Dördüncü pərdə
Page 2 of 2 · 50%
N ö k ə r gedir.
B i r i n c i ə y a n--Xurşidin sözü mənim ağlıma batır.
İ k i n c i ə y a n--Doğrudan da, şah təhlükədə ola bilər.
Ü ç ü n c ü ə y a n--Nə eyləməli, əlac nədir?
N ö k ə r (daxil olur)--O adam Şiraza yola düşübdür. İstəsəniz dalınca gedək.
X u r ş i d--Yox-yox, vəzir qoşun götürüb, qarabaqara onun dalınca getməlidir.
V ə z i r--Mən də o fikirdəyəm. Öylə isə vaxtı itirmək lazım deyildir. Gedək. (Bir əyana). Əmr et qoşun hazır olsun. Biz hamımız, Xurşid dəxi bizim ilə bərabər o adamın dalınca yavaş-yavaş, qarabaqara gedək, görək o hara gedir; sözün doğrusu, onun sifəti mənim xoşuma gəlmədi, cəllada bənzər bir adamdır.
H a m ı b i r y e r d ə--təsnif.
Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir!
Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur, ya düzddürmü?
(M u s i q i)
Allah göstərməsin, şahımda xətər olar. (2 dəfə)
Şah Abbassız, Şah Abbassız dövlət puç olar. (2 dəfə)
Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir!
Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur və ya, düzddür, a!…
Tez gedək. (Gedirlər).
PƏRDƏ
İKİNCİ ŞƏKİL
Yenə haman z i r z ə m i d ə vaqe olur. M ə h b u s l a r və Ş a h A b b a s bidamaq oturubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.
Ş a h A b b a s (kürd-şahnaz)--
Düşüb iraq yardan, oldum bəlayi-hicrə düçar!
Görüb o zülmü ki, aşiqlər üzrə yağdırır girdar,
Cəzavü tənbehə layiq olan şəxsə həbs bari-giran,
Günah-cürmdən azad olana gör nədir bu rəftar?!
Sərayi-şahda məskun, bütün cahana amirkən,
Şəhin məkani bu zindan və amiri--xunxar,
Gecə yatıb da yuxumda görüm ol məhi-xurşidi,
Üzündə zülfi-pərişan, ahüzar edib ağlar.
Nədir əlaci bu dərdin, ey xudayi-ləmyəzəli.
Tükətdi ömrümü zindan, yox oldu səbrü qərar.
Olarmı bir o gün allah ki, azad olam, yoxsa
Yazıb qəza mənə böylə bu zindanda qəbrü məzar.
(M u s i q i)
M ə h b u s l a r (təsnif)--
Bizi burdan azad eylə, ey dərviş!
Bizi burdan azad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
Səni allah, imdad eylə, ey dərviş!
Səni allah, imdad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
B i r i n c i m ə h b u s (şur)--Allahın altında Şah Abbas bizim bu halımızı bilmiş ola idi; yəqin ki, ədalət-pənah bu zülmü kökündən rəf edərdi.
İ k i n c i m ə h b u s--Ah, a yazıq, bu saat Şah Abbas öz sarayında gözəl-göyçək hərəmlərilə eyş-işrətə məşğuldur; bu cür nadidə zülm, yatsa da onun yuxusuna girməz.
Ü ç ü n c ü m ə h b u s--Vallah, deyirlər ki, Şah Abbas çox vaxt dərviş libası geyib, şəhərbəşəhər gəzir ki, bir yerdə rəiyyətə zülm görmüş olsa, haman dəm rəf etsin.
D ö r d ü n c ü m ə h b u s-Doğrudur bu söz, əmma heyf ki, Şah Abbac zülmü yerin üstündə axtarır, altına girmir ki, biz yazıqları görsün.
B e ş i n c i m ə h b u s--Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vəqt dərviş dərvişə düçar olar.
Ş a h--Mən heç vaxt ona düçar olmamışam!
M u s i q i. M ə h b u s l a r bikef olub, başlarını dizləri arasında gizlədirlər.
Ş a h (səmayi-şəms)--
Bunların bu sözləri yandırdı, yaxdı canımı;
Zərbə vurdu başıma, etdi pərişan halımı.
(Ürəyindən tutur)
Sakit ol, ey qəlb, çırpınma alışmış sinədə,
Ya gərək azad edim mən bunları, ya kim, töküm öz qanımı.
(M u s i q i)
Gər vəzirim yetməsə bu vərtədə imdadıma,
Mən özüm çarə qılıb, cəng: eylərəm cəllad ilə;
Çağırıb allahı, nərə çəkib fəryad ilə,
Böylə göstərrəm hünər, layiq olar öz adıma.
(M u s i q i)
Əldə heç bir yaraq, ya ki, silahim yox isə,
Gəlmiyir bu zindan içrə heç ümidim bir kəsə;
Lakin ol haqqü ədalət məndədir, bunlar isə
Düşməni məğlub üçün, billah, yetər fəryadıma.
M u s i q i. M ə h b u s l a r qorxu ilə başlarını qalxızırlar.
M ə h b u s l a r (qorxu ilə)--Diyəsən gəlir … gəlir….
Bir-birlərinə qısılırlar. M ə s t a v ə r daxil olub, qeyz ilə əllərini qoynuna qoyub, ş a h a baxır.
M ə s t a v ə r (acıqla)--
Məni aldatdın, məni aldatdın,
Məni aldatdın, oh!… (Xəncərini çəkir).
(M u s i q i)
İrəli dur!
(M u s i q i)
İrəli dur!
(M u s i q i)
Aldın möhlət, göndərdin şahın sarayına,
Aldatdın dərviş məni sən!
Öldürəm indi səni mən, öldürəm səni mən!
Məni aldatdın, məni aldatdın, məni aldatdın!
Ox!… (M u s i q i). İrəli dur! (M u s i q i). İrəli dur!
M u s i q i. İstəyir həmlə etsin, Ş a h əlini qabağa uzadır.
Ş a h (bayatı-Şiraz)--
Sən bədəfkar və xəbis cəllad isən,
Qorxmuram səndən, buyur meydanə sən, a-gəl!
M u s i q i.
Ş a h ilə M ə s t a v ə r ötüşürlər. Ş a h onun xəncərini alıb, yerə atır. M ə h b u s l a r qorxularından küncə qısılırlar. M ə s t a v ə r cəld xəncəri yerdən götürüb, ş a h ı vurmaq istərkən bu halda qapılar tay-tay açılıb, X u r ş i d, v ə z i r, ə y an l a r və q o ş u n əhli içəri daxil olurlar və əhvalatı böylə gördükdə haman dəm M ə s t a və r i tutub, qollarını bərk-bərk bağlayırlar. İş böylə ikən Ş a h A b b a s ilə X u r ş i d qucaqlaşırlar.
V ə z i r (rast; Məstavərə)--Bədbəxt nakəs, sən kimin üstə əl qalxızırsan? Bilmirsənmi ki, bu, padşahi-cahan Şah Abbas cənnətməkandır?!
Bu halda m ə h b u s l a r yerə yıxılıb, ş a h ı n ayağına sürünürlər.
Q o ş u n (qışqırır)--Yaşasın padşah!
Ş a h (məhbuslara)--Durun və indi bilin ki, Şah Abbas yerin üstündəki zülmü axtarıb tapan kimi, yerin altındakı zülmü də tapa bilir.
M ə h b u s l a r--Padşah!… Padşah!… (deyib, ağlamaq onları boğur, ağlayırlar).
Q o ş u n--Yaşasın padşah!…
Ş a h--Xurşid, doğrudan da, mən çox xoşbəxtəm ki, sənə düçar oldum və yenə xoşbəxtəm ki, sənin məğruranə sözlərini qəbul edib, sənət öyrəndim; bir sənət ki, məni və vətən övladını bir nadidə və naşidə zülmdən xilas eylədi. Görünür ki, mənim millətə olan məhəbbətim allaha xoş gəlibdir ki, səni mənə kömək göndəribdir. Bu gündən sonra belə sən, odunçunun qızı, mən İran padşahına hərəmsən! Qoy valideynin fəxr etsin. Səni bütün hərəmlər içrə şahizənan etdim. Yaşasın Xurşid!…
H a m ı--Yaşasın padşah və Xurşid banu!…
Ş a h--Bu məluni (Məstavərə) aparıb, Şiraz əhlinin gözü qabağında dar ağacından asarsınız, qoy xunxar qatil öz cəzasına çatsın!
H a m ı--Yaşasın padşah, yaşasın padşah!…
(M a r ş)
Allah səni yenə şad edə, şahım! (2 dəfə)
Millət səni yenə yad edə, şahım! (2 dəfə)
Ey padşah, sən vətəni et (2 dəfə)
Yad, vətəni, şad vətəni, yad vətəni et! (2 dəfə)
Şah, çox yaşa vətənə sən!
Qənimətsən vətənə sən, qənimətsən!
Millətə sən qənimətsən!
Millətə sən qənimətsən!
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-sah-abbas-ve-xursid-banu-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
“Tərcüman” qəzetəsi və barama qurduBütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.
Dövlət DumasıPasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayaniəhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa “Kolo”sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.
Ordan-burdan 109Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, “İrşadı”n bugünkü teleqraflarını oxuya bilərlər.
Ordan-burdan 110Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.
Poems by other poets
İnsan gərək özlüyündə düşünə,Necə gəzim, kimlə gəzim, harda mən.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Ağlama, Şərq, ağlamaAğlama, Şərq, ağlama!Yanğıları göz yaşı söndürməz.