Page 4 of 6 · 50%

Bizi Ayparalar aparır zəfərdən zəfərə, yüzillikdən yüzilliyə. Gün o gün olsun ki, türklər öz minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar. İnşaallah!


Bir neçə kəlmə də himnimiz haqqında. Mən bu fikirlərimi biliciləri dilləndirmək üçün deyirəm. Bu məsələyə aid ziyalılarımızın fikri nədir görəsən?

Əhməd Cavad dövrünün ən qüdrətli şairlərindəndir. Burda nəsə dolaşıq düşüb. Qarışıb. Bəlkə də bu mətn heç onun deyil. Çünki, bu şeir bəstəkarlar arasında çox yayılmış «bolvanka»ya bənzəyir. Qaldı himnin musiqisi. Şərqin ən böyük bəstəkarı Üzeyir bəyindir. Xüsusi olaraq himn üçün yazılmışdır.

Haçaqsa gələcəkdə müsabiqə yolu ilə himnin yeni sözləri yazılacaqsa, onda yeni himnin, yeni sözləri Üzeyir bəyin «Koroğlu» operasının üverturası üstə köklənsə, bütün dünya bu himnin əzəmətinə heyran qalar. Hal-hazırda yeni himn yazmağa qadir olan şairlərimiz var. Yeni himn – yeni, Azad Azərbaycanı dünyaya tanıdacaq qüdrətində olmalıdır. Qardaş Türkiyənin İstiqlal marşı kimi. Bu gələcəkdə görüləsi ən vacib işlərdən biridir.

İndiki zamanda hər şey özəlləşir. Azad ölkəmizdə günü-gündən dəyişən, yeniləşən bütün münasibətlərdə, gündəlik qayğılarımızda bəzi köhnəlmiş adət-ənənələr və ya haçaqsa qəbul edilmiş və qəbul etdirilmiş qaydalar əl-ayağa dolaşır, hətta bəzən adamı çaşdırır da. Bu mənada həftə günlərinin və ayların adları dəqiqləşdirilməli və aydınlaşdırılmalıdır. Fəsillərin adları: Yaz, yay, payız, qış – məğbuldur, dilimizə yatır, türkcədir, türkcəmizə yaraşır, mənim də ürəyimcədir.

Həftə günlərinin adları hal-hazırda belə adlanır (həftə sözünün özü də dəyişilməlidir). Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Fikir verin! Burda çərşənbə, cümə, şənbə, bazar sözləri bizə yaddır. Günlərin sıralanmasında da bir dolaşıqlıq var.

«Həftə şənbədən başlayır» – deyirlər. İndi baxın! Şənbə, bazar, bazar ertəsi və çərşənbə axşamı mənasına görə çərşənbə axşamı – şəşənbədir. Yəni üçüncü gündür. Amma burada dördüncü gündür. Bazar ertəsindən saysaq ikinci gündür. Axı, niyə günlərimiz dolaşıq düşüb?! Niyə bu dolaşıq düyünü indiyədək açmayıbdır. Əvvəllər, yadımdadır, günlərin adları təkhecalı sözlərdən ibarət idi. Tək, süd, duz və s. Hanı bu adlar, hanı bu sözlər? Kimin yadında qalıbsa, qoy «Ədəbiyyat» qəzetinə mənim adıma məktub yazsınlar.

Fars dilində həftənin adları belədir. Həftə də fars sözüdür. Yekşənbə, düşənbə, şəşənbə, caharşənbə, pəncşənbə, şənbə, bazar. Bizim həftə günlərimizdə vaxtilə salı, adna sözləri də var idi. İndi bunlar unudulub.

Türkiyədə günlərin adı belədir – cuma, cuma ertəsi, pazar, pazar ertəsi, salı, şərşənbə, perşənbə. Elə burda da gün adlarının əksəriyyətini gəlmə sözlər təşkil edir. Və burda da günlərin sırası gözlənilməyib.

Eyni dərddəyik.

Günlərin adlarının dəyişilməsi üçün mənim bir neçə təklifim var. İndi buna layihə deyirlər.

Birincisi budur ki, mütləq həftə sözü Yeddigün sözü ilə dəyişdirilsin. Günlərin adları belə sıralansın:

Günbir, güniki, günüç, gündörd, günbeş, günaltı, günyeddi. Bu bir layihə!

Və yaxud bərəkətə görə:

Arpa, buğda, sünbül, xərmən, dəyirman, təndir, çörək. Bu da ikinci!

Ya da rənglərə görə günlərin adları:

Boz, qırmızı, narıncı, göy, yaşıl, mavi, ağ.

Ya da təkhecalı sözlərdən düzələn adlar:

Duz, od, su, yer, göy, süd, ay – günləri!

Hallananda belə olacaq:

Yeddigünün Günbirində;

Yeddigünün Arpa günündə;

Yeddigünün Boz günündə;

Yeddigünün Duz günündə.

Əlbəttə, bu Yeddigünlərdən birini seçmək gərək! Oxucuların da fikirlərinə möhtacam. Bu iş bir adamın işi deyil. Ümumxalq işidir. Bu cür təsnifatı Ayların adları ilə də aparaq. Köhnəlmiş Ay adlarından yorulmuşuq. Deyərlər, bütün dünya qloballaşdığı halda, bu nə şıltaqlıqdır?! Bu nə millətçilikdir. Bu nə şıltaqlıqdı, nə də millətçilik. Sadəcə olaraq, bu adlar bizə yaddır. Çar Rusiyasının və qırmızı imperiyanın güclə bizə verdiyi adlardır. Azad ölkənin Ay adları da azad olmalıdır. Heç bir millətdən asılı olmamalıdır.

Ay adlarını sadalayaq: Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Gör, bu sözlərin içində sənin dilindən bircə kəlmə söz varmı?! Gəlin bu adları dəyişək.

Martdan başlayaq! Bizim Yeni ilimiz Novruz bayramından başlayır. Mart olsun – İlkyaz, aprel – Yağış, may – Qızılgül, iyun – Bülbül, iyul – Gün-Ay, avqust – Qorabişirən, sentyabr – Yarpaq, oktyabr – Əkin, noyabr – Çiskin, dekabr – Qırov, yanvar – Qar-boran, fevral – Sis-duman.

Türk təqvimində ayların adı belədir: Yanvar – Ocaq, fevral – Şubat, mart – Mart, aprel – Nisan, may – Mayis, iyun – Həziran, iyul – Temmuz, avqust – Ağustos, sentyabr – Eylul, oktyabr – Əkim, noyabr – Kasim, dekabr – Aralıq. Türkiyə türkcəsində də ayların adları ordan-burdan gəlmədir, bərbaddır, qarışıqdır.

Bu adları da milliləşdirmək lazımdır!


Yenə də qayıdaq «qarşı»ya. Mən «qarşı» sözünə qarşı çıxmıram. Mən «qarşı» sözünün yerini tapmayanlara qarşı çıxıram. Qarşıda qarşıdan da çətin sözlər var. Bu gün «qarşı» sözünü yerində işlətməyən aparıcı, qəzetçi, yazıçı, jurnalist sabah rast gələcəyi haqq və ədalət sözlərini işlədəndə çaşmayacaq ki, görəsən? Yoxsa, onlara o qədər azadlıq və demokratiya verilib ki, haqq və ədaləti unuda bilərlər. Bu da bu günün aynasıdır. Soruşarlar ki, nə tutmusan bu «qarşı»nın yaxasından? Yorulmadın, dadaş? Əl çək bu «qarşı»dan! Əl çəkmərəm, qarşı tərəfi razı salmaq üçün «qarşı»nı yerində işlətmək gərək! Bu söz şeirdə daha tez gözə dəyir. Yerində işlənib-işlənməməsindən bilinir ki, bu şairin qabında nə var. Şairdir, yoxsa yox.

Bu yazıları yazmağa başlayandan öyrəndim ki, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin dərdləri də eynidir, uğurları da! Çünki eyni bir dildə danışırıq! Bir millətin övladlarıyıq! Rişələri, kökləri birdir bu millətin, budaqları ayrı-ayrı.

İndi zaman bu budaqları lap baş-başa çatıb, daha da yaxınlaşdırıb.

Yeri gəlib, burda bir neçə kəlmə də ortaq dil və ortaq əlifba haqqında düşündüklərimi də sizinlə bölüşüm. Əlbəttə, fərqli düşünənlər də var. Qoy olsun! Həqiqət mübahisələrdə meydana çıxır. Son illərin yaxınlığı zamanın işi olduğu üçün bilməliyik ki, nə qədər uzaqlaşmışıqsa, o qədər də yaxınlaşmalıyıq. Bütöv dilimizin qollara ayrılmasına nə qədər vaxt sərf olunubsa, bütövləşməsinə də o qədər, (o qədər də olmasa) çox vaxt lazımdır.

Bu gün XXI əsrin astanasında Türkiyə türkcəsini İstinad nöqtəsi götürüb, tarixə, keçmişə, geriyə addım-addım qayıtsaq. Əsr-əsr zaman kəsiyində Azərbaycan türklərini, Krım tatarlarını, qaqauz və kərkük türklərini lap yaxında, sonra türkmən, özbək, qazax və qırğızları, daha sonra Altay türkləri, tatar və başqırdları, bir az da o yana orta əsrlərdə çuvaş, Tuva və yaqutları, lap uzaqda bəşər tarixinin ilkin çağlarında – türk tarixinin əvvəllərində Babilistanda yaşayan Şumer türklərini görürük. Bütün bunlar bir dövlətdə, bir sərhəd çərçivəsində, bir vahid Turanda olsaydı, bunların arasında bu qədər fərq olmazdı.

Haçaqsa bir yerdə idilər, bütün türklər bütün türkləri başa düşürdü. Əvvəllər, tayfalar rəşadətinə görə bir-birlərindən seçilirdi. Sonrakı əsrlərdə çöl mədəniyyəti bu millətləri birləşdirmişdi. Sonra əlifba. Dil, şeir və sənət bu işi gördü. Ortaq ədəbi dil yaranmışdı. Füzulini Orta Asiyada, Əlişir Nəvaini İraqda, Türkiyədə, Yunis İmrəni Azərbaycanda tanıyırdılar, oxuyurdular. Elə indi də! Bu yaxınlıqda bir zamanlar Ərəb əlifbasının da xidməti olub. Sözlər saitsiz yazıldığına görə hər xalq yazılanı öz ləhcəsində oxuyurdu.

Sonralar qapı-pəncərə bağlandı. İmperiyalar zəbt elədiyi torpaqlardakı xalqları bir-birindən uzaqlaşdırmaq üçün Babil qülləsini tikənlərin başına gətirilən işi bunların da başına gətirdilər. Orda dilləri qarışdırdılar ki, bənnalar biri-birini başa düşməsin və qülləni tikib başa çıxmasınlar. Guya Allaha çatmaq istəyirlər. Burda isə türk millətini parça-parça böldülər. Hər vilayətə, hər ölkəyə, hər bölgəyə təzə ad verdilər. Başqa-başqa adlarda onlarca belə toplumlar yaradıldı. Babil qülləsi əfsanə idi, rəvayət idi. Bunların gördüyü iş göz qabağındadır. Həqiqətdir. Bir bütövü on yerə, yüz yerə bölüblər. Mənim fikrimcə, ortaq dil üçün ən böyük maneə elə sərhədlərdir. Sözə nə var ki, söz sərhəddin üstündən aşıb keçər. Amma, bu həyasız sözdür. Gəlmə söz bir yerdə qərar tutmur. Ordan-bura, burdan da başqa yerə keçir, gəzəyəndir. Bizə – dilin alt qatında, sandığında saxlanılan sözlər gərəkdir. Bu sözlər biri-birindən qiymətlidir.

O qədim sözlər, idiomalar, atalar sözləri, nağıllar, bayatılar, hamımızındır. Babilistandan tutmuş Kamçatkaya, Qafqazdan Çin səddinə, Dərbənddən İran körfəzinə, Altaydan dəşti-Qıpçağa, Macarıstana, Norveçə qədər dünyanın yarısına səpələnmiş türklər – bizik! Hətta Altaydan buzun üstü ilə Alyaskaya, Kanadaya, Amerikaya köçmüş və ya köçürülmüş, sürgün edilmiş, səhvən hindu adlandırılmış Hindu türkləri də bizik! Abidələrdə, qayaüstü, qəbirüstü yazılarda, kitablarda, nağıllarda, əlifbalarda, yaddaşlarda qalan bu dil bizimdir! Sərhədlər olmasa, ya şəffaf olsa adamlar gedib-gələr, alver eləyər, şeir söyləyər, birgə körpü salarlar, kəhriz çəkərlər, yer şumlayarlar. Qohumdurlar, daha yaxın qohum olarlar. Bir-birinə qız verib, qız alarlar. Bir-birilə ünsiyyətdə olarlar. Danışarlar. Bunun dilindəki kobud sözlər, onun dilindəki zərif sözlərə qarışıb sərtləşəcək, qayım olacaq. Beləcə, iki dil yenidən bir dil olacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets