Page 2 of 2 · 50%

Cariyə mənzilləri darısqal idi, balaca idi. Ancaq eyş-işrət üçün, əylənmək üçün, kef çəkib şənlənmək üçün hər şey var idi. Cariyələr üzərində müxtəlif daş-qaşlardan, qızıl çıqqalar işlənmiş ipəkdən, atlasdan paltar geyinirdilər. Tellərinə qızıl telbasanlar taxır, saçlarına gümüş gövbasanlar sancır, topuqlarından üstü bəzəkli xalxallar asırdılar. Bu, hərəmxana işlərinə baxan pişxidmətin, məşşatənin qoyduqları qayda-qanun idi. Bu qaydanı isə pozmağa heç kimin haqqı çatmırdı.

Bu balaca darısqal otaqlarda qara hörüklü, xoş təbəssümlü, sədəf dişli, qırmızı yanaqlı, ağ buxaqlı qızlar gecələr göz yaşı axıdır, gündüzlər də ah-vay edirdilər. Çox vaxt da ipək və qumaş geyib, qiymətli daş-qaşlardan düzəldilən bəzəklərini taxıb, boyunlarından Süleymani asıb, güzgü qabağında əyləşərək saatlarla özləri-özlərinin gül camalına tamaşa edir, boy-buxununu ölçüb-biçir və birdən də hönkür-hönkür ağlayırdılar. Deyinməyə də, giley-güzar etməyə də ixtiyarları “yox” idi bu biçarələrin. Birinin dilindən pis, ədəbsiz söz çıxan kimi rəisin ovcuna qoyulurdu. Elə bil bu balaca otaqların hər birinin ayrıca qulağı var idi. Özü də iki yox, dörd yox, altı...

Yeganə əyləncələri ud, çəng çalmaq idi qızların, mahnı oxumaq, nağıl danışmaq idi, ədəb-ərkandan kənar lətifələr söyləmək idi...

...Gecənin bir vaxtı Xəlil yuxudan ayıldı... Əynində ağ paltar dəhlizdə gəzişməyə başladı. Axı o buna adət etmişdi. Gecələr tez-tez kəniz, cariyə otaqlarına boylanardı, qapı dalında dayanıb qulaq kəsilərdi. Cahannur kələk işlədib qaçandan sonra sarayda qalan qızların üstündən gecə-gündüz nəzərlərini çəkmirdi. O, vəzzan qızı qalan otağın qapısında dayandı. Pərdəni qaldırıb içəri baxdı. Qız çarpayının üstündə dizlərini qucaqlayıb ağlayırdı. Rəis onun mənliyini bir həftə olardı ki, tapdalıyıb ayağı altına salmışdı. O özünü öldürmək istəsə də bacarmamışdı. Çıxıb qaçmaq istəmişdi: hara qaça bilərdi. Qurğuşun kimi ağır, qatran kimi qara gecələrdə kimsəsiz bir qız uşağı hara gedə bilərdi, kimə pənah apara bilərdi?..

Xəlil pərt oldu, nədənsə qıza yazığı gəldi. Qapıdan uzaqlaşdı. Başı aşağı dəhlizdə var-gəl etdi. Ancaq dayana bilmədi. Otaqlardan birinin pərdələri tamam örtülmüşdü, əyilib açar yerindən baxdı. Şam işığında içəridə baş verənləri seçə bildi. Bu dəfə rəis özü qaydanı pozmuşdu. Otaqda bir özü idi, bir də Şərur məlikinin göndərdiyi nəccar qızı...

Xəlil bu əyləncəni əvvəldən axıra kimi açar yerindən müşayiət etdi, hər şeyi də gördü. Açar yerindən dünya onun gözlərində xeyli kiçildi, rəissə tamam alçaldı. Az qala qapını çəkib həncamədindən çıxarmaq, şit hərəkətlər edən rəisin üzünə tüpürmək istədi. Ancaq bacarmadı. Bacarmadı deyəndə ki, qorxdu, necə deyərlər, lap südü qaçdı və rəisin xofu onu elə basdı ki, balacalaşıb lap cırtdan boyda oldu. Kürəyini divara söykəyib xeyli tərpənmədi. Sonra pəncələri üstə ehtiyatla qapıdan uzaqlaşdı. İndi o, heç nə görmürdü. Dünya onun üçün zülmətə dönmüşdü. Əllərini divarlara sürtə-sürtə öz mənzilinə qayıtdı, soyunmadan xalçanın üstünə üzüquyulu uzanıb hönkür-hönkür ağladı...

Birdən dəhlizdən səs gəldi, cürət edib otağından çıxmadı, qapını yavaşca aralayıb baxdı. Rəis idi. Nəccar qızının otağından çıxıb dəhlizlə oğrun-oğrun gedirdi. Xəlilin ürəyindən axıb gələn səslər dilində pıçıltıya çevrildi: “Özününkünün ipini yığa bilmir, törətdiyi əməllərə bax... Dənaətkar¹ köpək oğlu?..”

