünün sağ yanağından elə bir çimdik qopartmışdı ki, mən başımı aşağı salmışdım və bir mərtəbə aşağıdakı şüşəbənddən baxan gözlərdə himayə aramaq istərkən, o bənövşəyi gözlərdə də elə bil dağ ildırımları çaxmışdı və aynabənd pəncərəsi şaraqqıltı ilə üzümə qapanmışdı.

Sonrakı günlər Qaraşəhər üfüqlərində günəş ucalarkən şəhər üstündəki göylərin mis qızartıları solurdu, günəş şüalarıyla yuyulurdu, amma günbatandakı göy əyrisində bir-birinin üstünə qalaqlanan tüstü layları nəhəng bir çətir kimi hər gün bir az daha artıq qabarır və getdikcə daha geniş fəzaları qara ətəkləri altına alırdı.

Əlimürsəl kişi günlərlə evə gəlmirdi, amma gələn zaman bizə dediyi yalnız bundan ibarət olurdu ki:

– Zorba əjdahadır, xamuta gəlmir.

Və tam bir ay o əjdaha heç bir boyunduruq altına girməmişdi, başına keçirilən dağ ağırlığındakı polad qapaqları hər dəfə göyə vızıldatmışdı, bir an susmayan fasiləsiz nəriltisi ilə böyük bir şəhərin yuxusunu qaçırmışdı, qırmızı xallı his püskürən cəhənnəm nəfəsilə şəhərin günbatandakı üfüqlərinə qara bir pərdə çəkmişdi.

O gecələr mən də ürəyimdəki yalqızlıqdan qurtulmaq üçün sonları günbatandakı qırmızı üfüqlərə dirənən küçələrdə dolaşıb dururdum, evə qayıdarkən uzun-uzadı pəncərəm qarşısında dayanırdım və o qara asfaltlı dam üstü ki, hər dəfə mənim ağ səadətim orda görünəndə, o dam üstü gözümdə ən gözəl bir laləzərə çevrilərdi, indi bir aydan çoxdu ki, gecə və gündüz bomboşdu, hətta bir aydı ki, Səttarın ağ göyərçinləri də gəlib o dam qırağına qonmurdu və tam bir aydı ki, Bakının gecələri qırmızı idisə, mənim yuxularım qara-qura ilə dolu idi.


O axşam birdən, ansızın olaraq şəhər üzərinə elə bir səssizlik çökmüşdü ki, elə bil bütün şəhər bu dəfə də bu nagahani səssizlikdən səksənmişdi, hər halda bu səssizlik məni elə o dəqiqə pəncərəmdən dam üstünə atmışdı və o qıpqırmızı üfüqlərin indi qızartısı sönmüşdü, əjdaha yerə sərilmişdi, ağzından çıxan dili qapqara qaralmışdı, amma quyruğu hələ ölməmişdi və ölməmiş o quyruğuyla o vaxta kimi yeri eşib göyə sovurmuşdu ki, nəhayət göydə bu axşamın bu birinci ulduzu alışmışdı və ölü gözləri bu ulduzu görərkən, bütün canı bədənindən çıxmışdı.

Sonra o axşam bütün ulduzlar göydə tərtəmiz ağ bir işıqla parıldamışdı, uzaqdan dənizkənarı xiyabandan musiqi səsi gəlmişdi və bu axşam qazalaqdan düşüb yuxarı qalxan Əlimürsəl kişi yalnız bircə kəlmə:

– Tamam, – demişdi və yıxılmışdı ölü kimi yatmışdı.

Bir mərtəba aşağıda isə mənim ağ səadətim də aynabəndlərinin bütün pəncərələrini açmışdı və o açıq pəncərələrin birindən başını çölə çıxarmışdı, balaca Səttarın uçurduğu ağ göyərçinlərə baxmışdı, sonra yavaşdan nə isə oxumağa başlamışdı. Həzin nəğməsini sözlərini ayırd eləyə bilməmişdim, amma səs çəkmişdi məni uşaqlıq illərindəki unudulmuş bir günə aparmışdı, o günə ki, mən ayaqyalın, başıaçıq yazın ağ yağışı altında dayanmışdım və amansız bir intizar içində bu saat, bu dəqiqə nə isə olacağını gözləmişdim, amma nə qədər gözləmişdimsə heç bir şey olmamışdı və heç bir möcüzə baş verməmişdi.

Amma indi, bir saat sonra otağım qaranlıq ilə dolanda və mən ayağa qalxıb işığı yandırmaq istəyəndə möcüzə baş vermişdi. Onu, ağ səadətimi qara asfaltlı dam üstündə görmüşdüm.

Hər dəfə pal-paltar sərmək üçün dam üstünə çıxarkən başıaçıq olardı, xurmayı saçları çiyninə dağılardı, yerişinin naxışı, əllərinin uçuşu, sərdiyi ağ arxasında yox oluşu sirli bir rəqsə çevrilirdi. İndi isə elə bil hara isə getmək istəyirdi, tələsik mavi yelənli ağ kəlağayısını başına atıb, yolda çaş-baş qalmışdı, nə edəcəyini bilməmişdi, nə geri dönmüşdü, nə irəli getmişdi və özünə yer tapa bilmədiyi üçün uçmaq istəyən bir quş kimi damın qırağından aşağı boylanmışdı, qayıtmışdı, geri dönmüşdü, pal-paltar asdığı qoşa iplərə ilişib dayanmışdı, başını qaldırıb göydəki ulduzlara baxmışdı, elə bil gecəykən bir səhrada yol azmışdı və indi səmti təyin eləmək üçün o ulduzlar içində qütb ulduzunu axtarırdı və hər tərəf elə qaranlıq idi ki, nə yaxında, nə uzaqda bir işıq ucu, bir işartı görə bilmirdi. Bu vaxt şəhərin bir-birinin dalınca alışan topa-topa işıqları bütün ağ şüaları ilə ona doğru uçurdu və iki addımlığındakı pəncərə arxasında döyünən bir ürək elə bil guppultu ilə bağlı bir qapını döyürdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets