Həyat lövhələri
İstərəm hər axşam yanında qalım,
Başını sinəmin üstünə alım,
Öpüm gözlərindən mən dönə-dönə,
Baxım camalına, baxım üzünə.
Duyğular sinəmdə alışıb yanır,
Qəlbimdə min arzu birdən oyanır.
Səni ki, sevirəm illərdir, illər,
Bunu yaxşı bilir, duyur ki, ellər.
Sən mənə doğmadan doğmasan, gülüm,
Səninlə ağlayım, səninlə gülüm.
Sən ki, həyatıma bir dürdanəsən,
İki, üç deyilsən, sən bir dənəsən.
Ayrılan zamanda illərlə səndən,
Səni başqasına dəyişmədim mən.
Qəlbim bir, hissim bir, duyğum bir oldu.
Hicranın əlində peymanələrtək
Ürəyim daima boşalıb doldu.
Hər xalqın, hər elin öz adəti var:
Gözəl adətlərə sadiq qalanlar,
Məni cərgənizə qəbul edin siz!
Elin adəti var, günəşdən təmiz.
Çiçəktək açılıb, sola bilmirəm,
Vəfasız deyiləm, ola bilmirəm.
Ey kaş ki, yanımda olaydın indi,
Sənsizlik biləydin necə çətindi...
Mən çox uzaqlarda səninlə oldum,
Sənsiz olanda da səninlə oldum.
Tək səni tanıdım, başqa bir ürək
Qapımı döymədi yad bir qonaqtək.
Qəlbim bir, hissim bir, duyğum bir oldu.
Hicranın əlində peymanələrtək
Ürəyim daima boşalıb doldu.
Qəlbimdə yer salan bir xəyalımsan,
Deyim ki, eyibsiz idealımsan,
Yox, eybin az deyil, insansan sən də.
Eyibsiz göründün məni sevəndə.
Həyat yollarından keçəndə bircə,
Sən bəzən büdrəyib, bəzən dolaşdın,
Mənə elə gəlir vəfasızlığın
Bəzən sərhəddini, həddini aşdın.
Hissin arxasınca düşüb getmədim,
Bunu bacarmadım, bunu etmədim,
Mənə vəfasızlıq göstərəndə sən,
Eşqimdə alınıb satılmadım mən.
Hər şeyə bir anlıq yumub gözümü,
Nə səni alçaltdım, nə də özümü.
Qəlbim bir, hissim bir, duyğum bir oldu,
Hicranın əlində peymanələrtək
Ürəyim daima boşalıb doldu.
Belədir təbiət, belədir torpaq,
Nə qədər gözümdən olursan uzaq,
Qəlbimə o qədər olursan yaxın.
Gözəllər yanımda axındır, axın,
Kimsənin üzünə dik baxmadım mən.
Qəlbimdə, gözümdə, sözlərimdə sən.
Çiçəktək açılıb sola bilmədim.
Vəfasız deyiləm, ola bilmədim.
Fəqət bilmədim ki, biləydim barı.
Niyə çox sevirlər vəfasızları.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-heyat-lovheleri
Use ← → keys to move, R for a random poem
More by this author
Azadlıq yolunun yolçusuyam mən,Səninçün ağ günlər gəzirəm, Vətən
TəbrizQollarım dolanar boynuna bir gün,Yenə baş qoyaram dizinə, Təbriz.
MənəmMeşələr payızda saralıb-solar,Baharda yarpağı tökülən mənəm.
Bu, haman qılıncdır?“Azərbaycan xalqı parçalanmış xalqdır”*İqor Belyayev*
Poems by other poets · Love
بقدر آشنایی روشناییست
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Xali-mişkinə baxın, arizi-cananə düşübXali-mişkinə baxın, arizi-cananə düşüb,Deyəsən bir həbəşi səfheyi-İranə düşüb.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.