Yata bilmədi. Qalxıb şamı yandırdı, mizin üstünə qoydu. Dibaçəyə uzanıb gözlərini şama dikdi, şam əridikcə, ürəyinin yağı da əridi...

Gecə yarısı yuxuya getdi və tez də gördüyü yuxunun dəhşətindən sərsəm kimi ayıldı. Yuxuda görmüşdü ki, rəis olub canavar, nəccar qızı da ceyran. Canavar ceyranı yerə yıxıb parçalayır. Onun qanı axıb yaşıl çəməni qırmızı rəngə boyayır. Qan get-gedə çoxalır, sonra alova dönür. Alov sürünə-sürünə Xəlilə tərəf gəlir, onun əl-ayağını, sifətini qarsıb yandırır..

Xəlil yorğanı üstündən götürdü, bərk tərləmişdi, bədəni od tutub yanırdı, yandıqca da buğlanırdı. Bayıra çıxdı. Zülmət gecə idi. Naxçıvana xas olan zülmət gecə. Göydə bir ulduz da görünmürdü. Xəlil fikirləşdi: “Nə yaman qaranlıqdı bu gecə... Lap mənim bəxtimə, taleyimə bənzəyir. Sizi icad edənə lənət, min lənət! Həmişə gündüz olsaydı nə olardı?.. Dağılardı ərşi-fələk, yoxsa yerlə-yeksan olardı kürreyi-ərz?..”

Birdən nə fikirləşdisə içəri qayıtdı, otağındakı balaca kuzədən piyaləyə şərbət süzdü, içərisinə də nəsə atdı. Sonra becit addımlarla dəhlizdən keçib indicə rəis çıxan otağın qapısında dayandı. Bir an fikrə getdi...

¹ Alçaq, rəzil

Səhər heç kim bilmədi ki, həmin gecə Xəlil rəisin arvadı Nəsrin xatunun saxta öpüşlərinə, ağappaq sinəsinə aldanaraq cariyə qıza zəhər verib onu qətlə yetirmişdi...

Nəsrin xatun şəhərdə ən gözəl övrətlərdən biri idi. Ətli dodaqları öpüş üçün yaranmışdı elə bil. Bu əndamlı gəlin üçün Allah-Təala hansı qələm lazımdısa onu da çəkmişdi, özü də səxavətlə... Nəsrin xatun xəyala dalmaq da, xoşuna gələn kişilərlə ürəyində əylənməyi də çox sevərdi... Rəisin arvadı gecə olan kimi gözlərini yumub öz aləminə qapılardı... Bəzən gecələr yatağına girəndə dili də dinc durmazdı, öz-özünə yavaş-yavaş pıçıldardı: “Buramı qucaqla... buramı dişlə, buramı öp...” Bütün bunlara baxmayaraq Nəsrin xatun başqalarını odsuz-alovsuz yandırdığı halda, nəfsi iti kişilərin sinəsinə dağ çəkdiyi halda, öz kişisinin gözündən düşürdü. Düzdür, rəis bunu üzə vurmasa da, diyarbəkirli tacirin qızına yalandan mehribanlıq göstərsə də, Nəsrin xatun ərindən bir kişi kimi əlini çoxdan üzmüşdü...

Elə rəisin özü də ondan əlini üzmüşdü. Hələ bir dəfə başı üstündə olanda şair Kəmaləddin Naxçıvaniyə demişdi: “Nə qədər əziz və ləziz xörək olsa da, çox yeyəndə adamda ikrah hissi yaranır, bezirsən, iyrənirsən...”

Buna baxmayaraq rəis nəccar qızı ilə əylənən gecə Nəsrin xatun da çox narahat idi. Bir müddət yatağında xumarlandı, sonra durub yerə salınmış Herat xalçasının üstünə uzandı, dirsəkləndiyi yasdığı kişiyə bənzədib gah üstünə sərildi, gah da sinəsi üstə qaldırdı. Ancaq yastıq elə yastıq idi-cansız, nəfəssiz... Halbuki rəisin arvadı neçə vaxt idi ki, sinəsi üstə bir nəfəsin həsrətilə yanıb yaxılırdı...

İçərisindən kəsilə-kəsilə qalan Nəsrin xatunun yenə gümanı qaravulbaşına qaldı. Pəncərəni açıb həyətdən qaravulbaşını yanına çağırdı.

Ucaboy, enlikürək bir kişi olan qaravulbaşı içəri girən kimi Nəsrin xatun ötkəm səslə dedi:

– Keç, soyun!

– Xatun, bəs deyil?.. Axı sahibkar bilsə...

– Bilməz. Başı bərk qarışıqdı. Pəhləvan gedəndən sonra yaman əl-qol açıb sənin rəisin... Bir də bu zülmət gecədə səni kim görür ki, desin. Becid ol!

– Birdən... birdən özüm dedim. Dedim ki, cənab rəis...

Nəsrin xatun qəhqəhə çəkib güldü. Otaqdakı çilçıraqlarının büllur dənələri hərəkətə gəlib silkələndi. Qaravulbaşı diyarbəkirli tacir qızının belə gülüşünü eşitməmişdi...

– Sənə kim inanacaq ay axmaq! Rəis bir söz deyən kimi dilini soxursan güngörməzinə. Amma mənim bir sözüm burda iki deyil. Hökmdar fərmanından da, rəis hökmündən də kəsərlidi Nəsrin xatunun dedikləri! Bilirsən niyə? – Sualına özü cavab verdi: – Çünki isti dodaqlarım var, al yanaqlarım var, mərmər sinəm var... Qoy görüm daha nəyim var? Hə, hə, çox şirin dilim var özü də baldan şirin. Elə dil ki, ilanı yuvasından çıxarar, ən qorxmaz igidi atdan endirər. Qabağımda diz çökdürər. Mən Diyarbəkir gözəli Nəsrin deyərlər! Bildin, ay axmaq! Soyun gəl! Becid ol! Bu gecə mənim gecəmdi... Görəcəksən bu gecədən necə hayıf çıxır tacir qızı...

Qaravulbaşının elə bil ayaqlarını yerə mıxlamışdılar, ancaq Nəsrin xatunun sözlərindən yavaş-yavaş sıvılıb gedirdi, gözləri ət görmüş pişik kimi haləsindən çıxırdı. Qarabuğdayı sifətində qorxu ilə ehtiras qarışıq hisslərin cizgiləri özünü yavaş-yavaş büruzə verirdi.

Onun bu halı Nəsrin xatunun xoşuna gəlirdi həmişə. Birdən acıqlanıb:

– Yaxşı! Yaxın gəl. – dedi. Gözünü niyə döyürsən, ay qanmaz. Yoxsa pirinə şıllaq atırsan? – Nəsrin xatun onun sinəsindən yapışıb içəri ötürdü, qapını arxadan kilidləyib onun ağuşuna atıldı...

Qaravulbaşı da qolunu Nəsrin xatunun belinə sarıyıb onu qucağına çəkdi...

...Dərban içəri qayıdanda mühafiz xəyaldan ayıldı, şair Kəmaləddin Naxçıvaninin ağzı yırtıqlıq edib bir dəfə ona danışdığı gecə əhvalatları da bir anın içərisində qeyb olub getdi...

Dərban bardaqdan mis cama su süzüb mühafizə uzatdı:

– Xəbərdən xəbərin var?

– Ə, nə xəbər?

– Şərur məliki zindanda özünü asıb. Özü də elə dili kəsilən günün axşamı.

– Bu heç yaxşı iş olmadı! – Mühafiz çox laqeydliklə dilləndi.

– Hə, belə-belə işlər!..

– Al iç. Sərindi, buz kimi... Birdəfəlik də yadında saxla ki, “Qızlar bulağı”nın suyu Dağdağanlı bulağın suyundan əskik deyil. Bu bulağın suyunu atabəy-əzəm də xoşlayırmış. İndi də sarayın ikinci sahibi...

– Ə, İman, niyə bilmirsən ki, ha, hər kəs öz ata-baba yurdunu cənnət bilər? Mənə də elə gəlir ki, hətta cənnətdəki Zəmzəm bulağının özü də bizim Dağdağanlının yanında heç nədi.

– Duman, mən təslim. – Dərban güzəştə getdi.

– Ə, İman, təslim dedin, hökmdar yadıma düşdü. Səhərdən o qədər lağlağılıq elədim ki, əsas mətləbi unutdum... Özü də guya gəlmişəm ki, sənə şad xəbər verəm. Marağa qazısı Cahan Pəhləvanın adını eşidən kimi şəhərin darvazasını açıb ki, buyur keç, mən təslim. Fələkəddinin dərsini vermək isə sənin öhdənə. – Mühafizin sifətində işıq göründü, siçanquyruq bığlarının ucunu eşdi. – Sədəddin Marağı ağıllı tərpənib, qıymayıb ki, havayı qan tökülsün... Bir də Cahan Pəhləvanın zərb-dəstinə bələddi axı!..

Dərban dinmədi, sonra bardaqdan mis cama su süzüb bir-iki qurtum içdi, köşkün astanasına keçdi, qalanını ovcuna töküb üzünə çırpdı.

– Duman, amma inanmıram ki, Fələkəddin Marağanın qazisi kimi ağıllı tərpənə! – Dərban bardağı yerə qoyub yaş əllərini açıq sinəsinə çəkdi. – Bilirsən ki, mən o yolları yaxşı tanıyıram... hesablamışam. Sabahabirisi günə Cahan Pəhləvanın qoşunu hələhəlbət Təbrizə varid olacaq...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets