Bakı gecələri
Page 2 of 10 · 10%
– Bıy qıza bax a... Nə olub, nə xəbərdir, Basqal kəlağayısıdır bu? Bu nə bədxərclikdir? – Barama qurdu saxlayırdı bu yay da?
Çay içmişdim, xalamın bitib tükənməyən suallarına cavab vermişdim və içəri qaranlıqla dolanda xalam ayağa qalxmışdı, divardakı elektrik düyməsini çıqqıldatmışdı, otaq tavandan asılmış üçqanadlı çilçırağın ağ işığı ilə dolmuşdu, sonra xalam məni dalınca salıb, mənim üçün hazırladığı ikinci kiçik otağa aparmışdı.
Xalamın ardınca içəri girmişdim və içəri girən kimi o kiçik otağın kiçik pəncərəsi gözləri qarşısında elə əzəmətli bir mənzərə sərmişdi ki, irəli atılmışdım. Pəncərənin hər iki qanadını taybatay açmışdım və elə bil bir işıq dənizi aşıb-daşaraq üstümə gəlmişdi, sonra çəkilmişdi üzüaşağı axmışdı, gözümün şövqünü arxasınca aparmışdı və mən handanhana səsimi çıxarmadan nəfəsimlə demişdim:
– Haradır, ora xalacan, hansı dünyadır ora?
Arxamda dəmir çarpayıdakı yatağımı sahmana salan xalam nəfəsimin səsini eşitmişdi, gəlib yanımda dayanmış və demişdi:
– Hara olacaq. Bakıdır da, qadan alım... Bax ora günçıxan tərəf Qaraşəhərdir, ondan o yana Ağşəhərdir, düz qənşərindəki İçərişəhərdir, bu yan da günbatan tərəf, Bayıl təpələridir....
Gecə milyon işıqların aramsız titrəyişi içində idi və bu titrəyişdən gah o tərəfdə, gah bu tərəfdə ağ şüalar içində mavi qığılcımlar uçuşurdu, sonra gedib uzaqda yan-yana düzülmüş işıq topalarından at nalına oxşar böyük bir qövsü cızırdı və o atəşli qövsün içindəki hamar və bu tutqun bir düzəngahda iki qırmızı nöqtə növbələşərək bir-bir yanıb sönürdü.
Xalam da mənimlə bərabər xeyli baxmışdı o gecəyə, sonra yavaşdan “xudaya” deyib köksünü ötürmüşdü və getmək istəmişdi.
– Dayan xalacan, – demişdim, – bax ora qaldı, demədin o hamar, o işıqsız düzənlik haradır ki, sinəsində qara bir çıraq yanır.
Xalam əlimin göstərdiyi uzağa baxmışdı və demişdi:
– Ora da dəryadır, qadan alım, ertədən yatarsan, sabah gedib o dəryaya baxarsan, o salxım-salxım işıqlar da o dərya qırağındakı, xiyabanın çıraqlarıdır. Ertədən duracaqdım, sabah da gedəcəkdim o dəryaya baxacaqdım? Bir halda əl uzadıb zaman-zaman hələ uşaqlıq illərinin yuxularında çalxanan o mavi sonsuzluğa çatacaqdım – gecənin qurtarıb, səhərin açılacağını gözləməyə səbrim qalmamışdı.
Çal papağımı gözüm üstünə basmışdım, qapıya doğru yönəlmişdim, xalam xəbərdarlıq eləmişdi:
– Çox uzağa getmə, ha, elə burda öz küçəmizdə bir az gəz-dolan, sonra qayıt evə, yıxıl yat, yol yorğunusan, canına qəsd eləmə.
Ürəyin səbirsizliyi idimi, intizarın tükənişi idimi, sirli bir səsin çağırışı idimi, nə idisə, məni elə bir həyəcan içində şəhərin yuxarı başından aşağı başına qovmuşdu ki, elə bil o dəniz bu saat ətəyini əlinə alıb qaçmağa başlayacaqdı və mən onun dalınca yüyürəcəkdim, amma çatmayacaqdım, sonra isə bütün ömrüm uzunu itirilmiş o mavi dənizin sorağıyla diyarbadiyar gəzəcəkdim.
