Page 2 of 6 · 17%

Zülmün topu var, gülləsi var, qalası varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma Günəşdən nə qədər üzü qaralsa,
Sönməz əbada hər gecənin gündüzü vardır!

– misraları gəlirdi bu taya! Amma indi şarm, şans, mesaj sözləri gəlir. Bu sözlər Parisdən İstanbula gəlib, İstanbulda o qədər işlənib ki, sürçək olublar. İndi də gəlib çıxıblar bizim telekanallara. Ən çox işlənən gəlmələrə çevriliblər. Şarm – həya, abır; şans – qismət, bəxt, qaraçuxa; mesaj – ismarıc, sifariş deməkdir. Bizim sözlər heç də o sözlərdən pis səslənmir. Bəs, niyə səsləndirmirlər?!

Aparıcı əlimizdən tutub bizi aparır. Amma, hara?! Ən çətin sual da elə budur!

Aparıcı sözdən danışır. Böyük Füzulinin söz rədifli məşhur şeirindən misal çəkir:

Xalqa ağzın sirrini hərdəm qılır izhaar söz,

Bu nə sözdür kim olur, hər ləhzə yoxdan vaar söz.

Amma, aparıcı əruzu bilmədiyindən «izhar söz», «var söz» deyir. Sözdən danışan sözü təhrif eləyir.

Bir də görürsən aparıcı qəsdən, bilə-bilə (bəlkə də bilməyə-bilməyə) koral baseyn – deyir efirdə. Dilimizdə «koral» və «baseyn» – sözləri yoxdur. «Koral» – mərcan, «baseyn» – hovuz deməkdir. Aparıcı bu sözləri bilmirsə, onu aparın həmin o hovuza çimsin, sərinlənsin.

Deyir ki, sənə qarşı laqeyd deyiləm. Sənə laqeyd deyiləm – deyərlər, «qarşı» artıqdır.

Yaxud deyir ki, «qaba maye qoydular» – maye qoyulmaz. Maye ya axıdılar, ya tökülər.

Deyir ki, (özü də gündə yüz dəfə) 34-45 nömrəsinə mesaj göndərin. Belə deyilməz – 35-45 nömrəli telefona ismarıc göndərin – deyərlər.

Ab – kövsər – cənnətdə bulaqdır. Bunun mənasını Kamertonda açıb deyə bilmədilər.

Aparıcı reklamda (reklam başımızın bəlasıdır) dönə-dönə Brılant deyir. Biz bu sözü «Briliant» şəklində işlədirik.

Evin yıxılsın mərdimazar!

Nə qədər olar giley-güzar?!

Huruley, huruley, huruley, huruley!

Təhrif nə qədər olar, ey!

Bu dil bizim dil deyil, bu təkrir də bizim təkrir deyil.

Bir də eşidirsən ki, «ayağımızın altını qazan var» – demək istəyir, amma, «ayağımızı qazan var» – deyir.

Titrlarda «canlı yayım» yazılır, indi də «isti xətt» – dəbə düşüb. Hər iki ifadə ruscadan hərfən tərcümədir. Əslində «birbaşa yayım» və «birbaşa xətt» yazılmalıdır, deyilməlidir.

Bunu da eşitmişik – «8 drob 2».

«Drob» rus sözüdür. «8 təqsim 2», «8 kəsir altda 2», «8 kəsir üstdə 2» – deyərlər.

Mahnı var – «Gözlər baldı, bal!» göz bal olsa kipriklər yapışar, açılmaz. Dil bal ola bilər!

Sözlərin üstündəki vurğunu düz vurmurlar. Sima – sifət, üz. Sima – qız adı, Mina – dişin emalı, mina – partlayıcı qurğu. Vurğu düz vurulmayanda söz mənasını dəyişir. Hətta «əlamət» sözünü, «alamat», «rəvan» sözünü «ravan» deyənlər də var. Şəhəri tanımayan, küçələrin adını bilməyən adam taksi sürücüsü ola bilməz. Bəs, sözləri bilməyən adamı niyə aparıcı işinə götürürlər, başa düşmürəm?! Dilə münasibət meşəyə münasibət kimi olmasın gərək. Meşədə ağac çoxdur, kol çoxdur. Bir budağı əyilsə, bir çubuğu sınsa qiyamət qopmaz. Amma dildə sözün qol-qabırğasını sındırmaq, sözü baş-ayaq demək olmaz! Meşə də qorunmalıdır, meşə də dil kimi el malıdır. Ağacların da, dilin də taleyi insanların əlindədir.

Uşaq verilişlərində uşaqların adlarını əzizləmə xatirinə qısaldıb – Cəbiş, İbiş, Fatış, Fatı, Eloş, Qaloş, Əliş, Vəliş, Dinoş şəklində deyirlər. Bu səbəbdəndir ki, yaş kağızı və ya şəxsiyyət vəsiqəsi alanda uşağın adını yazdırırlar – İbiş Məhiş oğlu Cəbişov. Gülməlidir, yoxsa ağlamalı?

Aparıcı əksər hallarda «əksər» deyə bilmir, deyir «əsgər». «Acınacaqlı» deyə bilmir, deyir «açınacaqlı».

Hətta «Allah-təala» sözünü «Allah-tala» kimi tələffüz eləyənlər də var. Dəfələrlə eşitmişəm.

Hardasa, hansı bir ölkədəsə «güclü yağışlar yağır» əvəzinə «böyük yağışlar yağır» – deyir (bolşiye dojdi).

«Təsdiq» sözünü «təstiq» kimi işlədir. «Beş il müddətinə həbsə layiq görülüb» – layiq «ləyaqət» sözündəndir. Lorusu, ona «beş il iş kəsilib», ya da «beş il müddətinə həbs olunub» – deyərlər. Bir daha say haqqında. Sıra sayının sualı nədir? Neçənci! Cavabı da bu olar ki, 5-ci məktəb, yoxsa 5 saylı məktəb. «Saylı» yerində deyil. Ya da elə qoy əvvəlki kimi «5 nömrəli məktəb» deyilsin, sadə və aydın. Amerikanın bir çox şəhərlərində küçələr bu minvalla sıralanıb. 1-ci küçə, 36-cı küçə, 5-ci döngə, dalan və s.

Bu «qarşı» məni çox uzaqlara aparır, qarşıma nə çıxırsa ondan danışıram – deyəsən.

Əvvəl, yaxından başlayaq. Baxıb, görürəm ki, bu dükan adları da gəlmədir. Hətta, dükan sözü tamamilə unudulub. Yox, yox, unudulmayıb, sıxışdırılıb. Market, şop, makdonalts, ramstor olub. Hətta, böyük-kiçikliyinə görə «super» və ya «mini» əlavə edilir, həmin sözlərin əvvəlinə.

Məşədi İbad dirilib gəlsəydi bu adları görüb dəli olardı.

Avropadan gələn hər yeni ad özüylə bərabər Avropa ticarətinin bir fırıldağını da gətirir ölkəmizə. Vay, alıcının halına! Adam çaşır. Saqqız almaq üçün ət dükanına. Ət almaq üçün ətriyyat dükanına girir, ya da tərsinə.

Bu anası göyçək qərbin ucbatındandır. Bir zamanlar biz «sovet xalqı» idik. Amma, indi bilmək olmur ki, biz kimik? Deyəsən, Avropalıyıq, Avropa xalqıyıq.

Avropanın başmağını geyinmişik. Amma yerişini yeriyə bilmirik. Küçədən keçəndə gördüm. Ağ kisələrin üstündə latın əlifbası ilə «Karmen» yazılmışdı. Soruşdum: «Nədir bu?» Dedilər: «Un». Biz eşidib-bilmişik, görmüşük ki, «Karmen» – ispaniyalıdır. Fransız yazıçısı Prosper Merimenin məşhur novellasının baş qəhrəmanıdır. Sonralar fransız bəstəkarı Bize bu novelladan çox məşhur «Karmen» operasını yaratmışdır. Mən Karmenin un olduğunu bilmirdim. Özü də ağappaq un! Karmen deyəsən bir az qarayanız idi. Bu – fikirləşmədən ad qoymağa bariz bir misaldır. Yox, deyəsən birini də bir vaxt görmüşdüm. Ət dükanının adı «Solmaz» idi. Soruşdum, dedi: «Satdığım ət təzədir. Ona görə». Təzə də əvvəl-axır solur, axı?! Demə, başqa bir səbəb də varmış. O dükandarın məşuqəsinin adı Solmaz imiş.

