Üçüncü pərdə
Meşə içində boş yerdə vaqe olur. İki çadır qurulubdur. Hər çadır ağzında bir nəfər əsgər durubdur. Bəkir tək ora-bura gəzinir. Pərdə qalxır.
Bəkir (söz ilə). Harun, bəli, düşməni məğlub etdi! Zeyd məyus qaldı... Nə edim? Zeydin təklifini qəbul edim, etməyim? Təklifi ağırdır. Lakin əvəzində verdiyi simuzərin çəkisi də ağırdır! (Fikrə gedir.) Olsun! Mənə simuzər lazımdır! (Bu halda pərdə dalından qoşunun səsi gəlir.) Aha, gəlirlər!
Qoşun əhli (pərdə dalından)
Davaya getdik,
Meydana yetdik
Biz məğlub etdik;
Ol düşməni! (2 dəfə)
Etməzdi düşmən böylə güman,
Yalvardı, istədi əlaman!
Davaya getdik,
Meydana yetdik;
Biz məğlub etdik
Ol düşməni!
(Musiqi)
Harun, Zeyd və qoşun səhnəyə gəlir; bir də haman marşı oxuyurlar.
Harun
Çalınsın təbli-zəng, qoşun rəqs etsin!
Musiqi. Qoşun rəqs edir; rəqsin bir yerində qılınclarını siyirib oxuyurlar.
Qoşun
Hər davada üst olduq,
Düşmən gördü süst oldu, (2 dəfə)
Əl çəkdi ol davadan,
Düşmən döndü dost oldu. (2 dəfə) (2 dəfə)
Harun. Allahın köməyi ilə düşməni məğlub etdik. Bir arzumuz varsa, o da bu şadlıq xəbərini tezliklə Əmirə yetirməkdir. Yaşasın Əmirimiz!
Qoşun. Yaşasın Əmirimiz!
Harun. İndi istirahət zamanıdır!
Deyib çadıra girir; qoşun əhli istirahətə əyləşir. Axşam düşür. Zeyd Bəkiri kənara çəkib danışır.
Zeyd. Hər şey dediyim kimi hazırdırmı?
Bəkir. Bəli, hazırdır!
Zeyd. İndi get, işə şüru eylə.
Bəkir. Baş üstə.
Harunun çadırına tərəf gedir. Harun çadırdan çıxır.
Bəkir (Haruna). Sər-əsgər sağ olsun! İzin ver, qoşun dayanmasın, biz qoşunu götürüb gedək, siz isə gecə istirahət edib sonra gələrsiniz. Yoxsa qoşun ağır gedir, bizi ləngə salar!
Harun (Zeydə). Zeyd, sən nə məsləhət görürsən?
Zeyd. Əlbəttə, qoşunu saxlamaq lazım deyildir.
Harun. Qoşun getsin! Bəkir, sən qoşunu çək, Rəhman isə yoldaşı ilə bizimlə qalsın.
Bəkir. Baş üstə. (Qoşuna) Səfər təbli çalınsın. Dayanmaq bəsdir.
Təbil çalınır, qoşun durur, yenə haman marşı oxuyub sonra gedirlər. Rəhman ilə digəri və iki qarovulçu qalırlar. Axşam olur. Zeyd çadıra girir.
Rəhman (Haruna)
Lap nahaqdır leşkəri göndərdiniz böylə uzaq,
Qorxuram kim, nagahan düşmən hücumunda qalaq.
Harun
Qorxma, Rəhman! Düşməni bərk əzmişik, imkanı yox!
Rəhman. Doğrudur, amma ki, düşmən gər bir olsa, baki yox. (Zeydə tərəf işarə edir.)
Harun (barmağını ağzına tutur). Anladım... Mən anladım! Həqdir sözün, Rəhman, sənin, amma gecdir...
Rəhman. Bəli, gecdir.
Harun. Fikri vardır düşmənin...
(Qeyz ilə) Qorxmuram mən ol dənidən, bildiyin qoy eyləsin.
Rəhman. Doğrudur. Biz hazırıq. Hər nə edirsə eyləsin!
Çadıra girirlər. Qaranlıq düşür.