Sonra üzüaşağı endikcə daha çıraqban olan küçələrdə daha çox vurnuxmuşdum. Yolu gah düzünə, gah köndələninə getmişdim, şəhərin axşam qaynarındakı izdiham içində çox sıxcalanmışdım, çox çalxalanmışdım, böyük şəhər içində önümə çıxan kiçik bir şəhərin yuxarı başındakı qala qapılarından içəri girmişdim və burda ilişdiyim sehrin əlindən qurtulmaq üçün çox çırpınmışdım, nəhayət qurtulub dəniz kənarına çıxarkən, sanki daşları faciəli əfsanəsindəki qara bir ehtirasın cəhənnəm dili ilə qarsılmış Qız qalasının uca və qara heykəlinə yalnız bircə an baxa bilmişdim.
Və burada dənizkənarı xiyabanda qaynaşan izdihamı köndələninə yarıb keçəndən sonra, sinəm daş hörgülü bir səddə dirənəndə o səddin çopur və nəmiş daşları üstə yaslanmışdım və ömrümün unudulmaz bir gecəsində ömrümdə ilk dəfə gecə dənizi ilə üz-üzə qalmışdım.
Yaxının suları üstündə titrək işıltılar gəzinirdi, uzağın suları üstündə dağınıq qaraltılar sürünürdü və o qaraltılar arasında o iki qırmızı nöqtə yenə növbələşərək gah alışır, gah sönürdü. Yuxarıda – göy qübbəsində isə üç-dörd gecəlik aypara “Sineyvaz” qovunundan kəsilmiş sarı bir qıça kimi ağ buludlar altında üzürdü.
Qalxmışdım, daş səddin üstündə üzüm dənizə sarı oturmuşdum.
Və gözlərim açıq elə bil bir röya aləminə qərq olmuşdum.
Bu röyada gecə dənizi çadraya bürünmüş bir qadın kimi yaşmağı altından baxan yaşıl gözlərinin cadugər cazibəsilə məni çəkib haraya isə sirli-sehirli bir dünyaya aparmışdı və orda qara bir qapı açılarkən mən o qapı arxasında bənövşə gözlü ağ səadətimi görmüşdüm.
Handan-hana o vaxt oyanmışdım ki, elə bil gəlib arxamda dayanmış bir səssizlik yavaşdan əlini çiynimə qoymuşdu. Dönmüşdüm arxama baxmışdım, dənizkənarı xiyabanda qaynaşan izdiham yox olmuşdu və kimsəsizləşmiş o xiyabanın axşam çağı ağ çiçəkli işıqları indi bir az saralmış və solmuşdu.
Və bu vaxt bu səssizlik içində gecə dənizinin çox uzaqlarda sinəsindən qopan boğuq bir səslə köksünü ötürdüyünü eşitmişdim. Donub yerimdə qalmışdım və gözləmişdim. Çox çəkməmişdi və gecə dənizi elə bil ağrısını canından çıxarmaq istəyən canlı bir varlıq kimi bu dəfə daha dərindən və daha boğuq bir vıyıltı ilə yenidən köksünü ötürmüşdü.
Orda, o dağ kəndində evimizin dalındakı damı yırtıq, bir divarı uçuq o köhnə samanlıqda gecənin hansı aləmindəsə öküzlərdən hansı isə eynilə bu cür, sinəsinin dərinindən qopan boğuq bir səslə köksünü ötürəndə bəzən mən yuxudan oyanardım və uzun-uzadı yerimin içində oyaq qalardım və mənə elə gəlirdi ki, bu təpəl öküzdür, yuxusunda qara-qura görüb o cür köksünü ötürür, yaxud bu, bütün günü ağır boyunduruq altında canına hopmuş o sonsuz yorğunluğun ağrısıdır ki, indi qəlpə-qəlpə canından çıxır.
Və indi elə bil gecə dənizi də bütün günü canına hopan bir yorğunluğun ağrısını canından çıxarmaq üçün iki dəfə köksünü ötürmüşdü və mən bir dənizin canına hopmuş o azman yorğunluğu təsəvvürümə gətirmək istərkən, xəyalımda qurduğum bütün qurğuların sarsıldığını hiss eləmişdim.
