Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər
Page 5 of 6 · 67%
Hər ləhcə ən yaxşı sözlərini qoruyub saxlayacaq. Yaxşı sözlər qalacaq dildə. Gəlmə sözlər gəldikləri kimi də çıxıb gedəcəklər.
Millətlərin yaddaşı dəniz kimi aşıb-daşacaq və dərinliklərdən incilər çıxacaq üzə. Bu sonra olacaq. Hələlik Türkiyə türkcəsindən istifadə etmək olar. Bu hələ ortaq dil deyil. Ortaq dilə əlifbadan keçib gəlmək lazımdır. Belə bir əlifba yaranarsa iki dil arasında əsl körpü olar. İki dil arasında yeni bir Bosfor keçidi olar. Belə bir əlifba olsa hər iki tərəf bundan ürəklə istifadə edə bilər. Həm Türkiyə türkləri, həm Azərbaycan türkləri biri-birilərinin kitablarını oxuyarlar, biri-birilərinin dərdlərinə şərik olarlar. Sevincləri ilə sevinərlər. Ortaq əlifba yaratmaq üçün hər iki tərəf biri-birinə güzəştə getməlidir. Mənim bir neçə təklifim var.
Birincisi budur ki:
Hər iki əlifbada olan «Ç» hərfi ilə «C» hərfinin yerləri və adları dəyişdirilsin. C və Ç kimi sıralansın. Odur ki, «quyruq» ikinci də olmalıdır. Eynən «S» hərfi ilə «Ş» hərfi olan kimi. Belə olanda əlifbada hərflər arasında paralellik yaranacaq. Əlifba sistemə düşəcək, gözəlləşəcək.
İkinci budur ki:
Ortaq əlifbada «E» hərfi ilə bərabər «Ə» hərfi də olmalıdır. Hal-hazırda birində «Ə» var, birində yoxdur. Hər iki dildə «ə» hərfi ilə başlanan və içərisində «ə» olan minlərcə söz var. Əgər «ə» yoxdursa, sözlərin qəsdən «e»ləşməsinə gətirib çıxarır. «Ə» – hərfi dünya əlifbalarının bir çoxunda var. Ən çox işlənən, ən zəif, ən incə saitdir. İçərisində «ə» olan bütün sözlərə yaraşır.
Üçüncüsü budur ki:
Ortaq əlifba üçün «X» hərfi də gərəklidir. Əgər hər iki dildə, əsasən xarici dillərdən keçmə onlarca sözə görə «j» hərfi varsa və hər iki dildə «x» hərfi ilə yüzlərcə söz varsa, niyə onda «x» hərfi olmasın?
Dördüncüsü budur ki:
«K» ilə «Ka» ayrılmalıdır. «K» ilə kənd, kəsək, «Ka» ilə konsul, komissar sözləri yazılır. Bir hərfdə iki səs var. Halbuki, bir hərfdə bir səs olsa yaxşıdır. Bir yuvada iki müxtəlif quş yaşaya bilməz. Birinci «K» əvvəlki kimi yazılsın, bütün milli sözləri (kənd, kəsək, kərpic) yazmaq üçün işlənsin. İkinci «Ka»nın üstünə qövs çəkilsin, bax belə «K̆k̆». «Ğğ» hərfində olduğu kimi burda hərflər arasında paralellik yaranacaq, simmetriya gözləniləcək. Bu naxışlar əlifba xalça butalarına bənzəyəcək. Bu bölmənin bir məziyyəti də budur ki, əvvəllər «Qq» ilə yazılan bütün sözlər də indən belə qövslü «Ka» ilə yazılacaq. Əlifba bir az da yüngülləşəcək. Gəlmə sözlər: konsul, komitə, komissar – ilə bərabər, qız, qəşəng, qarış, qarışqa – sözləri də bu hərflərlə yazılacaq.
Demək əlifbada:
«C» hərfi ilə «Ç»,
«S» hərfi ilə «Ş».
Bir cüt qoşa, ekiz buta. Bu hərflər bir-birlərindən «quyruq»la ayrılacaqlar.
«K» hərfi ilə «K̆» hərfi.
«G» hərfi ilə «Ğ» hərfi.
Bir cüt qoşa ekiz buta. Ba hərflər bir-birlərindən qövslə ayrılacaqlar. Eləcə də «O» hərfi ilə «Ö» hərfi, «U» hərfi ilə «Ü» hərfi də bir cüt qoşa, ekiz butadır. Bu cütlüklər də bir-birindən «iki nöqtə» ilə fərqlənəcəkdir.
Bütövlükdə bütün bu «quyruq»lu, «qövs»lü, «iki nöqtəli» hərflər – alt cüt buta. Həmin əlifba – xalçanın naxışları olacaq.
- Türk əlifbası:
Aa, Bb, Cc, Çç, Dd, Ee, Ff, Gg, Ğğ, Hh, Iı, İi, Jj, Kk, Ll,
Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz.
(29 hərf, 30 səs)
- Azərbaycan əlifbası:
Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj,Kk,
Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz.
(32 hərf, 33 səs)
- Ortaq əlifba:
Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj,
Kk (kənd), K̆k̆ (konsul), Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss,
Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz.
(32 hərf, 32 səs)
P.S. Bu əlifbada A, B-dən sonra gələn birinci hərf c=cı-dır (quyruqsuz). İkinci hərf ç=çı-dır (quyruqlu).
XX sərin 40-cı illərində Şamaxıya getmişdim. Çarhan kəndinə baş çəkəcəkdim. Gəldim yol ayrıcına. Gördüm, yaşlı bir kişi arabayla keçir. Qışqırdım: «Arabaçı, saxla minim!» arabaçı saxladı. Mən də mindim. Soruşdum: «Çarhana gedirsən?» Başı ilə ilə «hə» dedi. Sonra dedi: «Övlad, eşit, qulaq as! Arabanı saxlamazlar, arabanı əyləyərlər. Adam arabaya minməz. Ata minər. Adam arabaya qalxar».
Yol boyu Tofiq Fikrətdən, Rza Tofiqdən, Orxan Seyfi Orxandan şeirlər dedi. Şirin dilindən doymadım. Sonra dedi: «1918-ci ildə gəlmişdim. İndi Mərəzədə yaşayıram. Bir Şirvan gözəli məni burda saxladı».
Yol boyunca hələ çox ibrətli sözlər dedi. O, baba idi, mən nəvə. Mənə nəsihət idi bu sözləri. Çarhana çatdıq. Dedim: «Arabanı əylə, düşüm». Yenə hirsləndi. «Əylə»ni düz demişdim, «saxla» demədim. Amma o: «Yahu, övlad! Daş düşər, adam düşməz, adam enər» – dedi.
Dedim: «Baba, bağışla. Arabanı əylə, enim». Dedi: «Bu, doğru!» Sonra soruşdu: «Adın nədir?» Dedim: «Fikrət. Deyirlər mənim adımı şamaxılı Soltan Məcid müəllim qoyub. Şamaxılılar ona Soltan Məcid Əfəndi deyərdilər». Dedi: «Onda Tofiq Fikrətdən dediyim şeirlər lap yerinə düşüb ki!»
Bir müddətdən sonra Çarhana bir də gəldim. Müharibə qurtarmışdı. İnsanların qırışığı bir az açılmışdı. Soruşdum: «Mərəzədə yaşayan o qoca türk dururmu ola?!» Dedilər: «Bu qış dünyadan köçüb». Dünyadan köçsə də mənim qəlbimdən köçməyib. O, mənim gözümü açdı. Türkü mənə tanıtdı. Türk şeirini mənə sevdirdi. Pəltək sözlərimi düzəltdi. Türkün arabaçısı budursa gör, bunun şairi, müəllimi, alimi nə mərtəbə ucadır.
«Türklər bir irq və bir millət olmaq etibarilə yer üzünün ən şərəfli insanlarıdır».
Lamartin
«Nə xoşbəxtdir türkəm, deyən!»
Mustafa Kamal Atatürk
Müdrik qoca! Allah, sənə qəni-qəni rəhmət eləsin, ömrümün səhərində mənə rast gəlib, məni bu günümə göndərdin! Öz ömrünü qardaşının azadlığına qurban verdin.
Qürbətdə yaşadın, amma qərib olmadın. Şamaxı sənə Ana Vətən oldu. Burda sevib-sevildin. Burda övladların gəldi dünyaya. Millətə qarışdı. İndi heç birini, bir-birindən ayırmaq olmur. Budur türk yurdsevərliyi, millətsevərliyi, azadlıqsevərliyi və comərdliyi!
«Azadlıq – türkün həyatıdır!»
Mustafa Kamal Atatürk
Türk dili təkhecalı sözləriylə zəngindir. Ay, su, od, gün və s. Bu dilin çox qədimliyinə dəlalət edir. Türk dilində səs təqlidi ilə yaranan sözlər də çoxdur: su şırıltısı, yarpaq xışıltısı və s. Səs təqlidi ilə yaranan sözlərin də çoxluğu dilin çox qədimliyinə sübutdur.
«Herodotun Taryunaus, Tövratın Taqarıma adlandırıb, haqqında danışdığı türk – bu tarixdən və bu müqəddəs kitabdan daha çox qədim əsrlərin tanıdığı bir millətdir».
Hammer
Türk dili – dünya dillərinin ilkinlərindən biridir. Qədim türk əlifbası da dünyada yaranan əlifbaların ilkinlərindəndir. Türk dili – aqlyutinativ – iltisaqi dillər qrupuna daxildir. Dünya dillərinin çoxu iltisaqi dillərdir. Burda söz yaratmaq imkanı çox genişdir. Sözdüzəldici şəkilçilərin köməyi ilə yeni-yeni düzəltmə sözlər və yaxud bir-iki sözün birləşməsi ilə yeni-yeni mürəkkəb sözlər yaranır. Şəkilçi qoşmaqla bir sözdən beş, yeddi və daha çox söz düzəltmək olur. Məs: Qorx, qorxu, qorxut, qorxaq, qorxudan, qorxan, qorxudulan, qorxulu, qorxunc, qorxa-qorxa.
Bu ki, lap doqquza-ona çatdı.
Başımızı ucaltdı!
Güldan, nəməkdan və bunlara bənzər xeyli söz fars dilindən birbaşa dilimizə qarışıb. Biz bu sözləri gülqabı, duzqabı kimi də işlədirik, sözlər daha da doğmalaşır. Fars dilindən abru (üzün suyu) sözünü alıb, abır eləmişik. Dilimizdə bu cür düzəldilən öz sözlərimiz ümmancadır. Məs: İstiot. Çox sərrast deyilib. Dilin kəşfidir bu! Bu cür sözlər hesabına dilimiz də daha da zənginləşəcək, Ortaq dilin lüğət tərkibi günü-gündən artacaq. Dilimizdə elə sözlər də var ki, elə bil türkcə-farsca lüğətdən qopub, düşüb. Məs: Uığ – cəm, uzundıraz. Bu sözlərin bir hissəsi türkcə, bir hissəsi farscadır. Bu cür qarışıq sözlər çox azdır. Barmaqla saymaq olar.
Öz mürəkkəb sözlərimiz çoxəhatəlidir, çoxmənalıdır. Genişliyi və rəngarəngliyi ilə seçilir. Məs: Qaraçuxa, çalpapaq, çirkətab, dəvədabanı, ayağıyalın, dəymə-düşər, Göygöl, doxsan, səksən, tükürpədici, xoruzquyruğu (çay), dördbucaqlı, gecəqondu və minlərcə biri-birindən gözəl – adı mürəkkəb, özü sadə və aydın olan sözlər.
İkicə kəlmə də türk dilinin feilləri barədə! Bu feillər birər-birər qəhrəmanlardır.
Heç bir dilə əyilməyib. Məğrur-məğrur durublar. Yeriyirlər, gəzirlər, gülürlər, ağlayırlar. Dilimizdə bir dənə də olsun başqa dildən keçmə – feil yoxdur. Milli sözü təkcə bunlara yaraşır.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-ucuncu-kere-qarsi-sozune-qarsi-ve-basqa-derdler
Use ← → keys to move, R for a random poem