(Musiqi)
Harun (çadırdan çıxıb oturur)
Bir aman ver, ey qənim,
Qoy bir görüm cananımı;
Çün gözü yolda qalıb,
Qıyma tökülsün qanımı.
(Musiqi)
Cəngdə hər anidə çıxmaz yadımdan Leyla,
Ah, olurmu bir o gün bir də görəydim yarımı.
Çadıra girir. Musiqi. Lap qaranlıq olur.
Zeyd (qısıla-qısıla öz çadırından çıxıb meşəyə tərəf gedir).
Vaxtdır cəngə, vaxtdır cəngə, ah!
Düşməyin ləngə, düşməyin ləngə, ah!
Bu əsnada meşədən on-on beş nəfər müsəlləh adam çıxıb, Zeyd ilə bir yerdə Harun və yoldaşları üzərinə hücum edirlər. Bunlar yuxudan ayılır, dava başlanır. Lakin bunlar az, onlar çox; odur ki, hamını qırıb, qaçıb gedirlər. Gedərkən Zeyd yerə yıxılıb qalmış Harunun ölmüş olduğuna inanıb, çıxıb gedir. Amma Harun ölməyib, bərk yaralıdır.
Harun (güc ilə başını qaldırır)
İncidir yaralarım, yoxdur ümidim özümə,
Bu nə haldır... (Ora-bura baxır.)
Görünür cürbəcür insan gözümə!
(Musiqi)
Ax, Leyla! Sənə qurban edirəm canımı mən,
Tərk qıl, yoxdur ümidim, gözləmə gəl rahimi sən!
Musiqi çalır, Harun uzanır. Yavaş-yavaş sübh açılır, işıqlanır. Bu halda bir nəfər dərviş gəlib buradan keçərkən yerə yıxılmış meyitləri görüb, təəccüblə dayanır.
Dərviş
Allah, Allah, bu nədir böylə? Əcəl meydanıdır?
Bu tökülmüş nəşlər insanın qurbanıdır!
Gör bəni-adəm necə zülmü sitəmlə bir-birin,
Öldürüb qırmaqdadır... aya, kimin fərmanıdır
Bu əməl, bunca sitəm, böylə fəna rəftarlar?!
Dərviş gedib meyitlərə bir-bir baxır.
Dərviş. Heç birində can yoxdur. (Haruna gedib baxır.) Bu hələ ölməyibdir. Bəlkə nicatı mümkündür?
Cibindən cürbəcür otlar və dərmanlar çıxarıb, onlardan birini Harunun burnuna tutur.
Harun (ayılır). Ax, Leyla... bir içim su... ölürəm!
Dərviş. Qorxma, mən səni sağaldaram. Mən yaraların dərmanını bilirəm, qorxma!
Harun. Sən kimsən?
Dərviş. Mən sənə müalicə edənəm. Qorxma, sağalarsan!
(Musiqi)
Harun
Bir bu qədri yaralar qoymaz məni sağa çıxam
Kim, görəm Leylanı mən, gül tək camalına baxam.
(Birdən qəhr və qəzəblə) Zeyd! Alçaq Zeyd!
Ölməyəydim, intiqam alaydım, intiqam!
(Deyib yıxılarkən dərviş tutur.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-harun-ve-leyla-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Bəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.
Hökumət bəyannaməsi və Dumaİndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyiməmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi həman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzəra heyətindən ibarətdir, ədəmi-etimadını göstərir. O surətdə vüzəra heyəti istefa verib əvəzində digər bir heyət təşkil olunar.Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənir idi.
Ordan-burdan 91Hamıya məlumdur ki, müsəlmanların içində bu cürə bir qayda vardır.Məsələn, birisi durub, bir söz deyəndə ki, filan iş belədir, o birisi cavab verər ki, yalançının özünə lənət! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı deyil, yox deməsə və acığı tutsa, bil ki, yalançıdır.
Ordan-burdan 92Müsəlmanlarda bir məsəl var, deyirlər ki: “Ağac bar gətirdikcə başını aşağı dutar”. Amma, bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə başlarını yuxarı dutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı duturlar ki, qapaz vurana “rahət” olsun.Yenə müsəlmanlarda bir məsəl var ki: “Yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər”, amma bainhəmə müsəlmanlarda bir qayda da vardır, yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.