Ayağa qalxıb o gecə ilk dəfə üz-üzə gəldiyim və sahilində sehirlənib qaldığım o gecə dənizindən ürəyimə axıb dolmuş nə isə anlaşılmaz bir təlaş hissilə ayrılmışdım.
Küçələr bomboşdu, bu kimsəsiz küçələrin birində dirək başındakı böyük bir elektrik saatının dəyirmi və ağ siferblatında qara əqrəblərin hansı rəqəmlər üstündə dayandıqlarını görərkən, gecənin bu vaxtına kimi nigaran qoyduğum yazıq və qoca bir qadın qarşısında duyduğum xəcalət hissindən başımı aşağı salmışdım. İndi məhz çox tələsdiyim üçün daha tez azmışdım, yolu daha çox uzatmışdım, dəfələrlə bu və ya digər bir dalan, yaxud bir döngənin sonunda ağzım divara dirənmişdi, geri dönmüşdüm.
Sonra gəlib dik yoxuşlu bir küçə başında içəriyə açılmış yaşıl rəngli bir qapı görmüşdüm və o açıq qapıdan çox böyük elektrik lampasıyla işıqlandırılmış kiçik, yaraşıqlı bir həyət görünmüşdü, həyətin üstünü örtən yaşıl talvarın kəhrəba giləli üzüm salxımları altında yerə böyük bir palaz salınmışdı və o palaz üstündə halay vurub oturmuş kişi məclisində iki nəfər bir-birilə meyxana yarışına çıxmışdı. İndi meyxana deyənlərə vagirlik eləyən bir dəstə oğlanın qıyya vuran səsləri göyə ucalmışdı.
Yanında canan olsun gün batanda
Yerin Xırdalan olsun günbatanda!
Abşeron yarımadasının coğrafiyasını hələ mənimsəməmişdim və düşündüm ki, görəsən hara imiş o Xırdalan ki, oranın günbatan çağında yanında cananın görmək həsrətilə sinədəftər olmuşdu bu oğlanlar?
Və elə bu vaxt, gecənin bu aləmində bir dəstə çadralı qadın o həyətin yaşıl rəngli qapısından küçəyə çıxmışdılar, qarşı səkidə məni görərkən tez bərk-bərk çadralarına bürünmüşdülər və üzlərini məndən yana çevirmişdilər.
Lakin o qadınlardan ən arxadakı başından sürüşmüş qara işıltılı liberti çadrasını başına çəkməmişdi və o vaxt mən onu, o məni tanımışdı, hər ikimiz gözlərimizi döyərək bir an bir-birimizə baxa-baxa qalmışdıq və sonra mən qeyri-ixtiyari bir addım irəli ataraq nə isə demək istərkən, qız tez şəhadət barmağını dodaqları üstünə qoymuşdu, səsimi çıxartmağı mənə yasaq eləmişdi. Dinməmişdim, amma qaşlarım çatılmışdı, dinməmişdim, amma şəhərli qızın bir mərtəbə yuxarıdakı qonşusuna qarşı göstərdiyi bu kəm iltifatdan ürəyim sınmışdı, çünki o vaxt hələ bilmirdim ki, gecənin o aləmində bir kişi xeylağının üzünü ondan gizləyən çadralı şəhər qadınlarına yaxınlaşması, bir uşağın qupquru barıta yanar kibrit çöpü uzatması kimi çox təhlükəli bir oyundur və bundan bixəbər olduğum üçün üzümdə nə cür bir ifadə zahir olmuşdusa, qız pıqqıldayıb əlilə ağzını tutmuşdu, sonra başıyla işarə eləmişdi ki, dinmə, danışma, amma dalımızca gəl.
Sonralar mən təsadüf ilə taleyin gizlənpaç oyunu haqqında çox fikirləşəcəkdim, amma o gecə mənim üçün elə bir röyaya çevrilmişdi ki, əgər arxasınca getdiyim o qara çadralı qız birdən-birə ağ bir göyərçinə dönsəydi və uçub gələrək mənim çiynimə qonsaydı, mən artıq buna heyrət etməyəcəkdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-baki-geceleri
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,