Addan ki, söz düşdü, çır-çırpıya köz düşdü. Bu qəzet, jurnal, nəşriyyat adları lap ağ eləyiblər. Nə qədər başa düşmədiyimiz söz var, lüğətlərdən tapıb gətirib qəzetlərinə ad eləyiblər. «Akt», «Fakt», «Kontakt», «Kontrakt», «Kompas», «Reytinq», «R.S.», «Proqnoz», «Versiya», «Ekvator», «Paralel», «Meridian», «Sensasiya» – siyahı çox uzundur. Mən yüzdən birini sadaladım. Mənə elə gəlir bütün bu adları, hər kəsin başa düşəcəyi adlarla dəyişmək vaxtı gəlib çatıb. Mən bir redaktordan soruşub öyrənmişəm ki, qəzetin adı Azərbaycan türkcəsində olanda onun təsdiqi ləngidilir. Öz dilimizə balta çalan eşitmişdim. Amma, bunu bilmirdim. Dünya gör-götür dünyasıdır. Gördüm, amma götürə bilmədim. Guya qəzetin adı Avropa dillərində olsa o qəzet alınar, oxunaqlı olar. Bu da Avropanın bizə güzəşti. Mən ağlım kəsəndən bu qitələri bölən adamı axtarıram ki, ona deyəm, mən Asiyalıyam. Azərbaycan – Asiyadadır. Bəşəriyyətin ilkin beşiyi – Asiya? Günəş də, mədəniyyət də, döyüş sənəti də, mərifət də, şeir-sənət də əvvəl Asiyada doğulub, sonra Avropaya keçib. İndi onlar bizə ağıl öyrədir. Di, gəl, bunu Avropalıya sübut elə!


Bir qədər də telekanallarda göstərilən filmlər barədə. Oğrupolis filmləri dünyanı başına götürüb. Bütün kanallar gecə-gündüz Amerikanın basmaqəlib, ucuz filmlərini fırladırlar. Öz filmlərimiz yox dərəcəsindədir. O bəyənmədiyimiz SSRİ vaxtı çəkilən filmlərdə insan vardı. Bizə indi robot göstərirlər. Deyirlər insanlı filmlər bahadır. O filmlərə baxan da insandır axı! O da bahadır. Niyə tamaşaçını qorumursuz?! Bu filmlərə baxa-baxa biz ya oğru oluruq, ya polis. «Hollivud filmləri zövqləri korlayır» sözləri bütün dünyada zərbülməsəldir. Bu filmlərin sinxron tərcümələrinin çoxu moltanıcadır. Başa düşülmür. Telekanalların ən zəif yeri dublyaj, tərcümə işi və reklam rolikləridir. Bir də telequmar. Telekanallar açıq-aşkar camaatla qumar oynayır. Lotolar, Sim-simlər, SMS-lər və b. bunlara bənzər hər cür tele-oyunlar birər-birər qumardır. Hətta, iş o yerə çatıb ki, «Yeni ulduz» müsabiqələrinin qaliblərini də qumarla müəyyən eləyirlər. Səsinə, bacarığına görə yox. Məhz, kimə çox səs (mesaj) verilibsə onun səsi də var deyirlər.

Bu telefon-telequmarda ancaq pulnan danışasan gərək ki, sənin az olan pulun daha da azalsın. Onun çox olan pulu daha da çoxalsın.

Əgər, telefon pulunu gecikdirsən dərhal telefonunu kəsəcəklər. Maşın sürə bilməyən – maşın sürür. Şeir yaza bilməyən – şeir yazır. Ağzı söz tuta bilməyən – aparıcı olur.

Səsi olmayan – «yeni ulduz» olur, müğənni olur.

Qumar olan yerdə sənət ölür. Bu millət plastilin deyil, qardaş! sən istədiyin şeyi yapasan millətdən (bu yapasan sözü nə yerinə düşdü). Millət mum deyil ki, əlində oynadasan, əl-ayaq düzəldəsən, burun-qulaq yeri oyasan, qaş-göz qoyasan. Sonra da gözünə kül üfürəsən, aldadasan atasan!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets